Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-554/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndələri X1 və X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “X3 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pulun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında e-2-2(113)-1814/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “X3 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (bundan sonra “nümayəndəlik”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, nümayəndəlikdən ona çatdırılmış mallara görə ödənilməli olan məbləğin geriyə qalan hissəsi olan 40.395,59 manat məbləğində pul vəsaitinin, işin məhkəmədə baxılmasına görə ödənilmiş dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin tutularaq iddiaçının xeyrinə ödənilməsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ümumilikdə 66.975,50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi - barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə şikayət verərək həmin qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, cavabdehlə aralarında imzalanmış şərtlər toplusunun 8-ci bəndinə əsaslanaraq aidiyyətin Azərbaycan Respublikasının məhkəmələrinin olmadığı qeyd olunmuşdur. Lakin həmin bənddəki cümlələr biri-birinə ziddiyyət təşkil edir. Həmin ziddiyyəti tərəflərin Azərbaycan Respublikasında fəaliyyət göstərməsini və işin icra ollunduğunu nəzərə alaraq icraata qəbul edilməli və aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 50.4-cü maddəsinə əsasən qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilər, yəni, hazırkı vəziyyətdə həmin maddəyə əsasən işin icraata götüorülb baxılması qanuna uyğun hesab edilməlidir. İddia ərizəsinin baxılmamış saxlanılması üçün hüquqi əsas yoxdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını xahiş etmiş, eyni zamanda bildirmişlər ki, iddiaçının müqavilə münasibətləri cavabdeh nümayəndəliyin özü ilə olmuş, sonuncu tərəfindən hətta qismən ödənişlər də edilmiş, üzləşmə aktı imzalanmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 146, 376.2 və 397.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarddadından görünür ki, məhkəmə iddia ərizəsini baxılmamış saxlayarkən, ilk öncə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50.1-ci və 53.3-cü maddələrinə istinadən iddiaçı tərəfindən iddianın mülki prosesdə cavabdeh qismində çıxış edə bilməyən şəxsə (yəni, nümayəndəliyə) qarşı qaldırıldığını əsas götürmüşdür. Məhkəmə kollegiyası məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmır. Birincisi ona görə ki, MPM-in 259-cu maddəsinin müddəalarında, qeyd olunan əsasla iddia ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. İkincisi, məhkəmə, Əsasnaməsinə görə nümayəndəliyin məhkəmədə cavabdeh (və ya iddiaçı) qismində çıxış etmək səlahiyyətinə malik olub-olmadığı da aydınlaşdırılmamışdır. Üçüncüsü, məhkəmə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında Plenumun kommersiya mübahisəsinin subyektləri dairəsinə hüquqi şəxslərlə yanaşı, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının da daxil edilməsi ilə bağlı mövqeyi baxımından da, işin hallarına hüquqi qiymət verməmişdir. Dördüncüsü, MPM-in 54-cü maddəsinin tələbləri qaydasında əsl olmayan cavabdeh əsl cavabdehlə əvəz edilməsinə yol verilir. Lakin məhkəmə tərəfindən prosessual qanunvericilyin qeyd olunan tələbləri də nəzərə alınmamışdır. Həmçinin, məhkəmə, öz qərardadın sonunda 259.0.5-ci və 259.0.12-ci maddələrinin tələblərini qeyd etməklə, iddia ərizəsi baxılmamış saxlanılması barədə gəldiyi nəticəni əks etdirmişdir. MPM-in qeyd olunan: 259.0.5-ci maddəsinə əsasən isə qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa; Eyni zamanda, 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda baxılmamış saxlanılır. Birincisi, məhkəmə kolegiyası onu qeyd edir ki, iş materiallarına əsasən iddia ərizəsinin baxılmamış saxlanılması üçün MPM 259.0.12-ci maddəsində qeyd olunan əsasların mövcudluğu müəyyən olunmur. İkincisi, MPM-in 259.0.5-ci maddəsində qeyd olunan əsasa gəldikdə isə, qərardadın əsaslanıdırıcı hissəsindən dolayısı ilə görünür ki, məhkəmə tərəflər arasında imzalanmış “Şərtlər və müddəalar”ın 8-ci bəndinin birinci hisəsinə istinadən həmin normaya etmişdir. Lakin məhkəmənin istinad etdiyi “Şərtlər və müddəalar”ın 8-ci bəndinin birinci cümləsi nəzərdə tutur ki, müqavilə və müqavilə üzrə hər hansı arbitraj məsələləri Azərbaycan qanunları ilə nizamlanacaq və şərh olunacaq. Belə olan halda, MPM-in 443.0.2-ci maddəsinin tələbtinə görə xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan halları da diqqətdən kənarda qalmış, hüquqi qiymət verilməmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin işin hallarına və prosesual qanunvericilyin tələblərinə qiymət verilmədiyini mübahisələndirən dəlilləri hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1814/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli,yuxarıda qeyd olunan nöqsanlar nəzərə alınmaqla, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1814/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş, qeyd olunan nöqsanlar nəzərə alınmaqla, yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-554/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-554/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver