Məhkəmə qərarları › İş №2-2(103)-52/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-52/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-52/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2066/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Nümayəndə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus qanunsuz saxladığı 6353 manat pulun və ya malın geri qaytarılmasını və 30 manat dövlət rüsumu olmaqla cəmi 6383 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra Nümayəndə xx.xx.2021-ci il tarixində iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçı qrafasında "xxxx" MMC göstərilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 41/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(007)-41/2023 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. İddiaçı bildirir ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə bağlanılmış müqavilə əsasında MMC-dən satış məqsədi ilə xx.xx.2019-cu ildə 4590 manat və xx.xx.2019-cu ildə isə 6763 manatlıq araq məhsulu aparılmışdır. xx.xx.2019-cu il tarixində 2500 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat və xx.xx.2020-ci il tarixdə 500 manat olmaqla cəmi 5000 manat qaytarılmışdır. Yerdə qalan 6353 manat pulu 2 ilə yaxın bir müddətdir ki, ödənilmir və qaytarılmır.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 2019-cu ilin mart-aprel aylarında "xxxx" MMC-də cavabdehə iş təklif edildiyi və onun da razılaşdığını qeyd etmişdir. İşi zavoda məxsus malları satış nöqtələrinə çatdırmalı və təhvil-təslim etməli idi. İşə başlamaq üçün bir neçə sənədə imza etdirdilər və o da vəsiqəsini və VÖEN-nin surətini verdikdən sonra işə başlamışdır. Tapşırıq üzrə malları qeyd edilən ünvanlara çatdırmış və çatdırma barədə (təhvil-təslim) sənədlərinə imza etdirməklə zavoda geri qaytarmışdır. Zavodda qısa müddət işlədikdən sonra başqa işlə bağlı işini dayandırmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlər ona təqdim edildiyi zaman məlum olmuşdur ki, adından güya malların satın alınmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, iddiaçı ilə aralarında heç vaxt belə bir müqavilə olmamış və ondan satış üçün mal almayıb. Həmin müqavilədə olan imza da ona məxsus deyil və müqavilə də ona məhkəmədə məlum olmuşdur. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş qaimələrdə malın zavoddan təhvil alındığını təsdiq edən imza ona məxsus deyil. Hətta həmin qaimələrin birində təhvil alan şəxsin Rəqib Babayev, digərində isə təhvil alan şəxsin adı göstərilmədən yalnız Tahir sözü yazılmaqla naməlum şəxsə verildiyi müəyyən olunur. Hər iki qaimədə və müqavilədə olan imzalar ona məxsus deyil və belə bir müqavilə mövcud olduğu təqdirdə iddiaçının nə səbəbdən borcunu 3 ilə yaxın bir müddətdə ondan tələb etmədiyi anlaşılan deyil.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, ekspert rəyinə əsasən müqavilədə olan imza Cavabdeh imzası olmadığı müəyyən edilmişdir. Həmin müqavilədə Cavabdeh şəxsiyyət vəsiqəsinə, VÖEN-nə istinad olsa belə, lakin həmin müqaviləni o imzalamamışdırsa belə müqavilədən hər hansı öhdəlik yarana bilməz. Həmçinin, məhkəməyə təqdim edilən müqavilə borc müqaviləsi kimi əsaslandırılmışdır və iddia ərizəsində hüquqi əsası kimi MM-nin 739-cu maddəsinə istinad edilmişdir. Həmin müqavilənin bağlanması və həmin müqavilə əsasında malın verilməsi məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Cavabdeh zavodda ekspeditor kimi işləmiş, bir müddətdən sonra aralarında yaranmış narazılığa görə işdən çıxmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2066/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

8. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəssisənin respublikanın ərazisində heç bir satış nöqtəsi yoxdur, deməli cavabdeh özünün tanıdığı, bildiyi satış nöqtələrinə aldığı malları təhvil vermişdir. Belə olan halda təhvil vermiş olduğu malların dəyərinin yığılmasına və müəssəyə təhvil verilməsinə birbaşa cavabdehlik daşıyır. Əgər ehtirazda göstərildiyi kimi malları təhvil-təslim etmək ona həvalə olunmuşdursa, onda həmin malların təhvil verilməsi haqqında tərtib etdiyi sənədləri kimə, nə vaxt, hardasa verdiyini sübut etməli idi. Göründüyü kimi cavabdehin imza atdığı sənəd etirazda göstərildiyi kimi işə qəbul üçün deyil, məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsidir. Həmin alqı-satqı müqaviləsi Cavabdeh yaşadığı ünvanda, yəni Bakı şəhəri, Nizami rayonu 8-ci km qəsəbəsi, Nizami rayonu İcra Hakimiyyətinin arxasında yerləşən hündürmərtəbəli binanın yanında özü imzalamışdır. Görüş zamanı cavabdeh yaşadığı binanın zirzəmisində malları yerləşdirmək üçün qapalı yeri və işçisi olduğunu bildirmişdir. Göründüyü kimi məhkəmə işə birtərəfli qaydada baxmış, iddia tələbi ümumilikdə araşdırılmamış və qanunazidd qərar qəbul olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.

12. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

14. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

15. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.

16. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

18. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə istinad edərək, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəliklərin yarandığını, həmin müqaviləyə əsasən satıcı alıcıya “Qold Lion” və “Volf” araqlarını satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürməsini, müqavilə üzrə cavabdehə fərqli adda spirtli içkilər satdığını, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində 2500 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat və xx.xx.2020-ci il tarixdə isə 500 manat olmaqla cəmi 5000 manat qaytarıldığını, qalan 6353 manat pulun 2 ilə yaxın qaytarılmadığını bildirir.

23. Cavabdeh tərəf isə həmin alqı-satqı müqaviləsinin və qaimə-fakturanın imzalanmadığını, iddiaçı ilə aralarında alqı-satqı münasibətlərinin olmadığını, yalnız Zavodda müəyyən müddət ərzində ekspeditor kimi fəaliyyət göstərdiyini və ona verilmiş malları tapşırılan ünvanlara çatdırdığını bildirmişdir.

24. Beləliklə, tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları nəzərə alaraq kollegiya qeyd edir ki, tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanması və onlar arasında həmin müqavilədən irəli gələn münasibtlərin yaranması hallarını iddiaçı sübut etməlidir.

25. Həmçinin, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqısatqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut etməlidir.

26. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində "xxxx" MMC ilə Cavabdeh arasında müqavilənin bağlanması göstərilmiş və həmin müqaviləyə əsasən müqaviləyə əsasən satıcı alıcıya “Qold Lion” və “Volf” araqlarını satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

27. xx.xx.2019-cu il tarixli, ******* saylı qaimə fakturaya əsasən 5100 manat (- 10%) dəyərində mal kimə - “Bakı-Tahir müəllim” qeydi ilə və xx.xx.2019-cu il tarixli, ******* saylı qaimə fakturaya əsasən 7514,50 manat (-10%) 6763 manat dəyərində mal kimə - “Bakı-Topdan satış-Tahir” qeydi ilə və təhvil aldı qrafasında - “Rəqib Babayevə” qeydi ilə "xxxx" MMC tərəfindən təhvil verilmişdir.

28. xx.xx.2019-cu il tarixli EAAT seriyalı, 000452 saylı elektron qaiməyə əsasən alıcı qismində Cavabdeh 2281,20 manat dəyərində mal təqdim edilmişdir.

29. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfin vəsatəti təmin olunaraq iş üzrə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir.

30. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/725 saylı rəyində xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin tərəflərin hüquqi ünvanları və bank rekvizitləri bölməsində Cavabdeh, VÖEN ********** hissəsində “CavabdehA” yazılarından əvvəlki imzanın, xx.xx.2019-cu il tarixli 015584 nömrəli qaimə fakturanın surətində təhvil aldı qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur.

31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti təmin edilərək iş üzrə təkrar məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir.

32. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1088 saylı rəyində 01 aprel 2019-cu il tarixli alqı-atqı müqailəsinin “9. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri” hissəsində “Cavabdeh” yazılarının qarşısında olan imza; xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturanın kserosurətinin aşağı sağ hissəsində “Təhvil-aldı” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur.

33. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə komisyon məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 avqust 2024-cü il tarixli 4/1216 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən həm alqı-satqı müqaviləsində, həm də qaimə-fakturadakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün deyil.

34. Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddiaçının dəvət etdiyi şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, malların daşıması ilə məşğul olmuşdur. Hadisə 1-2 il olar ki, baş verib. O, gecə deyil, səhər gəlib boşaldırdı. Birinci reysdən sonra gedib ikinci reysi gətirməyə və Tahir bəy işçisini göndərdi. Anbar Nizami Rayon İcra Hamiyyəti yaxınlığında çoxmərtəbəli binanın altında yerləşirdi. Yük boşaldıldı və sonra işçi fakturanı qəbul etdi. Birinci dəfə 80 kaset, ikinci dəfə də 120 kaset aparmışdı. Malın pulu ona verilmirdi, o, yalnız daşıma xidmətini həyata keçirirdi.

35. Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddiaçının dəvət etdiyi şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçının sürücüsüdür, işlərini o həll edir. Tahir bəylə dəfələrlə görüşmüşdür və müqaviləyə İcra Hakimiyyətinin yanında imza edib. İddiaçı ona pulun götürməsini tapşırırdı və o da gedib pulu götürürdü. 2500, 1000, 1000 və 500 manat olmaqla cəmi 5000 manat götürüb. Qaiməyə Tahir bəy şəxsən özü imza edirdi və pulu verirdi.

36. Qeyd olunan sübutları qiymətləndirərək kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra edərək tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanması, onlar arasında həmin müqavilədən irəli gələn münasibtlərin yaranması və malların cavabdehə təhvil verilməsi hallarını sübut edə bilməmişdir.

37. Belə ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyləri ilə alqı-satqı müqaviləsində və ******* saylı qaimədəki imzanın cavabdehə məxsus olması öz təsdiqini tapmamışdır. Ona görə də, iş üzrə dindirilmiş X1 ifadəsi müqavilənin cavabdeh tərəfindən imzalanması halının müəyyən edilməsi üçün yetərli deyil. Digər şahid isə müqavilənin bağlanması ilə bağlı halları göstərməmiş və həmin ifadə əsasında tərəflər arasında müqavilə və ya cavabdehin istinad etdiyi münasibətlərin olması barədə birmənalı nəticəyə gəlmək mümkün olmur.

38. İddiaçının Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh müqaviləni imzalandığını etiraf etməsi ilə bağlı dəlillərinə qeyd edilir ki, ekspert tədqiqatları zamanı ******* saylı qaimədəki imzanın cavabdehə məxsusluğu və ******* saylı qaimə-fakturanı imzalayan şəxsin məhz cavabdehin işçisi olması faktı sübuta yetirilmədiyindən həmin qaimələr iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Odur ki, həmin müqavilə imzalanmış hesab edilsə belə, ******* saylı və ******* saylı qaimələrdəki imzaların həqiqiliyi sübuta yetirilmədiyindən malların cavabdehə verilməsi öz təsdiqini tapmır.

39. 2281,20 manatlıq mal satışına dair verilmiş xx.xx.2019-cu il tarixli elektron qaimə fakturaya dair qeyd edilir ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadə Qaydaları” nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura – bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki,... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

41. İddiaçının özünün bildirdiyi hallar da onlan ibarətdir ki, malların təvil-qəbulu aktlar əsasında rəsmiləşdirilmişdir. Ona görə də, EAAT seriyalı 000452 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədə 2281,20 manat dəyərində malların cavabdehə verilməsi öz əksini tapsa da, tərəflər arasında bu barədə “malların təhvil-qəbul aktı” tərtib edilməmiş, işdə olan qaimə-fakturaların isə cavabdeh tərəfindən imzalanması öz təsdiqini tapmamışdır.

42. Odur ki, xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə malların cavabdehə təhvil verilməsi və sonuncu tərəfindən təhvil alınması faktı öz təsdiqini tapmır.

43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, tərəflər arasında etibarlı alqısatqı müqaviləsinin bağlanması, onlar arasında həmin müqavilədən irəli gələn münasibtlərin yaranması və malların cavabdehə təhvil verilməsi halları sübut olunmadığına görə Mülki Məcəllənin 598.3-cü maddəsinin tələbləri baxımından iddia təmin edilə bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci madəsinə əsasən iddiaçıya aid edilməlidir.

45. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2066/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 125 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar