Məhkəmə qərarları › İş №2-2(103)-54/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-54/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-54/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1283/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə görə vurduğu 90.000 manat məbləğdə maddi zərərin, 13.500 manat məbləğdə dəbbə pulunun, 45.000 manat məbləğdə əldən çıxmış faydanın və 50.000 manat məbləğdə mənəvi zərərin və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 90.000 manat məbləğdə pul vəsaitinin, 4.000 manat məbləğdə dəbbə pulunun, cəmi 94.000 manat məbləğdə pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə müqavilənin 1 saylı Əlavəsində aparılmış ödəniş barədə qeydi əsas tutaraq hesab etmişdir ki, iddiaçı 90.000 manat pulu qabaqcadan cavabdehə ödəmişdir. Bildirir ki, müqavilənin əsas mətni təfsir edilsə, onun ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilənlərlə ziddiyyət təşkil etməsi açıq-aşkar görünür. Belə ki, Müqavilənin 1-ci bəndində onun predmetindən bəhs edilir. Həmin bənddə “Satıcı istehsal etdiyi hazır beton məmulatlarını (bundan sonra Mal), Alıcı isə malı qəbul edərək bu Müqavilənin ayrılmaz tərkib hissəsi oları 1 saylı Əlavəyə uyğun olaraq malın dəyərini ödəməyi öhdəsinə götürür”. Bəndin mətnindən də görünür ki, Əlavədə göstərilən malın dəyərinin ödənilməsi nəzərdə tutulur. Müqavilənin 2-ci bəndində (Müqavilənin qiyməti və ödəniş şərtləri) malın çeşidi, növü və qiyməti bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavəyə əsasən müəyyən edilir. Bənddən də görünür ki, Əlavədə yalnız malın çeşidi, növü və qiyməti nəzərdə tutulub. Müqavilənin 3-cü bəndində malın verilməsi şərtləri nəzərdə tutulub. Göstərilən heç bir bənddə və ümumiyyətlə bütünlüklə Müqavilədə avans və ya əvvəlcədən ödəniş barədə heç bir müddəa nəzərdə tutulmadığı halda 1 saylı Əlavədə ödənişin edilməsi barədə iri hərflərlə yazı hesab edir ki, sonradan artırılmadır. Müqavilənin Əlavəsində malın çeşidi, növü və qiyməti nəzərdə tutulmalı olduğu halda əvvəlcədən ödənişin edilməsinin orada göstərilməsi Müqavilənin mətninə uyğun deyildir. Bundan əlavə, cavabdeh hüquqi şəxs olduğu üçün iddiaçı ilə onun arasında nağd hesablaşmanın məbləği bir ay ərzində “Nağdsiz hesablaşmalar haqqında” AR Qanununun 3.3-cü maddəsinin tələbinə görə 15.000 manatdan yuxarı ola bilməz. Qanunda göstərilir: “3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir”. Qanunda da birbaşa göstərilir ki, iddiaçı vergi ödəyicisi kimi 15.000 manat məbləğdən yuxarı olmayan həddə, Cavabdeh MMC isə 30.000 manat məbləğdə nağd ödəniş edə bilər. Belə olan halda 90.000 manat məbləğdə nağd ödənişin edilməsi mümkün deyil. Bunda əlavə, iddiaçı tərəfindən cavabdehə hər hansı bir ödənişin edilməsi barədə sübut təqdim etməmişdir, iddiaçı qanunun tələbini pozaraq nağd qaydada ödəniş etsə idi belə cavabdeh tərəfindən ona müəssisənin ciddi hesabat blankı olan mədaxil orderinin qəbzi verilməli idi. Lakin iddiaçı məhkəməyə belə bir sənəd də təqdim edə bilməmişdir. Nağd hesablaşmalar zamanı ciddi hesabat blanklarından biri olan mədaxil orderi verilir ki, bu da göstərilən Müqavilədə əksini tapmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçı, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında 13.07.2020-ci il tarixli ST-06022020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 90.000 manat məbləğdə ödəniş etməyi, həmin ödəniş müqabilində cavabdeh iddiaçıya 1.500 kubmetr “Beton M350” adlı malı 1 aylıq müddət ərzində təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən sifariş etdiyi malın dəyərini qabaqcadan ödədiyini, lakin cavabdehin ödənişin müqabilində təqdim etməli olduğu malları təhvil vermədiyini irəli sürərək müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin, dəbbə pulunun və mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçının müqaviləni MMC ilə deyil, onun direktoru ilə bağlandığını, müqaviləyə müəssisənin əsas möhürünün vurulmadığını, iddiaçının qeyd edilən məbləğdə ödənişi həyata keçirə bilməyəcəyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 11.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.12.2021-ci il tarixli 5/1282-5/1284 nömrəli rəyində göstərilmişdir ki, “1. Tədqiqata təqdim edilmiş işin 1-ci cildinin 65-ci vərəqində olan “ST/06022020 nömrəli 13 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan X1” adlı sənədin çap mətni elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı aparat, printer və s.) icra edilmişdir. 2. Tədqiqata təqdim edilmiş işin 1-ci cildinin 65-ci vərəqində olan “ST/06022020 nömrəli 13 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan X1” adlı sənəddə hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) müəyyən edilmədi.” Aparılmış tədqiqatın dəyəri 62 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3.3-cü maddəsinə görə, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. MPM-in: Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən aldığı ödəniş məbləği müqabilində malların verilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaçı qarşısında satılan əşyanın müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsinin icra edilməməsindən əmələ gələn öhdəliyini yerinə yetirməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin müqaviləyə əlavədə ödəniş barədə qeydlərin sonradan əlavə olunması barədə dəlili iş üzrə keçirilmiş məhkəmə-texniki ekspertizasının rəyi ilə təkzib olunur. Şikayətin tərəflər arasında nağd hesablaşmaların “Nağdsız hesablaşmalar haqqında” AR Qanununun 3.3-cü maddəsinin tələbinə görə 15.000 manatdan yuxarı ola bilməməsi barədə dəlili də əsassızdır. Belə ki, adıçəkilən Qanunun “Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” qaydasını təsbit edən 4.2-ci maddəsi həmin nağdsız qaydada həyata keçirilən ödənişin mülki hüquqi nəticələrini ləğv etmir. Bundan əlavə, Mülki Məcəllənin “Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar” adlı 53-cü fəslində yer alan “Hüquqi şəxslər arasında hesablaşmalar, habelə fiziki şəxslərin iştirakı ilə aparılan və onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olan hesablaşmalar nağdsız qaydada icra edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, bu şəxslər arasında hesablaşmalar nağd pullarla da aparıla bilər.” məzmunda 971.2-ci maddəsi 01.11.2005-ci il tarixdən “Nağd və nağdsız hesablaşmalar” adlı 971-ci maddəsindən çıxarılmışdır. Ödəniş zamanı ciddi hesabat blankı olan kassa mədaxil orderi qəbzinin verilməməsinə dair dəlil də əsaslı deyil. Belə ki, ödəniş müqavilə bağlandığı vaxt həyata keçirilmiş, bu barədə qeyd müqaviləyə 1 saylı əlavədə qeyd edilmişdir. Ekspert rəyinə əsasən isə müqaviləyə əlavəyə sonradan heç bir dəyişiklik və əlavə edilməmişdir. Şikayətin müqavilə bağlandığı vaxt MMC-nin direktoru olmuş şəxsin hazırda vəzifəsini icra etməkdən azad edilməsi barədə dəlili isə ona görə əsassızdır ki, direktor O.Əliyevin həmin müqaviləni fiziki şəxs qismində deyil, MMC-nin direktoru qismində imzalamış və müqaviləyə MMC-nin möhürü vurulmuşdur. Belə olan halda müqavilə üzrə öhdəliklər fiziki şəxs üçün yox, müqaviləni bağlamış MMC-yə münasibətdə yaranır. Apellyasiya şikayəti 4.000 manat məbləğdə dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair dəlil ehtiva etmədiyi üçün qətnamənin həmin hissəsinə toxunulmur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı (MPM-in 384.0.1-ci maddəsi), apellyasiya şikayəti təmin edilməməli, iş üzrə ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1283/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 62 (altmış iki) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar