Məhkəmə qərarları › İş №2-2(103)-523/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-523/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-523/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin (əvvəlki adı İddiaçı MMC) Cavabdeh MMC-yə qarşı alqısatqı müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 578/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında xx.xx.2020-ci il tarixli M/162020 saylı müqavilə bağlanmış, cavabdeh iddiaçıya altı ay ərzində hər litrinin qiyməti - 2 manat olan cəmi 96.000 litr keçi südü satmağı öhdəsinə götürmüş, . xx.xx.2020-ci il tarixli ******* nömrəli ödəniş tapşırığı ilə 106.000 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına ödənilmiş, lakin süd alıcı tərəfindən təhvil verilməmişdir.

2. İddiaçı MMC pretenziya ilə Cavabdeh MMC-yə müraciət edərək, 106.000 manat məbləğində pulun 5 iş günü ərzində onlara ödənilməsini təmin edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir.

3. Qeyd edilən alqı-satqı müqaviləsinin icrası məqsədi ilə Cavabdeh (alıcı) ilə X7 (satıcı) arasında xx.xx.2020-ci il tarixli 20202901-001 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. . xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 68.439 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən X4 "xxxx" ASC-də (28 may filialı) olan hesabına ödənilmişdir.

4. Kreditor tələblərinin qeydiyyatı barədə xx.xx.2020-ci il tarixli 0174 nömrəli qəbzə əsasən müəyyən edilir ki, kreditor X4 ləğv prosesində olan "xxxx" ASC qarşısında 60.457,20 manat məbləğdə kreditor tələbi qeydə alınmışdır.

5. X5 xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, AQTA-nın Ucar regional bölməsinin əməkdaşları tərəfindən ona təhvil verilmiş nəzarət etdiyi keçilərin yem tədarükü olmadığından, baxımsız olduğundan 84 baş tələf olmuşdur, ölmüş keçilər təsərrüfatın qıraq yerində tamamilə yandırılaraq basdırılmışdır. Cavabdeh MMC-nin təsisçisi Qanuni nümayəndə xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, təsisçisi olduğu Cavabdeh MMC-nin təsərrüfatında olan keçilər brüselyoz xəstəsi olmuşdur. Ona verilən məlumata görə xəstə çıxmış brüselyoz heyvanlar ölkə əhalisinin sağlamlığına ciddi risk yaradır və heyvandırlıq təsərrüfatında iqtisadi itkilərə səbəb olub. Buna görə də Ucar regional bölməsinin baytar müfəttişlərinin təyinatına görə xəstə çıxmış brüselyozlu keçilərin tələf edilməsinə heç bir etirazı yoxdur.

6. xx.xx.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, İmişli rayonu Əliqullar kəndi ərazisində yerləşən Cavabdeh MMC-nin keçi təsərrüfatında xx.xx.2021-ci il tarixində təsərrüfatda olan keçilərdən brüselyoz xəstəliyinin aşkar etmək üçün götürülən qan nümunələrinin laborator müayinəsi nəticələrinə əsasən 88 baş qan nümunəsi müsbət nəticə vermişdir. Təsərrüfatda olan 101 baş heyvandan 84 baş heyvan tələf olmuş və 17 baş heyvan isə təsərrüfatda aşağı köklükdə qalmışdır. Ölmüş heyvanlar X2 verdiyi izahata əsasən yem olmadığına və düzgün qidalanmadığına görə tələf olmuşdur. Tələf olunmuş heyvanlar təsərrüfatdan kənar ərazidə yandırılaraq dərin basdırılmışdır. yerdə qalan 17 baş keçilər Ağcabədi rayonu ərazisində kəsim məntəqəsinə aparılaraq baytar müfəttişlərinin nəzarət altında kəsilərək zərərsizləşdirilmişdir.

7. xx.xx.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində İmişli rayonu ərazisində yerləşən Cavabdeh MMC-yə məxsus keçi təsərrüfatında brüselyoz xəstəliyinin bakteriyası aşkar edilmiş 17 baş keçilər Ağcabədi rayonu ərazisində kəsim məntəqəsinə aparılaraq Ucar RB-nın baytar müfəttişlərinin nəzarət altında kəsilərək zərərsizləşdirilmişdir. Kəsilmiş heyvanlar kəsim məntəqəsi üçün ayrılmış xüsusi ərazidə yandırılaraq basdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avans olaraq ödənilmiş 106.000 manat, bank uçot dərəcəsi ilə 20.026 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat, ümumilikdə 126.426 manat məbləğdə pul vəsaitini Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 fevral 2020-ci il tarixli M/162020 saylı müqaviləyə əsasən Cavabdeh MMC (satıcı) istehsal etdiyi keçi südünü İddiaçı MMC-yə (alıcıya) satmağı, alıcı isə öz növbəsində həmin südü qəbul etdib tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. Müqavilənin ümumi məbləği 192.000 manat razılaşdırılmışdır. Həmin Müqavilənin 4.1-ci bəndinə müvafiq olaraq müqavilə qüvvəyə mindikdən sonra alıcı İddiaçı MMC satıcı Cavabdeh MMC-yə müqavilənin ümumi məbləğindən 106.000 manat avans olaraq ödəməyi öhdəsinə götürmüşdür. Qalan 86.000 manat məbləğ isə aylıq tədarük edilən südün həcminə mütənasib olaraq hər növbəti ay ödənilməli idi. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəlik icra olunsa da, yəni 106.000 manat məbləğdə vəsait Cavabdeh MMC-nin hesabına köçürülsə də o, öz öhdəliklərini yerinə yetirməmişdir, yəni ödənişin həyata keçirildiyi gündən uzun müddət keçməsinə baxmayaraq bu günkü günə kimi nə süd tədarük edilmiş, nə də ödənilmiş vəsait geri qaytarılmışdır. Məsələni həll etmək məqsədilə tərəflərindən həmin ödənilmiş avans məbləğinin geri qaytarılması ilə əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (sonuncu xəbərdarlıq (Pretenziya) xx.xx.2022-ci il tarixində təqdim edilmişdir), cavabdeh bu günə kimi heç bir ödəniş etməmişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən südün tədarükü 01 aprel 2020-ci il tarixindən həyata keçirilməli idi. xx.xx.2022-ci il tarixinə qədər müvafiq ayların bank uçot dərəcələrini nəzərə alsaq borc məbləğinin bank uçot dərəcəsi 20.026 manat təşkil edir. Nəzərə alsalar ki, tərəflərindən ilkin mesiasiya sessiyasına görə 400 manat ödəniş edilmişdir. Beləliklə, cavabdehin ümumi borcu 126.426 manat təşkil etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-578/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 106.000 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə alqı-satqı müqaviləsinə əsasən təqdim edilməli malların bir hissəsinin dəyəri olan 106.000 manat məbləğində pul vəsaiti avans olaraq İddiaçı MMC tərəfindən Cavabdeh MMC -yə qabaqcadan ödənilsə də, həmin pulun müqabilində müvafiq malların iddiaçıya təqdim edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiaya etirazına əsas kimi istinad etdiyi hallar (keçiləri almaq üçün Fariz Quliyev adlı şəxsə etdiyi ödənişin bir hissəsinin ləğv prosesində olan bankda qalması, aldığı heyvanların məhv olması və s.) onun risk dairəsinə daxil olan hallar olmaqla sonuncunu müqavilə üzrə öhdəliklərin icra edilməsindən azad etmir.

13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. Odur ki, behdən fərqli alaraq avans məbləği qarşı tərəfin müqavilə üzrə öhdəliklərin icra edilmədiyi bütün hallarda, yəni öhdəliklərin icra edilməməsində avansı almış tərəfin təqsirinin olub-olmamasından asılı olmayaraq geri qaytarılmalıdır.

14. Məhkəmə faiz borcuna münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırkı işdə isə cavabdehin qaytarmaqdan boyun qaçırdığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin tələb edildiyi zaman qaytarmadığı pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsaslar müəyyən edilmir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-578/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, iddiaçının geri tələb etdiyi 106.000 (yüz altı min) manatın 68.439 (altmış səkkiz min dörd yüz otuz doqquz) manatı hazırda ləğv olunan "xxxx" ASC tərəfindən geri qaytarılmamışdır. 68.439 (altmış səkkiz min dörd yüz otuz doqquz) manat məbləğində pulun "xxxx" ASC tərəfindən geri ödənilmədiyini təsdiqləyən qəbzin surəti vəsatətlə məhkəməyə təqdim edilmişdir. Bundan başqa vəsatətlə məhkəməyə təqdim edilmiş aktların surətindən də göründüyü kimi nəğd şəkildə 37.561 (106.000 manatın qalan hissəsi) manat ödəyərək X3 aldıqları xırdabuynuzlu heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhv edilmişdir. Buna dair akt və izahatlar vəsatətlə məhkəməyə təqdim edilmişdir. Yəni yuxarıda qeyd olunanlardan da göründüyü kimi Cavabdeh MMC qəsdən və ya ehtiyatsızlıqdan iddiaçıya zərər vurmamış, öhdəlikdən qəsdən yayınmamışdır. "xxxx" ASC ləğv prosesində olduğu, digər heyvanlar da AQTA tərəfindən məhv edildiyi üçün cavabdeh müqavilə üzrə öhədəliklərini həyata keçirə bilməmişdir. Lakin məhkəmə qeyd olunan xüsusatları nəzərə almamışdır. Məhkəmə qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verdiyimiz izahatlarla, sənədlərlə əsaslandırmamış və mülki prosessual qanunvericliyin tələblərini pozmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

19. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 599.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

20. Apellyasiya baxışının predmetini iddianın təmin edildiyi hissə təşkil edir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-578/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh (satıcı) ilə hazırda adı "xxxx" MMC olan İddiaçı (alıcı) arasında xx.xx.2020-ci il tarixli M/162020 saylı alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh iddiaçıya cəmi 96.000 litr keçi südü satmağı öhdəsinə götürmüş, iddiaçı tərəfindən cavabdehə 106.000 manat məbləğində avans ödənilmiş, lakin süd satıcı tərəfindən təhvil verilməmişdir.

23. Cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, süd məhsulunun iddiaçıya təqdim edilməməsində satıcının təqsiri olmadığından öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşımır.

24. Məhkəmə cavabdehin iddiaya etirazı ilə bağlı təqdim etdiyi sübutlarla bağlı qeyd edir ki, cavabdehin xırda buynuzlu heyvanları satın almaq üçün X4 "xxxx" ASC-də olan hesabına ödədiyi məbləği bank ləğv edildiyi üçün sonuncunun əldə edə bilməməsinin hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. İddiaçıya məxsus təsərrüfatda xəstəliyə tutulmuş heyvanların məhv edilməsi barədə təqdim edilmiş xx.xx.2021-ci il tarixli aktların üzərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və ya Baytarlıq İdarəsinin möhürü olmadığından həmin aktların mötəbərliyi şübhə doğurur.

25. Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşır ki, ona məxsus heyvanların xəstələrək tələf olması satıcının risk dairəsinə aid hal olduğundan təqsirinin olubolmamasından asılı olmayaq alıcı qarşısında öhdəliyin icrasından azad etmədiyi üçün MM-nin 599.3-cü maddəsinə əsasən ödənilmiş avans məbləğinin qaytarılması təmin edilməlidir.

26. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsində nəzərdə tutulur ki, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri müqavilə imzalandıqdan sonra tərəflərin qabaqcadan bilməsi və qarşısını alması mümkün olmayan qarşısıalınmaz qüvvənin təsiri nəticəsində yerinə yetirmədikdə onlar həmin öhdəlikləri yerinə yetirməkdən tamamilə və qismən azad edilir. Xırdabuynuzlu heyvanların xəstələnməsi ehtimalı satıcının əvvəlcədən görməli olduğu hal olduğundan qarşısıalınmaz qüvvə hesab edilmədiyi və onun öhdəliyini xitam etmədiyi üçün öhdəliyi icra etməmiş satıcı alqı-satqı müqaviləsi üzrə alıcıya avans ödənişini geri qaytarmağa borcludur.

27. İşə baxmış məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilmiş, hər hansı maddi və prosessual pozuntuya yol verilməmişdir.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-578/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-578/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar