Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-537/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 17.03.2022-ci il tarixli, 2-2(113)-620/2022 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 1.243,00 manat gecikdirilmiş borc və hesablanmış 1,067.02 manat cərimə borcu, 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 208.00 manat gecikdirilmiş borc və 215.94 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 2,733.96 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 3,183.96 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.03.2022-ci il tarixli, 2-2(113)-620/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 1243 manat gecikdirilmiş borc və 50 manat cərimə, 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 208 manat gecikdirilmiş borc və 10 manat cərimə, mediasiya xərci üzrə 75,71 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat, cəmi 1686,71 manat pulun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin hüquqi yardım və mediasiya xərci ilə bağlı qismən təmin edilən hissəsində ləğv edilərək, iddianın həmin hissələrdə tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 121.1-ci maddəsində göstərilən məbləğin “ağlabatan”lığı ifadəsi qiymətləndirərkən yalnızca iddianın təmin olunmuş qiymətinin nəzərə alınması absurddur. Çünki hazırkı işdə də olduğu kimi cavabdeh tərəf iş məhkəmənin icraatına qəbul olunduqdan sonra iddianı tamamilə və ya onun bir qismini könüllü icra edə bilər və beləliklə iddianın qiyməti azala bilər. Bu halda, baxmayaraq ki, hüquqi yardımla əlaqədar olaraq vəkil tərəfindən iş üzrə eyni vaxt və zəhmət sərf olunmuşdur, lakin iddianın qiyməti iddiaçıdan asılı olmayan səbəblərdən azaldığından hüquqi yardıma görə çəkdiyi xərclərin kompensasiya olunan hissəsi də müvafiq həcmdə azalmış olur. Buna görə də məbləğin ağlabatanlığı qiymətləndirilərkən iddianın qiyməti ilə yanaşı, mövcud bazar qiymətləri, hazırkı mübahisə ilə oxşar olan mübahisələrdə hüquqi yardıma görə adətən müəyyən olunan məbləğ, işin çətinliyi, hüquqi yardımın tam və layiqincə göstərilməsi və s. hallar da nəzərə alınmalıdır. Vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də 6.333,85 manat pul tələbi ilə bağlı işə görə 350 manat pul ödənilmişdir. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlılığına hüquqi qiymət verərkən vəkilin məhkəmə iclasında iştirakını və iddianın təmin edilmiş hissəsini əsas götürməsi məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən tələb olunan mediasiya xərcini də qismən təmin etmişdir. Məhkəmə qanunvericilik normalarını yanlış tövsif etməklə “mediasiya xərci” ilə “məhkəmə xərci” anlayışlarını eyniləşdirmiş və mediasiya prosesi ilə bağlı çəkilmiş xərclərin hesablanması(bölüşdürülməsi) zamanı məhkəmə xərci kimi dövlət rüsumunun bölüşdürülməsi qaydasını tətbiq etmişdir. Məhkəmə Dövlət rüsumu haqqında” Qanunun 9.1- 1-ci maddəsini yanlış tövsif etmiş və beləliklə əsassız qərar qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılması 01.06.2022-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17.03.2022-ci il tarixli, 2-2(113)-620/2022 nömrəli qətnaməsi hüquqi xidmət və mediasiya xərci ilə bağlı hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə hüquqi xidmət xərci olaraq 350 manat, mediasiya xərci olaraq 100 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə hüquqi xidmət xərci və mediasiya xərci ilə bağlı iddianın təmin olunmadığı hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İş materiallarında olan “Məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə” 27.05.2021-ci il tarixli sazişdən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında məhkəmə hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 20.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Vəkil hesabına hüquqi xidmət haqqına görə 030921 nömrəli müqaviləyə əsasən 350 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsi hüquqi xidmət xərci ilə bağlı hissədə iddianı qismən-100 manat məbləğində təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, MPM-in 121.1-ci maddəsinin tələblərini, iddianın təmin edilmiş hissəsini və vəkillə müqavilə bağlansa da, vəkilin məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 350 manat məbləğin 100 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia tam və ya qismən təmin edildiyi təqdirdə hüquqi yardımla bağlı xərclər ödənilmiş iddia tələbinin məbləğindən asılı olmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1.-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi yardımla bağlı xərclər tələb edilərkən məhkəmə həmin xərclərin həqiqətən ödənilməsi barədə sübut olub-olmadığını araşdırmalı və çəkilən xərcin baxılan işin mürəkkəbliyindən və göstərilmiş hüquqi xidmətin həcmindən asılı olaraq ağlabatan məbləğ olub-olmadığına hüquqi qiymət verməlidir. Hazırkı halda iddiaçı tərəfindən vəkilə hüquqi xidmətlərə görə 350 manat ödəniş edilməsi barədə işdə sübut olduğundan və ödənişin məbləği ağlabatan olduğundan qətnamə hüquqi xidmət xərci ilə bağlı hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə 350 manat hüquqi xidmət xərci tutulmalıdır. Birinci instansiya məhkəməsi mediasiya xərci ilə bağlı hissədə iddianı qismən-75,71 manat məbləğində təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə məhkəmə xərcləri MPM-nin 119.2-ci maddəsinin tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 100 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 50,84 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 52,23 faizini təşkil etdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mediasiya xərcinə görə 75,71 manat (100 manat (mediasiya xərci) – 24,29 manat (dövlət rüsumunun cavabdehdən tutulmamalı olan hissəsi) = 75,71 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3.-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərcləri işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğundan, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğundan və Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsi məhkəməyə müqavilə şərtlərinin pozulmasından irəli gələn mübahisələr üzrə məhkəmə xərclərini işin nəticəsindən (iddianın tam və ya qismən təmin edilməsindən) asılı olmayaraq müəyyən etmək və cavabdehdən tutmaq hüququ verdiyindən qətnamə mediasiya xərci ilə bağlı hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə 100 manat mediasiya xərci tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 17.03.2022-ci il tarixli, 2-2(113)-620/2022 nömrəli qətnaməsi hüquqi xidmət və mediasiya xərci ilə bağlı hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə hüquqi xidmət xərci olaraq 350 manat, mediasiya xərci olaraq 100 manat pul tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 17.03.2022-ci il tarixli, 2-2(113)-620/2022 nömrəli qətnaməsi hüquqi xidmət və mediasiya xərci ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh X2 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə hüquqi xidmət xərci olaraq 350 manat, mediasiya xərci olaraq 100 manat pul tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-537/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-537/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver