Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-533/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-569/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18.03.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 327694,08 (üç yüz iyirmi yeddi min altı yüz doxsan dörd manat, 08 qəpik) manat məbləğində cərimə borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli e-2-2(113)-569/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 03 sentyabr 2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən 7000 (yeddi min) manat məbləğində cərimə borcunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh MMC ilə alıcı İddiaçı MMC arasında 03 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı 11.10.2021-ci il tarixədək ƏDV daxil 135676,85 manat dəyərində olan malı alıcının Sumqayıt şəhərində yerləşən anbarına çatdırmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qaydada dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh malları müəyyən olunmuş müddətdən 66 gün gecikdirməklə 17 dekabr 2021-ci il tarixində təhvil vermiş, bununla da, müqavilənin 8-ci bəndinə əsasən cərimənin tətbiq edilməsi əsası yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən təchizatçı malları müqavilədə müəyyən edilmiş müddətdə tədarük etmədikdə, habelə tədarük edilmiş mallarda aşkar olunmuş təchizatçının təqsirindən olan qüsurları, çatışmazlıqları və uyğunsuzluqları tərəflər arasında razılaşdırılmış müddətdə aradan qaldırmadıqda (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) təchizatçı gecikmənin hər bir təqvim günü üçün müqavilə dəyərinin 5 faizi məbləğində alıcıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan müqaviləyə 1 saylı əlavə qoşma və 17.12.2021-ci il tarixli təhvil aktından isə görünür ki, 133211,85 manat dəyərində olan mallar 11.10.2021-ci il tarixədək deyil, 17 dekabr 2021-ci il tarixdə təhvil verilmişdir. Göründüyü kimi mallar müqavilədə razılaşdırılmış müddətdən 66 gün sonra alıcıya təhvil verilmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni iddiaçı tərəfindən alınan malların dəyərini, malların təhvil verilmə tarixini və dəbbə pulunun məbləği ilə bağlı formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tələb olunan dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və həmin məbləği gecikdirilməklə təqdim edilmiş malların ümumi dəyərinin 5,2 faizinə qədər azaltmışdır. Bu baxımdan kollegiya hesab edir ki, cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-569/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18.03.2022-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-533/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-533/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver