Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-55/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “Eti Krom” anonim şirkətinin vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə iddiaçı “Eti Krom” anonim şirkətinin Cavabdeh1 ASC-yə qarşı qarantiya üzrə ödəniş edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2513/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin, iddiaçı Eyyup Atıntaşın cavabdehlər “X1 Madencilik Ticaret” anonim şirkəti, həmin şirkətin Azərbaycan Respublikasındakı filialı və Cavabdeh1 ASC-yə qarşı qarantiya müqaviləsinin və qarantiya məktubunun etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4171/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İ. İddiaçı “Eti Krom” anonim şirkəti Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarantiya üzrə 3.000.000 Türk lirəsi məbləğinin, qarantiya üzrə ödənişin gecikdirilməsi ilə əlaqədar hesablanmış 144.575,34 Türk lirəsi faiz məbləğinin, 18.000 Azərbaycan manatı məbləğdə vəkil və nümayəndəlik xərclərinin və 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən qarantiya üzrə 3.000.000 Türk lirəsinin, qarantiya üzrə ödənişin gecikdirilməsinə görə 144.575,34 Türk lirəsinin, vəkil və nümayəndəlik xərclərinə görə 500 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə Türk lirəsi ilə tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı Benefisiar cavabdeh Qaranta xx.xx.2020-ci il tarixli məktubda müqavilə müddətinin xx.xx.2021-ci il tarixdə başa çatmasına uzun müddət qalmasına baxmayaraq Prinsipialın müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilmədiyini qeyd etmişdir. Halbuki, öhdəliklərin yerinə yetirilməsinə bir il müddət müəyyən edilmişdir. İddiaçı Benefisiar həmin məktubda sənəd təqdim etmədən yalnız mülahizələrə əsaslanmış və Prinsipial tərəfindən öhdəliyin pozmasının nədən ibarət olmasını və həmin pozuntuya dair tutarlı sübutları əlavə etmədən 3 aydan sonra qarant məbləğinin ödənilməsini tələb etmişdir. İddiaçı Benefisiar məktubda göstərilənləri yalnız mülahizələrlə deyil, müəyyən edilən sübutlar və tutarlı faktlar üzrə sənədlər əlavə etməklə əsaslandırmalıdır ki, qarant Bank ona ünvanlanan məktubda göstərilən halları qanunda nəzərdə tutulmuş qaydada araşdıraraq, Prinsipiala qarşı gələcəkdə reqres qaydasında əsaslı tələb irəli sürə bilsin (Mülki Məcəllə, maddə 484.1). Məhkəmə, iddiaçı Benefisiarın cavabdeh Qaranta göndərdiyi məktubda Prinsipialın müqavilə öhdəliyini icra etməməsi ilə bağlı sənədlərin məktuba əlavə edilməməsinin səbəblərini araşdırmamış və qətnamədə buna münasibət bildirməmişdir. İİ. İddiaçı Eyyup Atıntaş cavabdehlər "xxxx" ASC, “X1 Madencilik Ticaret” AŞ və Cavabdeh2nin Azərbaycan Respublikasındakı filialına qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Eti Krom” AŞ) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış qarantiya verilməsi haqqında müqavilənin və həmin müqavilə əsasında Cavabdeh1 ASC tərəfindən “Eti Krom” AŞ-nin xeyrinə verilmiş xx.xx.2020-ci il tarixli 4080 nömrəli qarantiya (təminat) məktubunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4171/2021 nömrəli iş üzrə xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, nə Şirkətin təsisçisi kimi iddiaçının, nə də Şirkətin İdarə heyətinin cavabdehlər arasında qarantiya verilməsi barədə müqavilənin bağlanmasından, habelə xx.xx.2020-ci il tarixli qarantiya məktubundan məlumatı olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbində göstərilən dəlillər üzrə heç bir araşdırma aparmamışdır. Bundan əlavə, cavabdehlər arasında bağlanmış müqavilədə olan imzanın iddiaçı tərəfindən icra edilmədiyi məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə bununla bağlı hər hansı tədbir (ekpertiza təyin olunması) görməmişdir. İddiaçı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra müvafiq müqavilə imzalana bilərdi. Lakin iddiaçının razılığının/qərarının olmaması (Mülki Məcəllə ilə müəyyən edilmiş şərtin pozulması) sözügedən müqavilənin bağlandığı andan etibarsız hesab edilməsinə dəlalət edir. İİİ. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının: 1. 2-2(103)-1055/2021 (sonradan 2-2(103)-55/2022) nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin kommersiya mübahisəsi üzrə icraat, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Eyyup Atıntaşın cavabdehlər “X1 Madencilik Ticaret” AŞ, həmin şirkətin Azərbaycan Respublikasındakı filialı və Cavabdeh1 ASC-yə qarşı qarantiya müqaviləsinin və qarantiya məktubunun etibarsız hesab edilməsi tələblərinə dair e-2-2(113)-4171/2021 nömrəli kommersiya mübahisəsi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, dayandırılmışdır; 2. 2-2(103)-489/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4171/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Eyyup Atıntaşın apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsi ilə 2-2(103)-55/2022 nömrəli kommersiya mübahisəsi birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir; 3. 2-2(103)-55/2022) nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İV. İşə apellyasiya qaydasında baxılarkən “Eti Krom” AŞ-nin vəkili və nümayəndəsi şikayətləri qəbul etməyib, təmin olunmamalarını xahiş etmişdir. V. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Vİ. İddiaçı “Eti Krom” AŞ-nin iddiası üzrə işdən müəyyən edilir ki, Cavabdeh1 ASC tərəfindən “Eti Krom” AŞ-yə verilmiş xx.xx.2020-ci il tarixli Qarantiya məktubuna əsasən, şirkət tərəfindən keçirilən tender nəticəsində YİL KEF 1055 və 1082 mədən qalareyasının xrom istehsalı və daşıma işini öhdəsinə götürən podratçı müştəri “X1 Madencilik Ticaret” AŞ-nin tenderlə əlaqədar olan qanun və texniki müqaviləyə əsasən və şirkətlə bağlanan xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsinin hökmlərinə görə, verməli olduğu qəti təminat məbləği olan 3.000.000 TL bank tərəfindən zəmanət verildiyi üçün, adıçəkilən öhdəliklə əlaqədar qanun, müqavilə, texniki müqavilə hökmlərinə görə qismən və ya tamamilə yerinə yetirməməsi halında, ilk yazılı tələbə əsasən etiraz etməyə və adıçəkilənin icazəsini almağa ehtiyac qalmadan və qeyd edilənlə şirkət arasında ortaya çıxacaq hər hansı bir uyğunsuzluq, bunun qanuni nəticələri araşdırılmadan, yuxarıda yazılmış məbləğə qədər olan bir məbləği şirkətə nağd və tam şəkildə, tələb olunma tarixindən ödəniş tarixinə qədər keçən günlərə aid olan qanuni faizi ilə birlikdə ödəməyi bankın imza səlahiyyəti olan nümayəndəsi və səlahiyyətli qismində, bankın ad və hesabına öhdəsinə götürür və bəyan edir. Bu təminat məktubundan irəli gələn pay və alacaqlar ötürülə və imtina oluna bilməz. Bu təminat məktubu xx.xx.2021-ci il tarixə qədər (bu tarix daxil olmaqla) etibarlı olub, bu tarixə qədər əllərinə keçəcək şəkildə şirkət tərəfindən yazılı təzminat tələbi olmadığı təqdirdə, məktubdan irəli gələn öhdəlikləri avtomatik olaraq başa çatacaqdır. Bu bank təminat məktubunun etibarlılıq müddəti ərzində Şirkət və “X1 Madencilik Ticaret” AŞ arasında imzalanan xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsinə əsasən ödənişlər və vaxtı keçmiş ödənişlərin AZ83MUGA**********00015 TRY00 nömrəli hesaba köçürülməsi şərtdir. Bu təminat məktubuna Türk Hüququ və Beynəlxalq Ticarət Palatasının MTO zəmanətlərlə əlaqədar nümunə qaydaları tətbiq edilir. “Eti Krom” AŞ tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla bank tərəfindən xx.xx.2020-ci il tarixdə göndərilən, şirkətin mədən ocaqlarında podratçı firma olaraq YİL KEF 1055 və 1082 mədən qalareyası üçün xrom və daşımacılıq işini öhdəsinə götürən “X1 Madencilik Ticaret” AŞ üçün verilmiş 3.000.000 TL xx.xx.2021ci il tarixə qədər, 4080 nömrəli təminat məktubunun müddəaları yerinə yetirilmədiyi üçün Şirkətin TC Ziraat Bankası AŞ (TCZBTR2AXXX) nəzdindəki TR********************5005 nömrəli hesabına köçürülməsi xahiş edilmişdir. “Eti Krom” AŞ tərəfindən Cavabdeh1 ASC-yə xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə pretenziya qaydasında məktub ünvanlanaraq, xx.xx.2020-ci il tarixli tələb məktubu ilə xx.xx.2020-ci il tarixdə göndərilən 3.000.000.00 TL məbləğdə, 4080 nömrəli qarantiya məktubunun icra edilməsi tələb edilmiş, əks təqdirdə bununla bağlı hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər; Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır; Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 478. Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir; Maddə 479.1. Qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir; Maddə 480. Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir; Maddə 484.1. Benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipialın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir; Maddə 484.2. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləşdirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir; Maddə 485.1. Benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipiala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim etməlidir; Maddə 485.2. Qarant qoşulmuş sənədlərlə birlikdə benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə ağlabatan müddətdə baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir; Maddə 486.1. Əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir; Maddə 486.2. Əgər benefisiarın tələbini ödəyənə qədər qaranta məlum olsa ki, qarantiya ilə təmin edilmiş əsas öhdəlik tamamilə və ya müvafiq hissədə artıq icra edilmişdir, digər əsaslara görə xətm edilmişdir və ya etibarsızdır, bu barədə o dərhal benefisiara və prinsipiala məlumat verməlidir. Bu cür məlumat verildikdən sonra qarant benefisiardan təkrarən aldığı tələbi ödəməlidir; Maddə 487.1. Qarantın benefisiar qarşısında qarantiyada nəzərdə tutulan öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi ilə məhdudlaşır. Məhkəmə kollegiyası bildirir ki, bank qarantiyası bank ilə benefisiar arasında bağlanan təktərəfli müqavilədir. Bu müqaviləyə əsasən qarant (bank, digər kredit və ya sığorta təşkilatı) müştərisinin (prinsipialın) istəyi ilə, müştərisi ilə (prinsipialla) alqı-satqı, kirayə, podrat və sair hüquq münasibətlərinə daxil olan üçüncü şəxsə (benefisiara), müştərisinin (prinsipialın) bu münasibətdən irəli gələn öhdəliyini icra etməməsi halında müəyyən konkret məbləğədək ödəniş etmək öhdəliyini üzərinə götürür. Bankın benefisiar qarşısında götürdüyü öhdəlik prinsipialla benefisiar arasındakı münasibətdən doğan, prinsipialın öhdəliyindən tamamilə müstəqildir. Qarantiya müqaviləsinin predmetini qarantın, prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməməsi halında meydana çıxacaq zərərin əvəzinin ödənilməsi təşkil edir. Bu baxımdan, xx.xx.2020-ci il tarixli 4080 nömrəli nömrəli bank qarantiyasından görünür ki, podratçı öz müqavilə öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə, bank şirkətin ilk yazılı tələbi əsasında 3.000.000 Türk lirəsi məbləğini podratçının icazəsini almadan və araşdırma aparmadan tam və nağd şəkildə “Eti Krom” AŞ-yə ödəməlidir. Belə ki, “Eti Krom” AŞ tələbini qarantiyanın şərtlərinə uyğun olaraq təqdim etmişdir və Bankın ödənişdən imtina etməsi üçün Mülki Məcəllənin 486-cı maddəsi ilə müəyyən edilmiş əsaslardan heç biri mövcud olmamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, şirkətin qarantiya üzrə yazılı tələbi Mülki Məcəllənin 484.1 və 484.2-ci maddələrinə uyğun olmuşdur. Qarantiya müqaviləsinə Türk hüququnun tətbiq edilməsi məsələsinə gəldikdə isə, “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun: Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir; Maddə 3.1. Bu Qanunun müddəalarına uyğun olaraq xarici hüquqa hər hansı istinad bu maddədə nəzərdə tutulan hallar istisna edilməklə, müvafiq xarici ölkənin maddi hüququnun tətbiqini nəzərdə tutur; Maddə 5.1. Bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir; Maddə 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir; Maddə 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. İşdən görünür ki, tərəflər, o cümlədən cavabdeh birinci instansiya məhkəməsində iştirak edərkən qarantiya məktubunun qeyd olunan şərtinin tətbiq olunmasını tələb etməmişlər, cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin mübahisəyə Mülki Məcəllənin normalarını tətbiq etməsinə etiraz etməmiş, bu barədə şikayətində heç bir dəlilə yer verməmişdir. Bütün bunlar da belə bir qənaət formalaşdırır ki, tərəflər “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 24.3-cü maddəsi anlamında “... müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa ...” gələrək, bu hüququn Azərbaycan Respublikasının qanunvericiliyi olmasını qəbul etmiş və mübahisələndirməmişlər. Odur ki, birinci instansiya məhkəməsinin mübahisəni Mülki Məcəllənin müddəaları əsasında həll etməsi qanuni olmuşdur. Beləliklə də, müəyyən olunmuş faktiki hallara qanuni əsaslar baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, qarantiya müqaviləsinə əsasən götürdüyü öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya ödəməli olduğu pul məbləğini ödəməlidir. Bu mənada məhkəmə kollegiyası Cavabdeh1 ASC-nin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının (benefisiar) müqavilə müddətinin xx.xx.2021-ci il tarixdə başa çatmasını gözləmək kimi öhdəliyi işdən müəyyən edilmir. İddiaçının (benefisiar) cavabdehə (qarant) göndərdiyi məktubda prinsipialın müqavilə öhdəliyini icra etməməsi ilə bağlı sənədləri məktuba əlavə etmək öhdəliyi də iş materialları və qanunla təsdiqini tapmır. Belə ki, qarantiya məktubunda (müqavilədə) sözügedən şərt mövcud deyil. Mülki Məcəllənin 484.1-ci maddəsində isə məhz qarantiyada göstərilmiş sənədlərin qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbə qoşulmasından bəhs edilir. Vİİ. İddiaçı Eyyup Atıntaşın iddiası üzrə işdən müəyyən edilir ki, Türkiyə Respublikası Elazığ Ticarət Reyestri İdarəsi tərəfindən təsdiq edilmiş “X1 Madencilik Ticaret” AŞ idarə heyətinin qərar kitabçasına əsasən, şirkətin idarə heyətinin xx.xx.2019cu il tarixli qərarına əsasən Nesrin Atıntaş şirkətdəki 100 payını 100.000 Türk lirəsinə Eyyup Atıntaşa satmışdır. Türkiyə Ticarət Reyestri Qəzetinin xx.xx.2019-cu il tarixli sayından çıxarışa görə, “X1 Madencilik Ticaret” AŞ idarə heyətinin qərarı ilə Eyyup Atıntaş idarə heyətinin üzvü və sədri seçilmişdir. “X1 Madencilik Ticaret” AŞ imza sirkulyarına görə, şirkətin idarə heyətinin xx.xx.2020-ci tarixli qərarı ilə Eyyup Atıntaş bir il müddətinə idarə heyətinin sədri seçilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışına əsasən, Cavabdeh2nin Azərbaycan Respublikasındakı filialı xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, filialın qanuni təmsilçisi Eyyup Atıntaşdır. Cavabdeh2nin Azərbaycan Respublikasındakı filialının əsasnaməsinin: 1.3-cü bəndinə əsasən, filialın öhdəlikləri üçün filialı yaratmış Şirkət məsuliyyət daşıyır. 2.1-ci bəndinə görə, Şirkət tərəfindən təsdiq edilmiş Əsasnamə üzrə fəaliyyət göstərən və onun olduğu yerdən kənarda yerləşən və funksiylarının hamısını və ya bir hissəsini həyata keçirən, o cümlədən onun mənafelərini təmsil və müdafiə edən, onun adından əqdlər və müqavilələr bağlamaq və digər hərəkətlər etmək hüququna malik olan ayrıca bölmədir; 2.2-ci bəndinə əsasən, Filialın balansında Şirkət tərəfindən verilən ayrıca əmlakı vardır (daşınar və daşınmaz) Şirkətin adına və loqotipini əks etdirən möhürə, sərbəst balansa, cari və ya digər hesablarına malikdir; 5.1-ci bəndinə görə, filialın işinə Şirkətin nizamnaməsində müəyyən edilmiş səlahiyyətlər daxilində Şirkət tərəfindən təyin edilən və vəzifədən azad edilən filialın direktoru rəhbərlik edir. Cavabdeh1 ASC (qarant) ilə Cavabdeh2nin Azərbaycan Respublikasındakı filialı (prinsipial) arasında xx.xx.2020-ci il tarixdə 4080 nömrəli Qarantiya verilmə şərtləri haqqında saziş bağlanmışdır. Sazişin: 1.1-ci bəndinə əsasən, qarant prinsipialın sifarişinə əsasən, prinsipialın benefisiar qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək üçün benefisiara bu sazişlə nəzərdə tutulmuş miqdarda, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik-qarantiya verməyi öz öhdəsinə götürür; 1.2-ci bəndinə görə, qarantiya benefisiara xx.xx.2021-ci il tarixinə (daxil olmaqla) kimi verilir və həmin müddət bitdikdən sonra öz qüvvəsini itirir; 2.1-ci bəndinə əsasən, qarant prinspial tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq qarantiya məktubunun şərtlərinə uyğun olaraq 3.000.000 TL məbləğdən artıq olmayan istənilən məbləğini sonuncuya ödəməyi öhdəsinə götürür; 2.2-ci bəndinə görə, benefisiardan ödəmə haqqında yazılı tələb aldıqda qarant dərhal bu barədə prinsipiala məlumat verməli və tələbin surəti bütün sənədlərlə birlikdə Prinsipiala təqdim etməlidir; 3.1.1-ci bəndinə əsasən, qarant tərəfindən bu sazişin 2.1-ci bəndinə və qarantiya şərtlərinə müvafiq olaraq benefisiara ödənilmiş məbləğləri, onların ödənildiyi gündən etibarən 30 gündən gec olmayaraq heç bir əlavə şərt irəli sürmədən qaranta ödəməyi öhdəsinə götürmüşdür. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Saziş əsasında xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən “Eti Krom” AŞ-yə 4080 nömrəli qarantiya məktubu verilmişdir. Həmin Məktubla bank şirkət tərəfindən keçirilən tender nəticəsində YİL KEF 1055 və 1082 mədən qalareyasının xrom istehsalı və daşıma işini öhdəsinə götürən podratçı müştəri “X1 Madencilik Ticaret” AŞ-nin tenderlə əlaqədar olan qanun və texniki müqaviləyə əsasən və şirkətlə bağlanan xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin hökmlərinə görə, verməli olduğu qəti təminat məbləği olan 3.000.000 TL bank tərəfindən zəmanət verildiyi üçün, adıçəkilən öhdəliklə əlaqədar qanun, müqavilə, texniki müqavilə hökmlərinə görə qismən və ya tamamilə yerinə yetirməməsi halında, ilk yazılı tələbə əsasən etiraz etməyə və adıçəkilənin icazəsini almağa ehtiyac qalmadan və qeyd edilənlə şirkət arasında ortaya çıxacaq hər hansı bir uyğunsuzluq, bunun qanuni nəticələri araşdırılmadan, yuxarıda yazılmış məbləğə qədər olan bir məbləği şirkətə nağd və tam şəkildə, tələb olunma tarixindən ödəniş tarixinə qədər keçən günlərə aid olan qanuni faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda “X1 Madencilik Ticaret” AŞ-nin təsisçisi Eyyup Atıntaş saziş bağlanarkən “X1 Madencilik Ticaret” AŞ-nin təsisçisi kimi onun razılığının alınmamasını, eləcə də həmin sazişin yalnız şirkətin idarə heyətinin qərarı ilə idarə heyətinin sədri tərəfindən imzalanmalı olduğu halda, şirkətin özü tərəfindən deyil, filial tərəfindən imzalandığını əsas göstərərək həmin sazişin və onun əsasında verilmiş qarantiya məktubunun etibarsız hesab edilməsini tələb edir. Lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 350-ci maddəsinə görə, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Normanın tələbinə müvafiq qaydada, hazırkı işdə filialın direktorunun mübahisəli sazişi bağlayarkən səlahiyyətlərindən kənara çıxdığı fərz olunsa, həmin əsasla sazişin etibarsız hesab edilməsi yalnız digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda mümkündür. Hazırkı halda isə məhkəməyə təqdim edilmiş sübutlar əsasında nə filialın direktorunun filialın adından müqavilə bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılması, nə də həmin məhdudiyyətlərdən Cavabdeh1 ASC-nin məlumatlı olması müəyyən edilmir. Ən əsası isə, işdən müəyyən edilir ki, iddiaçı E.Atıntaş “X1 Madencilik Ticaret” AŞ-nin yeganə əsisçisi və idarə heyətinin sədri olmaqla yanaşı, Şirkətin Azərbaycan Respublikasındakı filialının da direktorudur. Başqa sözlə, E.Atıntaş həm Şirkətdə, həm də Filialda idarə, qərar və təmsilçilik hüquqlarına malik olmuş, mübahisəli saziş də eyni zamanda Filialın da direktoru olmuş Şirkətin idarə heyətinin sədri tərəfindən imzalanmışdır. Bu da özlüyündə iddiaçının mübahisəli saziş imzalanarkən onun razılığının və məlumatının olmamasına dair həm iddia ərizəsində, həm də apellyasiya şikayətində istinad etdiyi dəlillərin əsassızlığına dəlalət edir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı şikayətdə sazişin onun tərəfindən imzalanması faktını mübahisələndirmişdir. Göstərilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birincisi, göstərilən hala iddianın faktiki əsası kimi iddia ərizəsində istinad edilməmişdir. Əksinə, iddia ərizəsindən görünür ki, iddiaçı həmin ərizədə mübahisəli sazişin Filial tərəfindən imzalandığını təsdiq etmişdir. İkincisi, işdən görünür ki, mübahisəli Saziş Filialın direktoru qismində iddiaçı tərəfindən imzalanmaqla yanaşı, üzərinə Filialın möhürü də vurulmuş, möhürün həqiqiliyi isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, imzanın həqiqiliyinin müəyyən olunması üçün ekspertizanın təyin olunması iş üzrə zəruri olmamışdır, bu barədə vəsatət isə işin süni uzadılması məqsədi güdür və prosessual hüquqlardan sui-istifadəyə dəlalət edir. O da qeyd olunmalıdır ki, hazırkı mübahisə xarakterinə görə təsisçi ilə hüquqi şəxs arasında yaranmış korporativ mübahisədir. Odur ki, hazırkı iddianı qaldıran iddiaçı E.Atıntaş hüquqi şəxsin bağladığı müqavilənin etibarsız hesab edilməsi barədə tələbini qanunazidd əqdin bağlanması nəticəsində onun təsisçi kimi hüquq və qanuni maraqlarının pozulması ilə əsaslandırmalı idi. Lakin iddiaçı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsini Şirkət tərəfindən müvafiq qərar qəbul edildikdən sonra imzalana biləcəyi ilə əlaqələndirir ki, bu dəlilin də əsassızlığına əvvəlki abzaslarda hüquqi qiymət verildi. Vİİİ. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin hər iki iddia ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamələrin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamələr dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2513/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli və e-2-2(113)-4171/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 ASC və iddiaçı Eyyup Atıntaşın apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-55/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-55/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver