Məhkəmə qərarları › İş №2-2(103)-520/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-520/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-520/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-157/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 5000 manatın, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablamaqla 680 manatın, 30 manat dövlət rüsumunun, cəmi 5710 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli e-2-2(113)-157/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 5000 manat, 300 manat cərimənin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 28 manat hissəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, qalan 2 manat hissəsinin İddiaçınə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 93,3 manat məbləğinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən, qalan 6,7 manat məbləğinin isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi 18.07.2019cu il tarixli zərər aktı ilə yanaşı “xxxx“ ASC-nin də avtomobilə dəymiş zərərlə bağlı 14.08.2019-cu il tarixli zərər aktı tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə iş üzrə ekspertiza təyin edərkən yalnız iddiaçının təqdim etdiyi zərər aktında göstərilən məlumatlara istinad olunması barədə ekspertə göstəriş vermiş, cavabdehin təqdim etdiyi zərər aktı ekspertiza tədqiqatının obyekti kimi təqdim olunmamışdır. Bundan başqa ekspert tədqiqat apararkən avtomobilə və ya qəzadan sonra çəkilmiş müvafiq fotoşəkillərə baxış keçirməmiş, öz rəyini yalnız iddiaçının təqdim etdiyi 18.07.2019-cu il tarixli zərər aktına əsasən vermişdir. Bundan başqa ekspertiza tədqiqatı aparılarkən tərəflərin iştirakı təmin olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan, sığortalı “BAİC A115” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə əsasında X1 və istifadəsində olmuşdur. 12.07.2019-cu il tarixdə Hacıqabul rayonu ərazisində Cavabdeh ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “MERCEDES BENZ VİTO” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı sığortalı avtomobil iddiaçıya məxsus olan "BAİC" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində Hacıqabul rayon X6 X7 tərəfindən “MERCEDES BENZ VİTO” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı bildirir ki, sığorta hadisəsi zamanı ona məxsus avtonəqliyyat vasitəsinə 6808,10 manat məbləğində maddi zərər vurulmuşdur. Hadisə baş verdikdən sonra dərhal müvafiq dövlət orqanlarına və sığortaçıya məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmiş, lakin sığortaçı bu günə qədər iddiaçıya dəymiş ziyanı ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı icbari sığorta müqaviləsi üzrə sığortalanan nəqliyyat vasitəsi ilə onun mülkiyyətində olan avtomobilə dəymiş maddi zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi tələbini irəli sürmüşdür. Kollegiya hesab edir ki, hazırki mübahisə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.2, 15.3.1, 24.1.5-ci maddələrinə uyğun həll olunmalıdır. Həmin maddələrə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır (13.1). Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır (13.2). Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir (15.3.1). Zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüququ vardır (24.1.5). Hazırkı iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsi də yuxarıda qeyd olunan normalara əsasən sığorta hadisəsi hesab olunur. Çünki həmin hadisə ilə icbari sığorta edilən avtomobil ilə iddiaçının mülkiyyətində olan avtomobil toqquşmuş və həmin toqquşma nəticəsində iddiaçıya məxsus avtomobilə maddi zərər dəymişdir. Ona görə də, iddiaçının cavabdehdən sığorta ödənişi almaq hüquqları əmələ gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 noyabr 2020-ci il tarixli 9/4021 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş 18.01.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “BAİC A115” markalı **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6818,0 manat müəyyən edilmişdir. Göründüyü kimi avtomobilə dəymiş zərərin məbləği 5000 manatdan yuxarıdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin icbari sığorta ödənişi olan 5000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə düzgündür. Dəbbə pulunun tutulmasına dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı da həmin maddələrə əsasən hesablanmış 680 manat məbləğində dəbbə pulunun tutulması tələbini irəli sürmüşdür. Bununla belə birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğ Mülki Məcəllənin 467-ci maddəsinə istinad edilməklə 300 manat məbləğinə qədər azaldılmış (halbuki Konstitusiya Məhkəməsi Plenumunun 15.07.2014-cü il tarixli qərarına görə qanunla müəyyən edilmiş dəbbə pulu azaldıla bilməz), iddiaçı tərəfindən isə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Ona görə də, dəbbə pulunu ödənilməsi barədə tələblərin təmin edilmədiyi hissə hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Həmin tələblərin təmin edildiyi hissədə isə iddia əsaslıdır. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd olunur ki, iş üzrə verilmiş ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa hazırki apelyasiya baxışı zamanı yol-nəqliyyat hadisəsindən sonra iddiaçıya məxsus avtomobilin çəkilmiş fotoşəkillərinə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə zamanı əsas zərər avtomobilin sol tərəfinə dəymişdir. Ekspert rəyindən də müəyyən olunur ki, avtomobilin əsasən sol tərəfinə dəymiş zərər hesablanmışdır. Rəydə yeganə şübhə doğuracaq məqam avtomobilin ön şüşəsinə və 1 ədəd sağ hissəsinə dəymiş zərərin (cəmi 750 manat) hesablanması ola bilər ki, həmin xərcləri də ümumi xərcdən çıxdıqda müəyyən olunur ki, avtomobilə dəymiş zərərin ümumi həcmi yenə də 5000 manatdan yuxarıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-157/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.02.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar