Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-534/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)- 1002/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə 435 nömrəli alqısatqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə sifariş olunmuş malları satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilə üzrə cavabdehə ümumi dəyəri ƏDV daxil 1.124.390,80 manat olan mallar satılmış, cavabdeh tərəfindən ƏDV daxil 727500,95 manat (614588,10+112912,85 ƏDV) ödəniş edilmiş, iddiaçı tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli EBBJ 097421 saylı, xx.xx.2021-ci il tarixli EBBK 357830 saylı, xx.xx.2021-ci il tarixli EBBK 767492 saylı, xx.xx.2021-ci il tarixli EBBK 943228 saylı, xx.xx.2021-ci il tarixli EBBL 783350 saylı və xx.xx.2021-ci il tarixli EBBM 880104 saylı elektron qaimələr üzrə ümumilikdə ƏDV daxil 396889,89 manat ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfindən tərtib edilərək imzalanması üçün cavabdehə göndərilmiş üzləşmə aktından görünür ki, cavabdeh tərəfindən 2021-ci ilin dekabr ayında həyata keçirilmiş ödənişlər hesabına xx.xx.2021-ci il tarixli EBBJ 097421 saylı elektron qaimə üzrə borc qismən ödənilmişdir.
3. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqaviləyə əsasən iddiaçının hesabına ümumilikdə ƏDV-siz 614588,10 manat ödəniş həyata keçirilmişdir.
4. ƏDV depozit hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən ümumilikdə 112913 manat iddiaçının ƏDV depozit hesabına ödəniş həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 396889,89 manat məbləğində borc, 19833,72 manat gecikdirilmiş icra üçün faiz olmaqla, cəmi 416723,61 manat məbləğində pulun, mediasiya prosesi üçün ödənilmiş 400 manatın və iddia qaldırmaq üçün ödənilmiş 307 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020- ci il tarixdə 435 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən “satıcı” “alıcıya” sifariş olunmuş malları satır, “alcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar elektron qaimə faktura, vergi hesab fakturası və s. əsasında “alıcı”ya təhvil verilir. Qeyd olunan müqavilənin 5.4-cü maddəsinə əsasən “alıcı”, hazırkı müqaviləninin 1-ci əlavəsində nəzərdə tutulmuş müqavilə qiymətini “satıcı”nın “malı” və ya “malları” alıcının ünvanına çatdırmasından, boşaldılmasında və malın təhvil-təslimindən sonra 30 təqvim gününə qədər satıcının hesabına tam həcmdə ödəmək öhdəliyi götürür. Həmçinin müqavilənin 3.4.2-ci bəndinə əsasən malın qiymətini bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada “Satıcı”ya ödəmək “Alıcı”nın vəzifəsidir. Müqavilənin 6.3-cü və 7.1-ci bəndlərinə əsasən müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri tam icra edənədək qüvvədədir. Müqavilənin 7.3-cü bəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. İddiaçı tərəfindən müqavilə imzalandığı tarixdən cavabdehə 1124390,80 manat (952873.61 manat əsas məbləğ+171517.19 manat ƏDV məbləği) dəyərində mallar satılmış, cavabdeh tərəfindən isə 614588,10 manat əsas məbləğ, 112912,85 manat ƏDV məbləği olmaqla cəmi 727500,95 manat ödəniş edilmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında bank köçürmələrinə dair hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına cəmi 614588.10 manat pul köçürülmüşdür. Həmçinin iddiaçı və cavabdeh arasında olan ƏDV depozit hesabından çıxarışdan görünür ki, cavabdehin ƏDV depozit hesabından cavabdehin ƏDV depozit hesabına cəmi 112912,85 manat pul köçürülmüşdür. 2021-ci ilin sentyabr ayından dekabr ayınadək cavabdehə təqdim olunmuş və onun tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli EBBJ 097421 saylı, xx.xx.2021-ci il tarixli EBBK 357830 saylı, xx.xx.2021-ci il tarixli EBBK 767492 saylı, xx.xx.2021-ci il tarixli EBBK 943228 saylı, xx.xx.2021-ci il tarixli EBBL 783350 saylı və xx.xx.2021-ci il tarixli EBBM 880104 saylı elektron qaimələr üzrə 338285.51 manat əsas borc və 58604.38 ƏDV məbləği bugünədək ödənilməmişdir. Cavabdehin məhkəməyə müraciət edildiyi günə kimi gecikdirdiyi 396889,89 manat məbləğində borcun, bir illik faiz dərəcəsi 19833,72 manat təşkil edir. Belə ki, ödənişi edilməyən sonuncu elektron qaimənin tarixi xx.xx.2021-ci ildir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1002/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir.
8. Məhkəmə sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 435 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə sifariş olunmuş malları satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ümumilikdə 1124390,80 manat dəyərində mal cavabdehə satılmış, cavabdeh isə malın dəyərindən 727500.95 manat ödəniş etmiş, qalan 396889,89 manat borcu ödəməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan müqavilə, elektron qaiməfakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 727500,95 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
10. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad edərək pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 19833,72 manat faiz tutulması hissəsində də iddianı əsaslı hesab etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1002/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli EBBJ 097421 saylı, xx.xx.2021-ci il tarixli EBBK 357830 saylı, xx.xx.2021-ci il tarixli EBBK 767492 saylı, xx.xx.2021-ci il tarixli EBBK 943228 saylı, xx.xx.2021-ci il tarixli EBBL 783350 saylı və xx.xx.2021-ci il tarixli EBBM 880104 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 451881,26 manat dəyərində malın təqdim edilməsi ilə bağlı elektron qaimə cavabdehə təqdim edilmişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən müqaviləyə əsasən iddiaçının hesabına ümumilikdə 614588,10 manat ödəniş həyata keçirilmişdir. ƏDV depozit hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən ümumilikdə 112913 manat iddiaçının ƏDV depozit hesabına ödəniş həyata keçirilmişdir. Belə olan halda iddiaçının cavabdehə aldığı malların dəyərindən daha çox vəsait ödəmiş olmuş olduğu, heç bir borcunun olmadığı müəyyən olunur, yəni məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçı tərəfindən elektron qaimələr əsasında cavabdehə ümumilikdə cəmi 451881,26 manat dəyərində mal təqdim edilmiş, cavabdeh isə öz növbəsində 614588,10 manat (ƏDV-siz) məbləği iddiaçının hesabına ödəmişdir. Bundan əlavə, qətnamənin əsaslandırıcı hissəsində daha sonra göstərilmişdir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020- ci il tarixdə 435 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə sifariş olunmuş malları satmağı, cavabdeh isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ümumilikdə 1124390,80 manat dəyərində mal cavabdehə satılmış, cavabdeh isə malın dəyərindən 727500,95 manat ödəniş etmiş, qalan 396889,89 manat borcu ödəməmişdir. Məhkəmə qətnaməsində qeyd olunan bu ziddiyyətləri aydınlaşdırmamış, 1124390.80 manat dəyərində malların nəyə əsasən cavabdehə satıldığını təsdiq edən sənədləri, həmin malların cavabdehə satılmasını təsdiq edən hansı sənədlərin olduğunu göstərməmiş, iş üzrə xüsusi bilik tələb etdiyi halda müvafiq ekspertiza keçirmədən öz mülahizələrinə əsasən iddianı təmin etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
15. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 398.1-ci maddə-müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddə-alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə-əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-cü maddə-əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.1-ci maddə-alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1002/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin sübutlar əsasında müəyyən edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 435 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə satılmış ƏDV daxil 727500,95 manat dəyərində müxtəlif tikinti materiallarının dəyəri ödənilmişdir. Dəyəri ödənilmiş malların təhvil verildiyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, birinci instansiya məhkəməsinə iddia ilə bağlı hər hansı etiraz bildirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, alqı-satqı müqaviləsində malların qiymətlərinin razılaşdırma protokolunun tərtib edilməsi nəzərdə tutulsa da, tərəflər arasında belə bir protokol tərtib edilməmiş, cavabdehlə malların qiyməti şifahi razılaşdırıldıqdan sonra elektron qaimə təqdim edilmiş, cavabdeh ödəniş edərkən həmin qaimədəki qiymətlərə etiraz bildirilməmişdir.
19. Cavabdeh əksini sübut edə bilmədiyindən müəyyən olunur ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə görə satılan malın qiyməti şifahi razılaşdırılmış və yalnız alıcıya göndərilmiş elektron qaimələrdə öz əksini tapmışdır.
20. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh qiymətlərin razılaşdırma protokolu olmadan hal-hazıradək ona təqdim edilmiş elektron qaimələrdəki qiymətlər əsasında ödəniş həyata keçirdiyindən, eyni zamanda ödəniş etmədiyi elektron qaimələr üzrə malları təhvil alarkən qaimələrdə öz əksini tapmış qiymətlərə etiraz bildirmədiyindən satılmış malların dəyərinin bazar qiymətləri ilə müəyyənləşdirilməsi üçün iş üzrə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilməsi barədə cavabdehin vəkilinin vəsatəti əsassızdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, MM-nin 390.1-ci maddəsinə əsasən (müqavilə azadlığı prinsipi) satılan malın qiymətini təyin etmək hüququ satıcıya aid olduğundan alıcı malı təhvil aldıqdan sonra onun dəyərini satıcının təqdim etdiyi qaimədəki qiymətlə ödəməyə borcludur. (MM-nin 398.1, 597.1-ci maddələri).
21. İşdəki iddiaçı tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən təsdiq edilməmiş üzləşmə aktından görünür ki, ümumi dəyəri ƏDV daxil 451881,26 manat dəyərində olan malın təqdim edilməsi ilə bağlı aşağıdakı elektron qaimələr cavabdehə göndərilsə də (sistem tərəfindən təsdiq edilmiş), ƏDV daxil 396889,89 manat ödəniş həyata keçirilməmişdir: -xx.xx.2021-ci il tarixli EBBJ 097421 saylı, malın dəyəri ƏDV daxil 213820,74 manat, (bu qaimə üzrə qismən ödəniş edilmiş, qalıq borc ƏDV daxil 158829,37 manat borc qalmışdır) - xx.xx.2021-ci il tarixli EBBK 357830 saylı, malın dəyəri ƏDV daxil 111491,25 manat, -xx.xx.2021-ci il tarixli EBBK 767492 saylı, malın dəyəri ƏDV daxil 15452,10 manat, -xx.xx.2021-ci il tarixli EBBK 943228 saylı, malın dəyəri ƏDV daxil dəyəri 17629,20 manat, -xx.xx.2021-ci il tarixli EBBL 783350 saylı, malın dəyəri ƏDV daxil 39726,53 manat, - xx.xx.2021-ci il tarixli EBBM 880104 saylı, malın dəyəri ƏDV daxil 53761,44 manat.
22. Cavabdehin apellyasiya şikayətinin məzmunundan və apellyasiya instansiyası mərhələsində verdiyi vəsatətlərdən aydın olur ki, cavabdeh müqavilə üzrə təhvil verilmiş malların dəyərini və ödənilmiş məbləğin cəmi ƏDV daxil 727500,95 manat olduğunu mübahisələndirmir.
23. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, xx.xx.2021-ci il tarixli EBBJ 097421 saylı, xx.xx.2021-ci il tarixli EBBK 357830 saylı, xx.xx.2021-ci il tarixli EBBK 767492 saylı, xx.xx.2021-ci il tarixli EBBK 943228 saylı, xx.xx.2021-ci il tarixli EBBL 783350 saylı və xx.xx.2021-ci il tarixli EBBM 880104 saylı elektron qaimələr üzrə təhvil verilmiş malların dəyəri cəmi ƏDV daxil 451881,26 manat olduğundan cavabdeh ƏDV daxil 727.500,95 manat ödəniş etməklə bütün borcu ödəmiş, hətta artıq ödəmə etmişdir.
24. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ödəniş edilmiş elektron qaimələri də məhkəməyə təqdim etmiş, həmin qaimələr üzrə hesablama aparılaraq cavabdehə təqdim edilmiş malların dəyərinin ümümilikdə 1.124.390,80 manat olduğu müəyyən edilmişdir.
25. Cavabdeh iddia ərizəsində istinad edilmiş elektron qaimələr üzrə ödənişlərin həyata keçirildiyinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən cavabdehin apellyasiya şikayəti əsassız hesab edilir. Belə ki, MM-nin 432.3-cü maddəsinə əsasən əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. İddiaçının bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən ödənişlər konkret elektron qaimələrə istinad edilməklə həyata keçirilmiş, yəni borclu hansı qaimələr üzrə ödəniş etdiyini özü seçmişdir. Hesabdan çıxarışa əsasən yalnız 2021-ci ilin dekabr ayında həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyindən həmin ödənişlər iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli EBBJ 097421 saylı elektron qaimə üzrə borcdan silinmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi digər elektron qaimələr üzrə ödənişlər edildiyi hesabdan çıxarışda öz əksini tapmamışdır.
26. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı halda cavabdeh iddia ərizəsinə əlavə edilmiş qaimələr üzrə borcun tam ödənildiyinə dair sübutlar təqdim etmədiyindən əsas borcla bağlı hissədə, o cümlədən pul öhdəliyinin icrasının təmin edilməməsinə görə sonuncu qaimənin göndərildiyi tarixdən sonrakı bir illik müddət üçün MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması barədə iddiaçının tələbi əsaslıdır. Məhkəmə 396889,89 manat əsas borcun bir il üçün 5 faizinin sadə riyazi hesablama ilə (396889,89/100x5) hesablanmasının mümkün olduğunu nəzərə alaraq faiz borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə cavabdehin vəkili tərəfindən verilmiş vəsatəti əsassız hesab edərək təmin etməmişdir. MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
27. Eyni zamanda məhkəmə qeyd edir ki, 396889,89 manat əsas borcun 5 faizi 19844,4 manat təşkil etdiyi halda, iddiaçı 19883,72 manat faiz tələb etdiyindən faiz borcunun artıq hesablandığı müəyyən olunmur.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1002/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1002/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.