Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-521/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-668/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 137 saylı alqı-satqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən satıcı spesifikasiyada adları göstərilən malları satmağı, alıcı isə onu qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 16815,11 manat əsas borcun və 200 manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə ümumilikdə 161236,13 manat məbləğində inşaat materialları təhvil verilmiş, xx.xx.2022-ci il tarixli akta əsasən cavabdehin iddiaçıya 26.430 manat məbləğində qalıq borcun olduğunu müəyyən edilmiş, bundan sonra cavabdeh 9.614,89 manat məbləğində ödəniş etmiş və 16.815,11 manat məbləğində qalıq borcu qalmışdır.
4. Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) iddiaya etiraz edir və bildirir ki, şirkət onun adına açılsa da, başqa bir şəxs tərəfindən idarə olunmuş və iddiaçı bu barədə məlumatlı olmuşdur. Mal fiziki şəxslərə baha satılır, hüquqi şəxslərə bonusla və endirimlə satılır. Cavabdehin adından ödənişlər onun adından getmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-668/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddiaya etirazla eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə uydurma əqd olmuşdur. Lakin məhkəmə bu halı araşdırmamış və heç bir hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
12. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
18. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin imzalanması işin mübahisəsiz halını təşkil edir.
19. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, 661345, 586702, 728384, 580366, 639604, 754752, 132068, 158848, 185694, 865445, 478850, 485151, 519899, 545658, 118633, 121144, 514274, 517070, 975292, 977532, 727782, 728475, 728140, 451800, 451520, 151145, 160135, 165581, 214046, 214376 saylı elektron qaimələrə əsasən cavabdehə ümumilikdə 161.236,13 manat məbləğində inşaat materialları təhvil verilmişdir.
20. xx.xx.2022-ci il tarixdə tərəflər arasında üzləşmə aktı imzalanmış və Cavabdeh MMC verilmiş mallara görə 26.430 manat məbləğində borcun olduğunu qəbul etmişdir.
21. İddiaçı etiraf edir ki, üzləşmə aktı imzalandıqdan sonra cavabdeh 9.614,89 manat məbləğində ödəniş etmişdir.
22. Göründüyü kimi Cavabdeh MMC xx.xx.2022-ci il tarixli üzləşmə aktını imza etməklə həm ona malların verildiyini, həm də verilmiş mallara görə ödənilməmiş pulun qaldığını qəbul etmişdir.
23. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
24. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən həmin mallara görə ödənilməyən ümumilikdə 16.815,11 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır (26430-9614,89=16815,11).
25. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin etirazının qanuni əsasını Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələri təşkil edir. Həmin maddələrə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə mübahisələndirilən müqavilənin uydurma və ya yalan əqd olması təsdiq olunmur. Çünki cavabdeh qeyd olunan halları təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə satılmış malların cavabdehə təhvil verilməsi və sonuncu tərəfindən qismən ödəniş etməsi sübut edir ki, tərəflər arasında etibarlı alqısatqı müqaviləsi bağlanmışdır.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-668/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn