Məhkəmə qərarları › İş №2-2(103)-531/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-531/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-531/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-531/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 24-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən (qiyməti 51200 manat olan 1 ədəd Kombayn taxılyığan Niva Effekt SK-5ME-1 adlı) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.

2. xx.xx.2019-cu il tarixli 24-GL/19 saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikinə əsasən lizinq alan tərəfindən texnika üçün 2019-cu ilin İİ rübündən başlayaraq 2026-cı ilin İ rübünə qədər olan dövrdə ümumilikdə 19489 manat məbləğində lizinq ödənişləri edilməli idi.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019- cu il tarixli 24-GL/19 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 9.197,06 manat, cərimə borcu 5.201,25 manat olmaqla cəmi borc 14.398,31 manat təşkil edir.

4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaiti Xırdalan şəhər Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İşdəki qəbzdən görünür ki, 200 manat mediasiya xərci ödənilmişdir.

6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, lizinq alan alan Cavabdeh xx.xx.2019-cu il tarixli 24-GL/19 saylı lizinq müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2023-cü ildə 163,61 manat olmaqla xx.xx.2020xx.xx.2023-cü il tarixləri arasında 2.668,63 manat ödəniş etmişdir.

7. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 24-GL/19 nömrəli müqavilə üzrə yaranmış 9.197,06 manat gecikdirilmiş borcu və hesablanmış 5.201,25 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi: 15.098,31 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 24-GL/19 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2019-cu il tarixli 24-GL/19 nömrəli müqavilə üzrə yaranmış 9.197,06 manat gecikdirilmiş borcu və hesablanmış 5.201,25 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun MŞS/MT028-2023/0166K saylı, xx.xx.2023-cü il taixli arayışı təqdim edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-531/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, 24-GL/19 saylı müqavilə üzrə 9.197,06 manat məbləğində gecikdirilmiş əsas borcun, 450 manat məbləğində dəbbə pulunun; cəmi 9.647,06 manat məbləğində pul vəsaitinin, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 24-GL/19 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh lizinq müqaviləsi üzrə cəmi 9.197,06 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır.

12. Məhkəmə Cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Cavabdeh izinq ödənişləri üzrə xx.xx.2023-cü il tarixə 9.197,06 manat məbləğində gecikdirilmiş borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqaviləsi üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

13. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2019-cu il tarixli, 24- GL/19 saylı müqavilə üzrədəbbə pulu 450 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-531/2024 nömrəli qətnaməsinin mediasiya xərci ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək iddia tələbinin mediasiya xərci ilə bağlı hissədə tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən iddianın qiyməti 10001 manatdan 50000 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 200 manat təşkil edir. İş materiallarına əlavə edilmiş MŞS/MT028-2023/0166K saylı, xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunan maddələrin dispozisiyasından göründüyü kimi, məhkəmə o halda qanunun analogiyasına müraciət edə bilər ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən konkret hüquq norması olmasın. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində göstərilmişdir ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi,mediasiya xərcinin hansı halda digər tərəfdən tam tələb edilməsi, hansı halda isə tərəflər arasında bölüşdürülməsi halları qanunvericilikdə açıq-aydın tənzimlənmişdir. Ona görə də hazırkı halda, qanunun analogiyasının tətbiqi mümkün deyildir. Digər tərəfdən, məhkəmə analogiyanı tətbiq edərkən qanunvericiliyin dövlət rüsumu ilə mediasiya xərcini eyniləşdirməsi barədə gəldiyi qənaət də düzgün olmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən,dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, bu Qanunun 17.6-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi qaydası ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sadalanan maddələrin məzmunundan göründüyü kimi, dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən xidmətlərə görə ödənilən haqdır və bu, ancaq “Dövlət rüsumu haqqında” Qanunda müəyyən edilə bilər. Aydındır ki, nə mediator hakimiyyət səlahiyyətini icra edən vəzifəli şəxsdir, nə də ki, mediasiya xərci rüsum olaraq sözügedən Qanunda müəyyənləşdirilmişdir. Bu da o deməkdir ki, dövlət rüsumu və mediasiya xərci tamamilə fərqli anlayışlar olmaqla onların eyniləşdirilməsi “Dövlət rüsumu haqqında” Qanunun tələbləri baxımından yolverilməzdir. Həmçinin məhkəmələr tərəfindən mediasiya xərcləri ilə əlaqədar qanunvericiliyin düzgün tətbiqi, məhkəmə təcrübəsinin formalaşdırılması və vahidliyi baxımından apellyasiya instansiyası məhkəməsinin məsələyə dair mövqeyi mühüm hesab edilir. Qeyd olunanlara əsasən, ilkin mediasiya sessiyası zamanı iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən tam həcmdə tutularaq iddiaçıya ödənilməlidir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, izahatında göstərmişdir ki, onun mediasiya prosesi barədə məlumatı olmamışdır.

17. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddə- məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddə- işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddə- məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” AR Qanununun: 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 36.5-ci maddə-“Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə iddiaçı tərəfindən mediasiya xərcinin tutulması ilə bağlı hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-531/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Apellyasiya şikayətində iş üzrə qəbul edilmiş qətnamə yalnız mediasiya xərcinin iddiaçının özünə aid edilən hissəsində-60 manat hissədə mübahisələndirilir.

22. İddiaçının apellyasiya şikayətində tələbinin qanuni əsası kimi istinad etdiyi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsində qeyd edilmişdir ki, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

23. Qeyd edilən normanın tələbinə əsasən cavabdehdən mediasiya xərcinin iddiaçının xeyrinə tam tutulması üçün iddiaçı tərəfindən məhkəməyə ilkin mediasiya sessiyası barədə cavabdehin məlumatlı olması, lakin üzürsüz səbəbdən mediasiyada iştirak etməməsi barədə sübut təqdim edilməli idi. Cavabdeh izahatında göstərir ki, onun ünvanına mediasiya prosesi barədə məktub daxil olmamışdır. İşdəki ünvan ilatının arayışında isə ilkin mediasiya sessiyası barədə bildirişlərin cavabdehin Cəlilabad rayonu Təklə kəndində yerləşən ünvanına göndərildiyi qeyd edilsə də, bu bildirişlərin çatıbçatmadığı barədə məlumatlar qeyd edilməmişdir. İddiaçı tərəf bunun əksini sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, mediasiya xərcinin tərəflər arasında bölünməsi hissəsində qətnamə qanuni və əsaslıdır.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 531/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-531/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar