Məhkəmə qərarları › İş №2-2(103)-531/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-531/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-531/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: subyektiv hüquq, hüquqların ötürülməsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında 00011 nömrəli, 23 sentyabr 2009-cu il tarixli qeyri-yaşayış alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə görə, “X7” Açıq Səhmdar Cəmiyyəti (satıcı) Bakı şəhəri, Xətai rayonu ərazisində 2942-Q saylı məhəllədə N.Tusi küçəsində inşa etdirdiyi () saylı binanın, 4 blok, 3-4 sütunlar arası ümumi sahəsi 75 m2 olan qeyriyaşayış sahəsini X4 (alıcı) satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı qeyri-yaşayış sahəsinin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür.

3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı satdığı qeyri-yaşayış sahəsini müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya verməyi, alıcı isə müəyyən olunmuş müddətdə qeyri-yaşayış sahəsini qəbul edib qeyri-yaşayış sahəsini razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəkilində ödəməyi öhdəsinə götürür.

4. Həmin müqavilənin 2.1-ci bəndinə görə, hazırki alqı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsini qiyməti tərəflərin razılığı ilə hər kvadrat metri 360 manat olmaqla cəmi 27 000 manat məbləğində müəyyən olunur və alıcı qeyri-yaşayışın qiymətini iyirmi yeddi min manat nağd ödəməyi öhdəsinə götürür.

5. Sözügedən müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməməsinə və öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərinin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar.

6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.90 m2 qeyri-yaşayış sahəsi İddiaçı2 mülkiyyətindədir.

7. 27 iyul 2016-cı il tarixli, 10775 saylı maliyyə arayışına görə, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942Q, bina 1, blok 4, 3-4 sütunlararası, ümumi sahəsi 75,00 m2 olan qeyri-yaşayış sahəsi üçün bağalnmış 00011 saylı, 23 sentyabr 2009-cu il tarixli müqaviləyə dair İddiaçı2 heç bir borcu yoxdur.

8. 23 sentyabr 2009-cü il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair 27 iyul 2016-ci il tarixli 00011 saylı Əlavə Razılaşmaya əsasən X5 00011 saylı 23 sentyabr 2009-cü il tarixli müqavilə üzrə yaranmış bütün hüquqlarını və müqavilə üzrə götürdüyü öhdəliklərin icrasını İddiaçı2 otürmüşdür.

9. Həmin Razılaşmanın 1-ci bəndində qeyd edilmişdir ki, “satıcı (“X7” ASC) və ikinci tərəf (X5) arasında bağlanmış 23 sentyabr 2009-cu il tarixli 00011 saylı qeyriyaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən yaranmış bütün hüquqlarını və Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını ikinci tərəf bu Razılaşma qüvvəyə mindiyi andan üçüncü tərəfə (İddiaçı2) ötürür, üçüncü tərəf isə ikinci tərəfin bu hüquqların və öhdəliklərin icrasını tam həcmdə həyata keçirməyi öz üzərinə götürür”.

10. 27 iyul 2016-cı il tarixli KP/AK/77-14-03 nömrəli təhvil-təslim aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942Q, bina 1, blok 4, 3-4 sütunlararası, ümumi sahəsi 75.00 m2 olan qeyri-yaşayış sahəsi Ramin Əlizadə tərəfindən etibarnaməyə əsasən İntiqam Əliyevə təhvil verilmişdir. Akt təhviltəslim üzrə tərəflərdən başqa "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən də imza ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı2 (iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, onunla cavabdehlə aralarında bağlanmış 23 sentyabr 2009-cu il tarixli 00011 saylı nömrəli müqaviləyə əsasən ona dəymiş maddi ziyana görə 2745 manat maddi zərərin, 2058,75 manat əldən çıxmış faydanın, ümumilikdə 4803,75 manat pul vəsaitinin və ödənilmiş 10 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə və müvafiq çıxarışa görə 75.00 m2 olan qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulsa da, faktiki olaraq 63.9 m2 qeyri-yaşayış sahəsi verilmişdir. İddiaçı tərəfindən 05 oktyabr 2022-ci ildə ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sözügedən əmlakın qiymətləndirilməsi üçün müraciət olunmuşdur. Azərbaycan Respublikasının Qiymətləndirmə fəaliyyəti haqqında Qanuna Milli və X1 tələblərinə uyğun olaraq aparılmış 27 iyul 2016-cı il tarixində qiymətləndirmə nəticələrinə görə ünvan 1 ünvanında yerləşən 63.9 m2 qeyri-yaşayış sahəsinin bazar dəyəri 130 000 manat təşkil edir. Bununla əlaqədar olaraq, iddiaçıya 4995 manat dəyərində maddi ziyan dəymişdir. Lakin cavabdeh “X7” ASC tərəfindən iddiaçıya dəymiş 4995 manat maddi ziyan ödənilməmiş və ya qeyri-yaşayış sahəsinin müqaviləyə uyğun olaraq 11.1 m2 artırılmamışdır. Bununla bağlı cavabdeh Akkord Sənaye Tikinti X3 Səhmdar Cəmiyyətinə 25 avqust 2023-cü il tarixində 23 sentyabr 2009-cu il tarixli 00011 saylı müqaviləyə əsasən prentenziya göndərilmişdir. Pretenziyada İddiaçı2 dəymiş 4995 manat maddi ziyanın ödənilməmiş və ya qeyri-yaşayış sahəsinin müqaviləyə uyğun olaraq 11.1 m2 artırılması xahiş edilmişdir. Əks təqdirdə 10 gün ərzində təmin edilmədiyi təqdirdə tərəfimizdən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə 06 sentyabr 2023-cü il tarixində elektron kargüzarlıq vasitəsilə (göndərmə bildirişi qoşma olaraq təqdim edilmişdir) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və bu barədə iddiaçı tərəfindən mediasiya arayışı alınmışdır. Mediasiya prosesində qarşı tərəfin nümayəndəsi iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir.

13. Həmçinin iddiaçı “iddia tələbinin həcminin azaldılması barədə” ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ekspert rəyinə əsasən sözügedən qeyriyaşayış sahəsinin ümumi sahəsinin 68,9 m2 olduğu aydın olmuşdur. Buna baxmayaraq faktiki olaraq iddiaçıya verilmiş 27 oktyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxırışla sözügedən müqaviləyə görə 75.00 m2 olan qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulsa da, faktiki olaraq 63,9 m2 qeyri-yaşayış sahəsi verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin hər kvadrat metri 450 manat olaraq müəyyən edilmişdir. Ekspert rəyinə əsasən yaşayış sahəsinin ümumi sahəsi 68,9 m2. Bu səbəbdən 23 sentyabr 2009-cu il tarixli 00011 nömrəli müqavilədə göstəriləndən 6,1 m2 az sahənin verilməsi ilə iddiaçıya 2745 (6,1x450) manat ziyan dəymişdir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il qərarına əsasən Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şərh edilənlərə əsasən iddiaçı 2009-2024-cü illər üzrə 2745 manat məbləğində pul vəsaitinin hər il üzrə 5 faizi hesablanmaqla, ümumillikdə 75 faiz olmaqla 2058,75 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirləri (əldən çıxmış fayda) cavabdehdən tələb etməyə haqlıdır.

14. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmiş, ötən bu müddət ərzində iddiaçının qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Qeyri-yaşayış sahəsinin alınmasından 14 ildən artıq müddət keçmiş, uzun müddətdən sonra iddiaçı əsassız iddialarla məhkəməyə müraciət etmişdir. Ərizənin əsası kimi Azərbaycan Respublikası Mülki məcəlləsinin (bundan sonra “MM” adlanacaq) 373.1-ci, 372.2-ci, 373.1-ci, 375.2-ci, 377.1-ci, 773-ci, 776.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinad edilmişdir.

15. İddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin tikdiyi binaların layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, Layihədə qeyd olunan mənzil və qeyri-yaşayış sahələri də o dövrdəki ölçmə qaydaları əsasında hesablanaraq müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qurumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh də ona məxsus binalardakı mənzil və qeyri-yaşayış sahələrini satarkən alqı-satqı müqavilələrində mənzillərin sahəsini layihədə qeyd olunan sahələrə uyğun göstərir. İddiaçıya satılmış qeyri-yaşayış sahəsinin ölçüsünü də alqı-satqı müqaviləsində layihədə qeyd olunan ölçüyə uyğun olaraq 75,00 m2 göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli fərmanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qeyd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Hamıya məlumdur ki, mənzillərin sahələrinin ölçülməsi müxtəlif dövrlərdə fəqli olmuşdur. Hazırda isə mənzil və qeyri-yaşayış sahələri Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edilir. Bu səbəbdən də sahələrin ölçüləri dövlət reyestrindən müqavilələrdə göstərilən çıxarışlardakı ölçülərlə uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdehlə iddiaçı da öz aralarında qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlamışlar.

16. Müqavilə predmetinin ümumi sahəsinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası keçirilmiş və 07 noyabr 2024-cü il tarixli saylı ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 68,9 m2 təşkil etdiyi müəyyən edimişdir.

17. Birinci instansiya məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 18.1. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi imzalanmışdır. Hazırda İddiaçı2 2745 manat maddi zərərin, 2058,75 manat əldən çıxmış faydanın onun xeyrinə tutumasını tələb edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz edərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək mübahisələndirilən müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bununla bağlı olaraq da iddia tələbinin rədd edilməli olduğunu qeyd edir, habelə qeyriyaşayış sahəsinin ölçülərinin hesablanma qaydalarının dəyişməsi səbəbilə qeyri-yaşayış sahəsinin ölçülərinin fərqli olmasına istinad edir. 18.2. Məhkəmə, cavabdeh "xxxx" ASC tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən hesab edir ki, ərizəyə münasibət bildirilməsi zəruridir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqedən də aydın olur ki, iddia müddətinin tətbiq edilibedilməməsindən əvvəl iddiaçının iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olduğu müəyyən edilməlidir. 18.3. Məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin mövcudluğu iş materialları ilə təsdiq edilmir. Belə ki, xx.xx.2009cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, mübahisəli qeyriyaşayış sahəsi cavabdeh tərəfindən X2. 18.4. Mübahisəli qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2 məxsus olması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, sözügedən çıxarışa əsasən mübahisə predmeti olan əmlakın hazırda iddiaçının mülkiyyətində olduğu müəyyən edilsə belə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi müqavilə üzrə tərəf olmamış, həmin əmlakın hansı formada onun mülkiyyətinə verilməsi ilə bağlı müqavilə təqdim edilməmiş, xx.xx.2009-cu il tarixli müqavilə X5 ilə cavabdeh arasında bağlanmışdır. Bundan başqa iddiaçı iddia tələbində cavabdehin hüquqa zidd hərəkətlərindən əmələ gələn öhdəliklərinin icra edilməsini tələb etsə belə, məhkəmə hesab edir ki, öhdəliklərin əmələ gəlməsinin əsasını xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi təşkil etdiyindən, müqavilənin şərtlərinin pozulması səbəbilə dəymiş zərərin tələb edilməsi hüququ X4 məxsusdur. 18.5. Həmçinin iddia tələbinin əsası kimi istinad edilən Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il qərarında qeyd edilmişdir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırki iddia tələbi üzrə isə iddiaçının cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində ona vurduğu zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmadığından yuxarıda göstərilən hallar səbəbilə subyektiv hüququn pozulması məhkəmə tərəfindən müəyyən edilməmişdir. 18.6. Odur ki, işin dəlilləri, məhkəmə tərəfindən müəyyən edilmiş hallar, habelə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququ olmadığından iddia rədd edilməlidir.

19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 372-ci, 373.2-ci, 375.2-ci, 377.1-ci, 377.2-ci, 380.1-ci, 380.2ci, 386.1-ci, 387.3-cü, 567-ci, 598.1-ci, 600.1-ci, 600.4-cü, Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli və Konstitusiya Məhkəməsinin Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 iyul 2015-ci il tarixli Qərarlarına istinad etmişdir.

20. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, məhkəmənin düzgün nəticəyə gəlmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

22. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

23. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı.

26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

27. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir

28. Maddə 372.1. başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

29. Maddə 372.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

30. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

33. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur..

34. Maddə 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

35. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, hüququn tətbiq edilməsində səhv buraxmışdır.

45. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

46. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

47. Məhkəmə iddia tələbini subyektiv hüquqla rədd edərkən, iddiaçıya müvafiq dövlət orqanı tərəfindən verilmiş çıxarışı (§ 5). və həmin çıxarışa əsas olan hüquqi hərəkətləri araşdırmamışdır.

48. Belə ki, qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair 27 iyul 2016-ci il tarixli 00011 saylı əlavə razılaşma sözügedən qeyri-yaşayış sahəsi barəsində hüquqları iddiaçının qardaşı tərəfindən ona ötürülməsini de jure təsdiq edir. Eyni zamanda iş materiallarına olan akt isə faktiki olaraq qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən qardaşından təhvil alınmasını sübut edir.

49. Bununla belə, iddia tələbi iddia müddətinin ötürülməsi səbəbi ilə rədd edilməlidir.

50. Belə ki, tərəflər arasında müqavilə bağlanması və öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.

51. İddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 5 ildən artıq müddət keçəndən (qeyri-yaşayış sahəsi 27 iyul 2016-cı il tarixində təhvil verilmiş, iddia ərizəsi isə 18 oktyabr 2023-cü il tarixində verilmişdir) sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Mənzil iddiaçıya təhvil verilərkən real sahənin nə qədər olması barədə məlumatlı olmalı idi. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.1

52. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur.

53. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.

54. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilməlidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarları).

56. Şərh olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi dəyərləndirməni əsassız hesab edir və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin olunmamalıdır.

57. Eyni zamanda, məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. 1 Ali Məhkəmə, İş № 2(102)-290/2025, (§ 57 - 61) (https://sc.supremecourt.gov.az/storage/Mulki/2025/2_290+22.01.2025.pdf)

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-59/2025 saylı iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi təmin olunmasın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar