Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-520/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-550/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “VOLKSWAGEN” markalı “AMAROK” modelli ** PG *** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “X5 Construction” MMCdən İddiaçı MMC-nin xeyrinə 20.577 (iyirmi min beş yüz yetmiş yeddi) manat əsas lizinq borcu, 6790 (altı min yeddi yüz doxsan) manat vaxtı keçmiş faiz borcu, 7750 (yeddi min yeddi yüz əlli) manat hesablanmış penya, cəmi 35.117 (otuz beş min bir yüz on yeddi) manat borcu, həmçinin mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 230 manat məbləğində pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2-2(113)-550/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 20.577 manat, mükafat borcu üzrə 5.818 manat, cərimə borcu üzrə 1.100 manat olmaqla, cəmi 27.495 manat məbləğində pul Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 230 manat məbləğində pul Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-550/2024 nömrəli, xx.xx.2024-cü tarixli qətnaməsini qismən ləğv edərək, iddia tələbinin lizinq predmetinin geri qaytarılması hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələr də göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlarının məzmunundan məlum olur ki, lizinq verən həm verilmiş lizinq məbləğini, lizinq məbləğinə uyğun hesablanmış faiz və dəbbə pulunu tələb etməkdə, həm də lizinq obyektini geri qaytarılmasını tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Göstərilən maddənin tələbindən müəyyən olunur ki, lizinq verənə bütün ödəniş məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və lizinq müqaviləsinə vaxtından əvvəl ləğv etməyə hüquq verən əsaslar müəyyən edilmişdir. Həmin əsaslardan biri lizinq alan borcunu tam şəkildə lizinq verənə ödəməyə borcludur. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq lizinq verənin mülkiyyətini ona geri qaytarmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdi.
7. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
9. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
10. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
14. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilməyən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilməyən hissəsində, yəni lizinq obyektinin geri qaytarılması hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
17. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748- 1.12.4-cü maddələri təşkil edir.
18. İş materiallarından da müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı lizinq müqaviləsi, müqaviləyə 01,02 saylı Əlavələr bağlanmışdır. Lizinq müqaviləsinə əsasən, İddiaçı MMC Cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri Əlavə №1-də göstərilən və ümumi dəyəri 34.000 manat olan 1 ədəd “VOLKSWAGEN” markalı “AMAROK” markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.
19. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi bu müqavilənin 1 saylı Əlavəsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
20. Daha sonra, 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı lizinq müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh3 arasında 31 yanvar 2022-ci il tarixli 2201/0760/ZM-01 saylı, "xxxx" MMC ilə isə 31 yanvar 2022-ci il tarixli 2201/0760/ZM-02 saylı zaminlik müqavilələri bağlanmışdır.
21. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı lizinq müqaviləsinə 01 saylı əlavədən görünür ki, lizinq müqaviləsi üzrə 1 ədəd “VOLKSWAGEN” markalı “AMAROK” markalı ** PG *** dövlət qeydiyyat nişanlı, ümumi dəyəri 34.000 manat olan avtomobil Cavabdeh1 təhvil verilmişdir.
22. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, ümumi 34.000 manat olan lizinq obyektinin dəyərindən 10.200 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə verilən lizinq məbləği 23.800 manat təşkil etmişdir.
23. Eyni zamanda maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, Cavabdeh1 tərəfindən əsas borc məbləği üzrə cəmi 3.223 manat məbləğində ödəniş edilmiş və ödənilməli olan əsas borcu 20.577 manat qalmışdır.
24. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 7.9-cu bəndində qeyd edilir ki, lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Həmin müqavilənin 15.1-ci bəndinə əsasən bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər.
25. Həm müqavilə şərtlərindən, həm də Mülki Məcəllənin istinad edilən normasının (748-1.12.4) məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə lizinq verən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur.
26. Müqavilənin qeyd edilən şərtlərindən görünür ki, lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinq verənin lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinq alana ötürmək öhdəliyi yaranır.
27. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarların tətbiq edilməsinə dair münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən lizinq alanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. Həmin qərarlarda iddiaçı tərəfdən lizinq müqaviləsinin ləğv edilməsi tələbi irəli sürülmüşdür. Hazırki işdə belə bir tələb irəli sürülməmişdir. Odur ki, həmin qərarlar hazırki iş üzrə tətbiq edilə bilməz.
28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-550/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.