Məhkəmə qərarları › İş №2-2(103)-525/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-525/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-525/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-391/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Tərəflər arasında xx.xx.2021-ci tarixli, 23 nömrəli və 01 dekabr 2021-ci il tarixli 01-211201 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi imzalanmışdır. Hər iki müqavilənin şərtlərinə əsasən icraçı sifarişçiyə müqavilənin müvafiq əlavəsi ilə təsdiq edilmiş ölçü, çeşid, növ və digər göstəricilərə malik malları təhvil verməyi, sifarişçi isə malları qəbul edərək, bunun müqabilində dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 01-211201 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən 50536,10 (əlli min beş yüz otuz altı manat, on qəpik) manat borc pulun, 2537,24 (iki min beş yüz otuz yeddi manat iyirmi dörd qəpik) manat cərimə məbləğinin, həmçinin 400 (dörd yüz) manat mediasiya xərcinin və 100 (bir yüz) manat hüquqi yardım xərcinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinə əsasən ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron-qaimə, təhvil-qəbul aktları və s.) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərtilə icraçının bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Müqavilə üzrə verilmiş sifarişə uyğun inventarlar iddiaçı tərəfindən hazırlanaraq cavabdehə təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 23 nömrəli müqavilə üzrə sifarişə uyğun olaraq xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285008 olan təhvil-qəbul aktına əsasən 4672,80 manat (18 % ƏDV daxil, bundan sonra yazılacaq bütün məbləğlər əlavə dəyər vergisi daxil olmaqla göstəriləcəkdir), xx.xx.2021- ci tarixli, seriya ĞRĞ/2 № 285068 olan təhvil-qəbul aktına əsasən 4229,12 manat, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285087 olan təhvil-qəbul aktına əsasən 1475 manat, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285156 olan təhvil-qəbul aktına əsasən 8901,92 manat, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285171 olan təhvil-qəbul aktına əsasən 1475 manat, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285206, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2 № 285247, xx.xx.2021-ci tarixli, seriya ĞRĞ/2, xx.xx.2021-ci tarixli, seriya Tİ № 325978, xx.xx.2021-ci tarixli, seriya Tİ №326085, xx.xx.2021-ci tarixli, seriya Tİ № 326166 olan təhvil-qəbul aktına əsasən hər biri ilə ayrı-ayrılıqda 10376,92 manat məbləğində, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 01-211201 nömrəli müqavilə üzrə sifarişə uyğun olaraq xx.xx.2021-ci tarixli, seriya Tİ № 326535 olan təhvil-qəbul aktına əsasən 22958,08 manat, xx.xx.2021 tarixli, seriya Tİ № 326534 olan təhvil-qəbul aktına əsasən 8714,30 manat, xx.xx.2022 tarixli, seriya Tİ № 326687 olan təhvil-qəbul aktına əsasən 12794,74 manat, xx.xx.2022 tarixli, seriya Tİ № 326685 olan təhvilqəbul aktına əsasən 6065,20 manat, xx.xx.2022 tarixli seriya Tİ № 326782 olan təhvil-qəbul aktına əsasən 212,40 manat olmaqla, ümumilikdə 133760,08 manat dəyərində hazırlanmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 23 nömrəli müqaviləyə əsasən sifariş verilmiş 10 adda, ümumilikdə 10376,92 manat məbləğində mal iddiaçı tərəfindən hazır edilsə də, cavabdeh tərəfindən təhvil alınmamış və hazırkı dövrədək hələ də anbarda qalmaqdadır. Cavabdehlə imzalanmış xx.xx.2021-ci il tarixli, 23 nömrəli, həmçinin xx.xx.2021-ci il tarixli, 01-211201 nömrəli müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, elektron qaimə-faktura, təhvilqəbul aktları və s.) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılır. Eləcə də, qeyd edilən müqavilələrin 2.3-cü bəndinin tələbinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmçinin xx.xx.2021 tarixli, 01-211201 nömrəli müqavilənin 16.4-cü bəndinin tələbinə əsasən alıcı gecikdirmənin əsası olmadan müəyyən olunmuş müddət ərzində ödənişi etmədiyi təqdirdə ödənilməmiş işlərin və xidmətlərin dəyərində məsuliyyət daşıyır və satıcıya vaxtında ödənilməmiş malların, görülməmiş işlərin, göstərilməmiş xidmətlərin məbləğinin 0,1 (sıfır tam onda bir) faizi həcmində, lakin müqavilə üzrə göndərilən malların dəyərinin 5 (beş) faizindən çox olmayan məbləğdə cərimə ödəməlidir. İlkin mediasiya sessiyasının yekununa dair arayış tərəflərə təqdim edildikdən sonra cavabdeh tərəfindən tərəflər arasında imzalanmış xx.xx.2021 tarixli, 23 nömrəli müqavilə üzrə mövcud borc məbləği ilə əlaqədar İddiaçı QSC-nin bank hesabına 20709 manat pul vəsaiti köçürülmüşdür.

4. Cavabdeh iddia tələbini qismən, yəni əsas borcun tutulması hissəsində qəbul etmiş, cərimə məbləği, mediasiya xərci və vəkilə ödənilmiş xərci isə qəbul etməmişdir. Odur ki, cavabdeh iddia tələbinin qismən, yəni əsas borcun tutulması hissəsində təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-391/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən xx.xx.2021-ci il tarixli, 01-211201 saylı Satınalma müqaviləsi üzrə 50536,10 manat (əlli min beş yüz otuz altı manat on qəpik) borc, 1800 (min səkkiz yüz) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci və 100 (yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 52836,10 manat (əlli iki min səkkiz yüz otuz altı manat on qəpik) məbləğində pulun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni 1800 manat cərimə, 400 manat mediasiya xərci və 100 manat hüquqi yardım xərcinin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

12. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

14. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddələrin görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cərimə borcunun, mediasiya və hüquqi yardım xərcinin tutulması hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

20. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

21. Tərəflər arasında bağlanmış xx.xx.2021 tarixli, 01-211201 nömrəli müqavilənin 16.4-cü bəndində də müəyyən edilmişdir ki, alıcı gecikdirmənin əsası olmadan müəyyən olunmuş müddət ərzində ödənişi etmədiyi təqdirdə ödənilməmiş işlərin və xidmətlərin dəyərində məsuliyyət daşıyır və vaxtında ödənilməmiş malların, görülməmiş işlərin, göstərilməmiş xidmətlərin məbləğinin 0,1 (sıfır tam onda bir) faizi həcmində, lakin müqavilə üzrə göndərilən malların dəyərinin 5 (beş) faizindən çox olmayan məbləğdə cərimə ödəməlidir.

22. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilənin 16.4-cü bəndində öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, əsas borcun 50536,1 manat, həmin məbləğin 5%-nin isə 2537,24 manat təşkil etdiyini və bu tələblər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq, kollegiya hesab edir ki, cərimə borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

23. Eyni zamanda kollegiya qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsi tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən tam silinməsini deyil, azaldılması imkanını nəzərdə tutmuşdur.

24. Həmçinin Mülki Prosessual Məcəllənin 107-ci, 115.0 və 115.0.6-cı, 119.1-ci, 121.1-ci maddələrinin, o cümlədən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərini, iddia tələbinin əsas borca aid hissədə tam təmin olunduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və mediasiyaya görə 400 (dörd yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-391/2023 saylı qətnaməsi cərimə borcunun, mediasiya və hüquqi yardım xərcinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar