Məhkəmə qərarları › İş №2-2(103)-541/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-541/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-541/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən borcun, mediasiya xərcinin və dövlət rüsumunun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli e-2-2(113)-508/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2020-ci il tarixdə malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən icraçı tərəflər arasında qabaqcadan razılaşdırılmış və sifarişçinin işçilərinin çalışdığı sahələrə və ya sifarişçi tərəfindən icraçıya əvvəlcədən yazılı şəkildə bildirilən başqa məntəqələrə malları çatdırmağı və xidmətləri göstərməyi, bu müqavilə üzrə çatdırılan malların/göstərilən xidmətlərin müqabilində sifarişçi icraçıya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada haqq ödəməyi öz öhdələrinə götürmüşlər.

3. İdiaçı qeyd edilən müqavilə üzrə cavabdehin 110.696,5 manat borcunun qaldığını, cavabdeh isə 25.000 manat borcunun qaldığını bildirir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış əsas borc olaraq 110.696,5 manat, öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 19.154,85 manat məbləğin, dövlət mediasiya xidmətinin göstərilməsinə görə haqq qismində 400 manat məbləğin, 24 manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 130.275,35 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ********** qeydiyyat nömrəsi ilə, şirkətləri əsas fəaliyyətini qida məhsullarının satışı və iaşə xidmətlərinin göstərilməsi üzərində qurmuşdur. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən İcraçı tərəfindən sifarişçiyə iaşə (catering) xidmətləri göstərilmişdir. İcraçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, sifarişçi tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmiş, göstərilmiş xidmətlərin dəyəri tam şəkildə ödənilməmiş və sifarişçinin icraçıya 110.696,5 manat məbləğində əsas borc, öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 22.745,6 manat məbləğində dəbbə pulu borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən sifarişçi icraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda icraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0,1%-i miqdarında dəbbə pulu ödəməlidir. Həmçinin, müqavilənin 12.1-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisə, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilməlidir. Eyni zamanda, müqavilənin 12.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisə 30 gün ərzində danışıqlar vasitəsi ilə həll edilmədikdə və ya həll edilməsi mümkün olmadıqda, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilir. Bununla bağlı olaraq ilk öncə icraçı tərəfindən sifarişçiyə pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubunda ödənilməli olan məbləğlərin pretenziya alındığı tarixdən sonrakı 30 təqvim günü ərzində icraçının müqavilədə qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Pretenziya məktubu icraçının məsul şəxsi tərəfindən təhvil alınsa da, onlardan bu tələbin icra edilməsi təmin edilməmişdir. Sifarişçinin öz öhdəliklərini icra etməməsi səbəbilə İddiaçı tərəfindən Sifarişçiyə mediasiya ilə bağlı təklif göndərilmiş və tərəflər arasında münasibətlərin məhkəməyə qədər nizamlama (pretenziya) qaydası ilə həll olunması üçün Mediasiya Şurasına mediatorun təyin olunması ilə bağlı müraciət etmişdir. Təyin olunan ilkin mediasiya sessiyası tarixində, xx.xx.2022-ci il, saat 13:00-da icraçının nümayəndəsi sessiyanın keçirələcəyi məkanda olmuş, lakin sifarişçi tərəfindən heç bir nümayəndə gəlməmişdir. Bununla bağlı mediator tərəfindən icraçıya təsdiqedici sənəd qismində “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim olunmuşdur. Həmçinin icraçı tərəfindən dövlət mediasiya xidmətinin göstərilməsinə görə haqq qismində 400 manat məbləğində mediasiya təşkilatına ödəniş edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-508/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən ƏDV daxil 110.696,5 manat məbləğində əsas borc, 5000 manat məbləğində dəbbə pulu, cəmi 115.696,5 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 360 manat, dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 462.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-508/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliyin böyük hissəsini ödəmişlər, lakin nədənsə onlara yenidən 110696.5 manat borc hesablanmışdır. Həmin məbləğ ekspert tərəfindən yenidən hesablanmalıdır.

10. İddiaçı hesab fakturaları təqdim etməsinə baxmayaraq onlara bu gədər borcları yoxdur. Məhkəmə təqdim olunan hesab fakturalarla ümumi borcun olub-olmaması barədə hər hansı qərar vermək üçün xüsusi biliyə malik olan ekspertin rəyinə əsaslanmalı idi. Odur ki, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş edirlər. İddiaçıya müntəzəm ödənişlər edilmiş və 25000 manat borc qalmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda etiraz təqdim etmiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün faktlar və sənədlər iddiaçı tərəfindən təqdim edilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən apellyasiya şikayəti təqdim edilsə də, şikayətin əsaslandırılması üçün heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində 25000 manat borcun qaldığını bildirsə də, bunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında formalaşmış işgüzar adətlərə əsasən xidmət göstərilməmişdən öncə, qarşı tərəf onlara sifarişlər verirdi, tərəflərindən təsdiq olunurdu, səhəri gün sifarişləri qarşı tərəfə təqdim edirdilər. Hər ayın sonunda qarşı tərəfdən təsdiq cavabı alınandan sonra elektron qaimə göndərilirdi. Qarşı tərəf e-mail yazışmaları ilə də bunu təsdiq etmişdir. E-qaimələri sistem vasitəsi ilə təsdiq cavabı verdikdən sonra təsdiq edirdilər. Tərəflər arasında münasibətlər 2020-ci ildən etibarən formalaşmış, təxminən 480.000 manatlıq mal dövriyyəsi olmuşdur. Cavabdeh tərəf 350-360.000 manat hissəsini ödəniş etmişdir. Bu səbəbdəndir ki, aralarındakı münasibətlərə xələl gətirməməyə çalışmışlar. İş materiallarına əlavə etdikləri bank hesabından çıxarışlara əsasən hər hansı ödənişlər edilməmişdir. Hər ödəniş ediləndə elektron qaiməyə istinad edilməli idi. Dəbbə pulu hissəsində müəyyən azaltmalar eləmişlər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilən hissədə əsaslıdır.

24. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki:

25. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2020-ci il tarixdə malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.

26. Həmin müqavilənin: 2.1-ci bəndinə görə bu müqaviləyə əsasən icraçı tərəflər arasında qabaqcadan razılaşdırılmış və sifarişçinin işçilərinin çalışdığı sahələrə və ya sifarişçi tərəfindən icraçıya əvvəlcədən yazılı şəkildə bildirilən başqa məntəqələrə malları çatdırmağı və xidmətləri göstərməyi öz öhdəsinə götürür. 2.2-ci bəndinə görə bu müqavilə üzrə çatdırılan malların/göstərilən xidmətlərin müqabilində sifarişçi icraçıya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada haqq ödəməyi öz öhdəsinə götürür. 3.1.3-cü bəndinə görə bu müqavilə üzrə təchiz edilən malların/xidmətlərin müqabilində müəyyən edilmiş xidmət haqqı almaq və bu məqsədlə hesab-fakturalar təqdim etmək icraçının hüququdur. 3.4.1-ci bəndinə görə bu müqavilədə və ona əlavələrdə nəzərdə tutulmuş miqdarda və qaydada icraçıya xidmət haqqı ödəmək sifarişçinin vəzifəsidir. 5.2-ci bəndinə görə bu müqavilənin 5.1-ci bəndində göstərilən istənilən sifariş, bildiriş və ya digər ismarıc şəxsən çatdırılma və ya əvvəlcədən ödənilmiş çatdırılma ilə və ya qeydə alınmış poçt və ya faks və ya elektron poçt vasitəsilə 5.4-cü bənddə göstərilən ünvana və şəxsə (və ya həmin tərəf tərəfindən 5.4-cü bənddə müəyyən edilən başqa şəkildə) göndərməklə verilir. 7.3-cü bəndinə görə sifarişçi icraçının təqdim etdiyi hesab-fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Ödəniş tərəflərin qarşılıqlı razılığı ilə nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. Sifarişçi ödəniş müddətini pozduqda icraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir. 11.1-ci bəndinə görə bu müqavilə xx.xx.2020-ci il tarixindən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək qüvvədə qalır. 11.2-ci bəndinə görə tərəflərdən biri digər tərəfə müqavilə müddətinin başa çatmasına ən azı 15 gün qalmışadək bu müqaviləni ləğv etmək niyyəti barədə bildiriş göndərmədiyi halda, bu müqavilə avtomatik olaraq növbəti 1 il (lər) müddətinə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

27. xx.xx.2020-ci il tarixli malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə 1 saylı əlavəyə əsasən tərəflər razılaşırlar ki, icraçı sifarişçinin sifarişi ilə aşağıdakı sayda, çeşiddə və qiymətlərlə qida məhsullarını təchiz edir. Həmin əlavənin: 2-ci bəndinə görə tərəflər razılaşırlar ki, 2,55 manat məbləğində menyuya aşağıdakı çeşid yeməklər daxildir: 2.1.1. kərə yağı; 2.1.2. seçim üzrə pendir, qaymaq və ya üçkünc pendir; 2.1.3. seçim üzrə cem, bal və ya rulet; 2.1.4. zeytun; 2.1.5. yumurta. 3-cü bəndinə görə tərəflər razılaşırlar ki, 5,10 manat məbləğində menyuya aşağıdakı çeşid yeməklər daxildir: 3.1.1. sup; 3.1.2. seçim üzrə ət və ya toyuq yeməyi; 3.1.3. qarnir; 3.1.4. desert. 4-cü bəndinə görə tərəflər razılaşırlar ki, 8,50 manat məbləğində menyuya aşağıdakı çeşid yeməklər daxildir: 4.1.1. sup; 4.1.2. ət yeməyi; 4.1.3. toyuq yeməyi; 4.1.4. iki növ qarnir; 4.1.5. salat; 4.1.6. desert; 4.1.7. qatıq; 4.1.8. spirtsiz içki. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

28. İddiaçı MMC tərəfindən 2022-ci ilədək olan dövrdə göstərilmiş (catering) xidmətlərinin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 542899 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 256372 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 950759 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 430975 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 294210 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 422456 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 921740 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 372023 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 314685 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 549188 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 127388 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 776529 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 452540 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 268248 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 887670 nömrəli və xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 608090 nömrəli və xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 727155 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.

29. İddiaçı MMC tərəfindən 2022-ci il üçün ümumilikdə ƏDV daxil 110.696,5 manat məbləğində xidmətlərin göstərilməsinə dair 2022-ci ilin yanvar ayı üçün 33.355,77 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 674978 saylı; 2022-ci ilin fevral ayı üçün 27.386,27 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 727942 saylı; 2022-ci ilin mart ayı üçün 4.940,42 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 728222 saylı; 2022-ci ilin mart ayı üçün 7.951,08 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 728293 saylı; 2022-ci ilin may ayı üçün 14.511,40 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 728326 saylı; 2022-ci ilin iyun ayı üçün 18.009,51 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 424623 saylı və 2022ci ilin iyul ayı üçün 4.542,06 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022ci il tarixli, EBCA seriyalı, 670763 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.

30. 31.10.2020-ci il-xx.xx.2022-ci il tarixləri arası dövrdə sifarişçi - Cavabdeh MMC ilə (Elektron ünvan 1; mailto:q.qardashxanli@azmepgroup.azElektron ünvan 2; Elektron ünvan 3; mailto:muhasebe@azmepgroup.azElektron ünvan 4; Elektron ünvan 5; Elektron ünvan 6) icraçı - İddiaçı MMC (Elektron ünvan 7; mailto:q.abbasov@freshcatering.azElektron ünvan 8; Elektron ünvan 9) arasında aparılmış “e-mail” yazışmaları ilə təsdiq edilir ki, həmin dövrlərdə sifarişçi tərəfindən yemək sifarişləri verilmiş, həmin sifarişlər əsasında icraçı tərəfindən sifarişçiyə göstərilmiş xidmətlər barədə aylıq hesabat göndərilmiş və göndərilmiş hesabatların doğruluğu sifarişçi tərəfindən təsdiqlənmiş, eləcə də icraçı tərəfindən sifarişçidən müqavilə üzrə borclarının ödənilməsi tələb edilmişdir. 24 may 2022-ci il tarixdə İddiaçı MMC-nin baş mühasibi Emil Əliyev (Elektron ünvan 9) tərəfindən Cavabdeh MMC-yə (Elektron ünvan 3; mailto:muhasebe@azmepgroup.azElektron ünvan 4; Elektron ünvan 5; Elektron ünvan 6) elektron poçt vasitəsilə ünvanlanmış məktubdan müəyyən edilir ki, məktubda Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixinə qədər olan 132.072,44 manat (ƏDV daxil) borcdan may ayında 70.800 manat (ƏDV daxil) ödəniş edildikdən sonra xx.xx.2022-i il tarixə 61.272 manat borcun qaldığı, həmçinin mart ayı üzrə 4940,42 manat (ƏDV daxil) və aprel ayı üzrə 7951 manat (ƏDV daxil) keyterinq xidməti göstərildiyi, ümumi olaraq 74.163,42 manat məbləğində borcu ödənilməmiş qaldığı bildirilmiş və həmin borcun xx.xx.2022-ci il tarixinədək ödənilməsi tələb edilmişdir. Həmin məktuba cavab olaraq Cavabdeh MMC-nin baş direktoru Sinan Duman tərəfindən (mailto:sinan.duman@azmepgroup.azElektron ünvan 3) tərəfindən Emil Əliyevə (Elektron ünvan 9) elektron poçt vasitəsilə göndərilmiş məktubda ilk ödəmənin xx.xx.2022-ci il tarixdə 60.652,60 manat məbləğində edildiyi, 60.652,60 manat məbləğində ikinci ödənişin xx.xx.2022-ci il tarixdə ediləcəyini, qalan borcun isə xx.xx.2022-ci il tarixdə ödəniləcəyi bildirilmişdir.

31. 05.07.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC - yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, İddiaçı MMC-nin bank hesabına xx.xx.2022-ci il tarixdə EBBO 608090 (2021-ci ilin noyabr ayı üçün) və EBBP seriyalı, 727155 saylı (2021ci ilin dekabr ayı üçün) elektron qaimə üzrə cəmi 60652,6 manat (ƏDV xaric) məbləğində ödəniş edilmişdir.

32. İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixli pretenziya ünvanlanaraq iddia üzrə borcun 30 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi barədə xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayına (iyul ayı daxil) kimi yemək sifarişləri üzrə Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 110.696,5 manat məbləğində keyterinq xidməti göstərmiş, lakin həmin xidmətlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Xidmətlərin göstərilməsi faktı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələrlə yanaşı tərəflər arasında e-mail yazışmaları ilə öz təsdiqini tapır.

34. Tərəflər arasında bağlanmış xidmət müqaviləsində (5.2-ci bənd) müqavilə üzrə sifariş, bildiriş və ismarıcların elektron poçt vasitəsilə göndərilməsi imkanı nəzərdə tutulmuşdur. Digər tərəfdən iş materiallarına əsasən müəyyən edilir ki, 2020-2021-ci illərdə də İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə keyterinq xidmətləri göstərilmiş və həmin xidmətlərin göstərilməsi də e-mail vasitəsilə göndərilmiş sifarişlər, sifarişlərin göstərilməsi barədə hesabatlar və elektron qaimələrlə rəsmiləşdirilmiş və göstərilmiş xidmətlərin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Göstərilən hal isə öz növbəsində tərəflər arasında xidmətlərin göstərilməsinin e-mail yazışmaları və elektron qaimələrlə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir.

35. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 19.154,85 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür.

36. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-dən ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

37. Belə olan halda məhkəmə kollegiyası tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulması tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olması səbəbindən həmin məbləğin azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulunun 5.000 manat məbləğində müəyyən edilməsi barədə gəldiyi nəticə əsaslıdır.

38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 360 manat mediasiya xərci və 24 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

40. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-508/2023 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-508/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar