Məhkəmə qərarları › İş №2-2(103)-524/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-524/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-524/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi tələbi barədə» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2206/2020 saylı - xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərardadlarından cavabdeh tərəfindən verilmiş şikayətlərə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 34.611,99 manat borc və həmin borcun gecikdirilməsinə görə 3.461,19 manat cərimə, həmçinin əldən çıxmış faydaya görə 20.000 manat olmaqla, ümumilikdə 58.073,18 manat məbləğində pulun və 30 manat ödənimiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, ərizə ilə müraciət edərək, iddianın təmin tədbiri qismində işə baxılıb yekun qətnamə çıxarılana və həmin qətnamə qanuni qüvvəsini alana qədər İddiaçı MMC-nin tabeli struktur bölmələri olan Abşeron TKQ-nin 341,342, 346, 349 saylı, Xaçmaz TKQ-nin 5 saylı, Göygöl TKQ-nin 5 saylı, Yevlax TKQ-nin 6 saylı, Qazax TKQ-nin 5 saylı, Quba TKQ-nin 5 saylı, Ağsu TKQ-nin 5 saylı, Astara TKQ-nin 5 saylı, Bərdə TKQ-nin 5 saylı, Biləsuvar TKQ-nin 5 saylı, Gəncə TKQ-nin 52/56/66, 54/64 saylı, 55/65 saylı, 57/67 saylı, 58 saylı, İmişli TKQ-nin 6 saylı, Lənkəran TKQ-nin 4 və 5 saylı, Masallı TKQ-nin 5 saylı, Qusar TKQ-nin 5 saylı, Saatlı TKQ-nin 5 saylı, Şəki TKQ-nin 4 saylı, Sumqayıt TKQ-nin 642/644/652 saylı, 648/656/657 saylı, 654/655 saylı, Tovuz TKQ-nin 5 saylı ATS-lərində yerləşən, Cavabdeh MMC-yə məxsus ZyXEL DSLAM avadanlıqlarının üzərinə həbs qoyulması (özgəninkiləşdirilməsinin, çıxarılıb aparılmasının, yerinin dəyişdirilməsinin qadağan olunması) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ilkin ərizəsi qismən təmin edilmiş və qeyd edilən Cavabdeh MMC-yə məxsus ZyXEL DSLAM avadanlıqların üzərinə həbs qoyulmuş və çıxarılıb aparılması cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. Bundan sonra, iddiaçı daha bir ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin tədbiri olaraq işə baxılıb yekun qətnamə çıxarılana və həmin qətnamə qanuni qüvvəsini alana qədər“ İddiaçı” MMC-nin baş ofisində, Ağdaş TKQ və onun ATSlərində, Balakən TKQ və onun ATS-lərində, Göyçay TKQ və onun ATS-lərində, İsmayıllı TKQ və onun ATS-lərində, Kürdəmir TKQ və onun ATS-lərində, Mingəçevir TKQ və onun ATS-lərində, Qax TKQ və onun ATS-lərində, Qəbələ TKQ və onun ATS-lərində, Sabirabad TKQ və onun ATS-lərində, Şabran TKQ və onun ATS-lərində, Salyan TKQ və onun ATS-lərində, Şamaxı TKQ və onun ATSlərində, Şəki TKQ və onun ATSlərində, Zaqatala TKQ və onun ATS-lərində Cavabdeh MMC-yə məxsus ZyXEL DSLAM avadanlıqlarının üzərinə həbs qoyulması və çıxarılıb aparılmasının cavabdehə və başqa şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2206/2020 nömrəli qərardadı ilə iddiaçının həmin ərizəsi təmin edilmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin hər iki qərardadından şikayət verərək ləğv edilməsini və onun özünə məxsus əmlakı üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Cavabdeh şikayətlərini onunla əsaslandırılmışdır ki, iddiaçı maraqlı tərəf olduğu halda, məhkəmənin onun iştirakı ilə şirkətdaxili imzalanmış akta əsaslanaraq tərəflər arasında borc münasibətləri olduğunu ixtiyari qəbul etməsi və buna müvafiq cavabdehin əmlakı üzərində həbs qoyması qətiyyən yolverilməzdir. Borc mövcud olsa belə, ən geci 2016-cı ildə, 4 il bundan öncə məhz iddiaçının tabeli strukturları tərəfindən cavabdehə göndərilmiş rəsmi müraciətlərə əsasən birtərəfli xitam verilmiş müqavilələr üzrə hər-hansı borc münasibətlərinin olduğunu iddia etməyin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə cavabdehlə aralarında bağlanan müqavilələr təqdim edilmiş, həmin müqavilələrdə xidmət haqqı qeyd olunmuşdur. İddiaçının iddia etdiyi 58.000 manat borcun əslində, bu cür süni şəkildə iddiaçının özü tərəfindən yaradılmasını aydın görmək mümkündür. İddiaçı tərəfindən süni inhisarçılıq və haqsız rəqabətlə özəl provayderlərin, o cümlədən, cavabdehin sıxışdırılaraq regionlarda internet xidməti bazarından çıxarılması ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilinəsi üzrə mötəbər dəlillərlə Bakı və Sumqayıt Kommersiya məhkəmələrinə iddia ərizəsi ilə müraciətlər olunmuş, hal-hazırda Bakı Apellyasiya Məhkəməsində 2-2(103)- 347/2020 nömrəli iş üzrə məhkəmə icraatı davam edir. Cavabdeh MMC iddiaçıdan 5 milyon 850 min manat məbləğində ziyanın ödənilməsini tələb edir, bu ziyanın qarşılığında iddiaçı heç bir mötəbər sübuta əsaslanmayan borc iddiası və cavabdehin əmlakı üzərinə həbs qoydurmaq barədə məhkəməyə müraciət etməsi, məhkəmənin də bunu təmin etməsini tamamilə qanunsuzdur. Başqa önəmli bir məqam isə həmin texniki avadanlıqların dəyərinin iddia məbləğindən qat-qat çox olduğunun məhkəmə tərəfindən nəzərə alınmaması və cavabdehə məxsus TKQ və ATSlərdə yerləşən bütün əmlaka həbs qoyulması İlə əlaqədardır. Belə ki, hər bir avadanlığın minimal bazar dəyərinin 1.500 manat olduğunu nəzərə alsaq, 50-yə yaxın TKQ və ATS-də yerləşən texniki avadanlıqların dəyərinin iddia edilən borc məbləğindən dəfələrlə çox olduğu aydındır. MPM-in 158.4-cü maddəsinə əsasən əmlak üzərinə həbs qoyularkən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. İddiaçının tələbi 58.000 manat olduğu halda həmin məbləğdən 3-4 dəfə artıq məbləğdədir. Əlavə olaraq, cavabdehə 13 avqust tarixində "xxxxxxxxxxxxxxx” MMC şirkəti tərəfindən göstərilən avadanlıqların satın alınması ilə bağlı təklif məktubu daxil olmuşdur. Təklif məktubu xx xxxxxxxx 2020-ci ilə qədər qüvvədə olmuşdur. Təklif məktubunda həmin şirkət texniki avadanlıqların alışı üzrə cavabdehə 138.000 manat dəyərində təklif (oferta) ünvanlamışdır. Lakin h üzərinə həbs qoyulduğundan qeyd olunan avadanlıqları satışı mümkün olmamış və Cavabdeh MMC bunun nəticəsində 138.000 manat gəlir itirmişdir. MPM-in 164-ci maddədə deyilir ki, “İddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır”. Göründüyü kimi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi cavabdehə külli miqdarda ziyan vurmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli nömrəli qərardadları ilə cavabdehin şikayətləri təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin Bakı Kommersiya Məhkəməsinin 25 və xx xxxxxx 2020-ci il tarixli qərardadlarından verdiyi şikayətləri üzrə apellyasiya icraatı mümkün sayılmış və xx.xx.2020-ci il tarixə həmin şikayətlər üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Paşayev qərardadlardan verilmiş şikayətlərin dəlillərinə uyğun izahat vermiş və mübahisəli avadanlıqlar 2010-cu ildən etibarən istifadə olunsa da, hal-hazırda onların köhnəlməsi nəzərə alınmaqla, bazar dəyərinin 1.500 manatdan az olmadığını bildirərək şikayətlərin təmin olunmasını məhəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınla iştirak edən iddiaçının nümayəndəsi E.Məmmədov cavabdehin şikayətlərinə etirazını bildirərək, cavabdeh ona qarşı borc tələbinə dair iddia qaldıran kimi, üzərinə həbs qoyulmuş avadanlıqları satmaq istədiyini və avdanlıqların isə 10 ildən çox istismar olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadlarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Birinci instansiya məhkəməsinin qərardalarından görünür ki, iddiaçının ərizəsinə əsasən tətbiq edilən iddianı təmin etmə tədbiri Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında sadalanan meyarlara cavab verir. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, ümumilikdə cavabdehdən 58.073,18 manat məbləğində pul məbləğinin tutulmasını tələb etmiş və iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair müqavilələr, maliyyə arayışı, pretenziya məktubu sair sənədləri iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün bu hallar ilkin mərhələdə, iddianı təmin etmə tədbiri barədə ərizənin ən azından qismən təmin edilməsi və yekun məhkəmə qərarı qəbul olunanadək cavabdehə məxsus «ZyXEL» və «DSLAM» avadanlıqların üzərinə həbs qoyulmasının və onların çıxarılıb aparılmasının cavabdehə və başqa şəxslərə qadağan edilməsini zəruri edən faktiki şərtlər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin şikayətinin iddianın təmini tədbirinin görülməsi üçün mötəbər sübutların işdə mövcud olmadığını mübahisəlndirən dəlillərini əsassız sayır. Birincisi, ən azından konkret halda, işə mahiyyəti üzrə baxılmır və qeyd olunan sübutetmə vasitələrinin mövcudluğu iddiaçının ərizəsinin təmin edilməsi üçün Konstitusiya Məhkəməsinin qərarı baxımından kifəyətedicidir. Digər bir tərəfdən MPM-in 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Eyni zamanda, cavabdehin şikayətlərində özünün də qeyd etdiyi kimi, əgər gələcəkdə iddianın rədd edilməsi haqqında qətnamə qəbul olunub qanuni qüvvəyə minərsə cavabdeh MPM-in 164-ci maddəsi tələbinə müvafiq olaraq iddianı təmini tədbirinin görülməsi nəticəsində ona vurulmuş zərəriin əvəzini iddiaçıdan tələb etmək hqüquna malikdir. Cavabdeh şikayətinin digər bir dəlilində avadanlıqların hər birinin 1.500 manatdan az olmayan dəyəri oluduğunu mübahisələndirərək, görülmüş iddianı təmini tədbirinin, iddianın həcminə münasib olmadığını bildirən dəlilləri ilə də razılaşmaq mümkün deyil. Çünki, həmin avadanlıqların qeyd olunan dəyərə malik olmasını təsdiq edə bilən sübutlar mövcud deyil, cavabdeh tərəfindən məhkəməyə bu qəbildən olan mötəbər sübutlar əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əgər gələcəkdə müvafiq sübutlar (məs., qiymətləndirmə rəyi və s.) məhkəməyə təqdim ediləcəyi təqdirdə yalnız, mübahisələndirilən məhkəmənin qərardadları ilə avadanlıqldarın üzərinə qoyulmuş həbsin, iddia tələbinin həcmindən artıq olan hissəsində, götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət oluna bilər. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərardadları ilə iddiaçının ərizəsinə əsasən görülən iddinı təmin etmə tədbirləri işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətlərinin həmin qərardadın əsassız olduğunu, sübutlara uyğun olmadığını və prosessual qanunvericiliyə zidd qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayətləri təmin edilmədən, həmin qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə məhkəmə qərardaından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2206/2020 saylı - xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar