Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-523/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1599/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ
1. "xxxx" MMC (icraçı) ilə GTG” MMC-yə (sifarişçi) arasında bağlanmış xx.xx.2023cü il tarixli, 156 saylı xidmət göstərilməsi haqqında müqaviləyə görə, sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür.
2. xx.xx.2023-cü il tarixli, 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə göstəriləcək xidmətlərin cəmi məbləği 20532 manat təşkil edir.
3. 08.01.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktına görə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri 5527,92 manat məbləğində təşkil edir, akt hər iki tərəfin möhürü, nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5527.92 manat borcun, məhkəməyə ödənilmiş 76 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1599/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 5527,92 manat pul, 76 manat dövlət rüsumu, 326 manat hüquqi yardıma görə xərc, ümumilikdə 5929,92 (beş min doqquz yüz iyirmi doqquz manat doxsan iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslanırdışdır ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 156 saylı podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin qeyd olunan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 5527,92 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 5527,92 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
7. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1599/2025 nömrəli qətnaməsinin ləğv edillməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunan məbləğlər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, göstərilən hallarla bağlı məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırmasını təmin etmək məqsədilə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləği yenidən hesablanmalı idi. Cavabdeh tərəfindən öhdəliklər onun təqsiri olmadan gecikdirilmişdir. Cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim olunmadığına görə öhdəliklərin icrası gecikmişdir. Məhkəmə ümumiyyətlə bu hissədə araşdırmanı təmin etməmişdir. Hesab edilir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1029/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edilməklə AR MPM-in 14, 88-ci maddələri pozulmuşdur. İddiaçı MMC Azərbaycan Respublikası MPM-nin tələblərini pozaraq mübahisənin məhkəmədən kənar həll edilməsi üçün səy göstərməmiş, İddiaçı MMC tərəfindən cavabdehin ünvanına pretenziya göndərilməmiş, birbaşa kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə cavabdehin etirazına hüquqi qiymət verməmişdir. Məhkəmə tərəflərə işin barışıq sazişi ilə bağlanmasını yaxud mübahisənin mediasiya vasitəsilə həll edilməsini təklif etməmiş, yalnız iddia tələbinin təmin edilməsində maraqlı olmuşdur. Məhkəmə tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılması prinsipləri pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.
15. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
16. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
17. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
18. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
19. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İş materiallarına əsasən, iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 156 saylı xidmət göstərilməsi haqqında müqaviləyə görə, sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür.
27. Müqavilənin 4.1-ci bəndinə görə icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.
28. Müqavilənin 4.3-cü bəndinə görə hesablamalar tərəflər arasında imzanlanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
29. Müqavilənin 4.4-cü bəndinə görə sifarişçi göstərilmiş xidmətinə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə hər gecikmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında cərimə ödəyir.
30. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBDW 787454 nömrəli 5527,92 manat məbləğində elektron qaimə-faktura təqdim edilmişdir.
31. Kollegiya məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləğinin hesablanması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddia ərizəsinə etiraz ərizəsi verilsədə borc məbləği mübahisələndirilməmiş, bununla bağlı hər hansı vəsatət verilməmişdir.
32. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün səy göstərilməməsi, pretenziya göndərilməməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materillarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən 5527.92 manat borcu yarandığından ödənməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi təsdiq olunmuşdur. Odur ki, cavabdehin digər dəlilləri əsaslı hesab edilə bilməz.
34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1599/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.