Məhkəmə qərarları › İş №2-2(103)-540/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-540/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-540/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1371/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının (1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14-(AG-14-4) markalı kotan, 1 ədəd fort-300 markalı GPS Terminal) lizinqə verilməsi barədə xx.xx.2013-cü il tarixli, 1355-L/13 nömrəli lizinq (güzəşt) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci maddəsinə əsasən lizinqverən ümumi məbləği 31989,4 manat olan texnikanı dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci maddəsinə əsasən lizinq alan texnikanların dəyərindən 3160 + GPS Terminal 389,4 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 2.1-ci maddəsinə əsasən lizinq verənin lizinq alan tərəfindən texnikanın təyinatı üzrə istifadə olunmasına, dövlət qeydiyyatına alınmasına, texniki xidmətlərin keyfiyyətli aparılmasına, qorunub saxlanılmasına nəzarət etmək, texnika lizinqə verilərkən onun dəyərinin 10 faizinin ödənilməsini tələb etmək, qrafik üzrə lizinq alanın ödənişinə nəzarət etmək, lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi bir dəfə aparmadıqda müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən hərəkətləri etmək hüququ vardır. 2.2-ci maddəsinə əsasən lizinq alanın texnikanın dəyərinə hesablanmış bütün xərcləri ödəmək, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. 3.1-ci maddəsinə əsasən lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinq verənə məxsusdur. 4.1-ci maddəsinə əsasən lizinq alan texnikanın istifadəsinə görə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 5.1-ci maddəsinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir ddəfədn artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilir.

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 1871/Ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, Bərdə rayonu, Kətəlparaq kənd sakini Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1355-L/13 nömrəli lizinq müqaviləsinə əsasən əmrdə adıçəkilən texnikalar (1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14-(AG-14-4) markalı kotan, 1 ədəd fort-300 markalı GPS Terminal) lizinqə verilsin. Texnikaların ümumi dəyərindən 3160 + GPS Terminal 389,4 manat ödənildiyi nəzərə alınsın.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 1355-L/13 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 5534 manat, gecikdirilmiş borc 5534 manat, hesablanmış cərimə 5922,79 manat olmaqla, ümumilikdə 11456,79 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 13426 manat təşkil edir.

4. İş materiallarına müqavilə üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafiki əlavə olunmuşdur.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 1355-L/13 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 5534 (beş min beş yüz otuz dörd) manat gecikdirilmiş borc və 5922,79 manat (beş min doqquz yüz iyirmi iki manat yetmiş doqquz qəpik) cərimə borcu, hüquqi yardımla bağlı 500 (beş yüz) manat olmaqla, cəmi 11956,79 manat (on bir min doqquz yüz əlli altı manat yetmiş doqquz qəpik) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1355-L/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2013-cü il tarixli 1355-L/13 nömrəli müqavilə üzrə 5534 manat gecikdirilmiş borc və 5922,79 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda bildirilmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 748-1.12.4-ci maddələrinə istinad olunmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1371/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2013-cü il tarixli, 1355-L/13 nömrəli müqavilə üzrə 5534 (beş min beş yüz otuz dörd) manat əsas borc, 280 (iki yüz səksən) manat cərimə, 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 6114 (altı min yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh 78,14 manat (yetmiş səkkiz manat on dörd qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli olduğu müəyyən edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2013-cü il tarixli, 1355-L/13 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 5534 manat gecikdirilmiş borcun tutulması təşkil edir. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab etmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi xx.xx.2024-cü il tarixə xx.xx.2013-cü il tarixli, 1355-L/13 nömrəli müqavilə üzrə 5534 (beş min beş yüz otuz dörd) manat əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. İddia tələbinin digər hissəsini hesablanmış 5922,79 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, müqavilə üzrə tutulması tələb olunan cərimə məbləği azaldılaraq 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilməlidir. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmiş, cavabdeh həmin məbləğin ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, ağlabatan məbləğ olaraq, işin halları nəzərə alınmaqla, ödənilmiş tələblərin məbləğinə mütənasib 300 manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Belə nəticəyə gəlinmişdir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə 78,14 manat (yetmiş səkkiz manat on dörd qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1, 747.1, 442, 448.1, 462.1, 467-ci maddələrinə istinadla əsaslandırmışdır.

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1371/2025 nömrəli qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılması xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur. Məhkəmə vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 300 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Beləliklə qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Beləliklə, məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək, hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir və vəkilin məhkəmə prosesində iştirakıməcbur deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

16. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Apellyasiya baxışının hədləri:

17. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətində qətnaməni hüquqi yardım ilə bağlı xərcin tutulması hissəsində mübahisələndirmiş və həmin hissədə qətnamənin ləğv edilməsini, hüquqi yardıma çəkilmiş xərcin (500 manat məbləğində) tam şəkildə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı hüquqi yardım ilə bağlı xərcin cavabdehdən tutulması tələbinin təmin edilməmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 1355-L/13 nömrəli müqavilə üzrə 5534 manat gecikdirilmiş borc və hesablanmış 5922,79 manat cərimə borcu ilə yanaşı hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir.

22. Bakı Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1371/2025 saylı qətnaməsi ilə iddianı qismən təmin edərək cavabdehdən xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli, 251-GL/18 nömrəli müqavilə üzrə 5534 manat əsas borc, 280 manat cərimə tutulmasını və 300 manat hüquqi yardım xərcinin tutulmasını qət etmişdir.

23. Məhkəmə kollegiyası hüquqi yardım xərcləri ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, MPM-in hüquqi yardım xərclərinin tutulması qaydasını tənzimləyən 121-ci maddəsi udan tərəfin hüquqi yardıma çəkdiyi xərclərin tam şəkildə deyil, ağlabatan məbləğdə qarşı tərəfdən tutulması imkanını müəyyən etmişdir. Hüquqi yardım xərclərinin ağlabatanlığı qiymətləndirilən kateqoriya olmaqla hər bir konkret halda işin diqqətəlayiq halları, o cümlədən iddianın qiyməti, işin mürəkkəblik dərəcəsi, işə məhkəmədə baxıldığı müddət, xərclərin çəkilməsinin zəruriliyi, ezamiyyə xərcləri, eləcə də tərəflərin mənafeləri arasında ədalətli balans nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyənləşdirilir.

24. Odur ki, hazırkı halda birinci instansiya məhkəməsi işin diqqətəlayiq hallarını, o cümlədən iddianın qismən təmin edilərək lizinq müqaviləsi üzrə cavabdehdən tutulan məbləğin cəmi 6114 manat təşkil etməsini, işə birinci instansiya məhkəməsində qısa müddət ərzində baxılmasını, keçirilmiş iclasların sayını və s. nəzərə alaraq cavabdehdən vəkil xərci olaraq tutulacaq məbləği 300 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

25. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1371/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar