Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-551/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1918/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Azərbaycan Respublikası DİN Nəsimi RPİ-nin 21-ci PN-nin Cavabdeh Ağamməd oğlundan almış olduğu izahatında İddiaçı barəsində yazdığı şikayət ərizəsi və izahatı ilə tanış olduğu, müraciətdə qeyd olunan xüsusatları təsdiqlədəyi və İddiaçı olan borcundan bir qismini o, və qardaşı Əziz tərəfindən ona qaytarıldığı, hal-hazırda Rasimə təxminən 9000 ABŞ dolları borcu qaldığı, maddi imkanı olmadığı üçün ona olan borcunu qaytara bilmədiyini, işləyən kimi borcunu hissə-hissə də olsa qaytaracağını bildirmişdir.
2. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən göründüyü kimi 300 manat və xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən isə 10 manat və digər qəbzə əsasən 20 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9000 ABŞ dolları pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136 manat dövlət rüsumunun Cavabdeh tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağababa oğlu, bir müddət telefon alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, Dubaydan tanışları “İphone” “Samsung” və digər markalı telefonlar göndərir və o da 2015-ci ildən 2018-ci ilədək onları Elşad və Rüfətə satmaları üçün vermişdir. Elşada verdiyi 15000 ABŞ dolları məbləğində malın dəyərini o, tam şəkildə ona ödəmişdir. Cavabdeh isə ümumilikdə 13.000 ABŞ dolları məbləğində mobil telefonların pulunu və ondan aldığı 4000 ABŞ dolları məbləğində borcdan cəmi 1000 ABŞ dollarını hissə-hissə qaytarmışdır. Bununla bağlı AR DİN BŞBPİ Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət etmiş, həmin polis bölməsinin rəisi Samir Haşımov tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, №085- 8801 B-3222 saylı məktubu ilə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Vəkil sorğusu vasitəsi ilə onun müraciətinə əsasən toplanmış material xx.xx.2023-cü il tarixli, №313-51-3/2-500/23 saylı məktubla Nəsimi RPİ-nin 21-ci polis bölməsi tərəfindən iddiaçıya təqdim edilmişdir. Həmin materialda iddiaçının Zəkizadə Elşadın və Cavabdeh izahatı yer almışdır. Rüfət izahatında qeyd edir ki, “İddiaçı izahatı ilə tanış oldum və müraciətdə qeyd olunan xüsusatları təsdiq edirəm. Əlavə olaraq bildirmək istəyirəm ki, Rasimə olan borcumdan bir qismini mən və qardaşım Əziz ona qaytarmışıq. Mənim hal-hazırda Rasimə 9000 ABŞ dolları borcum qalıb. Hazırda maddi imkanım olmadığı üçün borcumu qaytara bilmirəm, iş axtarıram iş tapan kimi borcumu qaytaracağam və eyni zamanda qardaşım Əziz də borcumun qaytarılmasında köməklik edəcəyini bildirmişdir”. İddiaçının müraciəti üzrə izahatı alınmış Elşad Zəkizadə izahatında bildirir ki, “2015-ci ildə mən dostum Rüfətlə birgə qərara gəldik ki, Rasimin gətirdiyi telefonlardan birgə satıb gəlir əldə edək. 2018-ci ilədək davamlı şəkildə telefonları alıbsatıb pulunu hissə-hissə ödəyirdik. Lakin axırıncı dəfə bütün telefonları satdıq, mən borcumun hamısını qaytarsam da, Rüfətin Rasimə ümumilikdə 13000 ABŞ dolları məbləğində borcu qalmışdır. Sonradan 2018-ci ildən 2021-ci ilədək hissə-hissə 1800 manat pul ödəmişdir. Sonradan maddi çətinlik çəkdiyindən 2021-ci ilin oktyabr ayından aylıq ödədiyi 300 manatlıq məbləği də dayandırmışdır. 2018-ci ilin iyun ayında biz dördümüz-Rasim, Akif, Rüfət və mən bütün hesabatı apararaq bizim Rasimə nə qədər borclu olduğumuzu müəyyən etdik. Akif hamımızın ortaq tanışı olaraq orada iştirak edirdi.” Cavabdehin izahatından da görünür ki, o, 9000 ABŞ dolları borclu olmasını etiraf etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 4656/2023 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş və Cavabdeh 9000 ABŞ ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 136 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1918/2024 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2- 2(113)- 4656/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1918/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia qismən təmin edilmiş, Cavabdeh 8805,8 ABŞ ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 136 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı – satqı müqaviləsi üzrə münasibətlərin mövcud olması və həmin münasibət çərçivəsində iddiaçı tərəfindən cavabdehə satılmış mobil telefonlara görə 9000 ABŞ dolları borcun mövcüd olması Bakı şəhəri Nərimanov RPİ-nin 21-ci PŞ-də 2022-ci ildə araşdırma aparılarkən Cavabdeh Ağamməd oğlunun verdiyi izahatı ilə təsdiqini tapır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 330 manat ödəniş edildiyini və hər iki tərəfin də həmin ödənişləri qəbul etməsi işin mübahisəsiz halıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1918/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hər iki tərəf sahibkarlıq subyekti olduğundan onlar arasında münasibətlər vergi qanunvericiliiynə uyğun olaraq tənzimlənilməli idi. İddiaçının cavabdehə mal verilməsi və borclu olması elektron qaimə əsasında, sonradan isə digər üzləşdirmə aktları ilə sübut oluna bilərdi. Belə akt mövcud deyildir. İddiaçı cavabdehin polisdə yazdığı izahatdan başqa digər sübuta istinad etmir. Tərəflər sahibkarlıq subyektləri olduğundan onlar arasında borcun olması Vergi Məcəlləsinə əsasən müəyyən edilən üzləşmə digər aktlarla süğut edilməli idi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndələri X4 və X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər.
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1918/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. İddiaçı tərəfindən məhkəməyə tərəflər arasında alqı-satqı münasibətləri olduğuna, cavabdehə müxtəlif markalı telefon məhsulları təhvil verildiyinə və cavabdehin ona iddia qaldırılanadək 9000 ABŞ dolları borcu olduğuna sübut olaraq cavabdehin Nəsimi rayon 21-ci Polis Bölməsinə verdiyi izahatı təqdim etmişdir.
18. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 21-ci PŞ-də 2022-ci ildə araşdırma aparılarkən Cavabdeh Ağamməd oğlunun verdiyi izahatın borcun mövcüd olmasını təsdiqlədiyindən həmin borcdan 330 manat ödəniş edildiyi nəzərə alınaraq 8805,8 ABŞ ABŞ dolları məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən borcun 9000 dollar deyil, 9000 manat olduğunu göstərmiş, cavabdehə Polis Şöbəsində təzyiq göstərildiyi üçün 9000 ABŞ dolları borcu olduğunu qəbul etdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh etirazında istinad etdiyi bu halı sübut edə bilmədiyindən etirazın əsaslı olduğu təsdiq edilmir.
20. Apellyasiya şikayətində qeyd edilmiş iddiaçı tərəfindən satılmış mallarla bağlı üzləşmə aktı, elektron qaimə təqdim edilməməsi barədə dəlillərlə bağlı məhkəmə qeyd edir ki, MPM-nin tələbinə əsasən cavabdeh PŞ-də verdiyi izahatda borcu qəbul etdiyindən borcun məbləği ilə bağlı iddiaçının əlavə sübutlar, o cümlədən üzləşmə aktı, qaimələr təqdim etməsinə zərurət olmamışdır. İddiaçı tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirərkən vergi qanunvericiliyinin tələblərinin pozulub-pozulmaması isə hazırkı icraat çərçivəsində araşdırıla bilməz.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1918/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1918/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.