Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-550/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin Cavabdehnə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndələri X5, X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin Cavabdehnə qarşı müəllif qonorarının ödənilməsi və digər tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 611/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.1999-cu il tarixində dövlət qeydiyyatından keçmiş Azərbaycan Kinorejissorlar Gildiyası audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi məqsədi ilə (təşkilatın fəaliyyət dairəsi efir, kabel və retranslyasiya yolu ilə yayım təsbit olunmaqla) xx.xx.2018-ci il tarixdə Əqli Mülkiyyət Agentliyində 5 il müddətinə yenidən qeydiyyatdan (akkreditasiyadan) keçərək ona “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı haqqında” 1/2018 saylı şəhadətnamə verilmiş, Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Kinorejissorlar Gildiyasının yenidən qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi qərara alınaraq bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq əmr verilmişdir.
2. Azərbaycan Kinorejissorlar Gildiyasının xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsinə (3-cü redaksiya) əsasən İctimai Birlik intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə, müəllif hüquqlarına malik olan Azərbaycan Respublikası vətəndaşları – professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmış, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin edir.
3. İddiaçı (Gildiya) ilə quruluşçu rejissor X15 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, kinorejissor X12 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, quruluşçu rejissor X1 arasında bağlanmış xx.xx.2000-ci il tarixli, ssenarist X7 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, kinooperator X6 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, yazıçı, ssenarist X13 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, yazıçı, ssenarist Orxan Fikrətoğlu (Sadıqov) arasında bağlanmış xx.xx.2002-ci il tarixli, yazıçı, ssenarist, rejissor X27 arasında bağlanmış xx.xx.2002-ci il tarixli, kinorejissor Rasim Ocaqovun hüquq varisi X14 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, bəstəkar Qara Qarayevin hüquq varisi X20 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, rejissor, quruluşçu rəssam (cizgi filmləri) X21 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, rejissor və ssenarist X3 hüquq varisləri Məryəm Seyidbəyli və Ziya Seyidbəyli arasında bağlanmış xx.xx.2015-ci il tarixli, bəstəkar Tofiq Quliyevin hüquq varisi Lalə Quliyeva arasında bağlanmış xx.xx.2007-ci il tarixli, bəstəkar X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, kinorejissor X9 hüquq varisləri X16 və X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, quruluşçu rəssam X17 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, quruluşçu rəssam X18 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən müəllif müqavilənin əlavəsində göstərilən audiovizual əsərlər üzrə ona məxsus olan müəllif və əlaqəli hüquqları/bütün hüquqları Gildiyanın kollektiv idarəçiliyinə verir, əsərlərin efir və kabel televiziyasında nümayişi, müxtəlif daşıyıcılarda tirajlanması və yayımı, o cümlədən kütləvi nümayişi zamanı həmin əsərdən istifadəyə görə müəllif qonorarı almaq hüququ əldə edir. Gildiya kollektiv idarəçiliyinə verilmiş hüquqlardan istifadə etmək, idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün digər istifadəçilərə lisenziya vermək, müəllif hüququ və əlaqəli hüququ pozulmuş üzv-müəllifin adından məhkəmədə iddia qaldırmaq hüququ əldə edir.
4. İddiaçı (müəllif) ilə müvafiq olaraq "xxxx" Müstəqil Tele-Radio Kompaniyası, İctimai Televiziya və Radio yayımları Şirkəti, "xxxx" MMC-ARB Günəş, "xxxx" MMC, "xxxx" Müstəqil Teleradio Şirkəti, "xxxx" QSC (AzTV, Mədəniyyət, İdman TV), "xxxx" MMC (Xəzər və Dalğa), "xxxx" MMC (istifadəçi) arasında lisenziya müqavilələri bağlanaraq müəllif studiyalar tərəfindən istehsal olunmuş və hüquqları ona məxsus olan Azərbaycan filmlərini istifadəçiyə öz televiziya efirində nümayiş etdirmək yolu ilə istifadə üçün qeyri-müstəsna hüququ verir, istifadəçi isə həmin hüquqları alır və bədii filmlərə görə hər saata görə, cizgi, sənədli filmlər və “Mozalan” kinojurnala görə üzrə müvafiq dəqiqəyə görə razılaşdırılmış ödənişi etməyi öhdəsinə götürür.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi (bundan sonra Azərbaycan Kinorejissorlar Gildiyası) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 may 2021-ci il tarixindən 25 noyabr 2023-cü ilə tarixədək olan dövr (son 2 il 6 ay) ərzində Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərlərinin müəllif qonorarı ödəmədən retranslyasiyasını həyata keçirdiyinə görə hər ay üçün 1500 manat olmaqla ümumilikdə 45 000 manat məbləğində qonorarın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Azərbaycan Kinorejissorlar Gildiyası ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Kinorejissorlar Gildiyası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi xx.xx.1999-cu il tarixdə 1156 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan (akkreditasiyadan) keçirilmişdir və fəaliyyət göstərir. Gildiyanın hüquq və vəzifələri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun) 42 və 43-cü maddələrində təsbit olunmuşdur. Belə ki, həmin maddələrdən görünür ki, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir, lisenziya üzrə və lisenziya vermədən nəzərdə tutulmuş qonorarı yığır, yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir, idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir. Həmçinin onun yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək, qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək vəzifələri vardır. Cavabdeh MMC (BİRLİNK) 2009-cu ildən fəaliyyət göstərən təşkilatdır və universal paltforma operatoru kimi lisenziya almışdır. Cavabdehin öz saytındakı və sosial şəbəkələrindəki rəsmi səhifələrində olan məlumatlardan da görünür ki, o, telekanalların, bununla da audiovizual əsərlərin retranslyasiyasını həyata keçirir. Onun heç bir qonorar ödəmədən audiovizual əsərlərin kommersiya məqsədilə retranslyasiyasını həyata keçirməsi müəlliflərin hüquqlarını kobudcasına pozur. İddiaçının dəfələrlə rəsmi və qeyrirəsmi müraciətlərinə baхmayaraq, cavabdeh Azərbaycan filmlərinin istifadəsinin hüquqi əsaslarını yaratmadan, yəni müəlliflərin hüquqlarının qorumasını kоllektiv idarəçilik təşkilatı olan iddiaçı ilə müqavilə bağlamadan və müəllif qоnоrarı ödəmədən hüquqlarının qorumasını iddiaçıya vermiş müəlliflərin - rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmlərin retranslyasiyasını qanuna zidd olaraq həyata keçirir. Həmçinin xx.xx.2023-cü il tarixində cavabdehə göndərilmiş pretenziya məktubuna da müsbət cavab verilməmiş, 24 noyabr 2023-cü il tarixində keçirilmiş mediasiya iclasında da cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 saylı Qərarının “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” ilə bağlı V-ci bölməsində minimum qonorarın miqdarı faiz göstəricisi ilə əks olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) tələbinə əsasən tutulması xahiş edilən məbləğ dəqiq göstərilməli olduğundan iddiaçının digər operatorlarla bağladığı analoji müqavilələrdə nəzərdə tutulan məbləğlərin orta qiymətini nəzərə alaraq, analoji iş üzrə xx.xx.2023-cü il tarixində qəbul edilmiş 2-2(102)- 70/2023 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında iddiaçıya ödənilməli olan aylıq orta məbləğin 1500 manat olaraq müəyən edildiyini əsas götürərək iddiaçı cavabdeh tərəfindən aylıq 1500 manat olmaqla, son 2 il 6 ay müddəti üçün ümumilikdə 45 000 manat məbləğində qonorarın ödənilməsini xahiş edir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun 15-ci maddəsinə əsasən müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Müəlliflərin müstəsna hüququ kimi öz əsərlərinin retranslyasiyasını qadağan etmək hüququ Qanundan irəli gəlir. Belə ki, cavabdeh audiovizual əsərlərin retranslyasiyasiyanı həyata keçirmək üçün iddiaçı ilə müqavilə bağlamalı və ona ədalətli haqq – qonorar ödəməlidir. Müqavilə bağlamadan və qonorar ödəmədən retranslyasiyanı həyata keçirmək müəlliflərin hüquqlarını birbaşa şəkildə pozur.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-611/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia təmin edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC Birlink/ENGİNET adı ilə fəaliyyət göstərən platforma operatoru olmaqla yerüstü ümumölkə yayımçısı olan AzTV, Mədəniyyət TV, İTV, Xəzər, ATV, Space, ARB, ARB 24, ARB Günəş, MUZ TV-nin proqramlarını öz yayım paketlərinə daxil etməklə audiovizual əsərlərin retranslyasiya yolu ilə kütləvi yayımını həyata keçirir. İddiaçının qonorar ödənilməsini tələb etdiyi xx.xx.2021 – xx.xx.2023-cü il tarixlərdə də adları qeyd olunan yerüstü ümumölkə yayımçılarının proqramlarını cavabdeh öz yayım paketlərinə daxil etməklə audiovizual əsərlərin retranslyasiya yolu ilə kütləvi yayımını həyata keçirmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi, mahiyyətini iddiaçıya üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanallarının retranslyasiyasının həyata keçirilməsi təşkil edən 2 hissədən ibarətdir və ilk növbədə “Azərbaycan Kinorejissorlar Gildiyası ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi” tələbinin əsaslı olubolmaması aydınlaşdırılmaqla həmin hissələrə ayrı-ayrılıqda qiymət verilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisənin həllində Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbi nəzərə alınmaqla maddi hüquq normaları tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 2.3cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
10. Məhkəmə iddianın Azərbaycan Kinorejissorlar Gildiyası ilə müqavilə bağlananadək Cavabdeh MMC tərəfindən Azərbaycan Kinorejissorlar Gildiyasına üzv müəlliflərin audiovizual əsərləri üzrə televiziya kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, 1999-cu ildə dövlət qeydiyyatından keçmiş iddiaçı nizamnaməsinə əsasən intellektual, yaradıcı əməyi ilə audiovizual sənət əsəri yaradan, müəllif və əlaqəli hüquqların obyektlərinə müəllif hüquqlarına malik olan Azərbaycan Respublikasının vətəndaşları professional kino və televiziya filmlərinin rejissorları tərəfindən yaradılmışdır və audioviziual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirərək əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslyasiya yolu ilə yayımına görə qonararın alınmasını təmin edir.
11. Retranslyasiyasını müstəsna hüququ olan üçüncü şəxs ilə bağladığı müqavilə əsasında həyata keçirməsi barədə cavabdehin etirazının əsası kimi istinad etdiyi hala münasibətdə məhkəmə bildirmişdir ki, qeyd olunan hal formal mülahizələrdən ibarət olmaqla həmin halla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin qeyd olunan halın istinad edilə biləcək qanuni əsası da mövcud deyildir.
12. Məhkəmə cavabdehin təkrar yayımçı kimi müəllif qonorarı ödəməli olmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin təkrar yayımçı kimi, iddiaçı ilə müqavilə bağlamaq və müəlliflərə, əlaqəli hüquq subyektlərinə qonorar ödəmək yuxarıda təsbit edilmiş maddi hüquq nomalarının tələblərindən irəli gəlir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin “Audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə alınan qonorarın yaradıcı heyət arasında bölünməsi” adlanan Vİ bölməsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər. Audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın yığılması və bölüşdürülməsi audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentlik tərəfindən həyata keçirilir. Müəllif qonorarının ödəyiciləri istifadəsinə icazə aldığı audiovizual əsərlərin qeydiyyatını, hesabat dövründə hər bir əsərdən istifadəyə görə əldə edilən gəlirin uçotunu aparmalıdırlar. Ödəyicilər müəllif qonorarı ödəməklə yanaşı, audiovizual əsərlərin müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilata və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentliyə hesabat dövründə istifadə etdikləri əsərlərin siyahısını (müəlliflərin adı və hər əsərdən istifadəyə görə əldə edilən gəlirin miqdarı ayrı-ayrılıqda göstərilməklə) təqdim etməlidirlər. Audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat hər bir əsərin istifadəsinə görə aldığı qonorarı Vİ bölmədə göstərilən nisbətdə bölməyi və müəlliflərə (hüquqi varislərə) çatdırmağı təmin edir.
13. Məhkəmə iddianın qonorarın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, məhkəməyə təqdim olunan analoji müqavilələr üzrə orta qiymətin 1500 manat ((1000+2000+1500+1500)/4) təşkil etdiyini, həmçinin son dövrlərdə bağlanmış müqavilələrdə ("xxxx" MMC ilə bağlanmış 01 aprel 2022-ci il tarixli, "xxxx" MMC (“AİLƏ TV”) arasında bağlanmış xx.xx.2023-cü tarixli) minimum məbləğin 1500 manat təsbit olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövr üçün tutulmalı olan müəllif qonorarının həcmi müəyyənləşdirilərkən həmin göstərici nəzərə alınmalı və 2 il 6 ay üçün 45 000 manat (30 ay x 1500 manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-611/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddianın mahiyyəti ondan ibarətdir ki, iddiaçı “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi ona üzv olan, təxminən 200-ə yaxın müəllifin əsərlərinin guya cavabdeh tərəfindən yayımlandığını göstərir, buna görə də həmin müəlliflərə çatmalı olan qonararın onlara ödənilməsini tələb edir. Lakin iddiaçı məhkəmə proseslərində cavabdeh tərəfindən məhz hansı müəllifin əsərlərinin yayımlandığını, birliyə üzv olan bütün müəlliflərin əsərlərinin yayımlanıb-yayımlanmamasını sübuta yetirə bilməmişdir. İddiaçının mövqeyinə görə (məhkəmə də bu cür mövqeni qəbul etmişdir) onların üzvü olan istənilən müəllifin əsərlərinin yayımlanıb-yayımlanmamasından asılı olmayaraq birliyə qonorar ödənilməlidir ki, bu əsassız və qanunsuzdur. "Media haqqında" Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə görə platforma operatoru yerüstü ümumölkə yayımçısının proqramlarını ölkə üzrə, yerüstü regional yayımçının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir. Platforma operatoru bunun müqabilində yerüstü yayımçıdan ödəniş tələb edə bilməz. Məhkəmə tərəfindən göstərilən maddi hüquq normasının tələbi pozulmuşdur. Belə ki, iddiaçı cavabdehdən yerli kanalların retranslasiyasını həyata keçirdiyinə görə, birliyə üzv olan müəlliflər üçün qonorar tələb edir. Halbuki, həmin kanlları öz yayım proqramına daxil etmək yuxarıda göstərilən maddi hüquq normasının tələbidir və cavabdeh üçün məcburidir. Belə bir məcburiyyət olmasaydı, həmin kanalların yayımını həyata keçirməzdi. Çünki yerli kanalların retranslasiyasını həyata keçirmək kommersiya baxımından cavabdeh üçün əlverişli deyildir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki iş üzrə məhkəmə tərəfindən göstərilən maddi hüquq normasının tələbləri pozulmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin retranslasiyasını həyata keçirdiyo yerli kanllarla müəllif müqavilələri bağlamış və həmin kanallar iddiaçıya müvafiq haqq ödəyirlər. Belə olan halda, cavabdehdən də eyni haqqın istənilməsini əsassız varlanma hesab edirik. Belə ki, bu cür varlanmanın müqavilə və qanuni əsası yoxdur. Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 466 nömrəli Qərarının 38-ci bəndinə görə audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faizlə (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) qonorar ödənilir. Lakin məhkəmə tərəfindən həmin qonorar məbləği aylıq 1500 manat müəyyən edilmişdir ki, bunun hüquqi əsası yoxdur. Buna görə də hesab edirik ki, məhkəmə tərəfindən göstərilən maddi hüquq normasının da tələbi pozulmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi və vəkili cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. İddiaçının nümayəndələri X5, X11 məhkəmə iclasında apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişlər.
18. Tətbiq edilən hüquq
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun: 6-cı maddə- audiovizual əsərlər (kino, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər) müəlliflik hüququnun obyektidir. 12-ci maddənin 1-ci hissəsi-- audiovizual əsərin müəllifləri (şərikli müəllifləri) aşağıdakılardır: quruluşçu rejissor; ssenari müəllifi; quruluşçu rəssam; quruluşçu operator; xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin (mətnli, yaxud mətnsiz) müəllifi (bəstəkar). Audiovizual əsərin ssenarisinin hazırlanmasında istifadə olunmuş, yaxud audiovizual əsər üzərində iş prosesində yaradılmış və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi öz hissəsinə münasibətdə audiovizual əsərin müəllifi sayılır. 12-ci maddənin 2-ci hissəsi- audiovizual əsərin yaradılmasına dair müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında bağlanmış müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müəlliflər tərəfindən bu müqaviləyə əsasən audiovizual əsərin istehsalçısına (prodüserinə) həmin əsərin surətinin çıxarılması, yayılması, kütləvi ifası, kütləvi nümayişi, kabel televiziyası ilə kütləvi bildirişi, efirə verilməsi və ya hər hansı başqa şəkildə kütləvi bildirişi, həmçinin mətnin subtitrləşdirilməsi və dublyaj edilməsi üçün müstəsna hüquqlar verilmiş olur. Göstərilən hüquqlar audiovizual əsərə müəlliflik hüququnun qüvvədə olduğu müddətdə qüvvədə qalır. Audiovizual əsər istehsalçının həmin əsərdən hər hansı şəkildə istifadə olunarkən özünün və ya təşkilatın adını göstərmək, yaxud göstərilməsini tələb etmək hüququ vardır. 12-ci maddənin 4-cü hissəsi- audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir. 15-ci maddənin 4-cü hissəsi- müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. 30-cu maddə- 1. Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər.
2. Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.
41-ci maddə- müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərd və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. 42-ci maddə- əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4cü hissəsi, 17-ci maddəsinin 3-cü hissəsi və 37-ci maddəsinin 1-ci hissəsi) istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. 43-cü maddəsinin 2-ci hissəsi- əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır.
45-ci maddə-
1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.
3. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur.
4. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavəsinin “Audiovizual əsərlərin tamaşaçılar üçün ödənişli giriş olan yerlərdə nümayiş etdirilməsi, efir və kabel televiziyası ilə yayımlanması (ötürülməsi)” adlanan V bölməsinin tələbinə əsasən audiovizual əsərlərin kabel televiziyası ilə (o cümlədən retranslyasiya üsulu ilə) yayımlanmasına görə 0,5 faiz (istifadəçinin hesabat ayı üçün nəzərdə tutulan ümumi büdcəsindən, reklamdan, sponsordan və digər mənbələrdən daxil olmalarla) audiovizual əsər müəlliflərinə qonorar ödənilməsi nəzərdə tutulmuşdur. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-611/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin mübahisəsiz halıdır ki, Cavabdeh Azərbaycan kanallarının retranslyasiyasını həyata keçirdiyi halda həmin kanallarda nümayiş olunan audivizual əsərlərin müəlliflərinə müəllif qonorarı ödənilməmiş, nə iddiaçı, nə də müəlliflərin özləri ilə müqavilə bağlanmamışdır.
22. Cavabdehin apellyasiya şikayətinin bir çox dəlilləri iddiaya etirazın dəlilləri ilə üst-üstə düşdüyündən və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən məhkəmə biricni instansiya məhkəməsinin qətnamənin əsaslandırıcı hissəsi ilə razılaşır.
23. Cavabdehin platforma operatoru olaraq yerli kanallları retranslasiya etmək məcburiyyəti daşımasına dair apellyasiya şikayətində qeyd edilmiş mülahizə ilə bağlı, məhkəmə qeyd edir ki, bu hal cavabdehi mülliflərlə müqavilə bağlamaq və qonorar ödəmək vəzifəsindən azad etmir.
24. Cavabdehin retranslasiyasını həyata keçirən hüquqi şəxs olaraq müəllif qonorarı ödəmək vəzifəsi "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 6-cı, 12-ci, 15-ci, 31-ci, 41-ci, 42-ci, 43-cü maddəsinin 2-ci hissəsinin, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 1997-ci il tarixli 38 saylı qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” adlanan 3 saylı Əlavənin tələbindən irəli gəlir.
25. İddiaçı hazırkı iddianı qaldırmağa sübubyektiv hüququ olduğunu təsdiq etmək üçün müəlliflərlə bağlanmış müqavilələr də daxil olmaqla bütün sübutları məhkəməyə təqdim etdiyindən iddianın əsaslı olduğuna dair sübutların təqdim edilməməsi barədə apellyasiya şikayətində qeyd edilənlər əsassız hesab edilir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikasının yerli kanallarında iddiaçı ilə müqavilə bağlamış müəlliflərin audivizual əsərlərinin mütəmadi olaraq yayınlandığı hamıya bəlli olan və subuta ehtiyacı olmayan hal olduğundan iddiaçının bu barədə məhkəməyə sübutlar təqdim etməsinə zərurə olmamışdır.
26. Məhkəmə tərəfindən aylıq qonorar məbləğinin 1500 manat müəyyən edilməsinin hüquqi əsası olmadığı, bu məbləğin Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 466 nömrəli Qərarının 38-ci bəndinə uyğun hesablanmadığına dair dəlillə bağlı məhkəmə qeyd edir ki, qonorar məbləğinin istinad edilən qərara uyğun hesablanması üçün cavabdeh tərəfindən gəlirləri barədə sənədlər təqdim edilmədiyindən qətnamənin bu hissədə də ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 611/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-611/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.