Məhkəmə qərarları › İş №2-2(103)-538/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-538/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-538/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-406/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İ. İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2 477,00 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə məhkəməyə müraciət edilənədək əsas borcun illik 5 faizi miqdarında pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh (alıcı) ilə iddiaçı (sələfi “X3” MMC (satıcı)) arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı müəssisənin istehsal etdiyi malları satmağı, alıcı isə onları qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyini tam icra etsə də, cavabdeh öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 2.477 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. “02” mart 2017-ci il tarixli, iki tərəfin imzaladıqları hesablaşmaların qarşılıqlı üzləşdirilməsi aktına əsasən cavabdehin 2.477 manat məbləğində borcu olduğu müəyyən edilsə də indiyə kimi dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabsız qoymuş heç bir ödəniş edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-406/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosesual hüquq normalarının pozulmasına yol vermiş, işin həqiqi hallarını hərtərəfli araşdırmamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında alqısatqı münasibətlərinin olmasını inkar edir. Lakin onun izahatlarına və video çəkilişlərinə baxıldıqda cavabdeh alqı-satqının mövcudluğuna dair heç bir inkaredici ifadə işlətməmiş, əksinə uzun illər müəssisə lə alqı-satqı münasibətlərinin olmasını etiraf etmişdir. Cavabdeh 2012-ci ildən 2017-ci ilədək müəssisə ilə alqı-satqı etdiyini bildirmişdir. Lakin məhkəmə bu xüsusatı nəzərə almamışdır. Hətta alqı-satqının baş tutmasına dair heç bir əsas olmasa belə cavabdehin özü bunu etiraf etməklə artıq öz təsdiqini tapmış olur və bu zaman alınan malların dəyərinin ödənilməsinə dair sübutetmə yükü cavabdehə keçir. Cavabdeh məhkəməyə heç bir ödəniş qəbzi təqdim edə bilməmişdir. Digər tərəfdən xx.xx.2017-ci il tarixli üzləşmə aktında “müştəri” qrafasında qeyd olunan 2477 rəqəmi və müşəri tərəfindən qrafasında “imza”, “ad”, soyad”, “mağaza”, “Q.Qarayev”, “Əmircan Q-si” əlyazmaları cavabdeh tərəfindən icra edilmiş, lakin ekspertiza yalnız imza, ad və soyadı” tədqiq edərək qiymətləndirmiş, digər yazılar barəsində isə ümumiyyətlə heç bir tədqiqat aparılmamışdır. Ekspert rəyi yarımçıq verilmiş, yazılar tam tədqiq olunmamışdır. Cavabdeh ifadəsində bildirir ki, latın qrafiekası ilə yazmağı bacarmır. Aktda da yazılar “Kirill” əlifbası ilə yazılmışdır. Həmin aktı imzalamış müəssisənin audit-təftiş şöbəsinin əməkdaşı Ayaz Kamallı da şahid ifadləsində müştəri ilə müəssisənin alqı-satıq münasibətlərini cavabdehin borcunu onun iştirakı ilə təsdiq etməsini və imzalanmasını məhkəməyə bildirmişdir. Cavabdehin izahatı və alqı-satqını etiraf etməsi, həmçinin şahidin ifadəsi malların alıcıya təhvil verilməsini sübut edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Bağırlı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh onunla razılaşmamış, iddiaçıya heç bir borcunun olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, alqı-satqı müqaviləsi o halda baş tutur ki, satıcı əşyanı alıcının mülkiyyətinə verir, sonuncu isə onu qəbul dərək dəyərini ödəyir. Konkret halda hazırkı mübahisənin qeyd olunan faktiki hallarından göründüyü kimi, satıcı qismində çıxış edən iddiaçı cavabdehə mallar verdiyini iddia edir. Belə olan halda, Mülki Məcəllənin qeyd olunan 567-ci maddəsinin tələbi baxımından iddiaçı 2 477,00 manat məbləğində əşyanı (malı) cavabdeh alıcıya verməsini sübut etməlidir. Lakin iş materiallarına əsasən onun qeyd olunan dəyərdə malı cavabdeh alıcıya verdiyini təsdiq edə bilən birbaşa sübutları mövcud deyil. İddia tələbinin əsası kimi istinad etdiyi sübutlar isə - ilk öncə xx.xx.2017-ci il tarixli üzləşmə aktı və sonra həmin aktı imzalayan, müəssisinin audit-təftiş şöbəsinin əməkdaşı Ayaz Kamallının məhkəməyə verdiyi şahid ifadəsindən ibarətdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin həmin iddiaçının istinad etdiyi üzləşmə aktına etirazı və həmin aktdakı onun adı qarşısındkı imzanın ona məxsus olmadığını mübahisələndirməsi nəzərə alınaraq, həmin imzanın cavabdeh tərəfindən icra edildiyini müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Təyin olunmuş ekspertiza üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 32062 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “X5” MMC ilə müştəri Cavabdeh adlarından olan x xxxx 2017-ci il tarixli üzləşdirmə aktında “Müştəri tərəfindən” hissəsində “İmza”: qrafasındakı imza və yazılar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyində gəlinən nəticənin həqiqliyini qəbul edir. Əslində, həmin üzləşmə aktındakı müştərinin imzası ilə cavabdehin iş materiallarında olan imzalarına baxış keçirildikdə, onların bir-birindən müqayəsəyə gəlinməz dərəcədə fərqli olduğu adi gözlə də müşahidə olunur. Beləliklə də x xxxx 2017-ci il tarixli üzləşdirmə aktında “Müştəri tərəfindən” hissəsində imzanın cavabdehə məxsus olmadığı halda, həmin aktın mətnində təsbit olunan məlumatların, həmin mətndə olan yazıların kim tərəfindən yazılmasından asılı olmayaraq, cavabdehə aidiyyəti müəyyən oluna bilməz. Çünki, həmin mətnin altındakı imza cavabdehə məxsus olduğu təqdirdə yalnız, mətndə ifadə olunan qalıq borcun ona məxsusluğundan söhbət gedə bilər. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, üzləşmə aktı heç də borcun etirafı barədə müqavilənin mahiyyətini özündə əks etdirmir. Çünki, Mülki Məcəllənin 882.1ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qeyd olunan üzləşmə aktından isə göründüyü kimi, onda təsbit olunan qalıq borcun hansı öhdəliyə əsaslandığı və müştərinin həmin öhdəliyi yerinə yetirməyi öhdəsinə götürməsi barədə müddəa mövcud deyil. Bu baxımdan həmin aktın borcun etirafı barədə müqavilə kimi qiymətləndirilməsi istisna olunur. İş üzrə, üzləşmə aktını imzlayan, müəssisənin audit-təftiş şöbəsinin əməkdaşı Ayaz Kamallının şahid ifadəsinə diqqət yetirildikdə isə birincisi, onun ifadəsində 2477 manat dəyərində malın cavabdehə verilməsində iştirak etdiyi yer almamış, sadəcə cavabdehlə əlaqə yaratdığını və ondan borcunu ödəməsini tələb etdiyini bildirir, lakin onun qeyd etdiyi bu halların özü də təsdiqedici sübutlarla əhatə olunmur. Ona görə də onun iadəsində qeyd etdiyi məlumatlar, 2 477 manat dəyrində malın iddiaçı tərəfindən cavabdehə təhviltəslim edilməsini sübuta yetirən məlumatlar kimi qəbul edilə bilməz. İddiaçının apellyasiya şikayətində caabdehin borcunu etiraf etdiyini bildirən dəlillərinə gəldikdə isə, sonuncunun, nə birinci instansiya məhkəməsində verdiyi izahatlarında, nə də ki hazırkı mərhələdə məhkəməyə verdiyi izahatında 2.477 manat dəyrindlə malı iddiaçıdan satın aldığını birbaşa etiraf edən sözləri mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı nə qədər ki 2477 manat məbləğində malı cavabdehə satdığını iddia edir , həmin malı ona təqdim etdiyini sübut etmə vəzifəsi məhz iddiaçı olaraq onun üzərinə düşür. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi, iddiaçı, nə iddia ərizəsində, nə də apellyasiya şikayətində iddia tələbinin əsası kimi istinad etdiyi, 2 477 manat məbləğində malı cavabdehə verdiyini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X4 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd edilməsini faktlar-nöqteyi nəzərindən qanuni və mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Odur ki, MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, həmin qətnamə iddiaçının yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-406/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(113)-406/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar