Məhkəmə qərarları › İş №2-2(103)-538/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-538/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-538/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “işgüzar nüfuzun müdafiəsi, yalan məlumatın təkzib edilməsi və səhifədən silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-849/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin xəbər saytının üzərinə 14 yanvar 2023-cü il tarixli yayımında “Bakıda qadın həkimin film kimi fırıldaq əməli. Məşhur hospitalda şok dələduzluq” başlığı altında yazılan yazının səhifədən tamamilə silinməsi və məlumatın təkzib edilməsi, eləcə də mənbə kimi bu yazıdan istifadə edərək yayımlar etmiş digər saytların səhifəsindən yazının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, cavabdeh "xxxx" MMC 14 yanvar 2023- cü il tarixli yayımında “Bakıda qadın həkimin film kimi fırıldaq əməli. Məşhur hospitalda şok dələduzluq” başlığı altında yazı yayımlanmış və bu yazını mənbə olaraq götürməklə “zamantv.az” “mediabiz.az” “korrupsiyaxeber.info” “tereqqi.az” “ictimailider.az” “aymediacompany.az” “zirvəyolu.info” eyni yazını ölkə üzrə yayımlamış və bu yazı ilə iddiaçının işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, “Globalinfo.az” saytı hər hansı mövqe və araşdırma aparmadan yanlış və yalan məlumatı ötürmüş, klinikanı antireklam etmiş və ictimai mənfi fikir formalaşdırmağa nail olmuşdur. Halbuki mətndə adı qeyd edilən X6 2021-ci ildə ümumiyyətlə həmin klinikada işləməmiş və xx.xx.2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Ona görə də, həmin vaxtdan sonra onun klinikada oturması, işləməsi və kimlərləsə görüş keçirməsi mümkünsüz idi. Eləcə də, bu barədə saytın redaktoru +994 70 214 04 33 nömrəsi ilə əlaqə saxlanan zaman cavab verən Azər adlı şəxslə iddiaçının nümayəndəsi vasitəsilə müraciət edərək gecə saatlarında, yəni hələ digər saytlar məlumatı yaymamış məlumatların səhv olmasını və sübutu “Whatsapp” nömrəsinə göndərərək bu mövzunu müzakirə edib yazının silinməsini xahiş etsə də, bu günə kimi yanlış məlumatlar əsasında yazılmış həmin yazı silinməmiş və nəticədə ölkədə onlarla saytlar mənbə olaraq həmin yazıdan bəhrələrənək klinikanın kütləvi şəkildə cəmiyyətin ictimai qınağına çevrilməsinə şərait yaradılmışdır. Nəticədə klinikanın işgüzar nüfuzu ləkələnmiş, xəstələrin klinikadan imtina etməsinə və klinikaya maddi ziyan vurulmasına səbəb olmuşdur.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, hüquqi şəxslərin şərəfi və ləyaqəti olmur, hüquqi şəxslərin işgüzar nüfuzu ola bilər. İddiaçı tərəf məhkəmə baxışında məqalədən sonra klinikaya müraciət edənlərin sayının azaldığını qeyd etsə də, müvafiq vergi dövrü hesabatlarını təqdim etməmiş və buna görə də müraciət edənlərin sayının azalması barədə öz mülahizəsini heç bir sübutlarla əsaslandırmamışdır. Qeyd edilən məqalə məhkəmə prosesi barədə məqalədir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, İş № 1(101)- 358/2023 saylı hökmü ilə müəyyən olunmuşdur ki, X6 qabaqcadan əlbir olan bir qrup şəxslə X7 vəzifəli şəxslər arasında olan yaxın tanışları vasitəsilə 105.000 manat müqabilində övladı X3 daxili işlər orqanlarında təhqiqatçı vəzifəsinə, kürəkəni X8 isə 100.000 manat müqabilində Bakı şəhəri Nizami və ya Xətai rayonları üzrə Rabitə qovşağının rəisi vəzifəsinə təyin etdirmək, əri X1 məhkumluğunun 30.000 manat müqabilində Daxili İşlər Nazirliyinin bazasından çıxarması imkanı olması barədə yalan məlumat vermiş, onu inandırmış və Rəfiqə Seyidovanın, oğlunun işə düzəldilməsi üçün ona 2020-ci ilin noyabr ayının 16-17 tarixlərində ünvan 1 ünvanında yerləşən «Milan» hospitalında ilkin olaraq 25000 manat, 2021-ci ilin mart ayının 15-16 tarixlərində 75000 manat, mart ayının 28-də 5000 manatı həmin ünvanda, kürəkəni X11 qovşağına rəis təyin edilməsi üçün 2021-ci ilin aprel ayının 25-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında 50.000 manat, 2021-ci ilin may ayının 6-da Nərimanov rayonu ərazisində 1 saylı «Asan» xidmətin qarşısında 50.000 manat, tanışı Samir Hüseyngil isə Könül Abbasovanın tapşırığı ilə X1 Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya idarəsində məhkumluğunun olmaması və hazırda olmadığı barədə qanınsuz hazırlanmış 366-1862- 3-3249 nömrəli, xx.xx.2021-ci il tarixli rəsmi sənəd - arayış əldə edib həmin sənədi Rəfiqə Seyidovaya və Fətulla Seyidova göstərməklə və fotoşəklini telefonu vasitəsilə göndərməklə saxta sənəddən istifadə edib inandırmış və buna görə 2021-ci ilin may ayının 8-də Rəfiqə Seyidovanın yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 52 mənzil 43-də 30.000 manat verməsinə nail olmuş, lakin aldatmış özgənin, yəni, Rəfiqə Seyidovanın vahid niyyətlə törədilən qəsdlə cəmi 235.000 manatını ələ keçirib, digəri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş Rəfiqə Seyidovaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən hökmdən görünür ki, dələduzluq hadisəsinin Milana Hospitalda baş verməsi həmin vaxt X12 Hospitalda işləməsi tam təsdiqini tapmışdır. İddiaçı qeyd edir ki, Abbasova Könül öz ərizəsi ilə işdən azad edilmişdir. Məhz məqalədə də göstərilmişdir ki, dələduzluq hadisəsi 2021-ci ilin yanvar ayına qədər baş vermişdir. Beləliklə müəyyən edilir ki, məqalədə göstərilənlər yəni X12 Hospitalda dələduzluq etməsi, yəni dələduzluq əməlinin Milana Hospitalda edilməsi cinayət işi üzrə hökmlə təsdiq edilmişdir. Göstərilənlərdən məlum olur ki, www.globalinfo.az internet media resursunda yayımlanmış məqalədə göstərilənlər məhkəmənin hökmündə öz təsdiqini tapmışdır. Ona görə də, hazrıkı mübahisələndirilən məqalədə yayılan məlumatlar həqiqət olduğundan və cavabdeh həmin məqalədə göstərilənlərin məhkəmə hökmü ilə təsdiq edildiyini, yayılanların həqiqət olduğunu sübut etdiyindən hazırkı hal MM-nin 23-cü maddəsinin təsiri altına düşmür. Ona görə ki, cavabdeh məqalədə göstərilənlərin həqiqət olduğunu məhkəmə hökmünü təqdim etməklə sübut etmişdir. İfadə azadlığı ilə bağlı işə baxarkən məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının ifadə azadlığı ilə bağlı olan müddəalarını, o cümlədən 47 və 50ci maddələrini, Avropa Konvensiyasının 10-cu maddəsini və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu tətbiq etməyə borcludur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1950/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və “Globalinfo.az” saytında 14 yanvar 2023-cü il tarixli “Bakıda qadın həkimin film kimi fırıldaq əməli. Məşhur hospitalda şok dələduzluq” başlığı altında dərc edilmiş yayımın silinməsi və məlumatların təkzib edilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdeh "xxxx" MMC aşağıdakı qaydada təkzib verməsi: "xxxx" MMC xx.xx.2023-cü il tarixli “Bakıda qadın həkimin film kimi fırıldaq əməli. Məşhur hospitalda şok dələduzluq” başlığı altında dərc edilmiş yayımında qeyd edilmiş məlumatlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həqiqətə uyğun olmayan məlumatlar hesab edilmişdir.”, iddia tələbi qalan hissədə təmin edilməmiş və cavabdeh "xxxx" MMC-dən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-7049/2023 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1950/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, e-2-2(113)-849/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “Globalinfo.az” saytında 14 yanvar 2023-cü il tarixli “Bakıda qadın həkimin film kimi fırıldaq əməli. Məşhur hospitalda şok dələduzluq” başlığı altında dərc edilmiş yazı əsassız və "xxxx" MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilməsi, “Globalinfo.az” saytında 14 yanvar 2023-cü il tarixli “Bakıda qadın həkimin film kimi fırıldaq əməli. Məşhur hospitalda şok dələduzluq” başlığı altında dərc edilmiş yazının silinməsi və həmin yazının həqiqətə uyğun olmaması barədə Globalinfo.az saytında təkzib verilməsi vəzifəsi («Təkzib» başlığı altında, başlığı və mətni təkzib edilən məlumatın dərc edildiyi şriftlə) "xxxx" MMC-nin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

12. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 13.Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 15.Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

18. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC-nin internet saytında “Bakıda qadın həkimin film kimi fırıldaq əməli - Məşhur hospitalda ŞOK dələduzluq” başlığı altında xx.xx.2023-cü il tarixində məqalə dərc edilmişdir. Həmin məqalənin məzmununda iddiaçı barəsində hər hansı məlumat yayılmamışdır.

19. İşin mübahisəli halı həmin məqalənin başlığında yayılmış məlumatlardan ibarətdir.

20. Kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 23.1 və 23.6-cı maddələri təşkil edir.

21. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndində isə göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.

22. Lakin hazırki işdə bu hallar müəyyən edilmir.

23. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 358/2023 saylı hökmünə əsasən, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07(yeddi) il müddətinə azadlıqdan məhrumetmə və 320.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıq məhrumetmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs - mülki iddiaçı X4 mülki iddiası təmin edilmiş və 113.000 manat maddi ziyanın təqsirləndirilən şəxs X2 tutularaq mülki iddiaçıya ödənilməsi qərara alınmışdır.

24. Həmin hökmdə məhkəmə müəyyən etmişdir ki, X6 qabaqcadan əlbir olan bir qrup şəxslə X7 vəzifəli şəxslər arasında olan yaxın tanışları vasitəsilə 105.000 manat müqabilində övladı X3 daxili işlər orqanlarında təhqiqatçı vəzifəsinə, kürəkəni X8 isə 100.000 manat müqabilində Bakı şəhəri Nizami və ya Xətai rayonları üzrə Rabitə qovşağının rəisi vəzifəsinə təyin etdirmək, əri X1 məhkumluğunun 30.000 manat müqabilində Daxili İşlər Nazirliyinin bazasından çıxarması imkanı olması barədə yalan məlumat vermiş, onu inandırmış və Rəfiqə Seyidovanın, oğlunun işə düzəldilməsi üçün ona 2020-ci ilin noyabr ayının 16-17 tarixlərində ünvan 1 ünvanında yerləşən «Milan» hospitalında ilkin olaraq 25000 manat, 2021-ci ilin mart ayının 15-16 tarixlərində 75000 manat, mart ayının 28-də 5000 manatı həmin ünvanda, kürəkəni X11 qovşağına rəis təyin edilməsi üçün 2021-ci ilin aprel ayının 25-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında 50.000 manat, 2021-ci ilin may ayının 6-da Nərimanov rayonu ərazisində 1 saylı «Asan» xidmətin qarşısında 50.000 manat, tanışı Samir Hüseyngil isə Könül Abbasovanın tapşırığı ilə X1 Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya idarəsində məhkumluğunun olmaması və hazırda olmadığı barədə qanınsuz hazırlanmış 366-1862-3-3249 nömrəli, xx.xx.2021-ci il tarixli rəsmi sənəd - arayış əldə edib həmin sənədi Rəfiqə Seyidovaya və Fətulla Seyidova göstərməklə və fotoşəklini telefonu vasitəsilə göndərməklə saxta sənəddən istifadə edib inandırmış və buna görə 2021-ci ilin may ayının 8-də Rəfiqə Seyidovanın yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 52 mənzil 43-də 30.000 manat verməsinə nail olmuş, lakin aldatmış özgənin, yəni, Rəfiqə Seyidovanın vahid niyyətlə törədilən qəsdlə cəmi 235.000 manatını ələ keçirib, digəri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş Rəfiqə Seyidovaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 25.Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən hazırki məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olan hökmdə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ixtisasça həkim olan X6 dələduzluq hərəkətlərini etmiş və müxtəlif tarixlərdə (2020-ci ilin noyabr ayının 16- 17 tarixlərində, 2021-ci ilin mart ayının 15-16 tarixlərində və mart ayının 28-də) zərərçəkmişlərdən “Milan” hospitalında pul vəsaitləri almışdır.

26. Belə olan halda kollegiya hesab edir ki, "xxxx" MMC-nin internet saytında dərc edilmiş “Bakıda qadın həkimin film kimi fırıldaq əməli - Məşhur hospitalda ŞOK dələduzluq” ifadəsi həqiqətə uyğun olmayan, yəni yalan məlumatlar kimi qiymətləndirilə bilməz.

27. Ona görə də, həmin məlumatların yayılması iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilmir.

28. Çünki Mülki Məcəllənin 23.1-ci maddəsinin dispozisiya şərtlərinə görə hər üç hal (məlumatların şərəf və ləyaqətin və ya işgüzar nufuzun ləkələməsi, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması) mövcüd olmalıdır.

29. Hazırki işdə isə “yayılmış məlumatların doğru olmaması” halı mövcüd deyil.

30. Bu baxımdan kollegiya qeyd edir ki, məhkəmə-linqvistik ekspertizasının 12 iyul 2023-cü il tarixli 4/961 nömrəli rəyi qismən, yəni “"xxxx" MMC-nin 14 yanvar 2023-cü il tarixli yayımında “Bakıda qadın həkimin film kimi fırıldaq əməli. Məşhur hospitalda şok dələduzluq” başlığı altında yazılmış yazının sərlövhəsi (başlığı) mənfi dəyərləndirmə təəssüratı yaratmaqla iddiaçı "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab olunur” hissəsində sübut əhəmiyyətinə malik deyil.

31. Eyni zamanda, həmin ekspert rəyinin digər hissəsində qeyd edilmişdir ki, "xxxx" MMC-nin 14 yanvar 2023-cü il tarixli yayımında “Bakıda qadın həkimin film kimi fırıldaq əməli. Məşhur hospitalda şok dələduzluq” başlığı altında yazılmış məqalənin mətn hissəsindəki neqativ informasiyalar K.Abbasovanın həkimlik fəaliyyəti ilə bilavasitə bağlı olmadığından "xxxx" MMC-nin işgüzar nüfuzunun ləkələnməsinə yönəlməmişdir.

32. Məqalənin mətn hissəsindəki məlumatların K.Abbasovanın həkimlik fəaliyyəti ilə bilavasitə bağlı olmaması ilə yanaşı məqalənin başlığının altından “Milan” hospitalın fotoşəkilinin yerləşdirilməsi ilə bağlı kollegiya qeyd edir ki, K.Abbasovanın vaxtı ilə həmin klinikada işləməsi işin mübahisəsiz halıdır, onun tərəfindən dələduzluq hərəkətlərinin bir hissəsinin həmin klinikanın binasında həyata keçirməsi isə məhkəmə hökmü ilə müəyyən edilmişdir.

33. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin mətbuatla bağlı mövqeyi ondan ibarətdir ki, məhkəmə işlərində ölkənin müstəqil mülahizə sərbəstliyi demokratik cəmiyyətin azad mətbuatın təmin və mühafizə edilməsi ilə bağlı maraqları ilə məhdudlaşdırılır. Eynilə, həmin maraq 10-cu Maddənin 2-ci bəndində olduğu kimi məhdudiyyətin nəzərdə tutlmuş qanuni məqsədə müvafiq olub olmamasının müəyyənləşdirilməsi balanasına ciddi təsir edir (Thoma Lüksemburqa qarşı, 2001, § 48). 10-cu Maddə yalnız ifadə edilən ideya və məlumatların mahiyyətini deyil, eyni zamanda onların çatdırılma formasını da qoruyur. Jurnalist azadlığı həmçinin şişirtmə və ya təxribatın da müəyyən həddə mümkünlüyünü əhatə edir (Dichand və başqaları Avstriyaya qarşı, 2002, § 41).

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, "xxxx" MMC-nin 14 yanvar 2023cü il tarixli yayımında “Bakıda qadın həkimin film kimi fırıldaq əməli. Məşhur hospitalda şok dələduzluq” başlığı altında yazılmış yazının sərlövhəsi (başlığı) və məqalənin mətnindəki məlumatar iddiaçı "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab oluna bilməz və ona görə də, iddia rədd edilməlidir.

35. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və Mülki Məcəllənin 23.1-ci maddəsini səhv təfsir etməklə maddi hüquq normasını pozmuşdur.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-849/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Apellyasiya şikayətinə görə ödənilmiş 49,6 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-dən tutularaq cavabdeh "xxxx" MMC-yə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar