Məhkəmə qərarları › İş №2-2(103)-530/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-530/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-530/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-447/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 28.08.2015-ci il tarixli 37/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 1357 manat məbləğində borcun, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 % həcmində hesablanmış cərimə kimi 2739,12 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4126,12 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.03.2021-ci il tarixli e-2-2(113)-447/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 28 avqust 2015-ci il tarixli, 37/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı öz üzərinə sifariş əsasında sifarişçinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyi, sifarişçi isə görülmüş işi qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, Cavabdeh MMC-yə məxsus **-AN-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtonəqliyyat vasitəsinə 26.09.2019-cu il tarixində göstərilmiş xidmətlərin dəyəri, ƏDV daxil ümumilikdə 1357 manat təşkil etmiş, cavabdehə həmin borcla bağlı hesab-faktura və e-qaimə göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği hal-hazıradək ödəməkdən yayınmışdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü maddəsinə əsasən, sifarişçi təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı sonuncu dəfə texniki xidmət göstərərək müqavilə üzrə öhdəliklərini lazıminca icra etməmişdir. Belə ki, müqaviləyə əsasən 20.09.2019-cu il tarixdə Cavabdeh’ MMC-yə məxsus “Volkswagen” markalı “Polo” modelli **-AN-*** dövlət qeydiyyat nişanlı minik maşının surətlər qutusunda yaranmış nasazlıqların aradan qaldırılması məqsədilə İddiaçı MMC-yə müraciət olunmuşdur. Eyni zamanda surətlər qutusunun yağının dəyişdirilməsi üçün 8 litr transmissiya yağı servis ustasına yerində təhvil verilmişdir. 24.09.2019-cu il tarixdə təmir işləri bitdikdən sonra avtomobil Cavabdeh MMC-nin nümayəndəsinə yerində təqdim edilmişdir. Avtomobil yerində sürmə ilə test (yoxlama) edilərək mövcud olan nasazlığın aradan qaldırılmadığı müəyyən edilmişdir. Bu barədə dərhal iddiaçının servisinə məlumat verilmiş, servisin baş ustası tərəfindən avtomobilin yenidən diaqnostika olunması üçün təkrar baxışa gətirilməsinin zəruri olduğu bildirilmiş və həmin gün avtomobil yenidən servisə təqdim olunmuşdur. 25.09.2019-cu il tarixdə iddiaçının texniki servis mərkəzindən Cavabdeh MMC-yə avtomobilin surətlər qutusunun “beyni”nin yandığı, onun dəyişdirilməsi zərurəti yarandığı və bunun üçün təxminən 4000 manat məbləğində vəsaitin ödənilməsi bildirilmişdir. Buna etiraz olaraq avtomobil servisdən geri götürülmüş və Cavabdeh MMCyə gətirilmişdir. Cavabdeh MMC-nin avtobusların Təmir Mərkəzində avtomobilin surətlər qutusunda dəyişdirilmiş adı altında servis tərəfindən təhvil verilən ehtiyat hissələrinə baxış keçirilmiş, həmin ehtiyat hissələrinin bu avtomobilin surətlər qutusuna aid olmadığı (qət olunmuş məsafə və sürətlər qutusunun istismar müddəti baxımından), həmçinin surətlər qutusunun yağı dəyişilmədiyi aşkar olunmuşdur. Bundan sonra avtomobil digər özəl servisə aparılmış və gün ərzində surətlər qutusunda olan nasazlıq aradan qaldırılmışdir. Müqavilənin 2.1.5-ci bəndinə əsasən icraçı təmir həyata keçirildikdən sonra avtonəqliyyatı sifarişçiyə tam texniki saz vəziyyətdə, qabaqcadan müəyyənləşdirilmiş müddətə verməyini öz öhdəsinə götürür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən icraçı göstərilən xidmətlərə 6 təqvim ayı müddətində zəmanət verir. Zəmanət müddətinin axımı avtonəqliyyat vasitəsi sifarişçiyə təhvil verildiyi vaxtdan sonrakı gün başlanır. Beləliklə, İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərə düzgün əməl edilmədiyinə və avtomobildəki nasazlıq aradan qaldırılmadığına görə təmir işləri təhvil alınmamış və buna dair tərəflər arasında heç bir təhvil-təslim aktı imzalanmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 9.1.2-ci bəndinə əsaslanaraq qarşılıqlı yazışma əsasında Cavabdeh MMC tərəfindən müqaviləyə 18.10.2019-cu il tarixdə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 28.07.2008-ci il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki iddiaçı cavabdeh qarşısında ikincinin avtonəqliyyat vasitələrinə texniki xidmət göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki iş üzrə tərəflər arasında olan mübahisəli məsələ iddiaçı tərəfindən xidmətlərin göstərilib-göstərilməməsi ilə bağlıdır. Qeyd olunanların sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür və məhz o sübut etməlidir ki, yuxarıda qeyd olunan müqavilə üzrə cavabdehə 1357 manat dəyərində xidmət göstərmişdir. İddiaçı sübut qismində 0012666-2 saylı təmir kartına, eləcə də 1357 manat dəyərində xidmətlə bağlı cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiq edilmiş EBAA seriyalı, 519286 saylı, 30.09.2019-cu il tarixli elektron qaiməyə istinad etmişdir. Kollegiya hesab edir ki, həmin sənədlər iş üzrə xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi təmir kartında 1357 manat dəyərində xidmətlərin göstərildiyi qeyd olunsa da, təmir kartı yalnız birtərəfli qaydada İddiaçı MMC-yə aid şəxslər tərəfindən imzalanmış və təsdiq olunmuş, Cavabdeh MMC tərəfindən təsdiq olunmamışdır. 30.09.2019-cu il tarixli 519286 saylı elektron qaimə üzərində isə qanunla müəyyən edilmiş 5 gün müddətində Cavabdeh MMC tərəfindən dəqiqləşdirilmiş əməliyyat aparılmamış və qaimə avtomatik olaraq sistem tərəfindən təsdiq olunmuşdur. Bununla yanaşı iş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 14.10.2019-cü il tarixli, Ç-RƏ/195 saylı “Nəqliyyat vasitəsinin surətlər qutusunda yaranan nasazlıq təmir olunmadığına görə pulun ödənilməsinə dair” etirazda bildirilmişdir ki, “Volkswagen” markalı avtomobildəki nasazlıq aradan qaldırılmadığından Cavabdeh MMC təmir işlərini təhvil almamış, eləcə də İddiaçı MMC tərəfindən müqavilənin şərtlərinə əməl edilmədiyini nəzərə alaraq ödəniş sənədlərini qəbul etməmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 18.10.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-yə məxsus olan “Volkswagen” markalı “Polo” modelli minik maşınında şirkət tərəfindən aparılan təmir nəticəsində nasazlıq aradan qaldırılmadığına və görülmüş işlər barəsində heç bir sübut təqdim edilmədiyinə görə Cavabdeh MMC və “İddiaçı" MMC arasında imzalanmış 28 avqust 2015-ci il tarixli, 37/C nömrəli “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilənin 7.1-ci maddəsinə əsaslanaraq tərəflərindən 14.10.2019-cu il tarixli Ç-RƏ/195 nömrəli etiraz məktubu göndərilmişdir. Bundan əlavə həmin müqavilənin 2.1.5-ci maddəsi ilə müəyyən edilmiş “avtonəqliyyatı tam texniki saz vəziyyətdə, qabaqcadan müəyyənlədirilmiş müddətdə təhvil vermək” öhdəliyinə və 6.2-ci maddə ilə müəyyən edilmiş “İcraçı göstərilən xidmətlər üzrə 6 ay müddətində zəmanət verir” şərtlərinə də İddiaçı MMC tərəfindən əməl edilmədiyinə görə 28 avqust 2015-ci il tarixli 37/C nömrəli müqaviləyə xitam verilməsi tələb edilmişdir. İddiaçı MMC tərəfindən təmiri yerinə yetirilməmiş “Volkswagen Polo” markalı minik maşınına görə ödənişin aparılmasını Cavabdeh MMC öz öhdəsinə götürmür. Göründüyü kimi cavabdehə məxsus avtomobil 20.09.2019-cu il tarixdə iddiaçıya məxsus servisə təmirə verildikdən sonra cavabdeh tərəfindən edilmiş hərəkətlər (iddiaçı tərəfindən təqdim edilmiş təmir kartının imzalanmaması, 15 gün sonra eyni avtomobilin digər servis mərkəzinə təmir üçün təqdim edilməsi və elektron qaimə təqdim edildikdən sonra iddiaçıya göndərilmiş yazılı etiraz) cavabdehin ona məxsus avtomobilə iddiaçı tərəfindən göstərilməsi iddia olunan təmir xidmətlərinin qəbul etməməsinə açıq-aşkar dəlalət edir. Bu isə onu deməyə əsas verir ki, həqiqətən də iddiaçı tərəfindən cavabdehə lazımi qaydada təmir xidməti göstərilməmişdir. Lazımi qaydada xidmət göstərmədiyi halda isə iddiaçı ödənişin ödənilməsini tələb edir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-447/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar