Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-550/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-141/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/06052 saylı 36 ay müddətə daxili maliyyə lizinqi müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Kia Optima” minik markalı 77PG035 dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir.
2. Müqavilənin şərtlərindən görünür ki, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri aşağıdadır: “Kia Optima” minik (marka və modeli), sedan (tip), 5XXGM4A77CG069082 (ban nömrəsi), 2012 (buraxılış ili), 2359 kub sm (mühərrik həcmi), qırmızı metallik (rəngi) (2.1). Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-ə («Lizinq ödənişləri cədvəli») müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür (2.2). Lizinqin müddəti bitdikdən və lizinq ödənişləri Lizinq alan tərəfindən tam ödənildikdən sonra Lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə Lizinq verən lizinq obyeKtinə mülkiyyət hüququnu Lizinq alana verməyi, Lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür (2.3). Bu müqavilə imzalandığı və lizinq obyekti lizinq alana təhvil-aktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir. Lizinq obyekti 36 (otuz altı) ay müddətinə lizinqə verilir (3.1). Lizinq obyekti Alqı-Satqı Müqaviləsi əsasında Lizinq verən tərəfindən Lizinq alanın müəyyən etdiyi lizinq obyektinin Satıcısından alınır (5.1). Lizinq obyektinin qiyməti: 28000 manat (5.2). Avans məbləğ: 6000 manat (5.3). Lizinq məbləği: 22000 manat (5.4)
3. Müqaviləyə 1 nömrəli əlavədən görünür ki, 22000 manat əsas məbləğ və 14276,6 manat mükafat məbləği olmaqla ümumilikdə 36276,6 manat məbləğində lizinq ödənişinin 09 yanvar 2023-cü il tarixdən 09 dekabr 2025-ci il tarixədək 36 ay müddətində hər ay üçün 1007,68 manat ödənilməsi razılaşdırılmışdır.
4. 09 dekabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Kia Optima” minik markalı, 5XXGM4A77CG069082 ban nömrəli, buraxılış ili 2022-ci il olan qırmızı metallik rəngli nəqliyyat vasitəsi cavabdehə təhvil verilmiş, cavabdeh bəyan etmişdir ki, lizinq obyektinin texniki göstəriciləri və keyfiyyəti xx.xx.2022-ci tarixli İF/06052 nömrəli daxili lizinq müqaviləsinin şərtlərində göstərilənlərlə tam uyğundur, lizinq obyektində nasazlıq yoxdur və istismara tam yaralıdır, lizinq obyekti bütün ləvazimatları, ehtiyat hissələri və texniki sənədləri ilə birlikdə qəbul edilmiş və onlarda hər hansı çatışmazlıq aşkar edilməmişdir.
5. 12.12.2022-ci il – xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarışa əsasən, xx.xx.2023-cü il tarixdə 1007 manat, xx.xx.2023- cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 1010 manat olmaqla cavabdeh tərəfindən ümumilikdə 2717 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il daxili maliyyə lizinqi müqaviləsinə əsasən 18628,56 manat lizinq ödənişi və lizinq obyektinə dəymiş zərərin, 1490 manat lizinq obyektinin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin və ödənilmiş 165,44 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli İF/06052 saylı 36 ay müddətə daxili maliyyə lizinqi müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Kia Optima” minik markalı 77PG035 dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir. Bir müddət ödəniş olunduqdan sonra ödənişlər dayandırılmışdır. 09 yanvar 2023-cü il tarixindən başlayaraq 17 may 2024-cü il tarixinə qədər hər ay 1007,68 manat ödəniş etməli olduğu halda, cavabdeh cəmi 2717 manat ödəniş etmişdir. Cavabdehin lizinq ödənişləri üzrə qalıq borcu 14413,56 manat (17130,56 – 2717) təşkil edir. Eyni zamanda avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin təmir və ehtiyat hissələrinin ümumi məbləği 4215 manat müəyyən edilmişdir.
8. İddiaçı xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli İF/06052 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə 26146.35 AZN (iyirmi altı min yüz qırx altı manat 35 qəpik) borcun, 1490.00 AZN (bir min dörd yüz doxsan manat) yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr və lizinq obyekti olan Kia Optima minik markalı 77PG035 dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması, lizinq obyektinin qiyməti ümumi borcdan az olacağı təqdirdə ümumi borcun geri qalan məbləğinin və dövlət rüsumu olaraq ödədiyimiz 165.44 AZN-nin (yüz altmış beş manat 44 qəpik) iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06052 saylı Daxili maliyyə lizinq müqaviləsi üzrə 18628.56 AZN (on səkkiz min altı yüziyirimi səkkiz manat 56 qəpik) borcun. 1490.00 AZN (bir min dörd yüz doxsan manat) yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr və dövlət rüsumu olaraq ödədiyimiz 165.44 AZN-nin (yüz altmış beş manat 44 qəpik) iddiaçı “Bank olmayan Kredit Təşkilatı İDK" MMC -nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-141/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06052 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 12359,85 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ekspertiza xərci olaraq 50 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-141/2025 saylı qətnamənin ləğv edilməsi, iddia tələbin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq obyekti lizinq geri alındıqdan sonra müstəqil ekspert tərəfindən tərtib olunan avtomobilin qalıq dəyərinin qiymətləndirmə aktından görüldüyü kimi həmin avtomobilin real dəyəri 10.000 manat, ehtiyat və təmir xərclərinin ümumi məbləği çıxdıqdan sonra isə 7500 manat dəyərində olmuşdur. Lizinq obyekti geri alınan zaman avtomobilin qalıq dəyərinin məbləği baxımından, həm MM-nin 748-11.1.2- ci maddəsi tələbi baxımından cavabdehin ümumi borcundan avans məbləğinin çıxılması qanunaziddir. Müqavilənin və Mülki Məcəllənin müvafiq maddələrinin tələbindən də görüldüyü kimi lizinq alanın ödədiyi lizinq ödənişidir və iddiaçı tərəfindən satıcıya ödənilən lizinq məbləğinin təminatı sayılır. Əgər lizinq obyektinin dəyəri lizinq müqaviləsi üzrə yaranmış borcu ödəyərdisə lizinq alan avtomobili satıb qalıq borcu təşkilata ödəyərdi. Məlum mübahisədə avtomoblin qalıq dəyəri şəxsin müqavilə üzrə yaranmış borcu belə qarşılamır. Məhkəmə tərəfindən cavabdehin ümumi borcundan, lizinq obyekti üçün ödədiyi avans məbləğin çıxılması hesab edilir ki, məhkəmənin iş materiallarının digər sübutlarına baxmayaraq bu qənaətə gəlməsi MPM-nin müvafiq maddəsinin pozuntusu hesab edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.Sədirlik edənin sualına cavab olaraq bildirdi ki,iddianı 6000 min manat hissəsində mübahisələndiririk.
14. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. Həmin Məcəllənin 5.3-ci maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Həmin Məcəllənin 13-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
17. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
20. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
22. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
23. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
24. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
25. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
26. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
27. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
28. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli Qərardadı 32.Bənd 55. Sadalanan normaların məzmunundan göründüyü kimi, mahiyyət etibarı ilə avans, mülki hüquqi əqd üzrə əvvəlcədən aparılan ödənişdir və podratçı avans ödənişindən yalnız müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. 33.Bənd 58. Göründüyü kimi, MM-də lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. 34.Bənd 59. Lakin həmin müqavilələrdə lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir. Odur ki, yuxarıda qeyd olunan mübahisəli məsələlərin yaranmasına zəmin yaratmamaq üçün lizinq müqaviləsi üzrə tərəflərin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq alanın avans ödəmək öhdəliyini tənzimləyən müvafiq normanın olmamasını nəzərə almaları, mübahisə halında qarşılıqlı hesablaşmaların aparılması qaydasına dair müqavilə şərtini müəyyən etmələri məqsədəuyğun olardı.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 37.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, avans ödəniş lizinq obyektinin əldə edilməsi üçün istifadə edildiyindən, həmin ödənişin cavabdehin ümumi borcundan silinməsi Mülki Məcəllənin 748.11.2-ci maddəsinə əsasən qanuni sayıla bilməz. 39.Kollegiya hesab edir ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir. 40.Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli lizinq müqaviləsinin müddəalarında lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir. 41.Ali Məhkəmənin müvafiq qərardadında da göstərilmişdir ki, lizinq müqaviləsi çərçivəsində edilmiş avans ödənişlər ilə bağlı mülki qanunvericilikdə hər hansı tənzimləmə müəyyən edilməmişdir, odur ki, tərəflərin bu məsələlərdə tənzimləməni öz üzərinə götürməsi məqsədəuyğun olardı. 42.Bununla bağlı kollegiya qeyd edir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 24). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir. 43.Bu baxımdan tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər olaraq müqavilələrin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə avans ödənişləri ilə bağlı hər hansı şərt müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır. 44.Kollegiya həm lizinq, həm avans, həm də mülki qanunvericiliyin ümumi normalarından çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi avans ödənişini ümumi borc məbləğindən çıxmaqla maddi hüquq normalarını düzgün tətbiq etmişdir. 45.Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-141/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.