Məhkəmə qərarları › İş №2-2(103)-532/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-532/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-532/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “İddiaçı“ MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1758/2021 saylı 17.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “İddiaçı“ MMC cavabdeh “xxxx” MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19099.49 manat qəpik borcun, nümunə kimi Qüllə restoranında yerləşdirilmiş 8 qutu gül buketlərinin dəyərini təşkil edən 5000 avro pulun (qaytarılacağı gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun Azərbaycan manatı ilə) məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 500 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında “Qüllə restoranı” layihəsi çərçivəsində bağlanmış 25 iyun 2020-ci il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən restoranda quraşdırılmış yaşıllıqların cavabdeh və üçüncü şəxslər tərəfindən sökülmsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizəsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, cavabdeh Qüllə restoranında quraşdırılmış yaşıllıqların bərkiməsi bəhanəsi onları sökmək niyyətindədir və bu barədə onlara bildirmişlər. Buna görə də məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilənədək iddiaçı tərəfindən restoranda quraşdırılmış yaşıllıqların cavabdeh və üçüncü şəxslər tərəfindən sökülməsinə qadağa qoyulmalıdır (MPM-in 157 və 158-ci maddələrinə istinad olunur). Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil şikayəti dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddiaçının ərizəsi rədd rədd edərəkən qeyd etmişdir ki, iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizədə gələcəkdə iş üzrə qəbul ediləcək qətnamənin icrasının çətinləşəcəyi və ya qeyri-mümkün ola biləcəyi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan müddəalarının mənasından göründüyü kimi, iddianı təmini tədbirinin görülməsi, müvəqqəti xarakterə malik olub, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədini daşıyır. Konkret halda, iddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı iddia tələbində ona satdığı malların dəyərinin ödənilməsi, yəni, pul tələbindən ibarət olduğu halda, iddianı təmin etmə tədbiri barədə ərizəsində, onun tərəfindən Qüllə restoranında quraşdırılmış yaşıllıqların cavabdeh və üçüncü şəxslər tərəfindən sökülməsinə qadağa qoyulmasını tələb etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, görülməsi tələb edilən iddianı təmin etmə tədbiri, iddia tələbinə mütənasib deyildir. Yəni, restoranda quraşdırılmış yaşıllıqların sökülməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, gələcəkdə iddiaçının xeyrinə qəbul edilə biləcək iddia olunan pulun tutuluması barədə qətnamənin icrasının təmin edilməsinə yönəlmir. Halbuki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 14 mart 2018-ci il tarixli Qərarında da məhz Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddiaçının görülməsini tələb etdiyi iddianı təmin etmə tədbiri isə Konstitusiya Məhkəməsinin qərarında təsbit olunan mütənasiblik meyarına cavab vermir. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin Bakı Kommersiya Məhkəməsinin 17.03.2021-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərarad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “İddiaçı“ MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1758/2021 saylı 17.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar