Məhkəmə qərarları › İş №2-2(103)-534/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-534/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-534/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2-2(113)-2223/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC Cavabdeh qarşı müqavilə tələbi üzrə 19581,3 manat borcun, 5866,3 manat cərimənin, ilkin mediasiya üçün 200 manat borcun cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2-2(113)-2223/2022 saylı qərardadı ilə iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2-2(113)-2223/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ********** saylı, 26 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1, 2, 3 saylı əlavələrinin hamısının preambulasında müqavilənin icra yeri Bakı şəhəri göstərilmişdir. Belə ki, iddiaçı Bakı şəhərində yaşayır. Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 02/375 saylı, 18.02.2022-ci il tarixli məktubuna əsasən Cavabdeh Raqib oğlu ünvan 1 ünvanında məskunlaşmışdır. Bakı şəhər, Sabunçu rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yük-nəqliyyat qaimələrində də məhsulun çatdırılma yeri Sabunçu rayonu göstərilmişdir. Şirkətləri də Bakı şəhərinin bir rayonundan digər rayonuna mal göndərmişdir. Göründüyü kimi həm alqı-satqı müqaviləsinə, həm yüknəqliyyat qaimələrinə, həm də real faktlara görə müqavilənin icra yeri Bakı şəhəri olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2-2(113)-2223/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli e-2-2(113)- 2223/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə olunmuş EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh Ağdam rayonu, Güllücə kəndində rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Ağdam rayonu Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olmadığına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayəti ərizəsində iddiaçı qeyd edir ki, hazırkı halda işə MPM-in 36.11-ci maddəsinə əsasən, müqavilənin icra yerinə görə Bakı şəhərində baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Şikayət ərizəsinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə müqavilənin icrası yeri müəyyən olunmadığından və müqavilənin 5.1-ci bəndinə əsasən müqavilənin icra yeri (malın qəbul məntəqəsi) alıcının verdiyi sifarişdən asılı olduğundan (sifarişə əsasən dəyişə biləcəyindən) hazırkı halda işin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən MPM-in 36.11-ci maddəsi tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli e-2-2(113)-2223/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli e-2-2(113)-2223/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar