Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-540/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Сavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı ASC -nin Cavabdeh Sığorta Şirkəti ASC-yə (ləğv prosesindədir) qarşı “müqavilənin müddətinin uzadılmış hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.05.2019-cu il tarixli, e-2-2(81)- 609/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq m üəyyən е t d i: İddiaçı ASC 25.02.2019-cu il tarixində Cavabdeh Sığorta Şirkətinə qarşı “müqavilənin müddətinin uzadılmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Sığorta Şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 01 may 2014-cü il tarixli MTRCLZ 025/1674-014 nömrəli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta Müqaviləsi”nin müddətinin uzadılmış hesab edilməsi, təqdim ediləcəyi gündən qüvvəyə minmək şərtilə cavabdeh "xxxx" Sığorta Şirkətindən MTRC-LZ 025/1674-014 nömrəli müqavilənin şərtləri daxilində 190 047.58 manat dəyərində siyahısı İddiaçı ASC tərəfindən təqdim ediləcək avtomobillər üzrə avtosığorta şəhadətnaməsinin alınaraq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2-2(103)- 367/2017 saylı qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə tutulmuş 190 047.58 manat əlavə sığorta haqqı ödənildikdiən sonra cavabdeh tərəfindən yeni sığorta şəhadətnamələrinin verilməsindən imtina edilmiş və bununla da iddiaçının hüquqlarını pozaraq ona maddi ziyan vurmuşdur. Belə ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanmış 01.05.2014-cü il tarixli MTRC-LZ 025/1674-014 saylı "Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi"nə əsasən Sığortalı- iddia ərizəsi üzrə iddiaçı tərəfindən lizinqə verilmiş və müqavilənin əlavəsi olan sığorta şəhadətnamələrinə əsasən sığortalanmış avtomobillər yəni sığorta obyektləri üçün müqavilə üzrə müəyyən olunmuş sığorta haqlarını ödəməyi, Sığortaçı - iddia ərizəsi üzrə cavabdeh isə ödəniş müqabilində sığorta müddəti ərzində bu müqavilə ilə sığorta təminatı verilmiş sığorta riskləri nəticəsində baş verməsi halında sığorta predmetinin zədələnməsi və ya məhv olmasına görə bu müqavilənin şərtlərinə uyğun olaraq buraxdığı sığorta şəhadətnaməsinin müddəti ərzində sığorta ödənişini verməyi öhdəsinə götürmüşdü. Müqavilə şərtlərinə (7-ci bənd) uyğun olaraq müqavilə 12 ay müddətinə müəyyən olunmuşdur. Müqavilə və sığorta şəhadətnamələrinin qüvvədə olduğu müddətdə tərəflər qarşılıqlı olaraq öhdəliklərini 100% icra edildikdən sonra cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərək müqavilənin 13.3.2-ci bəndinin şərtlərini rəhbər tutaraq məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2-2(103)- 367/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-dən Cavabdeh Sığorta şirkətinə 190 047.58 manat əlavə sığorta haqqının tutulması qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 Kollegiyasının 10.01.2018ci il tarixli 2-2(102)-29/18 saylı qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin məbləğ iddiaçı tərəfindən tam şəkildə Cavabdeh Sığorta şirkətinə ödənilmiş və bundan sonra 04.10.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək əlavə sığorta haqqının ödənildiyini nəzərə alaraq “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi” üzrə öhdəliklərinin icra etməsini və həmin ərizəyə qoşmada siyahısı göstərilən avtomobillərə yeni sığorta şəhadətnamələrinin verilməsini cavabdehdən xahiş etmişlər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11.10.2018-ci il tarixli 15/2496 saylı məktubu ilə müqavilə və sığorta şəhadətnamələri üzrə müddət bitdiyindən yeni şəhadətnamələrin verilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Hallbuki, Bakı Apellyasiya Məhkəməsinin də istinad etdiyi və qətnamənin qəbulunda əsas götürdüyü tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 13.3.2-ci bəndinə əsasən “Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar”. Digər tərəfdən, Məhkəmə yuxarıda adı çəkilən qətnaməni qəbul edərkən də müqavilə müddəti bitmişdir. Lakin buna baxmayaraq, məhkəmə bu hala Mülki Məcəllənin 903.2 və 390.1 -ci maddələri baxımından qiymət verərəkən hesab etmişdir ki, cavabdeh (İddiaçı ASC) tərəfindən sığorta haqqı ödənildiyindən müqaviləyə xitam verilə bilməz. İddiaçı ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2-2( 103)-367/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə sığorta haqqı 17 sentyabr 2018ci il tarixində cavabdehə tam şəkildə ödənilmişdir. Lakin bu ödənişin qarşılığında cavabdeh tərəfindən şəhadətnamələr təqdim edilməmişdir . Qeyd edilən qətnamələr və Mülki Məcəllənin normaların birgə tətbiqi onu tələb edir ki, əlavə sığorta haqqı ödənildiyindən Cavabdeh Sığorta şirkətinin İddiaçı ASC ilə Cavabdeh Sığorta şirkəti arasında bağlanmış MTRC-LZ 025/1674-014 saylı 01 may 2014-cü il tarixli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi”nin 13.3.2-ci bəndinə uyğun olaraq İddiaçı ASC qarşısında öhdəliyi yaranır və müqavilənin hərəkəti bərpa edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.05.2019-cu il tarixli, e-2-2(81)- 609/2019 nömrəli qətnaməsi ilə (hakim F.Mədətli) İddiaçı ASC-nin Cavabdeh Sığorta Şirkətinə qarşı "xxxx" Sığorta Şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 01 may 2014-cü il tarixli MTRC-LZ 025/1674-014 nömrəli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta Müqaviləsi”nin müddətinin uzadılmış hesab edilməsi, təqdim ediləcəyi gündən qüvvəyə minmək şərtilə cavabdeh "xxxx" Sığorta Şirkətindən MTRC-LZ 025/1674- 014 nömrəli müqavilənin şərtləri daxilində 190 047.58 manat dəyərində siyahısı İddiaçı ASC tərəfindən tədim ediləcək avtomobillər üzrə avtosığorta şəhadətnaməsinin alınaraq İddiaçı ASC-yə verilməsi barədə iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yanlış nəticəyə gələrək 11.08.2017-ci il tarixli qərarının icrası nəticəsində cavabdehin iddiaçıya yeni şəhadətnamələrin verilməsi kimi qiymətləndirilməli olmadığını və iddiaçı tərəfindən əlavə sığorta haqqının qətnamələrin icrası qaydasında həyata keçirildiyindən cavabdeh qarşısında hər hansı bir öhdəlik yaratmadığı kimi qiymələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-644/2019 saylı, 10.09.2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Əhmədov, S.Seyidova,V.Məmmədov) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-609/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-27/2020 saylı, 21.01.2020-ci il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, A.Hüseynov, İ.Dadaşov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-644/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-228/2020 saylı, 11.08.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov,C.Yusifov,İ.Kərimli) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-609/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-114/2021 saylı, 16.03.2021-ci il tarixli qərarı ilə (hakimlər B.Məmmədli,S.Hüseynova, B.Qəribov) Kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2- 2(103)-228/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarında olan: - "xxxx" Sığorta Şirkəti ilə "xxxx" ASC arasında MTRC-LZ 025/1674-014 nömrəli 01 may 2014-cü il tarixli "Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi" bağlanmışdır. Müqaviləyə əsasən sığortalı ("xxxx" ASC) müqavilə ilə müəyyən olunmuş sığorta haqlarını ödəməyi, Sığortaçı ("xxxx" SŞ ASC) isə bunun müqabilində sığorta müddəti ərzində müqavilə ilə sığorta təminatı verilmiş sığorta riskləri nəticəsində sığorta hadisənin baş verməsi halında sığorta predmetinin (qrup halında sığorta zamanı hər hansı bir sığorta predmetinin) zədələnməsi və ya məhv olmasına görə müqavilənin şərtlərinə uyğun olaraq sığorta ödənişini verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13.3.2-ci bəndinə müvafiq olaraq ümumi zərərlik dərəcəsi 100%-dən az olduqda, sığortaçı sığortalıya müəyyən miqdarda sığorta haqqını qaytarır, zərərlik dərəcəsi 100%dən yuxarı olduqda həmin müqavilə üzrə bütün sığorta olunmuş sığorta şəhadətnamələrinə dair zərərlər üzrə sonrakı ödənişlər həyata keçirilmir. Sığorta tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar. Bütün hesablamalar müvafiq düsturlarla müəyyən olunur. - Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2-2(103)-367/2017 saylı qətnaməsi (hakimlər-Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) üzrə iddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nin cavabdeh İddiaçı ASC-yə qarşı «əlavə sığorta haqqının ödənilməsi tələbinə dair» iddia ərizəsi təmin edilərək, İddiaçı ASC-dən Cavabdeh Sığorta Şirkəti ASC-nin xeyrinə 190 047,58 manat əlavə sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 190 077,58 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 Kollegiyasının 10.01.2018-ci il tarixli 2-2(102)-29/18 saylı qərarından (hakimlər-Z.Quliyev, N.Rəsulbəyova, İ.Hüseynov) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 avqust 2017-ci il tarixli 2-2(103)-367/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. - İşin hazırkı apellyasiya icraatı zamanı Cavabdeh Sığorta Şirkəti ASC (ləğv prosesindədir) tərəfindən məhkəməyə verilmiş 06.09.2021-ci il tarixli, 15/4201 №li arayışda (ləğvetmə komissiyasının sədri S.Adıgüzel tərəfindən imzalanmışdır) qeyd edilmişdir ki, “hazırda Cavabdeh Sığorta Şirkəti ASC-də (ləğv prosesindədir) qüvvədə olan sığorta müqaviləsi qalmamışdır. Şirkət sığortalılar qarşısında bütün öhdəliklərini yerinə yetirdiyindən “Sığorta fəaliyyəti haqqında” Qanunun 81.6-cı maddəsində nəzərdə tutulmuş qeyri-həyat sığortası üzrə bütün ehtiyatlar sıfırlanmışdır. - İşin hazırkı apellyasiya icraatı zamanı AR Mərkəzi Bankı tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış 01.10.2021-ci il tarixli, 16-04843-2021 saylı məktubda qeyd edilmişdir ki, “könüllü ləğv edilməsi ilə bağlı Cəmiyyət tərəfindən edilmiş müraciət əsasında X2 Heyətinin 17.12.2020-ci il tarixli qərarı ilə Cəmiyyətin sığorta fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankda olan məlumata əsasən 2019-cu ilin fevral ayından etibarən Cəmiyyət tərəfindən yeni müqavilə bağlanmamış və lisenziyanın ləğvi tarixinə aktiv müqavilə olmadığından sığorta predmetinin köçürülməsi zərurəti yaranmamışdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşsa da, tələbin rədd edilməsi əsasları ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 903.4-cü maddəsinə əsasən müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 906.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Hazırkı iş üzrə iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh ilə aralarında bağlanmış 01 may 2014-cü il tarixli MTRCLZ 025/1674-014 nömrəli müqavilə müddətinin uzadılmış hesab edilməsi, təqdim ediləcəyi gündən qüvvəyə minmək şərtilə cavabdeh "xxxx" Sığorta Şirkətindən MTRC-LZ 025/1674-014 nömrəli müqavilənin şərtləri daxilində 190 047.58 manat dəyərində siyahısı İddiaçı ASC tərəfindən təqdim ediləcək avtomobillər üzrə avtosığorta şəhadətnaməsinin alınaraq İddiaçı ASC-yə verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı AR Mərkəzi Bankının müvafiq məktubundan da göründüyü kimi “könüllü ləğv edilməsi ilə bağlı Cəmiyyət tərəfindən edilmiş müraciət əsasında X2 Heyətinin 17.12.2020-ci il tarixli qərarı ilə Cəmiyyətin sığorta fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Göründüyü kimi cavabdeh "xxxx" Sığorta Şirkəti Mərkəzi Banka könüllü ləğv edilmə ilə bağlı müraciət etmiş, Bankın müvafiq qərarı ilə Sığorta Şirkətinin lisenziyası ləğv edilmiş və hazırda ləğv prosesindədir. “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 107.1.1-ci maddəsinə əsasən lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etdikdə Maliyyə bazarlarına nəzarət orqanı bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edir. Həmin Qanunun 108.4-cü maddəsinə əsasən ləğv edilən lisenziyanın sahibi müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağıda göstərilənlər istisna edilməklə, bank hesabları üzrə əməliyyat apara bilməz: 108.4.1. vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi; 108.4.2. işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi; 108.4.3. sığortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi; 108.4.4. sığortaçıya daxil olmuş sığorta haqlarından müvafiq təkrar sığorta müqaviləsi üzrə təkrar sığorta haqlarının ödənilməsi; 108.4.5. lisenziyanın ləğv edilməsindən əvvəl bağlanmış sığorta müqavilələri üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi; 108.4.6. sığorta brokerinin sığorta haqqı hesabındakı və ya sığorta ödənişi hesabındakı pul vəsaitlərinin təyinatı üzrə müvafiq qaydada ödənilməsi. Məhkəmə kollegiyası işin hallarını və yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununu nəzərə alaraq hesab edir ki, cavabdeh könüllü ləğv prosesində olduğundan, Mərkəzi Bankın müvafiq qərarı ilə Sığorta Şirkətinin lisenziyası ləğv edildiyindən, iddiaçı ilə sığorta müqaviləsi bağlanması mümkün olmayacağından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.05.2019-cu il tarixli, e-2-2(81)-609/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı mаddələrini rəhbər tutub q ə t е t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.05.2019-cu il tarixli, e-2-2(81)- 609/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC -nin Cavabdeh Sığorta Şirkəti ASC-yə (ləğv proesesindədir) qarşı “cavabdeh "xxxx" Sığorta Şirkəti ilə İddiaçı ASC arasında bağlanmış 01 may 2014-cü il tarixli MTRCLZ 025/1674-014 nömrəli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta Müqaviləsi”nin müddətinin uzadılmış hesab edilməsi, təqdim ediləcəyi gündən qüvvəyə minmək şərtilə cavabdeh "xxxx" Sığorta Şirkətindən MTRC-LZ 025/1674-014 nömrəli müqavilənin şərtləri daxilində 190 047.58 manat dəyərində siyahısı İddiaçı ASC tərəfindən təqdim ediləcək avtomobillər üzrə avtosığorta şəhadətnaməsinin alınaraq İddiaçı ASC-yə verilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-540/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-540/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver