Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-539/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Vahid Nəriman oğlu Sadıqovdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-299/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 045/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə görə satıcı 42.310,57 manat məbləğində müxtəlif çeşidli malları alıcıya satmağı, alıcı isə malların dəyərini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 42310,57 (qırx iki min üç yüz on manat əlli yeddi qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216,93 (iki yüz on altı manat doxsan üç qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2020-ci il tarixli ərizədə borcunu etiraf etmiş və 9 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 42310,57 manat hissəsini bu günədək ödəməmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ilə aralarında daha əvvəl malların alqı-satqısı münasibətləri olmuşdur. Bununla belə iddiaçı tərəfindən qeyd edilmiş məbləğ həddindən artıq yüksək məbləğdir. Belə ki, istifadəsində olan mağazanın sahəsi azdır. İddia tələbində isə 40.000 manatdan yuxarı məbləğ tələb olunur. Qeyd olunan hallar vergi orqanlarında mövcud olan vergi ödəmələrinin təhlili nəticəsində də üzə çıxacaqdır. Cavabdeh yalnız müqavilədəki imzanın ona aid olduğunu, digər imzaların ona aid olmadığını, daha sonra isə bütün imzaların ona aid olduğunu, lakin texniki vasitələrlə həmin sənədlərə yerləşdirildiyini bildirmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-299/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd edilmiş məbləğ həddindən artıq şişirdilmişdir. Belə ki, istifadəsində olan mağazanın sahəsi azdır. O, vergi ödəyicisi olmuşdur. İstifadə etdiyi mağazada iddiaçı tərəfindən ona verilmiş mallara və həmçinin tərəfindən satılan mallara görə hər ay hesab-faktura aparılıb. Bu hallar araşdırılmalıdır. İddiaçı ilə arasında bağlanmış müqavilədə və sonradan tərtib edilmiş borc qəbzindəki imzalar şübhəlidir. Hesab edir ki, məhkəmə sənədlərdə olan imzanın ona aid olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə, ekspertizanın keçirilməsi barədə qərar verməli idi. Lakin məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin istifadəsində olan mağazanın həcminin kiçik olması, onunla aralarında bağlanmış müqavilələrin və digər sənədlərin həqiqiliyini şübhə altına sala bilməz. Cavabdehin İddiaçı MMC-dən müqavilə əsasında aldığı və təhvil-təslim aktı əsasında qəbul etdiyi malları haraya apardığı və həmin mallardan necə istifadə etdiyi onlara məlum deyil. Cavabdehin istifadəsindəki mağazanın həcmi kiçik ola bilər. Lakin bu onun aldığı malları başqa anbarda saxlamasını istisna etmir. Məhkəməyə təqdim olunmuş bütün sənədlərlə cavabdehin iddiaçıya iddia tələbində göstərilən məbləğdə borcunun olduğunu tam sübüta yetirilmişdir. Həmçinin cavabdeh hazırki iş üzrə keçirilmiş birinci məhkəmə iclasında yalnız müqavilənin onun tərəfindən imzalandığını, digər sənədlərin isə onun tərəfindən imzalanmadığını bildirmiş, sonuncu məhkəmə iclasında isə iş materiallarındakı bütün sübutlarda olan imzaların ona məxsus olduğunu təsdiq etmişdir. Habelə, cavabdeh iddia ərizəsinə etirazında göstərdiyi halların düzgünlüyünü təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmiş və hər hansı sənədlərin tədqiqi barədə məhkəməyə vəsatət verməmişdir. Cavabdeh apellyasiya şikayətinin 6.3-6.8-ci bəndlərində müxtəlif maddi hüquq normalarına istinad etsə də, həmin maddi hüquq normalarının hazırki mübahisəyə və qərarın qanuniliyinə hansı formada aidiyyatının olduğunu, habelə apellyasiya şikayətinin təmin olunmasına və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına hansı qaydada birbaşa aidiyyatının olmasını öz apellyasiya şikayətində əsaslandırmamışdır. Cavabdeh apellyasiya şikayətində prosessual hüquq normalarının pozulması kimi Mülki Prosessual Məcələnin 8.1-ci maddəsinə istinad etsə də, məhkəmə tərəfindən bərabərlik prinsipinin hansı formada pozulması barədə apellyasiya şikayətində əsaslandırma verməmişdir. Halbuki, hazırki iş üzrə keçirilmiş məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilmiş, cavabdehin həmin iclaslarda iştarkı məhkəmə tərəfindən təmin edilmişdir, cavabdehə iclaslarda sözünü deməyə və sübutlarını təqdim etməyə yetəri qədər imkan yaradılmış və bütün bunlar məhkəmə iclaslarının protokollarında öz əksini tapmışdır. Cavabdeh MPM-nin 14.2-ci maddəsinə istinad edərək, maddənin tələbləri üzrə hüquqlarının pozulduğunu qeyd etmişdir. Lakin apellyasiya şikayətində həmin maddədə qeyd olunan tələblərin hansı formada pozulması barədə heç bir əsaslandırma verilməmişdir. Halbuki, məhkəmə işə baxarkən tərəflərin təqdim etdiyi sübutları tam və hərtərəfli araşdırmış və qərarında da həmin sübutlara istinad etmişdir. Cavabdeh MPM-nin 77.1-ci maddəsinə istinad etmiş və qeyd etmişdir ki, məhkəmə onun əsaslı sübutlarını qiymətləndirməmişdir. Lakin cavabdeh təqdim etdiyi hansı sübutların qiymətləndirilmədiyini öz apellyasiya şikayətində qeyd etməmişdir. Cavabdeh MPM-nin 88-ci maddəsinə istinad edərək, hüquqlarının pozulduğunu qeyd etsə də, məhkəmə tərəfindən onun hüquqlarının hansı formada pozulduğu barədə heç bir tutarlı əsaslandırma verməmişdir. Həmçinin məhkəmə iclas zalında həm İddiaçı MMC-nin nümayəndəsinə, həm də cavabdehə izahatlar vermək, sübutlar təqdim etmək və öz mövqeyini müdafiə etmək hüququnun olduğu izah edilmiş və bunun üçün onlara yetəri qədər şərait yaradılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
13. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
16. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixli 045/2020 saylı alqı-satqı müqaviləsinə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.
17. Cavabdeh isə iddiaya etiraz edir və bildirir ki, həmin müqavilə və digər sənədlər ümumiyyətlə onun tərəfindən imzalanmamışdır.
18. Qeyd olunanların aydınlaşdırılması üçün hazırki apellyasiya baxışı zamanı iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası və məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 1 avqust 2023-cü il tarixli 3-16-16/2-4/1108-5/905 saylı ekspert rəyi verilmişdir.
19. Həmin rəyə əsasən ekspertizaya təqdim olunmuş, 2-2(103)-539/2023 nömrəli işin 44-cü vərəqəsində İddiaçı MMC ilə Cavabdeh arasında olan 15 may 2020-ci il tarixli, 045/2020 saylı müqavilədə “Alıcı İmza” qrafasındakı yazılar və imza, i/v 45də olan xx.xx.2020-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasındakı yazılar və imza, i/v 46-da olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında “Təhvil aldı Alıcı İmza” qrafasındakı yazılar və imza, i/v 47-də olan İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin yuxarı hissəsindəki yazılar və “İmza” qrafasındakı imza (ərizənin orta və “imza” qrafasından aşağıda “xx.xx.2020” yazılarından başqa) - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 2- 2(103)-539/2023 nömrəli işin 44-cü vərəqəsində olan İddiaçı MMC ilə Cavabdeh arasında olan 15 may 2020-ci il tarixli, 045/2020 saylı müqavilədəki yazılar (“Alıcı” qrafasındakı yazılardan başqa), i/v 45-də olan xx.xx.2020-ci İl tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədəki yazılar (“Borclu" qrafasındakı yazılardan başqa), i/v 46-da olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktındakı yazılar (“Təhvil aldı Alıcı” qrafasındakı yazılardan başqa), i/v 47-də olan İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin orta və “imza” qrafasından aşağıda “xx.xx.2020” yazıları - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2020-ci il tarixli 045/2020 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləsindəki, xx.xx.2020-ci il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsindəki, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktındakı, xx.xx.2020-ci il tarixli ərizədəki Cavabdeh adından olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir.
20. Göründüyü kimi iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, borcun etirafı haqqında müqavilə və ərizədəki imzaların cavabdehin özü tərəfindən icra olunması ekspert rəyi ilə öz təsdiqini tapır.
21. Eyni zamanda, Cavabdeh ilə İddiaçı MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixli 045/2020 saylı müqavilə üzrə 42.310,57 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir.
22. Həmçinin, kreditor İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən borclu xx.xx.2021 tarixinədək 42.310,57 manat məbləğində borcunu ödəməyi öhdəsinə götürmüşdür.
23. Habelə, Cavabdeh tərəfindən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova xx.xx.2020-ci il tarixli ərizə ünvanlanmış və ərizədə o, xx.xx.2020-ci il tarixli müqavilə üzrə müəssisəyə 42.310,57 manat məbləğində borcunun olduğu qeyd etmiş, xx.xx.2021-ci il tarixinədək borcu tam ödəməyi öz öhdəsinə götürmüşdür.
24. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması, həmin müqavilə üzrə malların cavabdehə təhvil verilməsi və borcun məbləği həm cavabdehin imzaladığını müqavilə və təhvil-təslim aktı, həm də sonuncunun borcun etirafı ilə bağlı yazdığı ərizə ilə təsdiq olunur.
25. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış və iddiaçı Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən cavabdehdən 42.310,57 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır.
26. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehin istifadəsində olan mağazanın həcminin kiçik və ya böyük olmasının, həmçinin iddiaçı tərəfindən satılmış mallara görə hər ay aparılmış hesab-fakturanın həcminin araşdırılmasının mübahisənin həlli baxımından hər hansı bir əhəmiyyəti yoxdur. Çünki cavabdehi iddiaçıya borclu olması yuxarıda istinad olunan və ekspert rəyi ilə imzalarının həqiqiliyi öz təsdiqini sənədlərlə tam olaraq öz təsdiqini tapır.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-299/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Sabit Bəhrəmzadə
Vahid Sadıqov