Məhkəmə qərarları › İş №2-2(103)-547/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-547/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-547/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkil Nümayəndə iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2381/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9323 manat borc məbləği, borcun gecikdirilməsinə görə 300 manat, 30 manat dövlət rüsumu və 200 manat hüquqi xidmətə görə ödənişin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2381/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, cavabdeh tərəfindən tikintisi həyata keçirilən və tikinti materiallarının istifadə olunduğu binanın "xxxx" MMC-nin mülkiyyətinə verildiyi aydınlaşdırılmamışdır. Buna görə də, cavabdeh tərəfindən iddiaçıya pul ödənilməsinin tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 04 mart 2019-cu il tarixli 64 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, 09 aprel 2019-cu il tarixində tərtib olunan və cavabdeh tərəfindən də imzalanan üzləşmə aktına əsasən Cavabdeh MMC-nin müqavilə üzrə İddiaçı MMC-yə 9323 manat məbləğində borcunun olduğu müəyyən olunmuşdur. Həmçinin həmin borcun olması Bakı şəhər Prokurorluğuna verilmiş izahatlarda cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə 9323 manat məbləğində borcu vardır. Həmin akt iddiaçı və cavabdehin səlahiyyətləri nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi üzləşmə aktı ilə təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun bağlanan alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən həmin mallara görə ödənilməyən ümumilikdə 9323 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin maddənin tələblərini, üzləşmə aktının tərtib edildiyi vaxtı və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə aldıqda kollegiya hesab edir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 300 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, alqı-satqı müqaviləsinin Cavabdeh MMC ilə bağlanması işin mübahisəsiz halıdır və müqavilə üzrə öhdəliklərin alıcı tərəfindən hər hansı üçüncü şəxsə ötürülməsi ilə bağlı razılıq mövcud deyildir. Ona görə də, alqı-satqı müqaviləsi üzrə alınmış malların faktiki olaraq başqa şəxsə verilibverilməməsinin mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2381/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar