Məhkəmə qərarları › İş №2-2(103)-548/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-548/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-548/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı X1 X3.LTD.ŞTİ-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-298/2024 saylı qərardadından iddiaçı X1 X3.LTD.ŞTİ tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı X1 X3.LTD.ŞTİ Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən satılmış mallara görə yaranmış 266.732 ABŞ dolları (453444 manat) (dolların ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borcun, məhkəməyə ödənilmiş 344 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin tutulub iddiaçı X1 X3.LTD.ŞTİ şirkəti ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 X3.LTD.ŞTİ-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti təqdim etmişdir. Həmçinin müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 müddətin bərpasına dair ərizəyə qarşı etiraz təqdim edərək, iddiaçı "X1 X3.LTD.ŞTİ"-nin Bakı kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və prosessual müddətin bərpası haqqında ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərardadı ilə (hakim L.Əliyeva) prosessual müddətin bərpa edilməsi barədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş ərizə rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli e-2-2(113)-298/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2-2(113)-298/2024 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı "X1 X3.LTD.ŞTİ"-yə münasibətdə prosessual müddət bərpa edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdən görünür ki, 2024-cü ilin 06 martında vəkil müraciəti təqdim edilibdir, 07 martda vəkil müraciətinə əsasən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 e-2-2(113)-298/2024 saylı kommersiya işinin “E-Mehkeme” İnformasiya Sistemində qeydə alınmış və 07 mart tarixində “E-Mehkeme” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən e-2-2(113)-298/2024 saylı kommersiya işinin məhkəmə qətnaməsini əldə etmiş, qətnaməni iddiaçı xarici hüquqi şəxsə göndərmiş və elektron kabinet vasitəsilə işin materialları ilə tanış olmuşdur. 08 mart qeyri-iş günü olduğundan, həmçinin 09 və 10 mart 2024-cü il tarixləri şənbə və bazar günləri olduğundan, 11 mart 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili “E-Mehkeme” İnfomasiya Sistemində elektron kabinetə e-2-2(113)- 298/2024 saylı kommersiya işinin məhkəmə iclas protokolları ilə tanış olmaq üçün ərizə yerləşdirmişdir. 13 mart 2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə işdə olan məhkəmə iclas protokolları ilə tanış olmaq üçün şərait yaradılmışdır, həmin tarixdə apellyasiya şikayətinin verilməsi üçün apellyasiya məhkəməsinə dövlət rüsumu ödənilmiş, 15 mart 2024-cü il tarixdə məhkəmə qətnaməsindən apellyasiya şikayəti “E-Mehkeme” İnformasiya Sisteminə yüklənmişdir. Məhkəmə iddiaçı xarici hüquqi şəxsin “E-Mehkeme” İnformasiya Sistemində kabinetinin olmadığına görə iddiaçı xarici hüquqi şəxsin ünvanına məhkəmə qətnaməsini tərcümə edilmiş formada göndərməli olduğu halda göndərməmiş, iddiaçının E-poçtuna qətnaməni fayl şəklində göndərməmiş, SMS-məlumat verməmişdir. Bakı Kommersiya Məhkəməsinin müddətin bərpasından imtina barədə xx.xx.2024-cü il tarixli qərardadı Azərbaycan Respublikası “Elektron Məhkəmə” İnformasiya Sistemində qeydiyyatı olmayan və elektron kabineti olmayan qardaş Türkiyə Respublikasının iddiaçı hüquqi şəxsinin hüquq və azadlıqlarını və məhkəməyə əlçatanlığını məhdudlaşdıran məhkəmə aktı kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi 60, 71, 125, 129-cu maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin tələblərini pozmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135 və 138-ci maddələrini düzgün tətbiq etməmişdir. Məhkəmə aktının “E-Mehkeme” İnformasiya Sistemində qeydiyyatı mümkün olmayan və elektron kabineti olmayan xarici hüquqi şəxs olan iddiaçının nümayəndəsinin (vəkilinin) “E-Mehkeme” İnformasiya Sistemindəki elektron kabinetinə məhkəmə qətnaməsinin yerləşdirilməsi xarici hüquqi şəxs üçün məhkəmə aktından apellyasiya şikayətinin verilməsi müddətin axımı həmin tarixdən hesablana bilməz, çünki kommersiya mübahisəsi də olsa, iddiaçı xarici hüquqi şəxs Azərbaycan ərazisində deyil, xarici ölkə ərazisində fəaliyyət göstərir, onun həmin məhkəmə aktından məlumatının olmaması (etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 qətnamə barədə iddiaçıya məlumat verməmiş, xx.xx.2024-cü il tarixdə Nümayəndə1 etibarnaməsinə xitam verilmişdir), iddiaçı xarici hüquqi şəxsin qətnaməni sərbəst əldə etmək, onun məzmunu ilə tanış olmaq, məhkəmə aktından məhkəməyə şikayət vermək imkanları məhduddur. Eyni zamanda kommersiya mübahisələrində apellyasiya şikayəti yalnız “E-Mehkeme” İnformasiya Sistemi vasitəsilə verilməsi tələb olunduğu üçün, Azərbaycanda fəaliyyət göstərən yeni vəkilə (nümayəndəyə) öz ölkəsində etibarnamə verilməsi (etibarnamə xx.xx.2024-cü il tarixdə verilmişdir), onun apostil edilməsi (xx.xx.2024-də apostil edilmişdir), etibarnamənin Azərbaycana göndərilməsi (xx.xx.2024 il tarixdə göndərilmişdir), Azərbaycanda notariat ofisində tərcümə edilərək təsdiq edilməsi (xx.xx.2024-də təsdiq edilmişdir), yeni vəkillə müqavilə bağlanması (xx.xx.2024-də müqavilə bağlanmış order əldə edilmişdir), yeni vəkil (nümayəndənin) “EMehkeme” İnformasiya Sistemində qeyd olunan işdə qeydiyyata alınması (xx.xx.2024 ildə iddiaçının vəkili müraciət etmiş, xx.xx.2024 il tarixdə “E-Mehkeme” İnformasiya Sistemində həmin iş üzrə qeydiyata alınmışdır), “E-Mehkeme” İnformasiya Sistemində olan sənədlərlə sistemdən, işdə olan məhkəmə iclas protokolları ilə məhkəmənin binasında tanış olması (8, 9 və 10 mart 2024cü il tarixlər qeyri-iş günləri olduğundan 11 mart tarixində elektron kabinetdən məhkəməyə müraciət etmiş, xx.xx.2024 il tarixdə məhkəmə iclas protokolları ilə tanış olmaq üçün şərait yaradılmışdır), həmin vəkilin (nümayəndənin) vasitəsilə “E-Mehkeme” İnformasiya Sistemində elektron kabinetdən apellyasiya şikayəti verməsi (xx.xx.2024 il tarixdə dövlət rüsumu ödənilmiş, xx.xx.2024-də apellyasiya şikayəti hazırlanmış, xx.xx.2024 il tarixdə “E- Mehkeme” İnformasiya Sisteminə yerləşdirilmişdir) bunlar hamısı müəyyən zaman tələb etdiyindən, iddiaçı xarici hüquqi şəxsin məhkəmə aktının “E-Mehkeme” İnformasiya Sistemi vasitəsilə apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətdən ötürülmüş 15 gün müddət yuxarıda qeyd olunanlara əsasən üzrlü hesab olunmalı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, müddət bərpa olunmalıdır. Ən azından Bakı Kommersiya Məhkəməsi bir halı nəzərə almalı idi ki, iddiaçı xarici hüquqi şəxsin rəhbərinin Azərbaycan Respublikası vəkilinə apostillə təsdiq etdirib xx.xx.2024-cü il tarixdə etibarnamənin verdiyi müddətdən 30 gün ötməmişdir, lakin Bakı Kommersiya Məhkəməsi bunu da nəzərə almamışdır. Ədalətli, obyektiv, qərəzsiz məhkəmə aradırılması hüququnun təmin edilməsi baxımından apellyasiya şikayətinin müddət bərpa olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin müddətlə bağlı məsələlərə aid qərarları vardır. Məsələn, “Davran Türkiyəyə qarşı” Qərarında qeyd olunur ki, Milli qanunvericilikdə məhkəmə qətnaməsini qəbul etmiş məhkəmənin məhkəmə qərarını müvafiq şəxsə təqdim etmək vəzifəsi nəzərdə tutulubsa, həmin qərarın vaxtında təqdim edilməməsi ucbatından şəxsin apellyasiya şikayəti verə bilməməsi onun apellyasiya şikayəti hüququndan məhrum edilməsinə səbəb olmamalıdır (hətta nəzəri cəhətdən aşağı məhkəmənin qərarının mətni barədə həmin şəxsin digər mənbələrdən məlumat əldə etmək imkanı olsa belə) (Davran Türkiyəyə qarşı Avropa Məhkəməsinin qərarı-xx.xx.2009. (Davran v. Turkey), 31- 47-ci bəndlər). MPM-nin 135.8-ci maddəsində iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməsindən bəhs edilir, lakin iş materiallarından, “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, işdə iştirak edən iddiaçı "X1 X3.LTD.ŞTİ"nin elektron kabineti mövcud deyildir, çünki o, xarici şirkətdir və bu səbəbdən həmin şirkətə məhkəmə qətnaməsi rəsmi qaydada verilmiş hesab edilə bilməz. İddiaçı xarici şirkətin nümayəndəsi (vəkili) işdə iştirak edən şəxs deyil, işdə iştirak edən şəxsin nümayəndəsi və vəkili hesab olunur. Ona görə də birinci instansiya məhkəməsi səhv olaraq MPM-nin 135.8-ci maddəsinə istinad etmiş, prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-298/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-298/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəyə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 hazırkı şikayətini qətnamədən qətnamə iddiaçı tərəfindən rəsmi qaydada alındıqdan 1 ay 15 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməklə həmin qətnamədən apelyasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. İddiaçı müddətin bərpa edilməsi üçün əsas kimi əvvəlki nümayəndə və vəkilə verilmiş etibarnamənin xx.xx.2024-cü il tarixdə ləğv edilməsinə, sonradan xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında hazırkı nümayəndə və vəkilə etibarnamə verilməsinə və hazırkı vəkillə müqavilənin yalnız xx.xx.2024-cü il tarixdə bağlanmasına istinad etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Nümayəndə1 adına verilmiş etibarnamə apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı başladıqdan cəmi iki gün sonra, yəni prosessual müddətin əvvəlində ləğv edilmiş, belə olan halda iddiaçı yeni nümayəndə ilə müqavilə bağlamaqla apellyasiya şikayətinin prosessual müddət ərzində vermək üçün kifayət qədər vaxtda malik olmuşdur. Buna baxmayaraq iddiaçı yalnız 13 gün sonra - 15 fevral 2024- cü il tarixində yeni nümayəndə və vəkilə etibarnamə verməklə, bundan da 20 gün sonra - xx.xx.2024-cü il tarixdə həmin vəkillə müqavilə bağlamaqla və daha 9 gün sonra – xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətini elektron sistemə yerləşdirməklə gecikdirmələrə yol vermiş və müddətin bərpa edilməsi barədə ərizəsində həmin gecikdirmələrin apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən və onun iradəsindən asılı olmayan obyektiv amillərlə bağlı olmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.2-ci maddəsinə əsasən xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Qeyd edilən normaya görə iddiaçı xarici hüquqi şəxs olsa da qanuna görə tərəf olduğu Azərbaycan Respublikasının məhkəmələrində baxılan mübahisələr üzrə Azərbaycan vətəndaşları ilə eyni prosessual vəzifələr daşıdığından qətnamədən qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində apellyasiya şikayəti verməli və bunun üçün zəruri olan bütün hərəkətləri bu müddət çərçivəsində həyata keçirilməli idi. Nəzərə alınmalıdır ki, MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2-ci maddəyə əsasən məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 8.3-cü maddəyə əsasən bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Buna normalara əsasən məhkəmə Azərbaycan Respublikasında nümayəndə təyin etmiş xarici hüquqi şəxs üçün məhkəmə aktından apellyasiya şikayətinin verilməsi müddətin axımının fərqli qaydada hesablanmalı olduğuna və müddət ötürüldükdə güzəşt edilməli olduğuna dair şikayətin dəlillərini əsassız hesab edir. MPM-nin 133.1-ci maddəsinə əsasən müddətin buraxılması səbəbi üzürlü olarsa, yəni tərəfin iradəsindən asılı olmayan səbəblərə görə vaxtında apellyasiya şikayətinin təqdim edilməsi mümkün olmazsa bərpa oluna bilər. Hazırkı halda iddiaçının birinci instansiya məhkəməsində onu təmsil etmiş nümayəndəni qətnamə qəbul edildikdən dəyişərək ona verdiyi etibarnaməni xx.xx.2024-cü il tarixdə ləğv etməsi, yeni nümayəndəyə 13 gün sonra yeni etibarnamə verməsi onun iradəsindən asılı olmayaraq baş vermiş hallar kimi qiymətləndirilə bilməz. Nümayəndəni və vəkili dəyişmək tərəfin hüququ olsa da, tərəf nəzərə almalı idi ki, yeni nümayəndəni təyin etmək və apellyasiya şikayətini məhkəməyə təqdim etmək qanunla müəyyən edilmiş prosessual müddət daxilində edilməli idi. İddiaçının şikayət ərizəsində yeni nümayəndənin hansı səbəbdən 13 gün sonra təyin edilməsinin hansı üzürlü səbəbdən baş verdiyi qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.5-ci maddəsinə əsasən, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-298/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı X1 X3.LTD.ŞTİ-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-298/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar