Məhkəmə qərarları › İş №2-2(103)-532/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-532/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-532/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)- 272/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 31 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdehə iddiaçı tərəfindən müxəlif mallar satılmışdır. Mallar təhvil-təslim aktı ilə təqdim edilmiş, eyni zamanda malların təqdim edilməsinin rəsmiləşdirilməsi ilə bağlı cavabdehə elektron qaimələr göndərilmişdirş

2. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh MMCnin xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə 394282,87 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh MMCnin xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 90469,20 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Məhdud Məhdud Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 90469,20 manat borc məbləğinin, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 400 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 285,43 manat, göstərilmiş hüquqi xidmətə görə 110 manat olmaqla, cəmi 91264,63 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (alıcı) ilə iddiaçı aralarında 31 may 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışlar. Həmin müqaviləyə əsasən Cavabdeh MMC (alıcı) İddiaçı MMCdən (satıcı) ərzaq və qeyri-ərzaq malları almağı və əvəzində həmin malların satış dəyərini elektron qaimələrə əsasən hər ayın 15nə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin 31 iyul 2022-ci il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktından da göründüyü kimi, cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 394282,87 manat (üç yüz doxsan dörd min iki yüz səksən iki manat səksən yeddi qəpik) məbləğində borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh iddiaçı ilə aralarında 31 iyul 2022-ci il tarixli qarşılıqlı üzləşmə aktının imzalandığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, hələ də üzləşmə aktında göstərilən borc məbləğini iddiaçıya ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-272/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materiallarına əlavə edilmiş sənədlər və tərəflər arasında bağlanmış qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapdığından iddia təmin edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-272/2023 nömrəli qətnaməsinin ləğv edib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 14.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Bu pozuntu ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən təqdim edilən qaimələr üzrə ayrı-ayrılıqda hər bir qaimə üzrə nə qədər malların alqısatqısının həyata keçirildiyini, ödəniş aparıl-aparılmadığını və hansı qaimə (lər) üzrə borc qaldığını qeyd edilməmişdir. Mübahisənin həlli üçün ilk növbədə malların cavabdehə təhvil verilib-verilmədiyi, işgüzar münasibətlərin hansı qaydada həyata keçirildiyi aydınlaşdırılmalıdır. İddiaçı tərəf məhkəməyə müraciət etməzdən öncə qeyd olunan halları dəqiqləşdirib məhkəməyə müraciət etməli idi. Ona görə ki, təkrar qarşılıqlı borcların dəqiqləşdirilməsi üçün Cavabdeh MMC tərəfindən təklif olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamış və iddiaçı tərəfindən təqdim edilən sübutlarla kifayətlənərək qətnamə qəbul etmişdir. Göründüyü kimi, iddiaçının cərimə məbləğinin nə vaxtdan hesablandığını və gecikmə günlərinin sayını maliyyə arayışında və iddia tələbində əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə baxmayaraq (elektron kabinetə bildiriş yerləşdirilməklə) məhkəmə iclasında iştirak etməmişdir.

13. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddə-məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

14. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

15. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-272/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 31 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktını imzalamaqla iddiaçıya 90469,20 manat məbləğində borcu olduğunu təsdiq etmişdir.

17. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz etməmiş, vəsatətlə müraciət edərək tərəflər arasında qarşılıqlı borcların müəyyən edilməsi üçün üzləşmə aktının tərtib edilməsi ilə əlaqədar hazırlıq iclasının təxirə salınmasını xahiş etmiş, xx.xx.2023-cü il tarixdə isə cavabdeh öz elektron kabineti vasitəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə iddiaçıya olan qalıq borcun 90469,20 manat təşkil etməsi barədə üzləşmə aktı təqdim etmiş, bu borcun ödənilməsi barədə sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olduğu cavabdehin özü tərəfindən təqdim edilmiş üzləşmə aktı ilə təsdiq edildiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual pozuntuya yol verilməmişdir.

18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 272/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-272/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar