Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-526/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-286/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi İddiaçı1 ASC Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 11587,58 manat əsas borcun, 4473,68 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-286/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 11587,58 manat əsas borc və 500 manat cərimə borcunun Cavabdeh tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 22,57 manat məbləğinin Cavabdeh tutularaq İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan 7,43 manat məbləğin isə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, lizinq verən "xxxx" ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 180-GL/15 saylı və xx.xx.2015-ci il tarixli 1891-GL/15 saylı lizinq müqavilələrindən əlavə 04 iyun 2013-cü il tarixdə 75LD-13 saylı lizinq müqaviləsi də bağlamış və 21 baş damazlıq heyvanı lizinqə götürmüşdür. Həmin damazlıq heyvanların pulunu tam ödəmişdir. Heyvanlar müvafiq sığorta müqaviləsinə uyğun olaraq 3 il müddətinə sığorta edilmişdir. 2014-2016-cı illərdə müxtəlif vaxtlarda həmin heyvanlardan 5 başı müxtəlif xəstəliklərə görə ölmüşdür. Sığorta təşkilatının işçilərinin iştirakı ilə heyvanlar müayinə edilmiş, sığorta hadisəsinin olması faktı təsdiq edilmişdir. Lakin hazıra qədər ona ödənilməli olan 8515 manat məbləğində sığorta ödənişi cavabdeh tərəfindən ona ödənilməmişdir. Bir neçə dəfə müraciət etmiş və hər dəfə ona bildirilib ki, həmin pulu ona verilmiş texnika ilə əvəzləşdirəcəklər. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə ona heç bir bildiriş xəbərdarlıq gəlməmişdir. Apellyasiya icraatında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti onun prosessual hüquq varisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 180-GL/15 saylı və xx.xx.2015-ci il tarixli 1891- GL/15 saylı lizinq müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən lizinq verən lizinq alana kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək İddiaçı1 ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və onun müqavilə üzrə 11587,58 manat əsas borcu və 4473,68 manat cərimə borcu qalmışdır. Cavabdeh lizinq müqaviləsi üzrə borcun məbləğini mübahisələndirmir, lakin iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış 11587,58 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni lizinq müqaviləsinin bağlanılması və müqavilənin bitmə tarixlərini müqayisə edərək, həmçinin əsas borcun məbləğinin və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 500 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş cavabdehin ünvanına göndərilmişdir. Tərəflər arasında bağlanmış digər lizinq müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan pul vəsaiti ilə hazırki mübahisəyə aid lizinq müqavilələri üzrə borclar isə əvəzləşdirilə bilməz. Çünki cavabdeh tərəfindən bununla bağlı iddia irəli sürülməmişdir. Məhkəmənin isə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən iddia tələblərindən kənara çıxmağa səlahiyyəti yoxdur. Eyni zamanda tərəflərə izah olunur ki, həmin tələblərin əvəzləşdirilməsi ilə bağlı mübahisə mövcud deyilsə, bu məsələ hazırki qətnamənin icrası qaydasında həll oluna bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-286/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-526/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-526/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver