Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-527/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh “X2 Agentliyi” X4rşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-642/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "Azinterexpo” MMC (“icraçı”) ilə “X2 Agentliyi” X11 (“sifarişçi”) arasında 008/2023 saylı xx.xx.2023-cü il tarixli stend hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılmasına və söküntüsünə dair iş və xidmətlərin satınalma müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi 2023-cü ilin 19-21 oktyabr tarixlərində Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində iştirakı üçün stend hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılmasına və söküntüsünə dair iş və xidmətlərin satın alınması üçün İcraçının ƏDV daxil 15.565,38 manat məbləğində qiymət təklifini qəbul etmişdir. 6-cı bəndində işlərin, xidmətlərin və malların mənşəyi barədə şərtlər əks olunub. 7-ci bəndində işlərin, xidmətlərin və malların hansı standartlara uyğun olması barədə şərtlər əks olunub. 9-cu bəndində işlərin, xidmətlərin və malların keyfiyyəti barədə şərtlər əks olunub. 10.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr Müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi ödəniş sənədləri (hesab-faktura və s.) əsasında, mümkün qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. 13.1-ci bəndinə əsasən sifarişçi (və ya onun nümayəndələri) heç bir əlavə xərc çəkmədən, bu Müqavilənin icrasına texniki nəzarət etmək və sınaq keçirmək hüququna malikdir. 14.1-ci bəndinə əsasən müqavilənin icra müddətində Sifarişçi aşkar olunmuş qüsurlar, o cümlədən gizli qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün müddət də göstərilməlidir. 16.2-ci bəndinə əsasən sifarişçi bu Müqavilədə müəyyən olunmuş müddət ərzində və xüsusi şərtlərdə göstərilmiş qaydada ödəmələri aparmadıqda, İcraçı xüsusi şərtlərdə müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. “4” “oktyabr” 2023-cü il tarixli “008” nömrəli Müqavilənin xüsusi şərtlərinə əsasən xüsusi şərtlər müqavilənin ümumi şərtlərinə əlavə olunur və Müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilənin ümumi şərtləri ilə sözügedən Xüsusi şərtlər arasında ziddiyyət olduqda, Xüsusi şərtlərin müddəaları müqavilənin ümumi şərtlərinin müddəalarından üstün hüquqi qüvvəyə malikdir. Həmin şərtlərin: 3.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən işlərin görülməsinə və xidmətlərin göstərilməsinə dair təhvil-təslim və ödəniş sənədləri (elektron qaimə, hesab faktura və s.) təqdim edildikdən sonra Müqavilədə nəzərdə tutulmuş ödənişləri tam olaraq həyata keçirməyi öhdəsinə götürür. 4-cü bəndinə əsasən icraçı müqavilənin 2.2-ci bəndində qeyd olunan stendin hazırlanması və tədbirin keçiriləcəyi məkanda quraşdırılması xidmətlərini xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək (daxil olmaqla), həmin stendin sökülməsi və daşınması xidmətlərini isə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək (daxil olmaqla) icra etməyi öhdəsinə götürür. 5-ci bəndinə əsasən icraçı zəmanət dövrü ərzində bu Xüsusi Şərtlərin 1-ci bəndində qeyd olunan müddətdə Sifarişçi tərəfindən yazılı qaydada bildirilmiş qüsurları aradan qaldırmağı öhdəsinə götürür. 6-cı bəndinə görə tərəflər müqavilədə göstərilən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirmədikdə gecikdirilən hər gün üçün alacağı/ödəyəcəyi məbləğin 0.1 %-i həcmində cərimə oluna bilər, lakin cərimələrin yuxarı həddi Müqavilənin ümumi dəyərinin 10%-dən artıq olmamalıdır. Cərimələrin məbləği qeyd edilmiş maksimal həddi aşdıqda tərəflərdən biri müqaviləni birtərəfli qaydada ləğv etmək (xitam vermək) və digər tərəfdən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. İcraçı tərəfindən sifarişçiyə cərimələrin ödənilməsi onu qüsurları aradan qaldırmaq vəzifəsindən azad etmir. Sifarişçi cərimə məbləğini İcraçıya münasibətdə icra edəcəyi ödəniş məbləğindən əvəzləşdirə bilər.
3. "Azinterexpo” MMC (“icraçı”) ilə “X2 Agentliyi” X11 (“sifarişçi”) arasında 28 dekabr 2022-ci il tarixli 028/2022 saylı “Xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən İcraçı bu Müqavilənin şərtlərinə uyğun olaraq, Sifarişçinin sərgidə iştirakı üçün sahəsi 32 kv.m təşkil Sərgi stendinin hazırlanması, quraşdırılması və demontajı üzrə xidmətləri (bundan sonra - Xidmətlər) razılaşdırılmış şərtlərlə Sifarişçiyə göstərməyi, Sifarişçi isə həmin Xidmətlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə İcraçıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən icraçının xidmətlərin göstərilməsi üçün istifadə edəcəyi materialların siyahısı və onların qiymətləri 16849.22 manat (ƏDV daxil) məbləğində razılaşdırılmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. “X2 Agentliyi” X7 05 fevral 2024-cü il tarixli müraciətin cavablandırılması barədə məktubun məzmununda qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş təhviltəslim aktında göstərilən işlərlə görülmüş işlər arasında uyğunsuzluqlar müəyyən edilmişdir və yeni təhvil-təslim aktı tərtib edilmişdir. Məktuba qoşma kimi göstərilmiş xidmətlərin imzasız təhvil-təslim aktı əlavə edilmişdir. Təhvil-təslim aktında icra olunmuş işlərin adı (yer örtüyü, qoruyucu örtük, ana divar və s.montaj və demontaj işləri, elektrik xərci, nəqliyyat xərci) göstərilmiş, həcmi isə ƏDV daxil 13125,14 manat məbləğində müəyyən edilmişdir.
5. EBDW seriyalı 331171 nömrəli xx.xx.2023-cü il tarixli 15565.38 manat məbləğində xidmətlərin göstərilməsi barədə elektron qaimə "Azinterexpo” MMC tərəfindən “X2 Agentliyi” X9 təqdim edilmişdir.
6. “X2 Agentliyi” X7 09 yanvar 2025-cü il tarixli məktubu ilə məhkəməyə sübut qismində təqdim etdiyi xərclər smetasından görünür ki, yüksəkliyi 4900 mm olan Ana divarın qurulması ilə bağlı xərclər smetasında yekun qiymət 2039 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı "Azinterexpo” MMC cavabdeh “X2 Agentliyi” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ƏDV daxil olmaqla 15565,38 manat borcun, uyğun olaraq 1556,54 manat dəbbə pulunun (ödənişin gecikdirilməsinə görə cərimə) və 141,37 manat məhkəmə rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 04 oktyabr 2023-cü il tarixli 008/23 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Azinterexpo MMC 19-21 oktyabr 2023-cü il tarixdə Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq keçirilən 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində “X2 Agentliyi” X7 iştirakı üçün sərgi stendinin hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılması və sərgidən sonra söküntü işlərinin yerinə yetirməli, buna uyğun olaraq “X2 Agentliyi” X11 Azinterexpo MMC-yə ƏDVdaxil olmaqla 15 565.38 manat ödəniş etməlidir. İddiaçı tərəfindən bütün işlər müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirildikdən sonra qarşı tərəfə Təhvil-təslim aktı təqdim edilmişdir. Lakin, “X2 Agentliyi” X7 nümayəndəsi müxtəlif bəhanələrlə aktı imzalamaqdan imtina etmişdir. Dəfələrlə bu məsələ ilə bağlı qarşı tərəfə müxtəlif formalarda (telefon zəngi, məktub və s) müraciət etsələr də, onlar aktın müqavilədə razılaşdırılmış qaydada imzalamaqdan imtina ediblər və iddiaçıya ƏDV daxil olmaqla 13125,14 manat məbləğdə akt təqdim ediblər. Təbii ki, bu məbləğ müqavilə üzrə razılaşdırılmış məbləğdən az olduğu üçün həmin aktı imzalmaqdan imtina ediblər. Müqavilənin 2.1, 10.1, 13.1, 14.1, 16.2, 18.1-ci maddələrindən görünür ki, X2 agentliyi PHŞ-i işlərin icrasına nəzarət etmək hüququna malik olmuşdur. İşlərin icrası və ya təhvil təslim zamanı hər hansı qüsur və ya çatışmamazlıq aşkar edildikdə bununla bağlı iddiaçıya yazılı formada bildiriş təqdim edilməli idi. Belə bir bildiriş isə iddiaçıya təqdim edilməmişdir. Bütün hallarda X2 Agentliyi PHŞ-i, aralarında bağlanmış Müqavilənin şərtlərini pozaraq iddiaçıya olan borcu ödəməkdən yayınmış, iddiaçının maliyyə vəsaitini qeyri-qanuni olaraq öz büdcəsində saxlmaqla iddiaçını maliyyədən mərhum edib. Buna görə də, iddiaçı maliyyə itkiləri ilə üzləşib. Qeyd olunan sərgidə X2 Agentliyi PHŞ-i üçün hazırlanmış stend müxtəlif kütləvi informasi vasitələrində işıqlandırılmışdır. Həmin linklərdən qeyd edilmişdir. Eləcə də, ərizədə qeyd olunan linklərin ekran görüntüsü iddia ərizəsinə əlavə edilmişdir.
9. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 3-cü bəndinə, 43-cü maddəsinin birinci bəndinə, 60-cı maddəsinə, AR Mülki Məcəlləsinin 21, 442, 448, 449.1-ci maddələrinə istinad etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-642/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X2 Agentliyi” X6 15565,38 manat məbləğin, 600 manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 138 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qalan hissədə iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən xidmətləri cavabdehə təqdim etsə də, cavabdeh təqdim edilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə qeyd etmişdir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla da müəyyən edilir ki, tərəflər arasında müqavilənin mövcudluğu, xidmətin təhvil verilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. Cavabdeh tələbi 13125.14 manat hissəsində tam qəbul edir, digər hissədə qəbul etməyərək, buna əsas kimi, qiymətlərin artıq hesab edilməsini qeyd edir. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı əsassızdır. Belə ki, tərəflər arasında mövcud olan müqavilənin 2-ci bəndində sifarişçi (cavabdeh) 15565,38 manat məbləğində qiymət təklifini qəbul etmiş, sonradan sifarişin təhvilini faktiki olaraq sərgidə qəbul etmiş, müqavilədə nəzərdə tutulan qaydada qüsur haqqında heç bir bildiriş verməmişdir. Nəticədə cavabdehin iddiaçıya 15565.38 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, tərəflər arasında mövcud olan müqaviləsi, elektron qaimə, tərəflərin izahatları ilə təsdiq edilir. Məhkəmə qanunvericilik normalarını sadalayaraq, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların və göstərilmiş xidmətlərin dəyərindən – 15565.38 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 15565.38 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 15565.38 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində həmçinin 1556.54 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Göründüyü kimi cavabdeh “X2 Agentliyi” X7 müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 600 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından aydın olmuşdur ki, hazırkı iş üzrə 141.37 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 462.1, 466.1, 466.2, 467, 752.1-ci maddələrinə, AR MPM-in 77.1, 107, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarına, Suominen Finlandiyaya qarşı § 36, X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27 işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.
13. Cavabdeh “X2 Agentliyi” PHŞ həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 70 manat 69 qəpik pulun tutularaq cavabdeh “X2 Agentliyi” X12 ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan 4 oktyabr 2023-cü il tarixli 008/2023 nömrəli “X2 Agentliyi tərəfindən 2023-cü ilin 19- 21 oktyabr tarixlərində Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuil Karabakh sərgisində iştirakı üçün stend hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılmasına və söküntüsünə dair iş və xidmətlərin Satınalma müqaviləsinin 2.3-cü bəndinə görə, Sifarişçi bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətlərin nəticələrinin İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Göründüyü kimi müqavilədə öhdəliklərin qarşılıqlı icrası şərtləşdirilmişdir. Lakin iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, müqavilənin predmetinə görə iddiaçı sərgidə iştirak üçün stend hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılmasına və söküntüsünə dair iş və xidmətlərin görülməsini öhdəsinə götürür. Lakin iddiaçı müqavilə üzrə üzərinə götürdüyü 3 öhdəliyi (hazırlamaq, quraşdırmaq və sökmək) tam yerinə yetirməmişdir. İddiaçı yeni stend hazırlamaq əvəzinə, tərəflər arasında olan xx.xx.2022- ci il tarixli müqavilə üzrə hazırladığı “köhnə” stendi yenidən gətirib 2023-cü il tarixdə sərgi zalında quraşdırmaqla kifayətlənmişdir (məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçının nümayəndəsi bu faktı qəbul etmişdir). Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçı müqavilə üzrə öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri, yəni müqavilənin predmetində əks olunmuş öhdəliklərini pozmaqla öhdəliyi lazımınca icra etməmişdir. İddiaçı vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, yəni stend hazırlamaq əvəzinə “köhnə” stendi yenidən gətirərək 2023-cü ildə baş tutan sərgi zalında quraşdırmaqla kifayətlənmişdir. Məhkəmə qətnaməni əsaslandırarkən cavabdeh “sifarişin təhvilini faktiki olaraq sərgidə qəbul etmiş” fikirlərini qeyd edir. Lakin nəzərə almaq lazımdır ki, tədbir 19-21 oktyabr 2023-cü il tarixləri aralığında baş tutmuşdur. Müqavilənin xüsusi şərtlərinin 4- cü bəndinə görə iddiaçı 18 oktyabr tarixində stendin hazırlanması və sərgi zalında quraşdırılmasını xx.xx.2023-cü il tarixdə tamamlamalı idi. Cavabdeh 18 oktyabr tarixində quraşdırılan stendin əslində “köhnə” stend olduğunu aşkarlasa da, artıq həmin anda iş və xidməti qəbul etməkdən imtina etmək və quraşdırılan stendin sökülməsini tələb etmək, əvəzində isə yeni qanunvericiliyin tələbinə uyğun yeni satınalma keçirmək imkanı yox idi. Çünki bir gün sonra dövlət əhəmiyyətli tədbir baş tutmalı və cavabdehin orada stendi olmalı idi. Yeni satınalma keçirmək üçün isə kifayət qədər əlavə vaxt lazım idi. Göründüyü kimi iddiaçı cavabdehin bu şəraitindən imtina edərək vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmişdir. Bundan başqa məhkəmə qətnamədə Müqavilənin icra müddətində Sifarişçi aşkar olunmuş qüsurlar, o cümlədən gizli qüsurlar haqqında İcraçıya dərhal bildiriş vermədiyini qeyd etməklə qətnaməni əsaslandırmışdır. Xüsusi olaraq məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, cavabdehin iddiaya etirazının əsası iddiaçının işi qüsurlu icra etməsi deyil, iddiaçının öhdəliyi lazımınca icra etməməsi, yəni natamam icra etməsi olmuşdur. Müqavilənin 5.1-ci bəndinə görə, cavabdehin Müqavilədə nəzərdə tutulmuş ödənişləri həyata keçirmək öhdəliyi xidmətlərin göstərilməsinə dair təhvil-təslim və ödəniş sənədləri (elektron qaimə, hesab faktura və s.) təqdim edildikdən sonra yaranır. Tərəflər arasında təhvil-təslim aktı hələ imzalanmadığına görə, cavabdehin hələ ödəniş etmək öhdəliyi yaranmamışdır. Dəbbə pulu isə icra edilməmiş və ya lazımınca icra edilməmiş öhdəliyə görə hesablanır. Bu səbəbdən də dəbbə pulunun hesablanmasından söhbət gedə bilməz. Belə ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən tərəflərə bərabər qaydada yanaşılmamış, qərərzliliyə yol verilmiş, mötəbər subütlara və faktlara əsaslanmadan, qərarını qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq, düzgün əsaslandırmadan qətnamə qəbul etmişdir. Məhkəmə ididaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü (müqavilənin premdetində əks olunan) öhdəliklərin hamısının icra olunmasını qətnamədə aydınlaşdırmamışdır. İddiaçının da qəbul etməsinə baxmayaraq, məhkəmə “köhnə” stendi yenidən sərgi salonunda quraşdırması hissəsinə münasibət bildirmədən, onu təqzib etmədən o hissədə iddianı tam təmin etməklə mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
15. Apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən, cavabdeh “X2 Agentliyi” PHŞ xahiş etmişdir ki, qətnamənin qismən ləğv edilməsini, iddianın 13125,14 manat hissədə təmin edilməsi, iddianın qalan hissədə rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 70,69 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdeh X2 Agentliyinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazın əsası kimi göstərilmişdir ki, görülmüş işlər üzrə şəkillər işə əlavə olunduqda cavabdeh müdafiə metodunu dəyişmək qərarına gəlmişdir. Sonra isə məhkəməyə smeta sənədi təqdim etdilər ki, guya iddiaçı qiyməti faktiki olduğundan çox yuxarı qeyd etmiş və buna görə təhvil-təslim aktını imzalamırlar. Buna uyğun olaraq iddiaçı məhkəmənin diqqətinə çatdırdı ki, müqavilə bağlanmamışdan əvvəl etender.gov.az adlı elekton satınalmalar üzrə portalda "X2 Agentliyi" PHŞ kotirovka sorğusu elan etmişdir. İddiaçı həmin sorğuya öz qiymət təklifini verdi və 3 iştirakçı arasında ən aşağı qiymət təklif etdiyinə görə kotirovka sorğusunun qalibi elan edildi, iddiaçı ilə 008/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilə bağlandı. Bu da onu göstərir ki, qiymət şişirdilməsi heç bir halda mümkün deyildir. İndi isə cavabdeh iddia edir ki, biz 2022-ci ildə quraşdırdıqları stendi yenidən gətirib heç bir dəyişiklik etmədən quraşdırıb onlara təhvil verib. Amma, əslində belə deyil. 2022-ci ildə hazırlanmış stend "X2 Agentliyi" PHŞ-in anbarında iddiaçıya hissə-hissə (bütöv stendi bir nəqliyyat vasitəsinə yükləmək mümkün olmadığı üçün) təhvil verilmiş, onun daşınmasını iddiaçı icra edib və sərgi keçiriləcək məkanda həmin stendi tamamilə yenidən yığmışdır. İddiaçı üçün yeni stend hazırlamaq köhnə stendi yenidən yığmaqdan daha sərfəlidi. Belə ki, köhnə stendin bütün səthi üzərində olan vinil (və ya boya) təmizlənməli, hamarlanmalı və yenidən vinillənməlidir. Bu da vaxt, incəlik və əlavə zəhmət tələb edən bir prosedurdu. Hətta işin icrası zamanı tələbləri qızılı rəngli boya olmasına baxmayaraq o boyanı təmizlətdirib iddiaçıdan qızılı rəngli vinillə üzlənməsini tələb etdilər və iddiaçı tələbə uyğun olaraq işi icra etdi. Deməli, iddiaçı işi cavabdehin tələbinə uyğun olaraq icra edib sərgi stendini təhvil vermişdir. Əlavə olaraq bildirir ki, cavabdehin tələbinə (iş bitdikdən sonra qarşılıqlı razılaşma əsasında qiymətləndirilərək müqavilə məbləğinə əlavə edilməli idi) uyğun olaraq müqavilədə nəzərdə tutulmayan xidmətlər iddiaçı tərəfindən yerinə yetirilmişdir. Bura aşağıdakılar aiddir: Buklet stendi - 1 ədəd 3 gün üçün, Floristika dibçək gül - 2 ədəd 3 gün üçün, 140sm 180sm ölçüdə light box, Bar oturacağı ağ dəri - 2 ədəd 3 gün üçün, Jurnal masası - 1 ədəd 3 gün üçün, Vizitka qabı - 2 ədəd 3 gün üçün, Təşkilatçılar ilə bütün lazımi sənədləşmənin aparılması və icazələrin alınması, Təhvildən öncə stendin tam və əsaslı təmizliyi, Gündəlik təmizlik - 3 gün üçün, Kiçik zibil qabı (10-15 L) tərəfdaş masası üçün 3 gün üçün. Bu xidmətlər (bu barədə yazışma əlavə edilmişdir) iddiaçı ərəfindən icra edilməsinə baxmayaraq cavabdeh ödəniş barədə razılaşma aparmaqdan imtina etmişdir. Cavabdeh qeyd edir ki, stend hazırlanan zaman işlərin necə yerinə yetirilməsindən xəbəri olmamış və dövlət əhəmiyyətli tədbiri təxirə sala bilmədiklərinə görə həmin stenddən istifadə etmək məcburiyyətində olublar. Müqaviləyə əsasən aşağıdakılar barədə razılaşma olmuşdur: Müqavilənin 2.1. maddəsi - ümumi məbləğ ƏDV daxil olmaqla 15 565.38 (on beş min beş yüz altmış beş man 38 qəp) man razılaşdırılmışdır; Müqavilənin 10.1. maddəsi - ödəmə, təqdim etdiyimiz sənədlər əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılmalı idi; Müqavilənin 13.1. maddəsi - Sifarişçi (və ya onun nümayəndələri) heç bir əlavə xərc çəkmədən, bu Müqavilənin icrasına texniki nəzarət etmək və sınaq keçirmək hüququna malikdir; Müqavilənin 14.1. maddəsi - Bu Müqavilənin icra müddətində Sifarişçi aşkar olunmuş qüsurlar, o cümlədən gizli qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir; Müqavilənin 16.2. maddəsi - Sifarişçi bu Müqavilədə müəyyən olunmuş müddət ərzində və xüsusi şərtlərdə göstərilmiş qaydada ödəmələri aparmadıqda, İcraçı xüsusi şərtlərdə müəyyən edilmiş məbləğdə cərimə sanksiyası tətbiq edə bilər (Müqavilənin xüsusi şərtlərinin 6-cı maddəsi gecikdirilmiş ödəniş məbləğinin 0,1% cərimə tətbiq edilməsini nəzərdə tutur); Müqavilənin 18.1. maddəsi - Bu Müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qeyd olunan maddələrdən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixə kimi cavabdehin stend hazırlanan əraziyə sərbəst giriş-çıxışı mümkündür, eləcə hər hansı qüsur müəyyən etdikdə dərhal bu barədə İcraçıya bildirməli və qüsurun aradan qaldırılmasını tələb etməlidir. Amma, bildiriş, xəbərdarlıq və s sənədləşmə yazılı qaydada olmalıdır. İddiaçıya isə cavabdeh tərəfindən nəinki yazılı, heç şifahi olaraq da bildiriş və ya xəbərdarlıq edilməmişdir. Yalnız iş bitib akt imzalanan zaman bu məsələni ortalığa atdılar. Dəbbə pulu ilə bağlı cavabdeh qeyd edir ki, təhvil-təslim aktı imzalnmadığı halda dəbbə pulu hesablana bilməz. Amma, Müqavilənin 10.1-ci və 16.2-ci maddəsində təhvil-təslim aktı barədə hər hansı bir qeyd yoxdur. İddiaçı sənədləri vaxtında təqdim edib, amma, cavabdeh imzalamaqdan imtina edib.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin və şikayətin dəqiqləşdirilməsi barədə ərizənin təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini, iddianın yalnız 13105 manat hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi bildirdi ki, birinci dəfə keçirilən tədbirdən sonra iddiaçı stendi söküb cavabdehin razılığı ilə anbara yerləşdirib və sonradan yenidən istifadə edib. Yəni iddiaçı cavabdeh ilə şifahi qaydada razılıq əldə etdikdən sonra köhnə stendi yenidən quraşdırıb.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-cü maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 773-ci maddəsinə görə əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 20.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
21. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən, apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizədən və cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatından müəyyən edilmişdir ki, cavabdehin məhkəmədə verdiyi həmin qətnamə cavabdehin apellyasiya şikayəti 2.440,24 manat məbləğində əsas borcun (qalan 13.125,14 manat borcu cavabdeh mübahisələndirmir) və dəbbə pulunun tutulması hissəsində qətnamənin ləğvinə və həmin hissədə iddianın rədd edilməsinə yönəldilmişdir. Odur ki, qətnamənin əsaslığı 2440,24 manat məbləğində borc və 600 manat dəbbə pulunun tutulması barədə iddianın təmin edilməsi hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "Azinterexpo” MMC ilə cavabdeh “X2 Agentliyi” X11 arasında stend hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılmasına və söküntüsünə dair iş və xidmətlərin satınalma müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. İddiaçı tələb üzrə təsdiqedici sübutlar kimi tərəflər arasında bağlanmış müqaviləni, 15565,38 manat məbləğ ilə bağlı elektron qaiməni və fotoşəkilləri göstərir. Cavabdeh isə mübahisəli stendin müqavilədə razılaşdırıldığı kimi “hazırlanmadığını”, başqa tədbirdə istifadə olunan köhnə stend olduğunu, bununla da iddiaçının öhdəliklərini natamam icra etdiyini əsas gətirərək iddianın rədd edilməsini xahiş edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin xidmət müqaviləsi kimi adlandırılsa da, mahiyyət etibarilə mübahisəli müqavilə maddi nəticələri olan işlərin görülməsini nəzərdə tutan podrat müqaviləsidir. Odur ki, həmin müqaviləyə podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.
28. Beləliklə, iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.
29. İddiaçı tərəfindən stendin hazırlanması zamanı köhnə stenddən istifadə edilməsi, yəni görülmüş işin qüsurlu (natamam) olması barədə cavabdehin dəlillərinə münasibət bildirilməsi üçün məhkəmə əvvəla mübahisəli müqavilə və onun ayrılmaz tərkib hissəsi olan xüsusi şərtləri təhlil etməyi zəruri sayır. Qeyd edilir ki, müqavilənin şərtlərində göstəriləcək xidmətlərin, görüləcək işlərin, habelə təhvil veriləcək malların mənşəyi, cavab verməli olduğu standartlar və hansı keyfiyyətdə olması barədə şərtlər əks olunsa belə, mübahisə predmeti olan stendə dair konkret xüsusiyyətlər(əlavə elementlərin mövcudluğu, konstruksiyanın funksionallığı, sərgi stendinin parametrləri, hazırlanması üçün istifadə edilən materiallar) xüsusilə göstərilməmişdir.
30. Adıçəkilən müqavilənin müvafiq bəndləri üzrə razılaşdırılmış xüsusi şərtlərin 4cü bəndində stendin hazırlanıb quraşdırılmalı olduğu müddətləri müəyyə edilmişdir. Cavabdeh hazırda həmin bəndin stendin cavabdeh tərəfindən sıfırdan hazırlanmalı olması mənasına gəlməsi barədə arqument irəli sürür. Bununla bağlı bildirilir ki, müqavilədə görülmüş işlərin(hazırkı halda stendin hazırlanması) nəticələrinə dair xüsusi tələblər (məsələn, podrat işin nəticəsi olan əşyanın hansı materiallardan emal edilməsi və s. müqavilədə razılaşdırılmalıdır. Hazırki müqavilədə isə stendin köhnə stendin tərkib elementlərindən istifadə edilmədən hazırlanmalı olmasına dəlalət edən konkret şərtlər göstərilməmişdir. Odur ki, hazırkı vəziyyətdə iddiaçının əvvəllər məhz cavabdeh üçün hazırlanmış və istifadə edilmiş stendin materiallarından (ana divarından) istifadə etməsi göstərilmiş xidmətlərin qüsurlu olmasına dəlalət etmir.
31. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində mübahisəli müqavilə üzrə hazırlanmış stendin köhnə stend olmasını xx.xx.2023-cü il tarixdə aşkarladığını, lakin qəbul etməkdən imtina etmək və quraşdırılan stendin sökülməsini tələb etmək imkanının olmadığını bildirmiş və yalnız xx.xx.2023-cü il tarixdə (stend quaşdırıldıqdan və istifadə edildikdə 3 ay yarım sonra) iddiaçının müraciətinə cavab olaraq görülmüş uyğunsuzluqların aşkarlandığını qeyd etmiş və bu səbəbdən işlərin dəyərinin müqavilədə razılaşdırdıqları kimi 15565,38 manat məbləğində deyil, 13125,14 manat məbləğində müəyyən edilməli olmasını bildirmişdir. Həmin məktubun məzmununda uyğunsuzluğun nədən ibarət olduğu göstərilmədiyi kimi, stendin ana divarının köhnə olması, xidmətlərin və görülmüş işlərin natamam olması barədə pretenziyalar da yer almamışdır. Bununla yanaşı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 15565.38 manat məbləğində xidmətlərin göstərilməsi barədə elektron qaimə göndərilsə də, cavabdeh tərəfindən həmin qaimə düzəliş üçün qaytarılmamış, eləcə cavabdeh üçün vergi öhdəlikləri yaradan həmin qaiməyə başqa formada etiraz edilməmişdir.
32. Kollegiya qeyd edir ki, cavabdeh işlərin qüsurlu olması barədə qənaətə gəldiyi halda bunu podratçıya bildirmək ilə mükəlləfdir ki, podratçı qüsurları aradan qaldıra bilsin və bununlada podrat münasibətlərinə daxil olarkən alacağını ehtimal etdiyi muzddan məhrum olmasın. Məhz buna görə Mülki Məcəllənin 773-cü maddəsinin tələbləri baxımından qüsurlar barədə məlumat vermədən işi qəbul edən sifarişçi sonradan həməin qüsular barədə pretenziya irəli sürmək hüququnu itirir.
33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdehin qeyd etdiyi hallar ödənişin həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, əvvəla cavabdeh öhdəliklərin natamam icra edilmiş olması barədə iddiaçıya vaxtında iradlarını bildirməmiş, köhnə stendin elementlərindən istifadə edildiyi halda müqavilə ilə müəyyən edilmiş qiymətin aşağı salınacağı barədə qarşı tərəflə razılığa gəlməmiş, əksinə görülmüş işləri faktiki qəbul edilmiş, eləcə də elektron qaiməni düzəliş üçün qaytarmamaqla həmin qaimədə əks olunmuş işlərin dəyəri ilə də razılaşmışdır.
34. Odur ki, kollegiya hesab edir ki, görülmüş işlərə görə 15565,38 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
35. Dəbbə pulu tələbinə gəldikdə məhkəmə kollegiyası cavabdehin mübahisəli müqavilə üzrə görülmüş işlərin dəyərini ödəmək öhdəliyinin icrasını gecikdirdiyini, müqavilənin xüsusi şərtlərində isə işlərin dəyərini ödəmək öhdəlyinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsinin nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulu tutulması hissəsində iddia tələbi əsaslıdır. Eyni zamanda dəbbə pulunun məbləğinə münasibətdə qeyd edilir ki, birinci instansiya məhkəməsinin tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi 600 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh “X2 Agentliyi” X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-642/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov