Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-538/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-533/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.02.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 18.03.2013-cü il tarixli 178-L/13 nömrəli müqavilə üzrə 27040 manat gecikdirilmiş əsas borcun, 40228,86 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 67618,86 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.02.2022-ci il tarixli e-2-2(113)-533/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 18.03.2013-cü il tarixli 178-L/13 nömrəli müqavilə üzrə 27040 manat əsas borcu, 1300 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 28690 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, 292,86 manat məbləğində dövlət rüsumunun 124,23 manat məbləğinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, lizinqə götürdüyü texnika nasaz olmuşdur. Texnikanın geri götürülməsi ilə bağlı iddiaçıya müraciət etsə də, nəticəsi olmamışdır. Onun yaşadığı Tərtər rayonu Əskipara kəndi, həmçinin rayonun özü və digər kəndlər ölkədə gedən vətən müharibəsi zamanı düşmənin ağır artilleriya atəşlərinə məruz qalmış, yaşayış binaları, evlərlə yanaşı rayon infrastrukturu həmçinin kənd təsərrüfatı təyinatlı həm texnika, həm də torpaq sahələri yararsız hala düşmüşdür. Həmin texnika da mərminin qəlpələrindən zədə almışdır. Bundan başqa, onunla bağlanmış lizinq müqaviləsi güzəştə düşməlidir. Belə ki, onun da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.08.2014-cü il tarixli 273 nömrəli qərarına əsasən müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququ olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında 18.03.2013-cü il tarixli 178-L/13 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən lizinq alana kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və onun müqavilə üzrə 27040 manat əsas borcu və 40228,86 manat cərimə borcu qalmışdır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış 27040 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni lizinq müqaviləsinin bağlanılması və müqavilənin bitmə tarixlərini müqayisə edərək, həmçinin əsas borcun məbləğinin və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 1300 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlillərində dair kollegiya qeyd edir ki, lizinqə götürülmüş texnikaların nasaz olması və cavabdehin bununla bağlı iddiaçıya məlumat verməsi hər hansı sübutla təsdiq olunmur. Lizinq obyekti olan texnikanın ağır artilleriya atəşlərinə məruz qalaraq yararsız hala düşməsi ilə bağlı da hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış 18.03.2013-cü il tarixli 178-L/13 nömrəli lizinq müqaviləsinin 7.1 və 7.2-ci bəndlərində isə müəyyən edilmişdir ki, tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Müqavilədən irəli gələn öhdəliklərini bu səbəbə görə yerinə yetirə bilməyən tərəf digər tərəfi həmin hadisəni meydana gəldiyi tarixdən etibarən 5 gün ərzində fors-major şəraitinin meydana gəlməsi ilə başa çatması haqqında məlumatlandırılmalıdır. Lakin cavabdeh texnikanın yuxarıda qeyd olunan səbəblərdən yararsız hala düşməsi ilə əlaqədar öz öhdəliklərini yerinə yetirə bilməməsi ilə bağlı iddiaçıya məlumat verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.08.2014-cü il 273 nömrəli "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Qərarına uyğun olaraq Cavabdeh güzəştin edilib-edilməməsi isə hazırki mübahisənin predmeti deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-533/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 24.02.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-538/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-538/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver