Məhkəmə qərarları › İş №2-2(103)-528/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-528/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-528/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-917/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.273 manat məbləğində borcun, 10,82 manat dövlət rüsumunun, 210 manat mediasiya xərcinin, 2800 manat hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, cəmi 43.293,82 manat pul vəsaitinin cavabdehdən tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-917/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 11 noyabr 2022-ci il tarixli MZ 022/22 saylı alqı-satqı müqaviləsi üzrə 40.273 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 11 manat pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 2800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-917/2024 saylı, xx.xx.2024-cü tarixli qiyabi qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən həyata keçirilən alqı-satqının əvəzi olaraq ona cavabdeh tərəfindən müxtəlif vaxtlarda iddia ərizəsində və qətnamədə qeyd edilən məbləğlərdən daha artıq ödənişlər edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə cavabdeh tərəfindən ödənilmiş məbləğlərin hamısı göstərilməmişdir. Ödənişləri əks etdirən həmin çıxarışlardan da görünür ki, bu çıxarışlar və onda əks olunan transaksiyalar əskikdir, əməliyyatlar filterlənmiş və seçilmişdir, İddiaçı MMC-nin hesabına gələn bütün ödənişlər göstərilmir və cavabdeh tərəfindən ona ödənilən məbləğin ümumi cəm məbləğini əks etdirmir, bütün əməliyyatları və transaksiyaları nəzərə almır. Göründüyü kimi, bütün əməliyyatları əks etdirən təsdiqedici sənədlərin, kifayət qədər sübutların olmaması və bu halın birinci instansiya məhkəməsi tərəfindən qəbul olunması əsassız olmuş, cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir. İşə həmçinin qiyabi icraat qaydasında baxılması səbəbindən cavabdehin bir sıra hüquqları pozulmuş, bu hal cavabdehin işə öz münasibətini bildirə bilməməyinə yol açaraq iddiaçı tərəfindən istinad olunan halların məhkəmə tərəfindən ətraflı, hərtərəfli araşdırılmamasına, məhkəmənin sadəcə iddiaçının mülahizəsinə əsaslanaraq əsassız qərar qəbul etməsinə səbəb olmuşdur. Bildirməliyik ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun olaraq, cavabdehə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsi müqavilənin tələblərinə uyğun olaraq, cavabdehə xəbərdarlıq məktubları təqdim olunmamış, iddiaçı tərəfindən cavabdehdən müqavilə üzrə öhdəliklərinə əməl olunması barədə tələb məktubları daxil olmamış, iddiaçının heç bir müraciəti barədə cavabdehin xəbəri olmamış, məsələ ilə bağlı ona heç bir məlumat verilməmişdir. Həmçinin məhkəmənin iddiaçı tərəfindən cavabdehə müqavilə şərtlərinə riayət edilməsinin vacibliyi ilə əlaqədar hər hansı bu cür xəbərdarlıqlarının göndərilib-göndərilməməsi, çatıb-çatmaması məsələsini araşdırmaması da qətnamənin əsaslılığı haqqında ciddi şübhə yaratmaqdadır. Belə ki, ən əsası, cavabdeh tərəfindən borcun ödənilib-ödənilməməsi məsələsi tam araşdırılmamış, qeyd olunmuş borcun miqdarının doğruluğu və həqiqiliyi məsələsinə əhəmiyyət verilməmişdir. Bu səbəbdən, məhkəmə bu qeyri-müəyyənliyi nəzərə alaraq, iş üzrə maliyyə-mühasibatlıq ekspertizası keçirilməli olsa da, bu hala da əhəmiyyət verməmiş, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki məhkəmə icraatından cavabdehin hər hansı bir yolla məlumatı olmamış, ona nə elektron vasitə ilə, nə də poçt vasitəsi ilə iclasın yeri, tarixi barədə xəbərdarlıq və ya bildiriş çatdırılmamışdır. Göründüyü kimi, məhkəmənin işdə cavabdehin iştirakını təmin etməməsi və icraatı qiyabi qaydada aparması cavabdehin hüquqlarının pozulmasına səbəb olmuş, nəticədə onun ziyanına qərar qəbul olunmasına gətirib çıxarmışdır. Məhkəmənin iddiaçı tərəfindən cavabdehə yönəldilmiş borcun düzgün və ədalətli hesablanması ilə əlaqədar iddiaçının təqdim etdiyi qeyri-müəyyən, natamam sübutlarla kifayətlənərək, iş üzrə maliyyə-mühasibatlıq ekspertizası təyin etmədən yekun nəticəyə gəlməsi onun qərarının mötəbərliliyi barəsində şübhə doğurur. Odur ki, qiyabi qətnamənin ləğv olunması, iddianın təmin olunmamasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edirək təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

15. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.

17. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

20. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 noyabr 2022-ci il tarixli MZ 022/22 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 40.273 manat təşkil edir.

24. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni və anbar çıxış sənədlərini məhkəməyə təqdim etmişdir.

25. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir: ödənişləri əks etdirən çıxarışlardan da görünür ki, bu çıxarışlar və onda əks olunan transaksiyalar əskikdir, əməliyyatlar filterlənmiş və seçilmişdir, İddiaçı MMC-nin hesabına gələn bütün ödənişlər göstərilmir və cavabdeh tərəfindən ona ödənilən məbləğin ümumi cəm məbləğini əks etdirmir, bütün əməliyyatları və transaksiyaları nəzərə alınmır.

26. Apellyatorun göstərdiyi bu dəlillə bağlı qeyd olunmalıdır ki, indiyənədək istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, bu dəlildə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

27. Cavabdehin apellyasiya şikayətində göstərdiyi növbəti dəlillə bağlı isə qeyd olunmalıdır ki, iş materiallarında olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlara (cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə məxsus elektron kabinetə yerləşdirilmişdir) və poçt göndərişlərinin verilməsi haqqında xəbərnaməyə əsasən məhkəmə bildirişləri və məhkəmənin yekun aktı cavabdehə rəsmi qaydada təqdim edilmişdir.

28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-917/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar