Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-541/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-588/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2016-cı il tarixli 2738-GL/16 nömrəli müqavilə üzrə 4.960 manat əsas borc və 9.760,57 manat cərimə, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, cəmi 15.270,57 manat məbləğdə pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2016-cı il tarixli 2738-GL/16 nömrəli müqavilə üzrə 4.960 manat əsas borcun, 740 manat cərimə, 200 manat mediasiya xərci və 200 manat hüquqi yardıma görə, cəmi 6.100 manat məbləğdə pulun cavabehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, hüquqi yardımla bağlı qismən təmin edilən hissədə ləğv edilib, iddianın həmin hissədə tam təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də 23.513,50 manat pul tələbi ilə bağlı işə görə 350 manat pul ödənilmişdir. İşdən də görünür ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 23.513,50 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 350 manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasını tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Eyni hakimin icraatında olan məhz Vəkil qismində iştirak etdiyi xx.xx.2022-ci il tarixli e-2-2(113)-607/2022 nömrəli başqa kommersiya işində eyni hallar mövcud olduğu halda, yəni vəkil məhkəmə iclasında iştirak etmədiyi halda hüquqi yardıma görə ödənilən vəsait cavabdehdən tam həcmdə tutulmuşdur. Eyni mühüm faktiki hallara malik işlər üzrə eyni hakim tərəfindən fərqli qərarların çıxarılması məhkəmə hakimiyyətinə qarşı etimadı zədələyən haldır. Həmçinin, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin vəkilə etdiyi kömək üçün ödənilən xərc tələbi qismən rədd olunan hissədə ləğv edilərək, iddianın həmin hissədə tam olunması xahiş edildiyi, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi), həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, qətnamə yalnız vəkilə etdiyi kömək üçün ödənilən xərc tələbi rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2016-cı il tarixli 2738-GL/16 nömrəli müqaviləyə əsasən cavabdeh texnikanın ilkin dəyərinə 40% güzəşt tətbiq edilməklə və ilkin ödəniş məbləği nəzərə alınmaqla, qalıq məbləği ödəniş qrafikinə uyğun ödəmək şərtilə texnikaları (qarğıdalı üçün kultivator və taxılyığan kombayn) lizinqə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə müqavilə üzrə 4.960 manat əsas borc ve hesablanmış 9.760,57 manat cərimə borcu yaranmışdır. İddiaçı (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə xx.xx.2021-ci il tarixli Sazişin 1-ci bəndinə əsasən, içraçı sifarişçinin adından məhkəməhüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün vəkillərə etdikləri kömək üçün ödənilən xərc kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan sifarişçiyə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. xx.xx.2021-ci il tarixli 866593/00832 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2021-ci il tarixli sazişə və Vəkilla bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC-yə qarşı iş üzrə "xxxx" MMC tərəfindən Vəkil 350 manat ödənilmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianı hüquqi yardıma görə 200 manat məbləğdə qismən təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 866593/00832 nömrəli hüquqi yardım göstərilməsi haqqında ödəniş tapşırığını nəzərdən keçirən məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə tələb olunan 350 manat göstərilən xidmətə münasibətdə ağlabatan məbləğ deyil, belə ki, vəkil sadəcə olaraq iddia ərizəsini tərtib edib əlavə edilmiş sənədlərlə yanaşı məhkəmə elektron sisteminə yerləşdirmiş, heç bir məhkəmə iclaslarında iştirak etməmiş və bu səbəbdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tələbi həmin hissədə qismən, yəni 200 manat məbləğində təmin edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan hissədə mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, MPM-in: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası prosessual qanunun tələblərini, işin müəyyən edilmiş faktiki hallarını, ödənilən xərcin məbləğini və bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iş üzrə vəkilə etdiyi kömək üçün iddiaçı tərəfindən ödənilən 350 manat xərc ağlabatan məbləğdə olduğu üçün tam məbləğdə cavabdehdən alınıb xeyrinə qətnamə çıxarılan iddiaçıya verilməli və bu səbəbdən iddia həmin tələbə dair hissədə tam təmin edilməli idi. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan (vəkilə etdiyi kömək üçün ödənilən xərc və dəyişən cəmi borc məbləği) hissədə müzakirə olunan qaydada dəyişdirilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-588/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilsin. Qətnamənin nəticə hissəsində “200” rəqəmi “350” rəqəmi ilə, “6.100” rəqəmi “6.250” rəqəmi ilə əvəz edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-541/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-541/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver