Məhkəmə qərarları › İş №2-2(103)-533/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-533/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-533/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinin geri qaytarılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və lizinq predmetinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" BOKT MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında 09 mart 2022-ci il tarixdə ML/3696 nömrəli maliyyə lizinqi müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2014-cü il buraxılışı olan “Hyundai İX-35” minik markalı nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

3. Müqavilənin 8.2-ci bəndinə əsasən, lizinq müqaviləsi 36 ay müddətinə bağlanmışdır, lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 27 841 manatdır, bu məbləğdən 7591 manat lizinq verənin mükafatını təşkil edir.

4. Müqavilənin 12.1.3-cü bəndinə görə, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdiribsə, lizinq verən lizinq obyektini geri tələb edə bilər.

5. Müqavilənin 13.1-ci bəndinə əsasən, maliyyə lizinqinin müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə lizinq alan lizinq obyektini öz mülkiyyətində əldə edə bilər.

6. "xxxx" BOKT MMC-yə məxsus “Hyundai İX-35” minik markalı ** PN *** qeydiyyat nişanlı avtomobil 09 mart 2022-ci il tarixli təhvil-təslim aktı əsasında Cavabdeh verilmişdir.

7. "xxxx" BOKT MMC (kreditor) ilə Cavabdeh (borclu) arasında 04 iyun 2024-cü il tarixində 4178/2 saylı lizinq (restrukturizasiya) müqaviləsi imzalanmışdır.

8. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 13 957 manat qalıq məbləğini ödəməsi məqsədilə 13 957 manat məbləğində güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanmış faizləri ödəniş cədvəli üzrə kreditora ödməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür.

9. 04 oktyabr 2024-cü il tarixli maliyyə arayışına görə, 04 iyun 2024-cü il tarixində müqavilə üzrə cavabdehin 13 957 manat əsas borcu, 1108,22 manat faiz borcu (mükafat), 50,75 manat cərimə borcu vardır.

10. 16 dekabr 2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh həmin tarixədək 14 502 manat ödəniş etmişdir, qalıq borc məbləği 13 956,29 manat təşkil edir.

11. "xxxx" BOKT MMC hazırda İddiaçı BOKT MMC adlanır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı BOKT MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 04 iyun 2024-cü il tarixli 4178/2 nömrəli Lizinq (restrukturizasiya) müqaviləsi üzrə 13 957 manat əsas borc, 1108,22 manat faiz borcu, 50,75 manat cərimə borcu məbləği olmaqla, cəmi 15 115,97 manat lizinq borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 136 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması, lizinq predmetini təşkil edən “Hyundai İX-35” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınıb geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında 09 mart 2022-ci il tarixdə ML/3696 nömrəli maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, cavabdehə 1 ədəd 2014-cü il buraxılışı olan “Hyundai İX-35” minik markalı, KMHJT81EDEU951511 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 22% dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmişdir. Cavabdeh uzun müddət lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmiş və müraciəti əsasında onunla 04 iyun 2024-cü il tarixdə 4178/2 nömrəli lizinq (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, kreditor borcalanın vaxtı keçmiş əsas kredit borcunun - müqavilə imzalanan tarixə 13 957 manat qalıq məbləği ödəməsi məqsədilə 13 957 manat məbləğində güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 04 iyun 2024-cü il tarixli lizinq (restrukturizasiya) müqaviləsi üzrə öhdəliklərini də gecikdirərək yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borc ödənilmir.

14. Birinci instansiya məhkəməsinin 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, əsas borc üzrə 13 957 (on üç min doqquz yüz əlli yeddi) manat, mükafat borcu üzrə 1108 (bir min yüz səkkiz) manat 22 (iyirmi iki) qəpik, cərimə borcu üzrə 50 (əlli) manat 75 (yetmiş beş) qəpik olmaqla, ümumilikdə 15 115 (on beş min yüz on beş) manat 97 (doxsan yeddİ) qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

15.1. Cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 15.2. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və mükafat borcunun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc üzrə 13 957 manat, mükafat bоrcu üzrə 1108,22 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 15.3. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də iddia əsaslıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. 15.4. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 50,75 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. 15.5. Bundan başqa, məhkəmə hesab edir ki, iddia lizinq predmetini təşkil edən “Hyundai İX-35” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması hissəsində təmin edilməməlidir. 15.6. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən hissəsinə qiymət verilməsi üçün lizinq müqaviləsinin təbiəti və mahiyyəti nəzərdən keçirilməlidir. 15.7. Lizinq müqaviləsinin anlayışına nəzər yetirildikdə aydın olur ki, lizinq müqaviləsi icarə və alqı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən bir müqavilədir. 15.8. Göründüyü kimi, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafi və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur. Ancaq hazırkı halda, iddiaçı tərəf həm lizinq müqaviləsi üzrə əsas lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, da verilmiş lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyəti uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir. 15.9. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır. Ona görə də, məhkəmə qeyd edir ki, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz.

16. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 747.1-ci, 748-1.12-ci, 748-12.4-cü, 748-2.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli Qərarlarına istinad etmişdir.

17. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunmaması ilə bağlı hissədə - ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, lizinq obyektinin statusu barədə əsassız nəticəyə gəldiyini, bununla da işin müəyyən olunmuş hallarını nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümyəndələri) məhkəmə iclasına gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

22. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.

26. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

27. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.

28. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748- 1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

29. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli Qərardadı

35. Bənd 44. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər.

36. Bənd 45. Müqavilənin həmin şərti MM-in 748-1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir.

37. Bənd 48. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının predmetini qətnamənin qismən – iddia tələbinin təmin olunmayan hissəsi üzrə yoxlanılması təşkil edir. Belə ki, iddia tələbi lizinq müqaviləsi üzrə lizinq borcunun, həmin borc üzrə faiz və cərimənin ödənilməsi, eləcə də lizinq obyektinin geri qaytarılması barədə olmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia lizinq borcu və həmin borc üzrə faiz, eləcə də cərimənin tutulması hissəsində təmin olunmuş, lizinq obyekti ilə bağlı hissədə isə təmin edilməmişdir. Cavabdeh qətnamədən şikayət vermədiyindən, iddianın qismən təmin olunması ilə bağlı hissə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

42. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

43. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

44. Birinci instansiya məhkəməsi lizinq müqaviləsinin ikili təbiətinə əsaslanaraq, iddiaçının yalnız lizinq müqaviləsi üzrə lizinq ödənişləri tələb etmək hüququnun olması qənaətinə gəlmişdir.

45. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

46. Tərəflər arasında bağlanmış müqavilədən aydın şəkildə görünür ki, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdiribsə, lizinq verən lizinq obyektini geri tələb edə bilər (§ 4). Bu şərt tərəflər arasında razılaşdırılmış müddəa olmaqla yanaşı, birbaşa olaraq mülki qanunvericiliyin tənzimləməsindən irəli gəlir (§ 20, 28).

47. Bu xüsusatda kollegiya qeyd edir ki, qanunvericinin bu tənzimləmə ilə güdmək istədiyi məqsəd məhz lizinq alanlar tərəfindən müqavilə üzrə sui-stifadə hallarının qarşısını almaqdan ibarətdir. Qüvvədən düşmüş “Lizinq xidməti haqqında” Qanunda lizinq verənin bu cür hüququ müəyyənləşdirilməmiş, lakin mülki sahədə təşəkkül tapan islahatlar nəticəsində yeni Mülki Məcəllədə lizinq verənin bu hüququ təsbit olunmuşdur. Başqa sözlə, qanunverici də məhz bu boşluğu doldurmaq məqsədi ilə lizinq alanları intizamlandırmaq üçün sonradan lizinq verənin lizinq obyektini geri tələb etmək hüququnu müəyyən etmişdir.

48. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...lizinq verənin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Mülki Məcəllənin 748-12.1 və 748-1.12.4-cü maddələrində qanunverici lizinq verənə (mülkiyyətçiyə) lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək hüququ, lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vermişdir.” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli Qərarı).

49. Məhz Mülki Məcəllənin qeyd edilən normasından və Konstitusiya Məhkəməsinin istinad edilən Qərarından çıxış edərək Ali Məhkəmə hesab etmişdir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır (§ 35 - 37).

50. Bununla belə, bu hüquq mütləq xarakter daşımır və hər bir halda həm mülki hüququn təməl prinsiplərinə, həm də lizinq müqaviləsinin təbiətinə uyğun olaraq həyata keçirilməlidir.

51. Belə ki, lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə, lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 12 yanvar tarixli Qərarı). Eyni zamanda “...lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır.” ( “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 28 dekabr tarixli Qərarı).

52. Göründüyü kimi lizinq müqaviləsinin fərqləndirici xüsusiyyəti və mülki hüquq münasibətlərində cəlbediciliyi məhz lizinq alanın sonradan lizinq obyektini satınalma hüququnun olmasıdır.

53. Lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq məbləği tam olaraq tutulduğu halda, lizinq obyektinin dəyəri artıq tutulmuş olur, bu halda isə lizinq verən olaraq iddiaçının lizinq obyektinin geri qaytarılmasına dair tələbi onun mənafeyindən kənara çıxan tələb hesab olunur və onun bu tələbi irəli sürməsi yolverilən hesab edilmir. Bu baxımdan, lizinq müqaviləsi üzrə bütün lizinq müddəti ərzində ödənilməli olan lizinq məbləği tutulduğundan (bir hissə isə artıq ödənildiyindən) lizinq obyektinin geri qaytarılmasına dair tələbin təmin olunmasının maddi hüquqi əsası ola bilməz.1

54. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı müqavilənin ləğvi tələbini irəli sürmədən, lizinq obyektinin faktiki istifadə edildiyi vaxtadək deyil, bütövlükdə lizinq obyektinin dəyəri üçün ödənilməli olan borcu tələb etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin lizinq obyektinin geri qaytarılmasının təmin edilməməsi hissəsində gəldiyi nəticə tərəflər arasında

1 Ali Məhkəmə, İş № 2(102)-2705/2023 (https://sc.supremecourt.gov.az/storage/Mulki/2023/2_2705+11.07.2023.pdf) (§ 82 – 83) bağlanmış müqavilənin 12.1.3-cü bəndinə (§ 4) uyğun olmuş, Mülki Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbləri pozulmamışdır.2

55. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-720/2025 saylı iş üzrə 17 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən İddiaçı BOKT MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

2 Ali Məhkəmə, İş № 2-2(102)-414/2024, (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_414+18.09.2024.pdf) (§ 39)

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar