Məhkəmə qərarları › İş №2-2(103)-522/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-522/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-522/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, e-2-2 (113)-542/2021 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 78329,58 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub, "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şirkətləri "İddiaçı" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01.04.2019-cu il tarixli HA 001/0419 saylı müqaviləyə əsasən 78329,58 manat borc yaranmışdır. Malların vaxtında təqdim edilməsinə baxmayaraq borclarını baglamayıblar. Dəfərələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, e-2-2 (113)-542/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 78329,58 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, e-2-2 (113)-542/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01.04.2019-cu il tarixli, HA 001/0419 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən mal təhvil verilərkən, tərəflər təhvil-təslim aktını imzalayır və və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Lakin məhkəmə prosesi zamanı iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmiş, yalnız elektron qaimələr təqdim etməklə kifayətlənmiş, halbuki həmin qaimələrdə malların cavabdeh tərəfindən qəbul edilməsinə dair müvafiq imzalar mövcud olmamışdır. Bütün bunlara baxmayaraq məhkəmə iddiaçı tərəfin təqdim etdiyi elektron qaimələri əsas götürmüş və belə bir əsassız qətnamə qəbul etmişdir. Bununla da razılaşmaq olmaz. Çünki, cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil alınmasının sübutu kimi qiymətləndirilməməlidir. İddiaçı iddia tələbində göstərilən məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimələrin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutları məhkəməyə təqdim etməli idi. Qeyd olunmalıdır ki, elektron qaimə Dövlət Vergi Xidmətinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün malın verilməsinə dair müşayətedici sənəd deyildir. Əgər tərəflər malın təhviltəslimini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsaydılar, bu məhkəmənin qeyd etdiyi “mövcud olan müqavilənin” şərtlərində ifadə olunardı. Odur ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil-təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Nəzərə alınmalıdır ki, alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Müvafiq qaydalara əsasən, mal digər vergi ödəyicisinin bilavasitə özünə deyil, mal və xidmətlərin alışını həyata keçirən təhtəlhesab şəxsə təqdim edildiyi halda, satıcı həmin şəxsdən alıcı tərəfindən verilmiş vəkalətnamənin təqdim edilməsini tələb etməlidir. İşə apelyasiya qaydasında baxılması 02.06.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, e-2-2 (113)-542/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış 01 aprel 2019-cu il tarixli, HA-001/0419 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə razılaşma protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (dəmir beton boru) satmağı, alıcı isə malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı iddia etmişdir ki, cavabdeh ona satılan 78329,58 manat dəyərində malın pulunu ödəməmişdir. Həmin malların cavabdehə təqdim edildiyi iş materiallarındakı EBAE seriyalı 901878 nömrəli, 10.01.2020-ci il tarixli və EBAG seriyalı 950697 nömrəli, 28.02.2020-ci il tarixli elektron qaimələrlə təsdiq edilir. 01.01.2020-01.05.2020-ci il tarixli dövrü əhatə edən qarşılıqlı hesablaşmalar aktından görünür ki, cavabdeh 01.05.2020-ci il tarixə iddiaçıya cəmi 78329,58 manat (ƏDV daxil) məbləğində borcu olduğunu təsdiq etmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq və MM-nin 385.1-ci, 386.1-ci, 442, 448.1, 567-ci maddələrini mübahisə üzrə düzgün tətbiq edərək iddianın əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdehin apelyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, dəyəri iddiaçı tərəfindən tələb edilən malların cavabdehə təqdim edilməsi elektron-qaimələrdən başqa digər mötəbər sübutlarla təsdiq edilmir. Halbuki, iddiaçı məhkəməyə elektron qaimələrdən əlavə borcun cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edildiyini sübut edən qarşılıqlı hesablaşma aktı təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə həmin aktın mötəbərliyini şübhə altına almağa əsas verən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddianın əsaslı olduğuna dair işdə kifayət qədər sübutlar olmamasına dair cavabdehin mövqeyi əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, qeyd edilən qarşılıqlı hesablaşma aktı tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsində 04.02.2021-ci il tarixli məhkəmə iclasında tədqiq edilmiş, cavabdehin nümayəndəsi həmin aktın araşdırılması və tələb olunan məbləğin cavabdeh tərəfindən ödənilib-ödənilmədiyini aydınlaşdırılması üçün iclasın təxirə salınmasını xahiş etsə də, sonrakı məhkəmə iclasında iştirak etməmiş, apelyasiya şikayətində qarşılıqlı hesablaşma aktının məhkəmə tərəfindən hansı əsasla mötəbər sübut kimi qəbul edilməli olmadığı əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, e-2-2 (113)- 542/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, e-2-2 (113)-542/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar