Məhkəmə qərarları › İş №2-2(103)-521/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-521/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-521/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən iddianın təmin edilməsi tədbiri barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 377/2021-ci il tarixli, 01 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01.02.2020-ci il tarixində bağlanmış O000708459 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC tərəfindən iddiaçı “xxxx” ASC-nin xeyrinə 711503,2 manat məbləğində əsas borcun, 120129,7 manat cərimə məbləğinin, cəmi 831632,9 manat məbləğində borcun, köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh1 MMC-dən tutularaq xxxx ASC-nin xeyrinə ödənilməsi, 17 fevral 2020-ci il tarixində bağlanmış 140356/20/1 saylı zaminlik müqaviləsi üzrə 200.000 manatın və 20.000 manat məbləğində cərimənin cavabdeh “xxxx” MMC-dən tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək iddia təmin tədbiri qismində cavabdeh “xxxx” MMC-ilə “xxxx” ASC arasında bağlanmış 2016- ********** saylı, 15 dekabr 2016-cı il tarixli və O000662149 saylı, 01.12.2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə 153591,83 manat məbləğində pul borcunun ödənilməsinin və ya həmin məbləğdə malın verilməsinin “xxxx” ASC-dən tələb etmək hüququnun “xxxx” MMC-yə qadağan edilməsi və həmin pul vəsaitinin “xxxx” ASC-də saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021-ci il tarixli, 01 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” MMC-ilə “xxxx” ASC arasında bağlanmış 2016-********** saylı, 15 dekabr 2016-cı il tarixli və O000662149 saylı, 01.12.2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə 153591,83 manat məbləğində pul borcunun ödənilməsinin və ya həmin məbləğdə malın verilməsinin “xxxx” ASC-dən tələb etmək hüququnun “xxxx” MMC-yə qadağan edilməsi və həmin pul vəsaitinin “xxxx” ASC-də saxlanılmasına dair ərizəsi rədd edilmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, “xxxx” MMC-nin ********** “xxxx” ASC h/h: AZ10AZRT******************** (Bankın VÖEN-i: **********) saylı bank hesabındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan 33153 manat həcmində həcmində həbs qoyulmuş, bu isə qətnamənin gələcəkdə icra olunmasını təmin etməyə kifayət edir. Adi riyazi hesablama aparmaqla bu arqumentin əsassız olduğu aşkar görülür. İddia ərizəsində cavabdehdən zaminlik müqaviləsi üzrə 200000 manat məbləğində borc tələb edilmişdir. Bank hesabındakı pul vəsaitinin üzərinə 33153 manat həbs qoyulması yalnız borcun 33153 manat hissəsinə aid hissədə qətnamənin gələcəkdə icra olunmasını təmin etməyə kifayət edə bilər, borcun qalan 166847 manat hissəsinə aid isə qətnamənin gələcəkdə icra olunmasını təmin etmir. Həm də nəzərə almaq lazımdır ki, cavabdehin yalnız bir bank hesabındakı 33153 manat həcmində pul vəsaitinin üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişlərin (qaz, işıq və su) aparılmasına məhdudiyyət qoyulmadan həbs qoyulub. Bu isə o deməkdir ki, cavabdeh işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) və kommunal xərcləri ilə bağlı ödənişləri həmin bank hesabından ödəyəcəyi təqdirdə hazırkı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək həmin bank hesabında pul qalmaya da bilər. Məhkəmənin 3-cü arqumenti budur ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə “xxxx” MMC-nin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdıra bilməz və ona qadağa qoyula bilməz. Məhkəmənin bu arqumentini də əsassız hesab edirlər. Qeyd edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsində nəzərdə tutulmuş tədbirlər, o cümlədən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1), müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2) məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə müəyyən edilmişdir. Məhkəmə qərarının icrası isə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (AR Konstitusiya Məhkəməsi, 14.03.2018-ci il tarixli qərar). İddianı təmin tədbiri müvəqqəti xarakter daşıyır, deməli, şəxsləri hansısa hüquqdan məhrum etmir, həmin hüququnu müvəqqəti məhdudlaşdırır. Hüquqi şəxsə müəyyən hərəkətləri etmək məhkəmənin qərarı ilə təmin edildiyi, şəxsin məhkəmənin həmin qərarından şikayət vermək hüququnun olması şəxs üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmə imkanı verir. Şəxsin tələb hüququ həmin tələb üzrə yekun məhkəmə qərarının çıxarılmasınadək mövcud olur, yekun məhkəmə qərarından sonra həmin tələb ya təmin edilir, ya da rədd edilir, rədd edildiyi halda tələb hüququ da artıq mövcud olmur. Beləliklə, şəxsin tələb etmək hüququnun məhkəmə tərəfindən məhdudlaşdırılmasının müvəqqəti olması, həmin məhkəmə qərarından şikayət etmək hüququnun olması məhkəmə müdafiəsi hüququnun pozulması demək deyildir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021-ci il tarixli, 07 aprel 2021-ci il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması 05.05.2021-ci il tarixə təyin edilmiş, Cavabdeh1 MMC-yə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə MPMin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmənin iclasında şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəmənin iclasında şikayətlə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 377/2021-ci il tarixli, 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində geniş tətbiq edilməklə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasında təsbit edilmiş hüquq və azadlıqların məhdudlaşdırılmasının hədlərinin müəyyən edilməsinin əsas meyarlarından biridir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Göründüyü kimi, həm beynəlxalq hüquqa, həm də milli qanunlara əsasən hüquq və azadlıqlara dövlət orqanları, eləcə də məhkəmələr tərəfindən qoyulan məhdudiyyət (MPM-nin 158.1.2-ci maddəsində nəzərdə tutulmuş qadağa da bu məhdudiyyətlərə aiddir) qanuna zidd olmamalı, qanunla müəyyən edilmiş məqsədlə tətbiq olunmalı və qadağanın tətbiqi gözlənilən nəticəyə mütənasib olmalıdır. Hazırda iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi iddianı təmin etmə tədbiri görülməsi barədə sonuncu ərizəsində cavabdehin işə mahiyyəti üzrə baxılanadək ona qarşı pul tələbi irəli sürmək hüququnun qadağan edilməsi xahiş olunur. Tələb irəli sürmək hüququnun qadağan edilməsi eyni zamanda iddia qaldırmaq hüququnun da qadağan edilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Qeyd edilən normaların tələblərinə əsasən qanunla qorunan hüquq və azadlıqların müdafiəsi üçün məhkəmədə iddia qaldırmaq hüququ heç bir halda qadağan edilə və ya məhdudlaşdırıla bilməz. Bundan əlavə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla verilmiş iddia tələbinə mütənasib olmalıdır. İddiaçının iddia tələbi ilə hazırda tətbiq edilməsini xahiş etdiyi iddianı təmin etmə tədbiri arasında mütənasiblik yoxdur. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021-ci il tarixli, 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021-ci il tarixli, 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar