Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-519/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)- 1445/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ
1. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli, YB- 0059-23 saylı alqı-satqı müqaviləsinə görə satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini malgöndərənə ödəməyi öhdəsinə götürür.
2. Tərəflər arasında 23 noyabr 2023-cü il tarixli, YB-0059-23 saylı alqı-satqı müqaviləsinə Ağdam şəhəri üzrə əlavə 1 və əlavə 2 imzalanmışdır.
3. xx.xx.2024-cü il tarixli Üzləşmə aktına əsasən, Cavabdeh MMC-nin Yüksəl Beton QSC-yə xx.xx.2024-cü il tarixə olan ümumi borc məbləği 86893, 43 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMCyə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 73638,50 manat əsas borc, 13254,93 manat ƏDV borcunun, 3861,93 manat cərimə borcunun (əsas borc məbləğinin illik 5%-i həddində) və ödənilmiş 361,73 manat dövlət rüsumunun, ümumilikdə 90937,09 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-1445/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 73638,50 manat əsas borc, 13254,93 manat ƏDV, 3681,93 manat dəbbə pulu, 361,73 manat dövlət rüsumu, ümumilikdə 90937,09 (doxsan min doqquz yüz otuz yeddi manat doqquz qəpik) manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-1445/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli YB-0059-23 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddia tələbi əsas borcun və ƏDV borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 3681,93 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyəri, 45988,38 manat (ƏDV ilə birlikdə) pulu ödəmədiyini, həmçinin tərəflər arasındakı müqavilədə cavabdehin öhdəliklərini icra etmədiyi halda cərimə ödəyəcəyini vəd etdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 38973,20 manat borc, 7015,18 manat ƏDV və 1862,53 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, müqavilə imzalandığı tarixdən halhazırkı dövrə qədər Satıcı İddiaçı QSC tərəfindən alıcı Cavabdeh MMC-yə əsas məbləğ 73638,50 (yetmiş üç min altı yüz otuz səkkiz manat əlli qəpik) manat, X5 məbləği 13254,93 (on üç min iki yüz əlli dörd manat doxsan üç qəpik) manat olmaqla, ümumilikdə 86893,43 (səksən altı min səkkiz yüz doxsan üç manat qırx üç qəpik) manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. İddiaçı QSC-dən hazır beton qarışığını Cavabdeh MMC işğaldan azad olunmuş Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində fərdi yaşayış evlərinin və sosial obyektlərin tikintisi üçün almışdır. Cavabdeh MMC tərəfindən görülmüş işlərin dəyəri dövlət büdcəsindən cavabdehə ödənilmədiyi üçün cavabdeh də iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən indiki halda cavabdeh öhdəliyini icra etmədiyinə görə məsuliyyət daşıya bilməz. Məhkəmənin cavabdehin öz öhdəliyini hansı səbəbdən icra edə bilmədiyini nəzərə almadan iddia tələbini təmin etməsi tamamilə əsassız və qanunsuzdur. Təəssüf ki, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
10. Etirazı onunla əsaslandırmışdır ki, İddiaçı QSC bir çox müəssisəyə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək alqı-satqı müqavilələri əsasında təhvil verdiyi beton məhsullarına görə pul vəsaitinin ödənilmədiyini bildirmişdir. Bütün iddialar təmin edilməklə müvafiq qaydada məhkəmə qətnamələri qəbul edilmişdir. Bu müəssisələrin demək olar ki, hamısı aldığı beton məhsullarına görə pul vəsaitini qismən də olsa İddiaçı QSC-yə qaytarmışdır. Məhz İddiaçı QSC qaytarılmayan hissə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu müəssisələrin heç biri qəbul edilmiş qətnamələrdən apellyasiya şikayəti verməmişdir və qeyd edilən qətnamələr qanuni qüvvəyə minməklə həmin işlər üzrə icra üzrə icraat başlanılmışdır. Cavabdeh MMC bu müəssisələrin içində yeganə və tək şirkətdir ki, iddiaçıdan aldığı beton məhsullarına görə bir qəpik (manat demirik) də olsun ödəniş etməmişdir, borcu birinci instansiya məhkəməsində sözlə və üzləşmə aktı ilə etiraf etmişdir. Cavabdeh öz apellyasiya şikayətinin yekun hissəsində iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, daha əvvəlcədən birinci instansiyada keçirilmiş məhkəmə hazırlıq iclaslarının audio və video yazılarına baxılarsa, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin tələb edilən borc məbləğini qəbul etdiyini və pul vəsaiti hesablarına daxil olmadığı üçün ödəniş edə bilmədiklərini qeyd etdiyinin şahidi olmaq mümkündür. Güman edirik ki, birinci instansiya məhkəməsində borcun varlığını sözlə və imzaladığı üzləşmə aktı ilə etiraf edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul ediləcəyi təqdirdə sırf işi uzatmaq məqsədilə kassasiya şikayəti də verəcəkdir. Bunu bu vaxta qədər göstərdikləri davranışlardan da sezmək mümkündür. Tərəflər arasında müqavilə 23 noyabr 2023-cü il tarixində bağlanmış, cavabdehə ümumlikdə ƏDV daxil olmaqla 86.893,43 (səksən altı min səkkiz yüz doxsan üç manat 43 qəpik) manat məbləğində hazır beton qarışığı təhvil verilmişdir. Hazır beton qarışığı ilyarıma yaxın bir müddətdir ki, cavabdehə təhvil verilmişdir. İlyarım müddətində cavabdehin görmüş olduğu işlərə görə dövlət büdcəsindən gözlədiyi pul vəsaitini ala bilməməsi inandırıcı deyildir. Belə olan halda bu vaxta qədər cavabdeh müəssisənin fəaliyyətinin dayanması lazım idi ki, qeyd edilən müəssisə hal-hazırda da öz fəaliyyətini davam etdirməkdədir. Hesab edirik ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin qəsdən yerinə yetirilməməsi müqavilə üzrə öhdəliklərin yerinə yetirilə bilməməsi kimi tövsif edilməməlidir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
17. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
21. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
31. İş materillarında olan alqı-satqı müqaviləsinə əsasən, iddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 23 noyabr 2023-cü il tarixli, YB-0059-23 saylı alqı-satqı müqaviləsinə görə satıcı sifariş əsasında təchiz olunan malı öz qüvvə və vəsaiti hesabına hazırlayıb alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib əvəzində onun qiymətini mal göndərənə ödəməyi öhdəsinə götürmüşdür.
32. Həmin Müqavilənin 5.3-cü bəndinə görə alıcı bu müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan ödəniş müddəti ərzində ödəniş etməzsə, o hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1%-i həcmində, ancaq həmin məbləğin 5%-dən çox olmamaqla satıcıya cərimə ödəyir.
33. 23 noyabr 2023-cü il tarixli YB-0059-23 saylı alqı-satqı müqaviləsinə Əlavə 1 və Əlavə 2də müqavilə üzrə təhvil veriləcək malların adı, ölçüsü, qiyməti və digər xarakteristikaları öz əksini tapmışdır.
34. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBDX 430379 nömrəli 8559,72 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDU 171889 nömrəli 6183,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 672352 nömrəli 51887,55 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 344836 nömrəli 20262,96 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
35. Məhkmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıya olan borcunu üzləşmə aktında və apellyasiya şikayətində qəbul etmiş, lakin üçüncü şəxslər tərəfindən onlara pul ödənilmədiyindən borcunu ödəmədiyini bildirmişdir. Cavabdehin bu arqumenti onun borc öhdəliyini istisna etmir.
36. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-1445/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.