Məhkəmə qərarları › İş №2-2(103)-525/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-525/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-525/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu, Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə (indiki adı: “xxxx” MMC) qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-158/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, 54 nömrəli tədarük müqaviləsinin ləğv edilməsi, ƏDV nəzərə alınmaqla, ona verdiyi mallara görə 151.55,15 manatın, öhdəliklərin icrasının gecikdirilməsinə və iddiaçıya məxsus pul vəsaitini əsassız saxladığına görə 5 (beş) aylıq dövr üçün illik 5% olmaqla 363.72 manatın, 30 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 300 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslarına görə iddiaçı otel və istirahət mərkəzlərini qida və digər məhsullarla təmin etməklə məşğuldur. Tərəflər arasında 01 avqust 2019-cu il tarixdə bağlanmış 54 №-li tədarük müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehə “qida və qeyri qida” məhsulları satır (və ya təchiz edir), cavabdeh isə ona təhvil verilmiş məhsulların dəyərinin iddiaçıya ödənilməsini öhdəsinə götürür. 2.4-ci bəndinə əsasən, malların çatdırılması elektron qaimə sənədinə əsasən həyata keçirilir və ödəniş qaimə təqdim olunduğu tarixdən etibarən qırx beş (45) gün ərzində köçürmə yolu ilə ödənilir.Müqavilə bağlandıqdan 17.12.2019-cu il tarixədək cavabdehə cəmi 22.045,75 manat dəyərində qida və qeyri qida məhsulları təhvil verilmiş və həmin mallara görə iddiaçı tərəfindən 3.303.04 ƏDV dövlət büdcəsinə ödənilmişdir. Cavabdeh həmin mallara görə 4 dəfə - 29.08.2019-cu il tarixdə 734.79 manat, 02.09.2019-cu il tarixdə- 897.27 manat, 23.09.2019-cu il tarixdə - 5128.17 manat, 23.10.2019-cu il tarixdə - 2092.96 manat, cəmi, 8.853.17 manat pul ödəmişdir, 13191.83 manat ödənilməmiş borcu qalmışdır. Halbuki, vergi hesab fakturası üzrə həmin mallara görə qeyd edildiyi kimi, iddiaçı dövlət büdcəsinə 3303,04 manat ƏDV ödəmişdir. Ödənilmiş ƏDV-yə görə cavabdeh iddiaçının hesabına 3 dəfə - 03.09.2019-cu il tarixdə 253.27 manat, 23.09.2019-cu il tarixdə 740.17 manat manat, 23.10.2019-cu il tarixdə 347.03 manat, cəmi 1340.47 manat ödəmiş, 1962.57 manat borcu qalmışdır. Beləliklə də cavabdehin ƏDV daxil iddiaçıya olan borcu cəmi 15.155.15 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2-2(113)-158/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, 54 nömrəli tədarük müqaviləsi ləğv edilmiş, ƏDV nəzərə alınmaqla, 15.155.15 manat, öhdəliklərin icrasının gecikdirilməsinə və iddiaçıya məxsus pul vəsaitini əsassız olaraq saxladığına görə beş aylıq dövr üçün illik 5% olmaqla 363.72 manat, 30 manat dövlət rüsumu və hüquqi yardımla bağlı ödənilmiş 300 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız, qanuna zidd və obyektiv deyil. Qətnamədən göründüyü kimi, məhkəmə iclası cavabdehin iştirakı olmadan baş tutmuşdur. Həmçinin, məhkəmə yalnış olaraq cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin mümkünsüzlüyünü bildirmədiyi qənaətinə gəlmişdir. Halbuki, elektron kabinetdə məlumat başlığı ilə vəkil tərəfindən icraatında olan digər iş üzrə Şirvan Kommersiya Məhkəməsində 03.03.2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclası səbəbindən Bakı Kommersiya Məhkəməsində sözügedən iş üzrə saat 11:30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyi və məhkəmə iclasının başqa tarixə təxirə salınması xahiş edilib. Şirvan Kommersiya Məhkəməsinin yerləşdiyi Şirvan şəhəri ilə Bakı şəhəri arasındakı məsafə fərqi baxımından saat 11:30-da təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməmək mümkünsüz sayılmaya bilinməzdi (Həmin məhkəmə bildirişi şikayətə əlavə edilir). Beləliklə məhkəmə cavabdehin iştirakını təmin etmədən iş üzrə məhkəmə baxışını yekunlaşdırmış, işə birtərəfli qaydada baxmış, çəkişmə prinsipi təmin edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Göründüyü kimi, məhkəmə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə edərək işi hərtərəfli araşdırmamışdır (Daha sonra, Azərbaycan Respublikaının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 88, 106.1, 385.1.1, 384.0.2-ci maddələrinə istinad olunur). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 “Payın alıq-satqı müqaviləsi”nə və Dövlət vergi xidmətinin intrnet saytından əldə etdiyi çıxarışa əsasən cavabdehin təsisçisi tərəfindən payının satıldığını və cəmiyyətin hazırkı adının “xxxx” MMC olduğunu bildirərək və apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 cavabdehin nümayəndəsi olan həmkarı vəkil tərəfindən əlinə düşən hər vasitə ilə işə baxılmasını uzadıldığını qeyd edərək, cavabdehin apellyasiya şikayətini əsassız hesab etmiş və qətnamənin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən isə göründüyü kimi, ilk öncə cavabdeh, birinci instansiya məhkəməsi tərəfindən onun iştirakı təmin edilmədən məhkəmə baxışını yekunlaşdırıraraq birtərəfli qaydada işə baxdığını və çəkişmə prinsipinin pozduğunu mübahisələndirir və bunu apellyasiya şikayətinə əlavə etdiyi Şirvan Kommersiya Məhkəməsinin 09 evral 2021-ci il tarixli e-2-2(121)-342/2021 saylı məhkəmə bildirişinə istinadən onunla əsaslandırır ki, məhkəmə iclası 03.03.2021-ci il tarixinə təyin olunmuş, lakin onun daha əvvəldən, Şirvan Kommersiya Məhkəməsi icraatında olan digər iş üzrə həmin günə saat 11:00-a məhkəmə iclası olmuş, bu barədə məhkəməyə məlumat versə də, məhkəmə işi təxirə salmamış və baxılmasını mümkün saymışdır. Lakin məhkəmə kollegiyası tərəfindən iş materniallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən, 03.03.2021-ci il tarixinə saat 11:30-a təyin olunmuş məhkəmə iclasında işə baxılması mümkün hesab edilərkən prosessual pozutulara yol verildiyi müəyyən olunmur. Belə ki, 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Birincisi, işdən görünür ki, cavabdehin nümayəndəsi Vəkil2 istinad etdiyi Şirvan Kommersiya Məhkəməsinin icraatında olan digər iş üzrə 03.03.2021-ci il tarixinə saat 11:00-a təyin olunmuş məhkəmə iclası barədə məhkəməyə məlumat versə də, bununla bağlı Məcəllənin qeyd olunan tələbi qaydasında məhkəməyə gələ bilməməsinin səbəbi barədə heç bir sənəd-sübut (məhkəmə bildirişi və nümayəndə olmasına dair sənəd və s.) təqdim etməmişdir. X4 Məhkəməsində baxılan digər iş üzrə məhkəmə bildirişini isə hazırkı apellyasiya mərhələsində apellyasiya şikayətnə əlavə etməsi, həm də həmin bildirişin elektron qaydada 10.02.2021-ci il tarixində göndərildiyi, hazırkı mübahisə üzrə isə məhkəmə iclası barədə bildiriş ona 16.02.2021-ci il tarixində elektron qaydada göndərildiyi halda – yəni digər iş üzrə məhəkəm bildirini daha əvvəl aldığı halda, hazırkı iş üzrə təxirə salınma barədə ərizəsini işə baxılmasından yalnız bir gün əvvəl, 02.03.2021-ci il tarixində, həm də qeyd edildiyi kimi müvafiq sübutlar əlavə etmədən təqdim etməsi - bütün bunlar nümayəndənin səmimi olmasını və prosessual qanunvericiliyin tələblərindən xəbəri olmadığını heç də ağlabatan etmir. İkincisi, ümumiyyətlə, iş materialları araşdırıldıqda müəyyən olunur ki, iddia ərizəsi məhkmənin icraatına daxil olduqdan sonra, məhkəmənin birinci 04 avqust 2020-ci il tarixinə təyin olunmuş hazırlıq iclası barədə xəbərdar olunsa da, cavabdehin nümayəndəsi Vəkil2 birinci iclasına gəlməmiş, halbuki cavabdeh tərəfi onunla hüquqi yardım haqqında müqaviləni (№ 1337) ilk öncə 11.08.2020-ci il tarixində bağlamış, 17 avqust 2020-ci il tarixində ona etibarnamə vermiş, daha sonra isə hüquqi yardım haqqında onunla 02.04.2021-ci il tarixində ikinci bir müqavilə (№ 647) bağlamışdır. Üçüncüsü, 22 sentyabr 2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak edərkən vəsatət verərək işin təxirə salınmasını məhkəmədən xahiş etmiş, məhkəmə iclası 06.10.2020-ci il tarixinə təxirə salınmış, həmin məhkəmə iclasında isə yeni bir vəsatətlə məhkəməyə müraciət edərək, sanki, prosessual qanunvericiliyə və məhkəmə praktikasına görə hüquqi şəxsə qarşı iddianın onun hüquqi ünvanına görə verildiyini bilmirmiş kimi, işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmiş və onun həmin vəsatəti məhkəmənin 06.10.2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Daha sonra isə cavabdehin həmin nümayəndəsi buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 16.11.2020-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin olunaraq müddət bərpa olunmuş və 06.10.2020-ci il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiaya Məhkəməsinin 28.01.2021-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş həmin şikayət təmin olunmamış, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra, birinci instansiya məhkəməsi tərəfindən 16.02.2021-ci il tarixində 03.03.2021-ci il tarixə saat 11:30 tarixinə təyin olunmuş məhkəmə iclası barədə tərəflərə, o cümlədən, cavabdehə bildiriş verilmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi Vəkil2 prosessual qanunvericilyin ona verdiyi bütün hüquqlardan məharətlə yararlanması nəticəsində 04.08.2020-ci il tarixindən başlanan məhkəmə araşdırılması yalnız 03.03.2021-ci il tarixində yekunlaşaraq qətnamə qəbul edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı apellyasiya mərhələsində də cavabdehin nümayəndəsi Vəkil2 məhkəmənin 20.05.2021-ci il tarixinə təyin olunmuş birinci iclasına gəlməmiş, yenə də bir gün əvvəl, MPM-in 185.1-ci maddəsinə müvafiq sənəd-sübut əlavə etmədən, Gəncə Apellyasiya Məhkəməsinin icraatında 20 may 2021-ci il tarixə, saat 11:40-a təyin olunmuş işdə vəkil qismində iştirak etdiyini bildirməklə, işə baxılmasını təxirə salınması üçün elektron qaydada məhkəməyə ərizə (məlumat) ünvanlamış, apellyasiya qaydasında işə baxan hazırkı məhkəmə kollegiyası isə hər bir halda, nümayəndənin məhkəməyə qarşı qınağını aradan qaldırmaq məqsədilə və hümanistlik prinsipi baxımından, ərizəsində göstərilənləri nəzərə alaraq işə baxılmasını 10.06.2021-ci il tarixinə 9:40-a təxirə salmışdır. Hazırkı məhkəmə iclasında isə nümayəndə, cavabdeh "Cavabdeh" MMC-nin hazırkı adının “xxxx” MMCyə dəyişdirildiyini bəyan edərək, işə baxılmasının yenə də təxirə salınmasında israrlı olmuşdur. Halbuki, onun istinad etdiyi 05.11.2020-ci il tarixli Payın alqı-satqı müqaviləsindən və Dövlət vergi xidmətinin 13.11.2020-ci il tarixli kommersiya qürumlarının dövlət reyestri məlumatlarından görünür ki, Cavabdeh MMC-nin 100 faiz paylı təsisçisi X3 təsisçilik hüquqlarını, “Cavabdeh MMC-yə məxsus olan möhürü, ştampı, dövlət qeydiyyatı haqqında şəhadətnaməsini, nizamnaməsini və MMC-yə aid digər X1 vermişdir. Cəmiyyətin hazırkı adı “xxxx” MMC, Ünvanı dəyişməmiş , Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə ŞTQ, Qara Qarayev (Rəsulzadə Qəs., ev 21 və VÖEN-i də əvvəlki kmi ********** nömrəli olaraq eynidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 652-ci maddəsinə əsasən hüququn satıldığı halda, göndərmə və qəbul, hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. Göründüyü kimi, Cavabdeh MMC yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) olunmamış, ləğv edilməmiş, sadəcə, tələbin güzəşti qaydasında (təsisçi payı, nizamnaməsi, şəhadətnaməsi və s. verilməklə) başqa təsisçiyə keçmiş, cəmiyyətin adı dəyişmişdir. İş materiallarından da görünür ki, cavabdehin adının 13.11.2020-ci il tarixində dəyişdiyi halda, nümayəndəsi Vəkil2, onu bundan sonra da məhkəmə proseslərində müdafiə etməkdə davam etmiş, o cümlədən, vəsatətlər vermiş, məhkəmə aktlarından şikayət vermiş, bu gün də onu tapşırıqlarını yerinə yetirmək üçün məhkəmə iclasına gəlmiş və onu təmsil edir. Beləliklə də qeyd olunanlar onu demyə əsas verir ki, cavabdehin apellyasiya ştikyayətinin birinci instansiya məhkəməsi tərəfindən işə prosessual hüquq normalarının və çəkişmə prinsipinin pozulması ilə baxıldığını mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını, maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə də razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlə 01 avqust 2019-cu il tarixdə tədarük müqaviləsi bağlandıqdan sonra, həmin müqavilənin 1.1-ci və 2.4-ci bəndlərinə müvafiq olaraq, 17.12.2019-cu il tarixədək 93 ədəd elektron qaiməfaktura ilə ümumilikdə 22.045,75 manat dəyərində qida və qeyri qida məhsulları təhvil verməsinə və həmin mallara görə dövlət büdcəsinə 3.303.04 əlavə dəyər vergisi ödənilməsinə baxmayaraq, sonuncu tərəfindən həmin borcun yalnız 8.853.17 manat məbəlğində hissəsi ödənilmiş, 15.155.15 manat məbləği isə bu günədək ödənilməmiş qalmışdır. İşə əlavə olunmuş həmin elektron qaimələrdən isə görünür ki, cavabdeh 5 gün ərzində həmin elektron qaimələrə heç bir etirzını bildirmədiyindən, vergi qanunvericiliyinə müvafiq olaraq proqram təminatı tərəfindən təsdiq olunmuşdur. Məhz, Vergi Məcəlləsinin 71-1.1.3 cü maddəsi ilə müəyyən olunan vəzifəsindən irəli gələn vəzifəsidir ki, iddiaçı (icraçı) xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində cavabdehə (sifarişçiyə) elektron qaimə fakturaları cavabdehə göndərmiş olsun. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə və onun hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən adıçəkilən elektron qaimələrdə göstərilən malların iddiaçı tərəfindən ona təqdim olunduğu mübahisələndirildiyi müəyyən olunmur. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, cavabdeh ona təqdim olunmuş malların, təxminən 1/3 hissəsinin dəyərini ödəsə də, yerdə qalan əksər hissəsini ödəməkdən faktiki olaraq yayınır. Halbuki, tədarük müqaviləsinin şərtinə əsasən malların təqdim olunduğu gündən 45 gün ərzində köçürmə yolu ilə onların dəyərini ödəmək, onun müqavilə ilə üzərinə düşən öhdəliyidir. Bütün bunlar isə onu deməyə əsasə verir ki, tərəflər arasındakı müqavilənin şərtləri əhəmiyyətli cavabdeh tərəfindən dərəcədə pozulmuşdur. Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə əsasən müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, iddiaçı mülki qanunvericiliyin qeyd olunan tələbləri qaydasında cavabdehə ünvanladığı 05.03.202O-ci il tarixli pretenziya məktubunda 01 avqust 2019-cu il tarixdə bağanmış tədarük müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi təklifini irəli sürmüş, lakin sonuncu tərəfindən onun bu təklifi otuz gün ərzində cavablandırılmamış, 06.07.2020-ci il tarixində, iddiaçı müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin qeyd olunan 2.4-ci bəndi də məhz nəzərdə tutur ki, malların çatdırılması elektron qaimə sənədinə əsasən həyata keçirilir və ödəniş qaimə təqdim olunduğu tarixdən etibarən qırx beş (45) gün ərzində köçürmə yolu ilə ödənilir. Beləliklə də iddiaçının hazırkı iddia tələbində haqlı olduğu öz təsdiqini tapır. Yəni, tədarük müqaviləsi üzrə üzərinə düşən öhdəliyini yerinə yetirərək malları cavabdehə təqdim etməsinə baxmayaraq, sonuncu üzürinə düşən qarşılıqlı öhdəliyini əsassız olaraq yerinə yetirməmiş, malların dəyərindən 15.155.15 manat borcunu ödəməmişdir. Halbuki, Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçının ödəmənin 5 ay gecikdiriləməstinə görə cavabdehdən 363,72 manat məbləğində illik beş faizin ödənilməsini tələb etməkdə də haqlı sayır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunmasını və MPM-in 119.1 və 121.1-ci maddələrinə müvafiq olaraq məhkəmə xərjləri barədə gəldiyi nəticəni faktlar nöqteyi nəzərində işin hallarına, qanunverictiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. MPM-in 385.2-ci maddəsi isə nəzərdə tutur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı Kommersiya Məhkəməsinin həmin qətnaməsinin əsassız və qanuna zidd olduğunu, obyektiv olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-158/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar