Məhkəmə qərarları › İş №2-2(103)-533/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-533/2020

10.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-533/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-427/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (Cavabdeh2 üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ilə üçüncü şəxs Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1263 nömrəli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-427/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi hallar qüvvədə olan torpaq qanunvericiliyinin kobud pozuntusu kimi dəyərləndirilə bilməz və qanuni bağlanmış və artıq icra olunmuş torpaq icarə müqaviləsinin etibarsız sayılmasına əsas ola bilməz. Belə ki, iş materiallarından, məhkəmə qərarından və eləcə də iddia ərizəsinin mətnindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə üçüncü şəxs Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1263 nömrəli torpaq icarə müqaviləsinə əsasən Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 26 saylı binanın yaxınlığında üçüncü şəxs Cavabdeh2na 416.6 kv.m torpaq sahəsi 49 il müddətində icarəyə verilmiş, bununla əlaqədar qanunvericiliyə müvafiq olaraq ayrıc aktı tərtib olunmuşdur. Öz məzmununa görə ayrıc aktında ayrılmalı olan torpaq sahəsinin xüsusiyyətləri, növü, yararlılığı və s. qeyd edilir və həmin sənəd torpaq sahəsinin yerində (naturada) ayrılmasıdır gələcəkdə müvafiq sənədlərin işlənməsi üçün əsasdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli 1263 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 26 saylı binanın yaxınlığında yerləşən sahəsi 416,6 kv.m olan torpaq sahəsi 49 il müddətinə Cavabdeh2na (icarəçi) icarəyə verilmişdir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 123 saylı Sərəncamı ilə vətəndaş Cavabdeh2na Xətai rayonu, M.Rüstəmov küçəsi 26 saylı binanın yaxınlığında təqdim edilmiş layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında dövlət nəzarəti ilə bağlı yerdə monitorinq aparılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 26 saylı binanın yaxınlığında 416 kv.m ərazidə Bakı Şəhər İcra Hakimiyyətində torpaq sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 1263 saylı icarə müqaviləsi, xx.xx.2017-ci il tarixli 18/03- 8/204 saylı ayrıc aktı, MŞBİ-nin məktubu ilə razılaşdırılmış eskiz-layihə, Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixli Rəyi və Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 123 saylı Sərəncamı əsasında Cavabdeh2 tərəfindən 4 mərtəbəli fərdi yaşayış evinin inşasının hazırlıq işlərinə başlanılmış, tikinti işlərini aparan şəxsə xəbərdarlıq olunaraq, qanunvericilikdə nəzərdə tutulmuş rəy alınmadan və yer quruluşu qaydasında torpaq sahəsi ayrılmadan, torpaq sahəsinə dair icarə müqaviləsi bağlandığı bildirilmiş, tikinti işlərinin torpaq qanunvericiliyinin tələblərinə zidd olması izah olunaraq, xəbərdarlıq edilmiş və göstərilənlər barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. İddiaçı bildirir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanarkən müqavilənin bağlanması üçün normaları məcburi olan müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmamış, bununla da qeyri-qanuni olaraq icarə müqaviləsi bağlanmışdır. X5 Dövlət Komitəsindən qanunvericilikdə nəzərdə tutulmuş rəy alınmadan, yerquruluşu qaydasında torpaq sahəsi ayrılmadan, sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilmədən, plan ölçüsü tərtib edilmədən torpaq qanunvericiliyinin normalarını kobud surətdə pozmaqla torpaq sahəsinə dair torpaq icarə müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının (ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Əmlak Məsələləri Dövlət Komitəsi) rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2 və 4-cü hissələrinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqları icarəyə verilən zaman əvvəlcə müvafiq icra hakimiyyəti orqanının, X5 Dövlət Komitəsinin rəyi alınmalı, daha sonra isə torpağın icarəyə verilməsi barədə qərar (sərəncam) qəbul edilməlidir. Lakin hazırki işdə Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair mübahisəli torpaq icarə müqaviləsi bağlanarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmiş, yəni torpaq sahəsi əvvəlcədən yerquruluşu qaydasında ayrılmamış, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi alınmamış və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpağın icarəyə verilməsi barədə qərar (sərəncam) qəbul edilməmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində isə təsbit olunmuşdur ki, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı mübahisələndirilən torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə tam haqlıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-427/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar