Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-532/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1781/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 mart 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36.062,81 (otuz altı min altmış iki manat səksən bir qəpik) əsas borc, ödənilməsi gecikdirilmiş 2 il üçün (1 il üçün 5% olmaqla) 3606.28 AZN (üç min altı yüz altı manat iyirmi səkkiz qəpik) gecikdirilmiş faiz borcu, 35.000 AZN (otuz beş min manat), əldən çıxmış fayda, 200 AZN məcburi kommersiya mediasiya prosesinin keçirilməsi üçün çəkilmiş xərc, 145 AZN (yüz qırx beş manat) iddia tələbi üçün dövlət rüsumu, ümumilikdə 75.013,09 AZN (yetmiş beş min on üç manat doqquz qəpik) vəsaitin iddiaçının xeyrinə tutulub alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 mart 2022-ci il il tarixli, e-2-2(113)-1781/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 04.05.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət mümkün hesab edilərək qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı vəsatət verərək işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə şifahi icraat qaydasında baxılması üçün əsaslar mövcud olmadığına görə vəsatət təmin edilməməli, habelə qərardaddan verilən şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.0.4-cü maddəsinə görə iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Lakin hazırki işdə iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsində isə təsbit olunmuşdur ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsini icraata qəbul etməmişdir. Şikayətin dəlillərinə dair kollegiya qeyd edir ki, iş materiallarına pretenziya sənədi kimi əlavə edilmiş pretenziyanın cavabdehin elektron ünvanına çatdırılmasına dair elektron poçtun foto surəti iddia ərizəsinin surətinin cavabdehə təqdim edilməsi barədə sübut kimi qəbul edilə bilməz. Belə ki, əvvəla pretenziya və iddia ərizəsi tamamilə ayrı-ayrı sənədlərdir. Bundan əlavə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində təsbit olunmuşdur ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin) və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxslərə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Ona görə də istər pretenziyanın, istərsə də iddia ərizəsinin cavabdehin elektron poçt ünvanına göndərilməsi həmin sənədlərin rəsmi qaydada çatdırılmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1781/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-532/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-532/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver