Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-54/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1745/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, abonent kodu 04/53-104 olan, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166cı məhəllə ünvanında yerləşən İddiaçı MMM (MTK) barəsində xx.xx.2020-ci il tarixli, NDQ 007224 saylı akt əsasında tələb edilən 7043,85 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixində kooperativin adına qeydiyyata alınmış 70109029 saylı sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü qeyd etmir. Belə ki, sayğacın tablosu sönüb. Aktiv led lampası impuls vurmur. Qeyd edilən sayğac transformatorun içərisində yerləşir və transformatorun qapısı daimi bağlı olmaqla açarı cavabdehin əməkdaşlarında olur. Yalnız ayda bir dəfə cavabdehin əməkdaşları həmin qapını açaraq sayğacın göstəricilərini götürür və sayğaca baxış keçirirlər. Bundan sonra isə cavabdehin göndərdiyi faktura əsasında ödəniş edilir. İddiaçı heç bir halda həmin sayğacı görmür və onunla heç bir təması olmur. Cavabdeh isə qeyd edilən halların heç birinə əhəmiyyət vermədən və heç bir əsas olmadan iddiaçıya 7000 manat məbləğində cərimə hesablamışdır. Hesab edir ki, cavabdehin hesabladığı cərimə məbləği qeyriqanunidir. Cavabdehin heç bir əsas olmadan qeyri-qanuni şəkildə artıq hesabladığı cərimə silinməli və akt etibarsız hesab olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1745/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, ki, işin faktiki hallarına görə, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli NDQ seriyalı 007224 saylı akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış obyektində (abunə kodu 04/53-104) elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü qeyd etmir, sayğacın tablosu sönüb, aktiv led lampası impuls vurmur. Pfaktiki = 36,5 kvt, Psayğac = 0 kvt. xx.xx.2020-ci il tarixli 199531 saylı aktla sayğac yenisi ilə əvəz olunaraq lobarator müayinəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixli 177790 saylı protokola əsasən sayğacın dövlət möhürünün normal olması, daxili sisteminin qısa qapanma nəticəsində yanaraq işləməməsi və istismara yararsız olması barədə rəy verilmişdir. Akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən, faktiki istehlak edilmiş, lakin göstərilən qüsur səbəbindən qeydə alınmamış elektrik enerjisinin dəyərini bərpa etmək üçün (36,5 kvt x 10 saat x 341 gün) – 46200 kvts = 78265 kvts əlavə sərfiyyat (7.043,85 manat əlavə ödəniş) hesablanmışdır. Mübahisələndirilən akta əsasən cavabdeh tərəfindən iddiaçı ilə yenidən hesablaşmanın aparılması EEİQ-nin 8.15 və 8.17-ci bəndlərinin tələblərinə əsaslanmışdır. EEİQ-nin 8.15-ci bəndinə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizat müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. EEİQ-nin 8.17-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Aktda göstərilən hallar EEİQ-nin 8.15-ci bəndində nəzərdə tutulan elektrik enerjisinin uçotunda səhv aşkar edilməsi və 8.17-ci bəndində nəzərdə tutulan qoşulma sxemlərinın pozulması hallarını ifadə etmişdir. Belə olan halda, məhkəmə mübahisəyə EEİQ-nin 8.15 və 8.17-ci bəndlərini tətbiq edib iddianı bu hissədə rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş və bununla maddı hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə mübahisəyə EEİQ-nin 8.17-ci bəndini düzgün olmayaraq iddianın təmin edilməsi əsası kimi tətbiq edərək, sayğacda aşkar olunan qüsurun iddiaçının təqsirindən başverməsinin öz təsdiqini tapmaması nəticəsinə gəlmişdir. Halbuki, işdə olan xx.xx.2010-cu il tarixli 009425 saylı elektrik şəbəkəsinin balans mənsubiyyət sərhədi və tərəflərin istismar məsuliyyət aktına əsasən sayğac uçot komplektinin sazlığına və texniki vəziyyətinə görə məsuliyyət iddiaçının üzərinə düşmüşdür. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1745/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2020-ci il tarixli NQD 007224 saylı aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən İddiaçı MMM-yə (MTK) məxsus sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, sayğac sxemdən keçən gücü qeyd etmir. Belə ki, sayğacın tablosu sönüb, aktiv led lampası implus vurmur. Ölçmə zamanı xətdən axan yüklər: 1a=60A, 1b=55A, 1c=52A, Pjan=36.5 kvt, Pray=0, obyektdəki elektrik işlədicilərini qidalandıran kabel xəttinin en kəsiyi sahəsi S=3x185 mm2 , S=1x120 mm2-dir. Sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğacın politilen torbaya qoyularaq möhürlənməsi və laboratoriya şəraitində sayğacın bütün parametrlərinə rəy verilməsi, habelə sayğacın yaddaşının oxunması tələb edilmişdir. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə xx xxxx 2020-ci il tarixli, 177790 saylı protokoldan görünür ki, sayğacın daxili sxemi qısaqapanma nəticəsində yanıb, sayğac işləmir, sayğac istismara yararsızdır. “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” barədə 199531 saylı aktdan görünür ki, NQD 007224 saylı akt əsasında İddiaçı MTK-ya quraşdırılmış sayğacın ekranı oxunmadığından dəyişdirimiş və yeni sayğacla əvəz olunmuşdur. “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar mənsubiyyəti haqqında” 009425 saylı aktdan görünür ki, daşlıq y/st-da 10 kv-luq QPQ-də hər iki k/x-nin sonluğundakı kabel xətti daxil olmaqla İddiaçı MMM-in balansındadır. “xxxx” ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən tərtib edilmiş (04/53-104 saylı abonent İddiaçı MMM (MTK) ilə bağlı) xx xxxx 2020-ci il tarixli icra vərəqindən və abunə haqqında məlumatdan görünür ki, akt əsasında iddiaçıya 78265 kvts (36,5 kvt x 10 saat x 341 gün) əlavə sərfiyyat və 7.043,85 manat borc hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində işdəki sənədlərə və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus obyektin elektrik enerjisi sərfiyyatını qeydə alan sayğac “xxxx” ASC-nin balansında olan yarımstansiyada yerləşən transformator məntəqəsində quraşdırılmışdır. İşin mübahisəsiz halıdır ki, qeyd edilən sayğacın daxili sxemi qısaqapanma nəticəsində yanmış və nəticədə sayğac işləməmiş, bu səbəbdən yenisi ilə əvəz edilmişdir. Sayğacın daxili sxemində qısaqapanma baş verməsində iddiaçının təqsirli olduğu sübut edilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən “X2 Qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçıya əlavə sərfiyyat hesablanması əsassızdır Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh apelyasiya şikayətində istehlakçıya əlavə sərfiyyatın hesablanmasının əsası kimi, eyni zamanda “X2 Qaydaları”nın 8.15-ci bəndinə istinad etmişdir. Qeyd edilən bənddə qeyd edilir ki, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizat müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Hazırkı halda iddiaçının elektrik enerjisi uçotunda səhv aşkar edilməsi halı mövcud deyil. Qısaqapanma nəticəsində 2020-ci ilin mart ayında sayğac tam yararsız vəziyyətə düşmüş və ümumiyyətlə elektrik enerjisi sərfiyyatını qeydə almamışdır. Sayğacın 2020-ci ilin mart ayınadək elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya sayğacın daxili sxeminin yanmasının aşkar edildiyi tarixdən əvvəlki 341 gün üçün əlavə sərfiyyat hesablanması əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 1745/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1745/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-54/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-54/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver