Məhkəmə qərarları › İş №2-2(103)-524/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-524/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-524/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, cavabdeh “xxxx” MMC-nin və üçüncü şəxs Azərbaycan Respublikası Millli Elmlər Akademiyasınin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, e-2-2 (113)-204/2021 saylı qətnaməsindən (hakim L.Əliyev) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 65.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında 13 avqust 2018-ci il tarixli LO/18-01№-li “Tərəfdaşlıq müqaviləsi” bağlanmışdır. Sözügedən müqavilənin 1.1.-ci bəndində İddiaçı MMC innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün “xxxx”xxxx“xxxx№ MMC isə İddiaçı MMC-nin verdiyi maliyyə dəstəyini innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün sərf etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.3-cü bəndində – öhdəliyini vicdanla yerinə yetirib İddiaçı MMC-nin ödədiyi maliyyə vəsaiti əsasında görüləcək işlərdən əldə olunacaq gəlirlərin bölüşdürülməsi, qarşılıqlı razılaşma əsasında müqaviləyə gələcəkdə əlavə ediləcək “Əlavə Razılaşma” sənədində göstəriləcək şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3-cü bəndində maliyyə vəsaitinin ödənişi ilkin olaraq 80.000 manat müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq İddiaçı MMC tərəfindən 15.08.2018ci il tarixli ödəniş tapşırığı əsasında 80.000 manat vəsait “xxxx” MMC-nin bank hesabına köçürülmüşdür. Bundan sonra İddiaçı MMC ilə “xxxx” MMC arasında 13 avqust 2018-ci il tarixli Müqavilə üzrə 23 yanvar 2019-cu il tarixli “Razılaşma protokolu” imzalanmış, həmin sənədlə müqaviləyə xitam verilməsi və ödənilmiş 80.000 manat məbləğində vəsaitin geri qaytarılması razılaşdırılmışdır. 23.01.2019-cu il tarixli razılaşmanın icrası qaydasında 30.01.2019-cu ilə tarixdə “xxxx” MMC tərəfindən geri ödənilməli olan 80.000 manat məbləğində vəsaitin 15.000 manat hissəsi İddiaçı MMCyə bank hesabından köçürmə vasitəsilə ödənilmişdir. 23.01.2019-cu il tarixli razılaşmada 80.000 manat məbləğində vəsaitin hissəvi ödənişi nəzərdə tutulmasa da, 30.01.2019-cu il tarixli ödənişdən sonrakı dövrdə qalan hissənin ödənilməsi barədə müəssisə rəhbərliyinin vədinə güvənərək ödənişi gözləmişlər. Bir neçə dəfə ödəniş barədə müraciət etdikdə, öhdəliyin yaxın zamanda icra olunacağına vəd verilmişdir. Lakin hazırkı vaxtadək ödəniş olunmamışdır. Beləliklə, hazırkı vaxta “xxxx” MMC-nin İddiaçı MMC-yə 65.000 manat ödənilməmiş borcu qalmışdır. Bu barədə sonuncu danışıqlardan sonra 30.06.2020-ci il tarixdə müəssisələr arasında üzləşmə aktı da tərtib olunmuş, lakin keçən müddət ərzində yenə də öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Hazırkı vəziyyətdə daha artıq gözləməyin maddi cəhətdən onlara böyük zərər vura biləcəyini nəzərə alaraq, 11.08.2020- ci il tarixdə cavabdehə pretenziya göndərilmiş, 3 bank günü ərzində İddiaçı MMC-yə ödənilməmiş 65.000 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişlər. Əks təqdirdə, ödənilməmiş 65.000 manat məbləğində vəsaitin, əldən çıxmış faydanın və məhkəməyə müraciətlə bağlı əlavə xərclərin “xxxx” MMC-dən tutulmasına dair müvafiq qaydada məhkəmədə iddia qaldırılacağı cavabdehin diqqətinə çatdırılmışdır. Sonuncu xəbərdarlıq – pretenziyaya cavabdeh tərəfindən 14.08.2020-ci ildə cavab verilərək bildirilmişdir ki, “xxxx” MMC 65.000 manat vəsaitin ödənilməsindən heç zaman yayınmamışdır. Lakin respublikada yayılmış pandemiya şəraitində müəssisənin maliyyə çətinlikləri yarandığından, eləcə də “xxxx” MMC-yə borclu olan digər şəxslərdən vəsaitlər daxil olmadığından İddiaçı MMC qarşısında öhdəliyin icrasında fasilə yaranmışdır. 3 gün müddətində vəsaitin tam ödənilməsi mümkünsüz olsa da, «xxxx» MMC olaraq qısa müddətdə qalıq vəsaitin ödənilməsi təmin ediləcəkdir. Göründüyü kimi, cavabdeh tərəfindən borcun ödəniləcəyinə dair yenə də qeyri-müəyyən vəd verilmiş, pretenziya tələbi icra olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, e-2-2 (113)-204/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 65.000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” MMC və 3-cü şəxs Azərbaycan Milli Elmlər Akademiyası apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021ci il tarixli, e-2-2 (113)-204/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən verilən maliyyə dəstəyinin mahiyyətini aydınlaşdırılmayıb. Yəni məhkəmə bu maliyyə dəstəyinin xxxx MMC-nin, İddiaçı MMC üçün görəcəyi işin qarşılığının ödənilməsi üçün verilibverilmədiyini araşdırmadan qətnamə qəbul edib. Bu araşdırmanın önəmi ondan ibarətdir ki, əgər belə bu maliyyə dəstəyi İddiaçı MMC üçün görəcəyi işin qarşılığının ödənilməsi üçün deyil, sadəcə müəyyən işlərin görülməsi üçün dəstək kimi verilibsə, həmin işlərin xxxx MMC-nin əvvəlki rəhbərliyi tərəfindən görülməməsi səbəbi (xxxx MMC-nin rəhbərliyi dəyişdikdən sonra bu işlər görülə bilərdi) ilə həmin maliyyə dəstəyinin xxxx MMC-dən geri alınması və xxxx MMC-nun əvvəlki rəhbərliyini bu maliyyə dəstəyini bəsit bir əsaslandırma ilə geri ödəməyə can atması kifayət qədər şübhəli olduğu kimi, qəbul edilən də deyil. Çünki maliyyə dəstəyi adı üstündü “qarantdır” və geriyə qaytarılması müəyyən qaydalara tabedir. Məhz 13 avqust 2018-ci il tarixli LO/18-01 saylı tərəfdaşlıq müqaviləsindən aydın olur ki, bu maliyyə dəstəyini İddiaçı MMC, xxxx MMC-yə innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün verib. Rəhbərliyin dəyişmə ehtimalının meydana gəlməsi səbəbi ilə bu maliyyə dəstəyinin geriyə qaytarılması əslində dövlət əmlakına vurulan zərərdir. Əgər bu maliyyə dəstəyi xxxx MMC-nin, İddiaçı MMC üçün görəcəyi işin qarşılığının ödənilməsi üçün verildiyini məhkəmə müəyyən etsəydi onda 13 avqust 2018-ci il tarixli LO/18-01 saylı tərəfdaşlıq müqaviləsinin bağlanması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun həyata keçirilməli idi. Belə ki, xxxx MMC ilə İddiaçı MMC arasındakı 13 avqust 2018-ci il tarixli LO/18-01 saylı tərəfdaşlıq müqaviləsinin 2.2.3-cü bəndinə görə, xxxx MMC, öhdəliyini vicdanla yerinə yetirib İddiaçı MMC-nin ödədiyi maliyyə vəsaiti əsasında görüləcək işlərdən əldə olunacaq gəlirlərin iki firma arasında bölüşdürüləcəkdir”. Bu onu deməyə də əsas verə bilər ki, İddiaçı MMC əslində xxxx MMC-yə maliyyə dəstəyi verməyib, onlar sadəcə olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun imperativ tələblərindən yayına bilmək üçün belə maliyyə dəstəyinin verildiyini göstərən formal “tərəfdaşlıq (şəriklilik) müqaviləsi” bağlayıblar. Əslində xxxx MMC “xxxx” İddiaçı MMC-dən xidmət (maliyyə xidməti) və ya əşya (maliyyə vəsaiti) satın alıb, İddiaçı MMC işin görülməsində şərik olub və qarşılığını da görüləcək işlərdən əldə olunacaq gəlirlərin onunla bölüşdürülməsi ödəyəcəkdir. Yəni xxxx MMC-nin əvvəlki rəhbərliyinin məqsədi, İddiaçı MMC-yə gəlir qazandırmaq olub. Onda sual olunur ki, nə üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna əməl edilərək tender elan olunmayıb. Məhz məhkəmə bu faktları araşdırmadan qətnamə qəbul edib. Təbii ki, bu qaydalara əməl edilmədən bağlanan müqavilə etibarsız sayılmalı idi. Belə ki, İddiaçı MMC-nin verdiyi sifarişi tender elan etmək yolu ilə daha yüksək qiymətə başqa firmaya xxxx MMC sata bilərdi ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu bunu tələb edir. Lakin məhkəmə bu faktı araşdırmadan qətnamə qəbul edib. İşə apelyasiya qaydasında baxılması 02.06.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının və üçüncü şəxsin vəkili hər iki apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, e-2-2 (113)-204/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış 13 avqust 2018-ci il tarixli LO/18-01 saylı tərəfdaşlıq müqaviləsinə əsasən İddiaçı MMC innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün “xxxx”xxxx“xxxx” MMC isə İddiaçı MMC-nin verdiyi maliyyə dəstəyini innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə və xidmət sahələrində tətbiqi üçün sərf etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən öhdəliyini vicdanla yerinə yetirib İddiaçı MMC-nin ödədiyi maliyyə vəsaiti əsasında görüləcək işlərdən əldə olunacaq gəlirlərin bölüşdürülməsi, qarşılıqlı razılaşma əsasında müqaviləyə gələcəkdə əlavə ediləcək əlavə razılaşma sənədində göstəriləcək şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən vəsaitin ödənişi ilkin olaraq 80.000 manat müəyyən edilmişdir. İşdəki 15.08.2018-ci il tarixli 101/18 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin hesabına 80.000 manat pul vəsaiti köçürülmüşdür. “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli razılaşma protokoluna əsasən tərəflər 13 avqust 2018-ci il tarixli tərəfdaşlıq müqaviləsinə xitam verilməsi və ödənilmiş 80.000 manat vəsaitin geri qaytarılması barədə razılığa gəlmişlər. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 30.06.2020-ci il tarixli üzləşmə aktına əsasən müəyyən edilir ki, 30.01.2019-cu il tarixdə “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə 15.000 manat pul vəsaiti ödənilmiş, qalıq borc isə 65.000 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC 11.08.2020-ci il tarixli pretenziya məktubu ilə “xxxx” MMC-yə müraciət edərək 65.000 manat məbləğində borcunun 3 bank günü ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşin araşdırılan hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 13 avqust 2018-ci il tarixli tərəfdaşlıq müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 80.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tərəflər arasında bağlanmış 23 yanvar 2019cu il tarixli razılaşma protokoluna əsasən tərəfdaşlıq müqaviləsi ləğv edilmiş və cavabdeh həmin müqaviləyə əsasən ona ödənilmiş 65.000 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən razılaşma protokoluna əsasən götürülmüş öhdəlik qismən icra edilmiş, 80.000 manat məbləğində borcunun yalnız 15.000 manat hissəsi iddiaçıya ödənilmiş, 65.000 manat hissəsi isə ödənilməmiş qalmışdır. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 13 avqust 2018-ci il tarixli tərəfdaşlıq müqaviləsi cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində ləğv edildiyindən iddiaçının həmin müqavilə üzrə ödədiyi vəsaitin cavabdehdən tutulmasına dair iddiası birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə artıq ləğv edildiyi üçün tərəflərin həmin müqaviləni hansı məqsədlə bağladıqları, müqavilə bağlanarkən gəlir əldə etmək məqsədlərinin olub-olmadığı, müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilib-verilməməsi və digər bu kimi halların araşdırılması iddiaya hüquqi qiymət verilməsi üçün zəruri olmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətində istinad etdiyi hallar qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, e-2-2 (113)- 204/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin və üçüncü şəxs Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, e-2-2 (113)-204/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar