Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-527/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-773/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 427-GL/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır
2. Həmin müqaviləyə əsasən lizinq verən (qiyməti 49.160 manat olan 1 ədəd Kombayn taxılyığan Niva Effekt SK-5ME-1 adlı) kənd təsərrüfatı texnikalarını ilki dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir.
3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2020-ci il tarixli 427-GL/18 saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2018-ci ilin İİ rübündən başlayaraq 2026-cı ilin İ rübünə qədər olan dövrdə ümumilikdə 19580 manat məbləğində lizinq ödənişləri edilməli idi.
5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 427-GL/18 nömrəli müqavilə üzrə yaranmış 9135 manat gecikdirilmiş borcu və hesablanmış 4.781,52 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 14.616,52 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023cü il tarixə xx.xx.2020-ci il tarixli 427-GL/18 nömrəli müqavilə üzrə yaranmış 9135 manat gecikdirilmiş borcu və hesablanmış 4.781,52 manat cərimə borcu yaranmışdır.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 427-GL/18 nömrəli müqavilə üzrə yaranmış 7865 manat gecikdirilmiş borcu və hesablanmış 4.781,52 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında borcunu etiraf etdiyini, 2020-ci ildə səhhəti ilə əlaqədar işləyə bilmədiyini və kombaynı kənddə yaşayan başqa bir şəxsə verdiyini, bundan sonra ödənişləri həmin şəxs etməli olduğunu, 2020-ci ilə qədər ödənilməli olan borcun hamısını ödədiyini, hazırki borcla bağlı məlumatı olmadığını bildirmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-773/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli, 427-GL/18 saylı müqavilə üzrə 7865 manat məbləğində gecikdirilmiş əsas borc, 400 manat məbləğində dəbbə pulu; cəmi 8265 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin mediasiya xərci ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il taixli MŞC/MT023/2023-02755 saylı arayışa əsasən Agentlik tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Həmin arayışdan göründüyü kimi, Cavabdeh X1 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində mediasiya xərcinin hansı halda digər tərəfdən tam tələb edilməsi, hansı halda isə tərəflər arasında bölüşdürülməsi halları qanunvericilikdə açıq-aydın tənzimlənmişdir. Ona görə də, məhkəmənin dövlət rüsumu ilə mediasiya xərcini eyniləşdirməsi barədə gəldiyi qənaəti düzgün olmayıb və ilkin mediasiya sessiyası zamanı iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən tam həcmdə tutularaq iddiaçıya ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi.
15. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 17.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız mediasiya xərcinin tutulmayan hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinin tələblərinə görə ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
21. Hazırki, işdə isə həmin halın mövcüd olduğu təsdiq olunmur.
22. Çünki iş materiallarında Cavabdeh İlkin Mediasiya sessiyasının keçirilməsi ilə bağlı xəbərdar edilməsini və onun üzrsüz səbəbdən iştirak etməməsini təsdiq edən sübutlar mövcüd deyil.
23. Eyni zamanda, birinci instansiya məhkəməsində cavabdeh öz izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən borcla bağlı heç bir məlumatı olmamışdır.
24. Həmçinin, işin mübahisəsiz halıdır ki, hazırki iddia irəli sürüldükdən sonra cavabdeh tərəfindən ödənişlər edilmişdir.
25. Qeyd olunan hallar da təsdiq edir ki, cavabdehin İlkin Mediasiya ilə bağlı məlumatı olmamışdır.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-773/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov