Məhkəmə qərarları › İş №2-2(103)-538/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-538/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-538/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin qanuni nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5700/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 2020- SM/EH-078 nömrəli alqı-satqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən satıcı tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarını satmağı, alıcı isə onları qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2020-ci il tarixli 01 saylı qiymət razılaşma protokoluna əsasən tərəflər malların qiymətləri barədə razılığa gəlmişlər.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4871,18 (dörd min səkkiz yüz yetmiş bir manat on səkkiz qəpik) manat əsas borc və 487,11 (dörd yüz səksən yeddi manat on bir qəpik) manat faiz borcu olmaqla, cəmi 5358,29 (beş min üç yüz əlli səkkiz manat iyirmi doqquz qəpik) manat pulun iddiaçı“X2” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, cavabdeh həmin alqı-satqı müqaviləsi əsasında müəyyən edilmiş şərtlərlə və lazım olan halda müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarını “alıcı”nın mülkiyyətinə vermək öhdəliyini yerinə yetirmiş, “alıcı” isə həmin malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “satıcı”ya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Cavabdehin 4871,18 manat ödənilməmiş borcu qalmışdır.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5700/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən 4871,18 (dörd min səkkiz yüz yetmiş bir manat on səkkiz qəpik) manat əsas borc və 100 manat məbləğində mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şirkət onun adından açılsa da başqa bir şəxs tərəfindən idarə olunmuşdur. İddiaçı da bu barədə məlumatlı olmuşdur. Müqavilə formal olaraq onunla iddiaçı arasında bağlanmış və ödənişlər onun adından getmişdir. Tərəflər arasında bağlanmış müqavilə uydurma əqd olmuşdur. Lakin məhkəmə iclaslarında iştirakları təmin olunmadığından işin halları barədə məhkəməyə məlumat verməmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin qanuni nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

12. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

19. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin imzalanması işin mübahisəsiz halını təşkil edir.

20. Həmçinin iş materiallarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 17.336,37 manat məbləğində malın satılmasına dair EBBK seriyalı 557059 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiqlənmiş, cavabdeh tərəfindən həmin qaiməyə hər hansı düzəliş edilməmiş və etiraz edilməmişdir.

21. Eyni zamanda işdə olan hesabdan çıxarış məlumatlarından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənişlər edilmişdir.

22. İddiaçı MMC tərəfindən təqdim edilmiş, xx.xx.2020-xx.xx.2021 tarixlərini əhatə edən hesabdan çıxarışda da "xxxx" MMC-nin 4.871,18 manat qalıq borcu olduğu qeyd olunmuşdur.

23. Göründüyü kimi, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

24. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən həmin mallara görə ödənilməyən ümumilikdə 4871,18 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

25. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin etirazının qanuni əsasını Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələri təşkil edir. Həmin maddələrə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə mübahisələndirilən müqavilənin uydurma və ya yalan əqd olması təsdiq olunmur. Çünki cavabdeh qeyd olunan halları təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə satılmış malların cavabdehə təhvil verilməsi və sonuncu tərəfindən qismən ödəniş edilməsi sübut edir ki, tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə hazırki iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alan birinci instansiya məhkəməsi işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsində də təsbit olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Təqdim olunmuş malların geri qaytarılması ilə bağlı dəlillər (həmin dəlilləri apellyasiya icraatında cavabdehin nümayəndəsi bildirmişdir) də əsaslı hesab edilmir. Çünki, iddiaçı tərəfindən təqdim olunmuş İddiaçı MMC-nin hesabından çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2021ci il tarixdə məhsulların qaytarılması nəzərə alınmış və ödənilməli olan cəmi borc məbləğindən çıxılmışdır.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5700/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar