Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-548/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı Qanuni nümayəndə MMC-nin həmin iddia tələbi üzrə cavabdeh Əliyev Sadiq İsa oğluna qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması, lizinq obyekti olan avtomobilin geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Sadiq İsa oğlunun həmin iddia tələbi üzrə cavabdeh Qanuni nümayəndə MMC-yə qarşı “X2 etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması” tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması, lizinq obyekti olan avtomobilin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə cavabdeh Əliyev Sadiq İsa oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Qanuni nümayəndə MMC-nin həmin iddia tələbi üzrə cavabdeh Əliyev Sadiq İsa oğluna qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması, lizinq obyekti olan avtomobilin geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Sadiq İsa oğlunun həmin iddia tələbi üzrə cavabdeh Qanuni nümayəndə MMC-yə qarşı “X2 etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli, e-2-2(113)- 3728/2022 saylı qətnaməsindən Əliyev Sadiq İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. 2021-ci il 17 mart tarixli 170321-4 saylı X1 görünür ki, lizinq verən lizinq obyektini (2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, 99- PV-453 dövlət nömrə nişanlı avtomobil) satıcıdan əldə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib müqavilə üzrə müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini lizinq alana ödəməyi öhdələrinə götürmüşdür.
2. 2021-ci il 17 mart tarixli Ödəniş cədvəlindən görünür ki, əsas məbləğ 11.160 manat, faiz məbləği 4.590 manat olmaqla ümumilikdə 15.750 manat məbləğində pul vəsaitinin Əliyev Sadiq İsa oğlu tərəfindən 2024-cü il 17 sentyabr tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur.
3. 2021-ci il 17 mart tarixli Qəbul aktından görünür ki, Qanuni nümayəndə MMC tərəfindən 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobil Əliyev Sadiq İsa oğluna təhvil verilmiş və sonuncu tərəfindən təhvil alınmışdır.
4. Qanuni nümayəndə MMC tərəfindən Əliyev Sadiq İsa oğluna ünvanlanmış 2022-ci il 21 fevral tarixli xx-xx/2022 saylı pretenziya məktubundan görünür ki, tərəflər arasında 2021-ci il 17 mart tarixində bağlanmış X4 əsasən yaranmış 1.500 manat gecikdirilmiş borcun, 278.10 manat məbləğində faiz borcunun ödənilməsi, qanunsuz istismarda olan avtomobilin təhvil verilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
5. Əliyev Sadiq İsa oğlu tərəfindən Qanuni nümayəndə MMC-yə ünvanlanmış 2022-ci il 22 iyun tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında 2021-ci il 17 mart tarixdə bağlanmış X6 etibarsız olduğundan tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, Əliyev Sadiq İsa oğlu tərəfindən ödənilmiş 6.700 manat məbləğində vəsaitin qaytarıldığı təqdirdə 2020-ci il buraxılışlı olan, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobilin qaytarılmasını, 10 gün müddətində cavab verilmədiyi təqdirdə müqavilənin etibarsız hesab olunması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
6. 2022-ci il 23 iyun tarixli 252 saylı Maliyyə arayışından görünür ki, 2021-ci il 17 mart tarixli müqaviləyə əsasən, 2021-ci il 17 oktyabr tarixinə qədər Əliyev Sadiq İsa oğlu tərəfindən cəmi 2.625 manat ödənilmiş, 2021-ci il 29 aprel tarixinə qədər 2.250 manat aylıq, 419.72 manat gündəlik gecikmə cəriməsi ödənilməmiş borcu qalmışdır.
7. "xxxx" MMC-nin 2022-ci il 12 avqust tarixli ME00161/22 saylı ekspert rəyindən görünür ki, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobilin mühərrikində bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Mühərrik fabrik qüsurlu olmuşdur. 2020-ci buraxılış ili olan həmin avtomobilin mühərrikində dəyişilməsinə hazırkı vəziyyətdə ümumi qiymət təxminən 2.750 manat müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. Qanuni nümayəndə MMC (bundan sonra – “iddiaçı”) Əliyev Sadiq İsa oğluna (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 28 iyun tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında 2021-ci il 17 mart tarixdə bağlanılmış 170321-4 saylı X6 üzrə 2022-ci il 29 aprel tarixinədək yaranmış 2.250 manat əsas borc, 419,72 manat lizinq mükafatının (faiz), iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 2.729,72 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən tam işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il 17 mart tarixində 42 aylıq müddətə bağlanılmış 170321-4 saylı X6 üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə icra olunsa də, cavabdeh öz öhdəliklərini tam icra etməyərək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan lizinq haqqı borcunu uzun zaman geçikdirməklə ödəməkdən qərəzli olaraq boyun qaçırmış, cavabdehin sonuncu ödənişi 2021-ci il 19 oktyabr tarixində olmuş, cavabdehin qərəzli hərəkətlərinin nəticəsi olaraq iddiaçıya 2022-ci il 29 aprel tarixinədək 2.250 manat əsas ödəniş borcu, 419,72 manat lizinq mükafatı (faiz) borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıqlar olunmasına və yazılı bildirişpretenziya göndərilməsinə baxmayaraq, borc ödəniməmiş, iddiaçının xüsusi mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobil iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmişdir. İlkin mediasiya sessiyasına dəvət əsasında cavabdeh iştirak etməmiş, avtomobilin qaytarılması və yaranmış lizinq borcunun ödənilməsi istiqamətində addım atmamışdır.
10. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2021-ci il 17 mart tarixli 170321-4 saylı X2 etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, X2 11.3- cü maddəsinə əsasən lizinq alan bu müqavilə ilə müəyyən edilən vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu müqavilə üzrə lizinq ödənişləri tam icra edildikdə belə lizinq verən lizinq obyekti olan avtomobili lizinq alanın mülkiyyətinə verməkdən imtina edə bilər. Qeyd olunan şərtlər yalnız lizinq verənin iradəsindən asılıdır. Həmin müqavilə faktiki olaraq fiziki şəxs iddiaçı ilə bağlansa da, cavabdeh tərəfindən müqaviləyə VÖENİ olan sahibkarla bağlanılmış kimi qeyd olunmuşdur. Belə ki, iddiaçıdan VÖEN tələb edilmiş, sonuncu isə məcburiyyət qarşısında qalaraq müqavilə bağlanan tarixə qüvvədə olmayan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) təqdim etmişdir.
12. Qarşılıqlı iddia ərizəsinə əlavə olunan vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubda qeyd olunmuşdur ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi bildirmişdir ki, 2019-cu il 11 oktyabr tarixli ərizəyə əsasən fəaliyyəti 2019-cu il 11 oktyabr tarixindən 2024cü il 11 oktyabr tarixinədək vergi orqanı tərəfindən fəaliyyətinin dayandırılması təmin edilmişdir. Müqavilə bağlanan zaman aldanaraq cavabdehə fabrik qüsuru olan nəqliyyat avtomobili verilmiş və nəqliyyat avtomobilinin motorunda problem olduğu üçün 20.000 km yol getdikdən sonra tamamilə sıradan çıxmışdır. 2021-ci ilin oktyabr ayından nəqliyyat avtomobili qarajda saxlanılmış və istismara tam yararsız vəziyyətdə olmuşdur. Bir çox nəqliyyat avtomobili ustasına göstərdikdə sonuncular iddiaçıya bildirmişlər ki, nəqliyyat avtomobilinin mühərrikində fabrik qüsuru olduğu üçün nəqliyyat vasitəsinin təmiri və bərpası qeyri-mümkündür. İddiaçı iddia ərizəsində və pretenziya məktublarında qeyd etmişdir ki, guya avtomobil tam saz (işlək) vəziyyətdə olmuş, lakin bu məlumat doğru olmamışdır. İddiaçı cavabdehi aldadaraq gəlir əldə etmiş, üstəlik nəqliyyat vasitəsi işlək vəziyyətdə olmadığı və fabrik qüsuru olduğu halda həm nəqliyyat vasitəsini, həm də aylıq ödənişləri əsassız olaraq tələb etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, maşının kilometrajı 24.377 rəqəmini göstərmişdir. Bu da nəqliyyat vasitəsinin cəmi ortalama 4- 5 ay istifadə olunduğunu göstərmişdir. Yəni nəqliyyat vasitəsi 4-5 ay istifadə olunduqdan sonra cavabdehin səhvi ucbatından yox, fabrik qüsuruna görə sıradan çıxmışdır. Lizinq predmetinin qarajdakı toz basmış şəkilləri də onun istifadə edilmədiyinin sübutu olmuşdur. Nəqliyyat vasitəsinin fabrik qüsurunun olması cavabdehə 2021-ci ilin oktyabr ayında məlum olmuşdur və həmin andan etibarən haqlı olaraq lizinq ödənişlərini dayandırmışdır.
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 sentyabr tarixli e-2-2(113)-3728/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd olunmuşdur.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə iddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X8 müqaviləsinə istinad etmişdir. İş materiallarında olan sənədlərlə cavabdehin 2021-ci il 17 mart tarixli 170321-4 saylı X4 əsasən yaranmış 2.250 manat əsas borc və 419,72 manat lizinq mükafatı (faiz) olmaqla 2.669,72 manat icra edilməmiş öhdəliyi müəyyən olunmuşdur. İlkin iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə hesab etmişdir ki, lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobili tam işlək vəziyyətdə cavabdehə geri qaytarılmalıdır. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə 2021-ci il 17 mart tarixində bağlanmış, lakin həmin tarixdən 1 ildən artıq müddət keçdikdən sonra 2022-ci il 30 iyun tarixində qarşılıqlı iddia üzrə iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı avtomobilin fabrik qüsuru olmasını bildirsə də, bu barədə qarşılıqlı iddia üzrə cavabdehə hər hansı irad bildirməmiş və bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, qanunda həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən olunmuşdur. Əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, qarşılıqlı iddia üzrə iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən qarşılıqlı iddia, müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia tələbinin tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması hissəsinə münasibətdə məhkəmə vurğulamışdır ki, qarşılıqlı iddia tələbinin göstərilən hissəsi müqavilənin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən, qarşılıqlı iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.4, 324.5, 354.2, 377.1, 385.1, 386.1, 389.1, 442, 448.1, 465.2, 747.1, 748-10.1-ci maddələrinə, Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” 2000-ci il 25 yanvar tarixli, “Stanyo Belçikaya qarşı” 2009-cu il 7 iyul tarixli qərarlarına, MPM-in 14.2, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Əliyev Sadiq İsa oğlu apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-3728/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən müqavilə bağlanan zaman Əliyev Sadiq İsa oğluna aldadılaraq fabrik qüsuru olan maşın verilmiş və maşının motorunda problem olduğu üçün 24.377 km yol getdikdən sonra tamamilə sıradan çıxmışdır. Bu nəinki qanuna zidd, həmdə vicdansızlıqdır. 2021-ci ilin oktyabr ayından maşın qarajdadır və istismara tam yararsız vəziyyətdədir. Necə ola bilər ki, 2020- ci il buraxılışlı maşın bu qədər tez sıradan çıxsın? Maşının fabrik qüsurunun olması cavabdehə 2021-ci ilin oktyabr ayında məlum olmuşdur və həmin andan etibarən haqlı olaraq lizinq ödənişləri dayandırılmışdır. Maşın mütəxəssisi dəvət edərkən məlum olmuşdur ki, maşının motorunda bir bolt olmadığı üçün maşının motoru dağılmışdır. Bir çox maşın ustasına maşını göstərdikdə onlar Əliyev Sadiq İsa oğluna bildirmişlər ki, maşının motorunda fabrik qüsuru olduğu üçün maşının təmiri və bərpası qeyri-mümkündür, artıq dəmir-dümür yığınından başqa bir şey deyil. Qanuni nümayəndə MMC iddia ərizəsində və pretenziya məktublarında qeyd etmişdir ki, guya avtomobil tam saz (işlək) vəziyyətdədir. Lakin bu yalan məlumatdır. Çünki tam saz işlək vəziyyətdə olan maşın 24.377 km getdikdən sonra istismara yararsız vəziyyətə düşə bilməzdi. İlkin iddiaçı Qanuni nümayəndə MMC Cavabdeh aldadaraq gəlir əldə etmiş, üstəlik maşın işlək vəziyyətdə olmadığı və fabrik qüsuru olduğu halda həm maşını, həm də aylıq ödənişləri əsassız olaraq tələb edir. Bütün yuxarıda qeyd olunanların heç birinə təəsüflər olsun ki, məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. İş materiallarından görünür ki, uzun müddət hər ay vaxtı-vaxtında ödəniş etmiş, maşının fabrik qüsurlu olduğunu bilən andan etibarən ödəniş dayandırılmışdır. Bunun özü belə sübut edir ki, maşının fabrik qüsurlu olmasını cavabdeh yalnız 2021-ci ilin oktyabr ayında öyrənmişdir. Qanuni nümayəndə MMC-yə pretenziya və mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, göndərdiyi sənədlər xx.xx.2022-ci il tarixdə Qanuni nümayəndə MMC tərəfindən qəbul edilmiş və qanunla nəzərdə tutulan 10 gün müddət keçməmişdir ki, tərəf mediasiya təşkilatına müraciət edə bilsin. Belə olduğu halda qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin müvafiq müddəalarının tələblərinə zidd olmaqla verilmişdir və bu qarşılıqlı iddia tələbi məhz bu səbəbdən baxılmamış saxlanılmalıdır. Daha sonra qeyd etmişdir ki, mübahisə predimeti olan Lizinq Müqaviləsi üzrə Cavabdeh imzası ilə akt əsasında qəbul edilən və heç bir nasazlığı, narahatlığı olmadığı aşkar bəyan edilən lizinq avadanlığının istifadə edilərək 7 ay ardıcıl haqqı ödənilməklə istismar edilməsi və 7 aydan sonra nasazlıq iddiası ilə xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılmasına cəhd edilməsi həqiqətən də absurddur. “
18. Bakı Apellyasiya Məhkəməsi kommersiya kollegiyasının 2-2(103)-1066/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə məhkəmə tərəfindən tutulmuş borc məbləğini, müqavilə üzrə həyata keçirilmiş ödənişin məhkəmə tərəfindən müəyyən edilmiş məbləğini mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın məhkəmə tərəfindən təmin edilməməsidir. Tərələr arasında lizinq müqaviləsinin etibarsız müqavilə olduğu qarşılıqlı iddia ərizəsində belə əsaslandırılır ki, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil lizinqə verilərkən həmin avtomobildə bir ədəd bolt və bolt yivi olmamış, avtomobildə istehsal qüsuru olmuş və lizinqverən bu halı bildiyi halda lizinqalana bu barədə məlumat verməmişdir. Qarşılıqlı iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi üçün sadalananlar sübut edilməli idi: lizinq predmeti olan avtomobildə həqiqətən lizinq predmeti lizinq alana təhvil verilənə qədər qüsur mövcud olduğu və lizinq verənin müqavilə bağlananadək bu barədə məlumatlı olduğu. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş özəl şirkət olan "xxxx" MMC-nin 2022-ci il 12 avqust tarixli ME00161/22 saylı mütəxəssis rəyində qeyd edilmilşdir ki, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin motorunda bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Motor fabrik qüsurludur. Qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, avtomobil 20.000 km getdikdən sonra motorunda 2021-ci ilin oktyabr ayında problem yaranmışdır. Həmin tarixədək lizinq alanın avtomobildə qüsur olması barədə məlumatı olmamışdır. Belə olan halda müəyyən olunur ki, əgər avtomobilin daxilində, yəni motorunda lizinq alanın iddia etdiyi kimi, fabrik qüsuru olmuşsa belə, həmin qüsuru avtomobil müəyyən müddət idarə etmədən aşkar etmək mümkün olmadığı üçün lizinqverənin bu barədə lizinq müqaviləsi bağlalanadək məlumatı ola bilməzdi. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunanlar barədə məhkəməyə sübut təqdim etmədiyindən MM-in 359.2-ci maddəsinə əsasən etibarsız hesab edilməsi üçün aldadılma faktının baş verdiyi təsdiq olunmur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin etibarsız hesab edilməsi üçün maddi hüquq normasında nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmədiyindən apellyasiya instansiya məhkəməsi əqdin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddətin ötürülüb-ötürülməməsinə hüquqi qiymət verilməsini zəruri hesab etməmiş və belə nəticəyə gəlinmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsaslı olmamışdır.
20. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün MM-in 337.1, 337.2, 339.2, 339.3, 354.2, 359.2, 385.1, 386.1, 389.1, 442, 448.1, 465.2, 747.1, 748- 10.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-162/2023, xx.xx.2023-cü il tarixli qərarı ilə ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Əliyev Sadiq İsa oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)-1066/2022 saylı qətnaməsi qismən - ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
22. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 22.1 Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ilkin iddia üzrə gəldiyi nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır. 22.2 MM-in 748-10.1-ci maddəsinə uyğun olaraq, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinqalana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinqverənin xeyrinə həyata keçirilən ödənişlərdir. 22.3 Məhkəmə kollegiyası həmin normaya istinadən hesab edir ki, lizinq alan ondan asılı olmayan səbəblərə görə lizinq obyektindən istifadə edə bilməmişdirsə, istifadənin mümkün olmadığı bütün dövr üçün lizinqalandan lizinq ödənişlərinin tələb olunması ədalətli və qanuni hesab edilə bilməz. 22.4 Bundan başqa, ümumi qaydaya görə, lizinq predmetinin qüsurlarına görə lizinq verən lizinq alan qarşısında məsuliyyət daşıyır. Bu prezumpsiya bilavasitə qanunun özündən irəli gəlməkdədir. 22.5 Belə ki, MM-in 749.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. 22.6 O da qeyd olunmalıdır ki, MM-in 751-ci maddəsi müvafiq hallarda lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin qaydalarının tətbiqinə yol verir. 22.7 Bu baxımdan, MM-in 676.0, 676.0.1 və 676.0.2-ci maddələrinin tələblərinə görə, bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına, eləcə də əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması üçün məsuliyyət daşıyır. 22.8 Göründüyü kimi, qanun lizinq predmetinin keyfiyyətli, istifadə üçün yaralı vəziyyətdə olmasını tələb edir və bu tələblərə əməl edilməsinə görə məsuliyyəti lizinq verənin üzərinə qoyur. Əgər lizinq alan lizinq predmetinin keyfiyyətsiz, istifadə üçün yararsız olması səbəblərindən həmin əmlakdan yararlana (istifadə edə) bilməmişdirsə, yararsızlığın davam etdiyi bütün dövr ərzində lizinq alandan lizinq ödənişləri tələb edilə bilməz. 22.9 İşə baxan məhkəmələrin özlərinin də istinad etdikləri cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il 12 avqust tarixli ME00161/22 saylı mütəxəssis rəyindən görünür ki, 2020-ci buraxılış ili olan, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin motorunda bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Motor fabrik qüsurludur. Həmin avtomobilin motorunda dəyişilməsinə hazırki vəziyyətdə ümumi qiymət təxminən 2.750 manat müəyyən olunmuşdur. 22.10 İş materiallarında olan həmin rəyin “Tədqiqat prosesinin təsviri” hissəsindən aydın olur ki, bolt və bolt yuvasının mövcud olmaması saz vəziyyətdə olan avtomobilin tez sıradan çıxması və istismara yararsız olması üçün əsaslı səbəbdir... həmin avtomobildən istifadə qaydaları pozulmasa belə, boltun və bolt yivinin olmamasına görə motor sıradan çıxacaqdı (i/v 76) 22.11 Qeyd etmək lazımdır ki, həmin mütəxəssis rəyində göstərilənləri təkzib edən hallar işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. 22.12 Buna baxmayaraq birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, cavabdeh avtomobilin fabrik qüsuru olmasını bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 22.13 Apellyasiya instansiyası məhkəməsi isə öz qətnaməsində birinci instansiya məhkəməsinin həmin mövqeyinə heç bir reaksiya verməmiş, MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sözügedən rəyə birbaşa hüquqi qiymət verməsə də, lizinq predmetində ciddi nöqsanların mövcudluğunu birmənalı şəkildə istisna da etməmiş, nəticədə maddi hüququn tətbiqində səhvə yol verərək MM-in yuxarıda istinad olunan normalarının ilkin iddia üzrə yaranmış mübahisənin həllinə tətbiqi imkanlarını ümumiyyətlə dəyərləndirməmişdir. 22.14 Halbuki ilkin iddianın əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməsi məhz həmin məsələnin aydınlaşdırılmasından bilavasitə asılıdır. 22.15 Həmçinin məhkəmə kollegiyası hesab edir ki, lizinq predmeti olan avtomobilin fabrik qüsuru həqiqətən də mövcuddursa və məhz həmin qüsur avtomobilin yarasız vəziyyətə düşməsinə səbəb olmuşdursa, yuxarıda qeyd olunduğu kimi, cavabdeh həmin qüsura görə məsuliyyət daşımamalı, bu səbəbdən də avtomobilin tam işlək vəziyyətdə qaytarılmasının cavabdehdən tələb olunması ədalətsiz və əsassız hesab edilməlidir. 22.16 Eyni zamanda, məhkəmə kollegiyası gələcəkdə lizinq predmeti olan fabrik qüsurlu avtomobili lizinq verənə satmış sahibkarlıq subyektinə qarşı reqress iddiaların mümkün olduğunu nəzərə alaraq hesab edir ki, prosessual qanunun tələblərinə uyğun olaraq həmin subyektin prosesə üçüncü şəxs kimi cəlb edilməsi məsələsinə də baxılmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Təkrar apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə MMC tərəfindən Əliyev Sadiq İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh özü-özünü təkzib еdən ifadələrlə əks edilən, işdə оlаn çохsаylı sübutlаrı öz fərziyyələri ilə təkzib еtməyə çаlışan fikirlər ilə ifadə edilən tamamilə qanunsuz və əsassız tələbi birinci instansiya məhkəməsi zamanı araşdırılmış və mübahisə predimeti olan Lizinq Müqaviləsi üzrə Cavabdeh imzası ilə AKT əsasında qəbul edilən və heç bir nasazlığı, narahatlığı olmadığı aşkar bəyan edilən lizinq avadanlığının istifadə edilərək 7 ay ardıcıl haqqı ödənilməklə istismar edilməsi, 7 aydan sonra nasazlıq iddiası ilə xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılmasına cəhd edilməsi təsdiqini tapmışdır. İş materiallarına əlavə edilən sənədlərdən və Cavabdeh də etirafedici ərizəsindən aşkar bəlli olur ki, iddiaçı ATLAS CARS MMC-nin iddia tələbi qanunla qorunan hüquqlarının müdafiəsi məqsədi daşıyır və əsaslı olduğu üçün birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə təmin edilmişdir. İddiaçı ATLAS CARS MMC-nin xüsusi mülkiyyət hüquqlarını əsassız olaraq məhdudlaşdırmağa çalışan cavabdeh Qanunun tələblərinə cavab verməyən apellyasiya şikayəti verərək özünün də dediyi kimi süründürməçilik yaratmağa çalışır. 7 ay istifadə taksi xidməti gğstərərək maksimum səviyyədə istifadə edilmiş avtonəqliyyat vasitəsində 2 il müddət keçdikdən sonra kiməsə məxsus sahibkarlıq subyekti tərəfindən nəqliyyat vasitəsi barədə zavod deffekti rəyi verilməsi və buna istinad edilməsi həqiqətən də absurd qənaətdir. Daima taksi xidməti məqsədilə istifadə edilən nəqliyyat vasitəsində zavod deffekti olsa idi bu dərhal özünü nəqliyyat vasitəsinin istifadəsi zamanı büruzə verərdi. Aradan keçən uzun zaman fasiləsindən sonra bu qənaətə istinad edilməsi mövcud qanunvericiliyin konkret tələbləri ilə ziddiyyət təşkil edir. Zavod deffekti olan nəqliyyat vasitəsinin qəbul Aktı və digər sənədlərdə bu barədə cavabdeh tərəfindən heç bir irad bildirilməmişdir və yaxud da sonradan hənsısa qüsurun olması ilə bağlı Lizinq verənə Lizinq alan tərəfindən heç bir müraciət ünvanlanmamışdır. Tərəflər arasında bağlanılan sərbəst müqavilə hüququndan istifadə edən Lizinq alan lizinq yolu ilə istifadəyə götürdüyü lizinq predimetini uzun zaman fasiləsiz olaraq istifadə edərək gəlir əldə etmişdir. Qeyd edilən xüsusatlar birinci instansiya məhkəməsinin düzgün qərar qəbul etməsi ilə nəticələnmişdir.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
24. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh Əliyev Sadiq İsa oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, həm onlar həm də qarşı tərəf etiraf edir ki, 7 ay ərzində maşın işlək vəziyyətdə olan zaman ödənişlər həyata keçirilmişdir. İstismara yararsız vəziyyətə düşən zaman artıq ödəniş onlar tərəfdən dayanmışdır. Onlar Bakı Ekspertiza Mərkəzinin rəyini də alıblar. Onlar ekspertiza keçirilməsi barədə vəsatət versə də, təmin olunmamışdır. Daha sonra onlar maşının motorunu açıblar. Həmin günə kimi heç açmamışdılar. Bununla bağlı heç bir ekspertizaya ehtiyac yoxdur, şəkillərdən hər şey aydın olur. Maşın 24.000 km gedəndən sonra yararsız hala düşüb. Buna görə də ödənişləri dayandırıblar. Maşın İran maşını olmuşdur. Onlar iddia qaldıracaqdılar, qarşı tərəf onları xəbərdar edib mediasiyaya müraciət etmişdi. İddiaçı onları qabaqlayıb iddia qaldırmışdılar, onlar da qarşılıqlı iddia vermişdilər. Keçən apellyasiya baxışında araşdırma aparılmadı. Mülki Məcəllənin 786-6.1-ci maddəsinə əsasən də onlar sübut edirlər ki, avtomobil onlar gələnə qədər qüsurlu olmuşdur. Bunun da məsuliyyəti qarşı tərəf daşıyır. Onlar lizinq obyektini itirməyiblər, korlamayıblar, nə də ki yararsız hala salmayıblar. Onların təqsiri olmamışdır. Fabrik qüsurlarını müəyyən etmək və tam saz şəkildə onlara vermək Qanuni nümayəndə vəzifəsidir. MMC-nin direktoru İran vətəndaşıdır, maşın da İran istehsalıdır. Maşını alan zaman MMC bunu aşkar etməli idi, onların səhvi yoxdur. Avtomobil hazırda onlardadı. Hətta avtomobili qarşı tərəf onlardan almaq da istəmişdi. Avtomobili hazırda toz basmışdır. 3-cü şəxs kimi satıcının cəlb edilməsi mümkün deyil.Çünki, satıcı İran şirkətidir. Onun cəlb edilməsi qeyri-mümkündür. Ali Məhkəmənin bu mövqeyi mümkün deyil. Onlar maşını qaytarmağa hazırdılar. Hətta onlardan almağa da çalışıblar. Onların öhdəliyi maşını qaytarmaqdır. Lizinq verən qüsurlu əmlak verdiyinə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Onlara qüsurlu maşın verilmişdir. Onlar da qüsuru aşkar etdikləri gündən ödənişi dayandırıblar. Qarşı tərəf də bunu etiraf edir ki, onlar oktyabr ayından ödənişi dayandırıblar.Təqdim edilən etirazda da qarşı tərəf bildirir ki, onlar 7 ay ərzində ödəniş ediblər. Onlar hazırda maşını qaytara bilərlər, amma saz vəziyyətdə mümkün deyil. Maşın 24.000 km gedəndən sonra yararsız hala düşüb. Maşın çünki, qüsurlu olub. Ona görə maşını onlar saz vəziyyətdə verməli deyillər. Hətta, maşını qarşı tərəf onlardan almaq da istəmişdir, lakin onlar məhkəmə yekunlaşmamış bunu etməyəcəklərini bildirmişlər. Fabrik qüsurlarını müəyyən etmək və tam saz şəkildə onlara vermək Qanuni nümayəndə vəzifəsidir.
25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qanuni nümayəndə MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Qanuni nümayəndə MMC-nin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
26. Mülki Məcəllə
Maddə 676. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
27. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
29. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “ilkin iddianın təmin edilməsi” hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməlidir.
31. İlkin iddia üzrə iddiaçı cavabdeh ilə iddiaçı arasında 2021-ci il 17 mart tarixdə bağlanılmış 170321-4 saylı X6 üzrə 2022-ci il 29 aprel tarixinədək yaranmış 2.250 manat əsas borc, 419,72 manat lizinq mükafatının (faiz), iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 2.729,72 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən tam işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. xx.xx.2022-ci il tarixli 252 saylı Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə Qanuni nümayəndə MMC ilə Əliyev Sadiq İsa oğlu arasında Saipa Saina markalı 99- PV- 453 dövlət nömrə nişanlı avtomobilin daxili lizinq yolu ilə alınmasına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Qanuni nümayəndə MMC öz mülkiyyətində olan yuxanda qeyd edilən avtomobili 42 ay müddətinə aylıq 375 manat ödənişlə Əliyev Sadiq İsa oğlu sonda adına keçmək şərti ilə təqdim etmişdir. xx.xx.2021-ci il tarixə qədər Əliyev Sadiq İsa oğlu tərəfindən cəmi 2625 manat ödənilmiş, xx.xx.2021-ci il tarixə qədər 2250 manat aylıq, 419.72 manat gündəlik gecikmə cəriməsi ödənilməmiş borcu vardır.
33. İlkin iddia üzrə iddiaçının qeyd etdiyi kimi cavabdeh Əliyev Sadiq İsa oğlu tərəfindən xx.xx.2021-ci il tarixədək lizinq ödənişləri edilmişdir.
34. Cavabdehin nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, istifadədə olan avtomobil istismara yararsız vəziyyətə düşdüyü üçün ödənişin edilməsi dayandırılmışdır.
35. İlkin iddia üzrə iddiaçı xx.xx.2023-cü il tarixli etiraz ərizəsində də cavabdeh tərəfindən avtomobilin ardıcıl olaraq 7 ay istifadə edildiyi qeyd edilmişdir.
36. Nəticədə müəyyən olunur ki, ilkin iddia üzrə cavabdeh avtomobildən istifadə etdiyi dövr üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müqavilə üzrə ödənişləri etmişdir. Daha sonra isə ödənişləri dayandırmışdır.
37. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il 12 avqust tarixli ME00161/22 saylı mütəxəssis rəyindən görünür ki, 2020-ci buraxılış ili olan, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin motorunda bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Motor fabrik qüsurludur. Həmin avtomobilin motorunda dəyişilməsinə hazırki vəziyyətdə ümumi qiymət təxminən 2.750 manat müəyyən olunmuşdur.
38. İş materiallarında olan həmin rəyin “Tədqiqat prosesinin təsviri” hissəsindən aydın olur ki, bolt və bolt yuvasının mövcud olmaması saz vəziyyətdə olan avtomobilin tez sıradan çıxması və istismara yararsız olması üçün əsaslı səbəbdir... həmin avtomobildən istifadə qaydaları pozulmasa belə, boltun və bolt yivinin olmamasına görə motor sıradan çıxacaqdı (i/v 76)
39. Məhkəmə kollegiyası qeyd edir ki, istifadəyə yararlı avtomobili lizinq alana təhvil vermək lizinq verərənin vəzifəsi olmuşdur. Lakin işdə olan mütəxəssis rəyindən də müəyyən olunduğu kimi avtomobilin motoru fabrik qüsurlu olmuşdur. Belə olduğu halda lizinq obyektindən istifadənin mümkün olmadığı bütün dövr üçün lizinq alandan lizinq ödənişlərinin tələb olunması ədalətli və qanuni hesab edilə bilməz.
40. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, lizinq predmeti olan avtomobilin fabrik qüsuru olduğundan cavabdeh həmin qüsura görə məsuliyyət daşımamalı, bu səbəbdən də avtomobilin tam işlək vəziyyətdə qaytarılmasının cavabdehdən tələb olunması əsassızdır.
41. Eyni zamanda, məhkəmə kollegiyası gələcəkdə lizinq predmeti olan fabrik qüsurlu avtomobili lizinq verənə satmış sahibkarlıq subyektinə qarşı reqress iddiaların mümkün olduğunu qeyd edir. O cümlədən, məhkəmə kollegiyası qeyd edir ki, işdə olan X6 iki tərəfli müqavilə olduğundan satıcıya dair məlumatları müəyyən etmək mümkün olmamışdır. O cümlədən Ali Məhkəmənin müvafiq qərarında satıcının 3-cü şəxs qismində cəlb edilə bilməsi ilə bağlı mövqeyi öz əksini tapsa da ilkin iddia üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmiş və öz etirazını elektron qaydada göndərsə də satıcı ilə bağlı məhkəməyə heç bir məlumat təqdim etməmişdir.
42. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-3728/2022 saylı qətnaməsi qismən “ilkin iddianın təmin edilməsi” hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, Qanuni nümayəndə MMC ilə Əliyev Sadiq İsa oğlu arasında imzalanmış 17 mart 2021-ci il tarixli 170321-4 saylı X6 üzrə lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, 99- PV-453 dövlət nömrə nişanlı avtomobil Əliyev Sadiq İsa oğlundan alınaraq Qanuni nümayəndə MMC-yə qaytarılmalıdır.
43. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Əliyev Sadiq İsa oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-3728/2022 saylı qətnaməsi qismən “ilkin iddianın təmin edilməsi” hissəsində ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Qanuni nümayəndə MMC ilə Əliyev Sadiq İsa oğlu arasında imzalanmış 17 mart 2021ci il tarixli 170321-4 saylı X6 üzrə lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, 99- PV-453 dövlət nömrə nişanlı avtomobil Əliyev Sadiq İsa oğlundan alınaraq Qanuni nümayəndə MMC-yə qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev