Məhkəmə qərarları › İş №2-2(103)-542/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-542/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-542/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-164/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC-nin (bundan sonra – iddiaçı) Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ümumilikdə 62822.22 manat məbləğində borcun (əsas borcu 52850,70 manat, mükafat borcu 6971.63 manat, cərimə 3000 manat), həmçinin məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 400 manat dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 68479,16 manat məbləğində vurulmuş zərərin, həmçinin məhkəməyə müraciət edilməsi ilə əlaqədar mediasiya təşkilatına ödənilmiş 800 manat rüsumun, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-164/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə Cavabdeh3 və Cavabdeh2 MMC cavabdehlər qismində hazırkı iş üzrə icraata cəlb edilmişlər.

4. Bakı Kommersiya Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2-2(113)-164/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 68479,16 manat məbləğində pul, ödənilmiş 400 manat mediasiyaya dair xərc, 200 manat hüquqi yardımla bağlı çəkilmiş xərc, ümumilikdə 69079,16 (altmış doqquz min yetmiş doqquz manat on altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, İddiaçı MMC tərəfindən verilmiş “xüsusi qərardadın çıxarılması” barədə vəsatətin təmin edilməməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-164/2024 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbin tam təmin olunması və hazırki apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat xidmət haqqının iş üzrə cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: lizinq obyekti olan-“TOYOTA LAND CRUİSER LC200” minik markalı(Qeydiyyat nişanı-** PD ***; Tip-Universal, Rəngi–Qara Metallik, Buraxılış ili-2017, BAN JTMHU01J6J5134837) nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən İddiaçı MMC-nin məlumatı və razılığı olmadan (etibarnaməsiz), özünə məxsus şirkət-Cavabdeh2 MMC adından qanunsuz sənəd əsasında Cavabdeh3 istifadəsinə verilmişdir və onun iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmişdir. Həmçinin bildirmək istəyirik ki, hal-hazırda mülkiyyətimizdə olan avtomobil (sənədləri ilə birlikdə) harada olması ilə bağlı, ümumiyyətlə mövcud olub-olmaması barədə heç bir məlumatımız yoxdur və yuxarıda adları qeyd edilən şəxslər tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan avtomobil, bizə məlum olmayan səbəblərdən geri qaytarılmır. Həmçinin, nəqliyyat vasitəsinin üzərində olan GPS avadanlıq sistemi sökülmüşdür və bunun nəticəsi olaraq avtomobilin harada olmasıməlumatını əldə etmək mümkün deyildir. Hesab edirik ki, İddiaçı MMC-nin mülkiyyətində olan “TOYOTA LAND CRUİSER LC200” minik markalı(Qeydiyyat nişanı-** PD ***; Tip-Universal, Rəngi–Qara Metallik, Buraxılış ili-2017, BAN JTMHU01J6J5134837) nəqliyyat vasitəsi yuxarıda adları qeyd edilən şəxslər tərəfindən ehtiyyat hissələrinə bölünərək, satılmışdır. Həmin avtomobili ehtiyyat hissəsi olaraq satmaqla, faktiki mülkiyyətçi İddiaçı MMC-nin razılığı olmadan üzərində sərəncamverici hüququnu həyata keçirmişdir. Bunun nəticəsi olaraq, İddiaçı MMC-nin mülkiyyətində olan daşınar əmlak talanaraq, şirkətə külli miqdarda-68479.16 (altmış səkkiz min dörd yüz yetmiş doqquz.16) manat məbləğində maddi ziyan vurulmuşdur. Hesab edirik ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-nin (Hüquqi ünvanı-AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 10, mənzil 30; VÖEN №**********) direktoru olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz sənəd əsasında nəqliyyat vasitəsini Cavabdeh3 istifadəsinə verilmişdir. Belə ki, İddiaçı MMC-nin “TOYOTA LAND CRUİSER LC200” minik markalı (Qeydiyyat nişanı-** PD ***; Tip-Universal, Rəngi–Qara Metallik, Buraxılış ili-2017, BAN JTMHU01J6J5134837) nəqliyyat vasitəsinə dair Cavabdeh2 MMC ilə hər-hansı bir müqavilə bağlanmamış, həmin avtomobilə dair etibarnamə verilməmişdir. Cavabdeh1 Cavabdeh2 MMC-nin direktoru-vəzifəli şəxs kimi səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində hüquqi şəxs-İddiaçı MMC-yə külli miqdarda-68479.16 (altmış səkkiz min dörd yüz yetmiş doqquz.16) manat məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin hesab edirik ki, İddiaçı MMC-nin mülkiyyətində olan “TOYOTA LAND CRUİSER LC200” minik markalı(Qeydiyyat nişanı-** PD ***; Tip-Universal, Rəngi–Qara Metallik, Buraxılış ili-2017, BAN JTMHU01J6J5134837) nəqliyyat vasitəsi yuxarıda adları qeyd edilən şəxslər tərəfindən ehtiyyat hissələrinə bölünərək, satılmışdır. Həmin avtomobili ehtiyyat hissəsi olaraq satmaqla, faktiki mülkiyyətçi İddiaçı MMC-nin razılığı olmadan üzərində sərəncamverici hüququnu həyata keçirmişdir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilmişdir: “Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır.” Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən, Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakımüsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər, həmçinin iş materiallarında olan sübutlar əsasında birinci instansiya məhkəməsi tərəfindən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməli olduğu halda, xüsusi qərardad qəbul edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

9. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

11. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

12. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

13. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

14. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

17. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilməyən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilməyən hissəsində və xüsusi qərardadın qəbul edilməməsi hissəsində yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı lizinq müqaviləsi əsasında “TOYOTA LAND CRUİSER LC200” minik markalı avtomobilini Cavabdeh1 istifadəsinə vermiş, lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi törədilməsi nəticəsində lizinq obyektinə zərər dəymiş, lizinq obyekti yararsız hala düşmüşdür.

25. İddiaçı tərəfindən həmin lizinq obyekti Cavabdeh1 sahiblik və istifadəsinə verilmiş, Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyektinin salamatlığı, vaxtından əvvəl sıradan çıxmasına görə məsuliyyəti məhz Cavabdeh1 daşımışdır. Bundan əlavə, tərəflər arasında imzalanmış lizinq müqaviləsinin 1.6-cı bəndinə əsasən lizinq obyektinin korlanması və sıradan çıxamasına görə məsuliyyət lizinq obyektinin lizinq alana təhvil verildiyi andan sonuncuya keçmişdir.

26. Məhkəmə iddia ərizəsinin vurulmuş zərərin əvəzinin digər cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 da birgə qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, lizinq obyektinə dəymiş zərərə görə qanunvericilikdə lizinq alanla yanaşı müqavilə tərəfi olmayan digər şəxslərin onunla birlikdə solidar (birgə) məsuliyyət daşıması əsasları nəzərdə tutulmamışdır. Bundan başqa iddia ərizəsində 200 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehlərdən tutulması da tələb edilir. Məhkəmə hesab etmişdir ki, iddia Cavabdeh1 aid olan hissədə təmin edildiyindən çəkilmiş hüquqi yardımla bağlı xərc ondan tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Yusif Allahverdiyev Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 200 manat pul ödənilmişdir.

27. Apellyasiya şikayətində qeyd edilir ki, lizinq obyekti olan-“TOYOTA LAND CRUİSER LC200” minik markalı (Qeydiyyat nişanı-** PD ***; Tip-Universal, Rəngi–Qara Metallik, Buraxılış ili-2017, BAN JTMHU01J6J5134837) nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən İddiaçı MMC-nin məlumatı və razılığı olmadan (etibarnaməsiz), özünə məxsus şirkət-Cavabdeh2 MMC adından qanunsuz sənəd əsasında Cavabdeh3 istifadəsinə verilmişdir və onun iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmişdir.

28. Lakin iş materiallarında olan Cavabdeh2 MMC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli avtomobilin icarə müqaviləsinə əsasən “X6” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobil icarəyə verilmişdir.

29. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh2 MMC və X4 ilə iddiaçı arasında heç bir müqavilə münasibətləri yaranmamış, öhdəlik əsası yaranmamışdır. Cavabdeh2 MMC ilə X4 arasında müqavilə münasibətləri yaranmışdır. İddiaçı yalnız Cavabdeh1 lizinq obyektini verdiyinə görə zərərin əvəzini də yalnız ondan ala bilər. Bundan başqa X2 lizinq obyektinə təqsirli olaraq zərər vurması iş materialları ilə müəyyən edilmir.

31. Əksinə iş materiallarında olan 25 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh3 barəsində Azərbaycan Respublikasl İXM-nin 327.2 və 328.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masalllı RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır.

32. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, digər cavabdehlər iddiaçı qarşısında deyil, Cavabdeh1 qarşısında məsuliyyət daşıdıqlarından apellyasiya şikayətinin müvafiq dəlili əsassızdır.

33. Xüsusi qərardadın çıxarılması ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, lizinq predmeti olan avtomobilin onların xəbəri və icazəsi olmadan Cavabdeh1 rəhbərlik etdiyi şirkət tərəfindən Cavabdeh3 istifadəsinə verilməsi ilə bağlı hüquq mühafizə orqanlarına iddiaçı tərəfindən şikayət ərizəsi verilmiş, hazırda təhqiqat aparılır.

34. Göründüyü kimi məhkəmə icraatında iddiaçı müvafiq hüquq mühafizə orqanına cinayət mühakimə icraatı çərçivəsində müraciət etdiyi üçün həmin məsələnin yenidən məhkəmənin xüsusi qərardad çıxarılması vasitəsilə araşdırılması prosessual qənaət prinsipi baxımından yol verilməzdir. Bundan əlavə qeyd edilməlidir ki, cinayət mühakimə icraatı qaydasında iddiaçının qeyd etdiyi cinayət əməli (cavabdehlərin əvvəlcədən əlbir olaraq lizinq obyektinin ələ keçirməsi) təsdiqini taparsa bu halda onun həm də zərərin ödənilməsi hüququ yaranacaq.

35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-164/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar