Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-554/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-259/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi” barədə 04 may 2018-ci il tarixli 270-LD/İ8 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən hər birinin qiyməti 2870 manat olmaqla 6 baş “simmental” cins heyvanları satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 3 il müddətinə lizinq alana lizinqə vermişdir.
2. Həmin tərəflər arasında eyni tarixli 270-LDS/18 nömrəli Sığorta haqqının ödənilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 04 may 2018-ci il tarixli 270-LD/İ8 nömrəli lizinq müqaviləsi üzrə damazlıq heyvanlar 3 il müddətinə sığortalanaraq lizinqə verilmişdir. Sığorta haqqının ümumi məbləği 8610 manat təşkil etmişdir.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 270- LD/18 nömrəli müqavilə üzrə yaranmış 8610 manat gecikdirilmiş əsas borc və 7991,43 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 17101,43 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 270-LD/18 nömrəli müqavilə üzrə 8610 manat gecikdirilmiş əsas borcu və 7991,43 manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən müqavilə imzalanarkən 8610 manat məbləğində ödəniş olmuş, lakin sonrakı dövrdə heç bir ödəniş aparılmamışdır. Cavabdehə lizinqə verilmiş malların tələf olması ilə bağlı "xxxx" ASC tərəfindən yazılmış məktubda məlumatları olmuş, digər heyvanın tələf olması ilə bağlı isə heç bir məlumatları olmamışdır.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia tələbini qismən, yəni əsas borcun 1412 manatını qəbul edir və yerdə qalan 7198 manat gecikdirilmiş əsas borcu və 7991,43 manat cərimə borcunu qəbul etmir. Belə ki, Beynəlxalq Sığorta Şirkəti verilən heyvanları baş verəcək hər hansı hallara qarşı sığortalamış və həmin sığorta müqaviləsini "xxxx" ASC (hal-hazırda Aqrar Kredit və İnkişaf Agentliyi) ilə bağlanmışdır. Sığortalanmış iddia tələbi üzrə birinci heyvanın tələf olan zaman sığorta şirkəti ölmüş heyvanı qiymətləndirərək müvafiq məbləğdə sığorta pulu ödəməli idi. Heyvan tələf olanda Beynəlxalq Sığorta Şirkəti heyvanı 1458 manat məbləğində qiymətləndirmiş və bildirmişdir ki, yuxarıda qeyd edilən məbləğ verilə bilər. Lakin sonradan Beynəlxalq Sığorta Şirkəti fəaliyyəti dayandırılır və "xxxx" Şirkəti bu işləri icra etməyə başlayır. Əslində "xxxx" ASC Beynəlxalq Sığorta Şirkətindən 1458 manat məbləğində pulu özü istəməli yəni tələb etməli idi. Çünki sığorta müqaviləsi "xxxx" ASC Beynəlxalq Sığorta Şirkətinin arasında bağlanmışdır. Cavabdehin Beynəlxalq Sığorta Şirkətindən bu cür münasibətə daxil olub ödənişi tələb etmək hüququ yox idi. Ən əsası isə "xxxx" ASC Beynəlxalq Sığorta Şirkətindən həmin məbləği tələb etməyib və bu barədə heç bir məlumat verməmişdir. Həmçinin digər iki heyvanın tələf olması ilə bağlı heyvanların sığorta dəyəri ayrı-ayrılıqda hər biri 2870 manat olmaqla, ümumi olaraq dəyərləri 5740 manat təşkil edir. Hal-hazırda iddiaçı tərəfin qarşısında borcu cəmi olaraq 1458 manatdır və həmin məbləği ödəmək öhdəliyini üzərinə götürür. Heyvanlar tələf olan zaman yerli baytar vasitəsi ilə bu xəbəri "xxxx" ASC həmin an çatdırmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Heyvanlar tələf olan zaman bütün hallarda həm o, həm də sığorta şirkəti tərəfindən nümayəndələrin iştirakı ilə protokol və akt tərtib edilmiş, müayinə üçün nümunə götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutundan verilmiş protokola əsasən tələf olmuş heyvanların analizinin nəticəsi göstərmişdir ki, sahibkar tərəfindən tələfdən qəsdən və ehtiyatsızlıqdan heyvanların tələf olması üçün heç bir əsaslı sübutlar mövcud deyildir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-259/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 270-LD/18 nömrəli müqavilə üzrə yaranmış 8610 (səkkiz min altı yüz on) manat gecikdirilmiş əsas borc və 258 (iki yüz əlli səkkiz) manat cərimə borcu, 200 (iki yüz) manat mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmuş 8610 manat gecikdirilmiş əsas borcun ödənilməsi hissəsində qismən dəyişiklik edilməsi, əsas borcun 1412 manat müəyyən edilməsi, əsas borcun 7198 manat hissəsində iddianın təmin edilməməsi xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta şirkəti onun tələf olmuş bir heyvanı barədə əsassız rəy tərtib edib və "xxxx" ASC bu rəydən xəbəri olub, lakin nə "xxxx" ASC nə də ki sığorta şirkəti ona məlumat verməyib. Digər heyvanın tələf olması barədə müvafiq aktı və sənədləri iddiaçıya vaxtında təqdim etmiş və sığorta şirkəti həmin heyvanların tələf olasına görə iddiaçıya sığorta ödəməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
13. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız əsas borcun tutulması hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, əsas borcun tutulması hissəsində iddia qismən əsaslıdır.
16. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.
17. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir.
18. Çünki Mülki Məcəllənin 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan cavabdehə aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.
19. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır.
20. Bununla yanaşı kollegiya hesab edir ki, əsas borcun tutulması hissəsində iddia tam təmin edilə bilməz.
21. Belə ki, cavabdehə lizinqə verilmiş “simmental” cinsli damazlıq heyvanlardan 2 başı tələf olmuşdur. Onlardan biri AT ********* inventar nömrəli “simmental” cinsli düyə olmuşdur.
22. Tələf olunmuş həmin sığorta predmeti ilə bağlı sığortalı "xxxx" ASC tərəfindən sığortaçı "xxxx" ASC-yə müraciət olunmuş, lakin "xxxx" ASC xx.xx.2018-ci il tarixli 3428/1 saylı məktubla sığorta ödənişini verməkdən heyvanların saxlanılması vəziyyətinin yoxlanılması ilə bağlı keçirilmiş monitorinqin nəticələrini əsas götürərək imtina etmişdir. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.10-cu bəndində isə təsbit olunmuşdur ki, lizinq alan səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, ödənilməmiş qalıq dəyərini lizinq verənə ödəyir.
23. Göründüyü kimi AT ********* inventar nömrəli “simmental” cinsli düyənin tələf olması sığorta hadisəsi sayılmamışdır.
24. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tələf olan həmin heyvana görə qalıq lizinq ödənişinin həyata keçirilməsini tələb etməkdə haqlıdır.
25. Digər mübahisəli “simmental” cinsli damazlıq heyvanın inventar nömrəsi AT110527638 olmuşdur. Onun 29 mart 2019-cu il tarixdə tələf olması faktı hazırki apellyasiya baxışı zamanı işin mübahisəsiz halını təşkil etmişdir.
26. Çünki iddiaçı birinci instansiya məhkəməsində həmin heyvanın tələf olması ilə bağlı heç bir məlumatları olmadığını bildirsə də, hazırki apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi həmin faktı təsdiq etmiş, eyni zamanda bildirmişdir ki, həmin heyvanla bağlı sığorta şirkətinə müraciət etmişlər, lakin hələ də müraciətə cavab verilməmişdir.
27. Həmçinin, Ağdam rayon Baytarlıq İdarəsinin səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib edilmiş 29 mart 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh heyvanının xəstələnməsi barədə müraciətinə əsasən onun təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı “simmental” cinsli, inventar nömrəsi AT110527638 olan iri buynuzlu heyvanın ağır vəziyyətdə olduğu müəyyən edilmişdir. Kliniki müayinə zamanı məlum olmuşdur ki, heyvanın sağalması mümkün deyil. Ona görə də heyvanın məcburi kəsimə verilməsi məsləhət bilinmişdir.
28. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Ağdam rayon Baytarlıq İdarəsinin 29 mart 2019-cu il tarixli 05 saylı yarma protokoluna əsasən, Cavabdeh lizinqə verilmiş “simmental” cinsli 1 baş AT110527638 birka nömrəli cins damazlıq heyvan 29 mart 2019-cu il tarixdə xəstələnmişdir. Heyvanın sağalması mümkün olmadığına görə məcburi kəsimə verilməsi məsləhət bilinmişdir.
29. Azərbaycan Qida Təhlükəsizliyi X2 Laboratoriyasının 11 aprel 2019-cu il tarixli 0415 saylı sınaq protokoluna əsasən Cavabdeh lizinqə verilmiş “simmental” cinsli 1 baş AT110527638 birka nömrəli cins damazlıq heyvan laborator müayinədən keçmişdir.
30. Göründüyü kimi, Cavabdeh lizinqə verilmiş “simmental” cinsli 1 baş AT110527638 birka nömrəli cins damazlıq heyvan 29 mart 2019-cu il tarixdə xəstələnmiş, bununla bağlı olaraq Cavabdeh dərhal müraciəti əsasında həmin tarixdə Ağdam rayon Baytarlıq İdarəsinin səlahiyyətli şəxslərinin iştirakı ilə heyvana baxış keçirilməsi barədə akt, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Ağdam rayon Baytarlıq İdarəsinin 29 mart 2019-cu il tarixli 05 saylı yarma protokolu tərtib edilmiş, müayinə üçün nümunə götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
31. Eyni zamanda iddiaçı hazırki apellyasiya icraatı zamanı tələf olmuş həmin heyvanla bağlı sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta şirkətinə müraciət etdiklərini, lakin hələ onlara cavab verilmədiyini bildirir və bununla bağlı aşağıda qeyd olunan və imzalanmamış məktubu məhkəməyə təqdim edir.
32. Həmin məktuba əsasən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 29 mart 2019-cu il tarixdə "xxxx" ASC-yə müraciət edərək, "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 26 may 2017-ci il tarixli 28/17 saylı müqavilə ilə sığortalanaraq Cavabdeh lizinqə verilmiş “simmental” cinsli damazlıq heyvanlardan 1 baş AT110527638 birka nömrəli cins damazlıq heyvanın tələf olduğunu bildirmiş və sığorta ödənişinin aparılması üçün lazımi tədbirlərin həyata keçirilməsi məqsədi ilə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.
33. Lakin, iddiaçının sığorta ödənişi ilə bağlı sığorta şirkətinə müraciət etməsi, yəni həmin məktubun sığorta şirkətinə göndərilməsi hər hansı sübutla təsdiq olunmur.
34. Göründüyü kimi Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək, damazlıq heyvanın xəstələnməsi ilə bağlı iddiaçıya və aidiyyatı qurumlara məlumat vermişdir. Lakin iddiaçının sığorta ödənişi ilə bağlı sığorta şirkətinə müraciət etməsi sübut olunmur.
35. Halbuki, sığorta şirkəti ilə bağladığı müqavilə üzrə həmin vəzifə məhz iddiaçının düşür.
36. Hazırki tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.10-cu bəndində də göstərilmişdir ki, lizinq alan səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində lizinq dövründə damazlıq heyvan tələf olarsa, ödənilməmiş qalıq dəyərini lizinq verənə ödəyir.
37. Göründüyü kimi məhz iddiaçının hərəkəsizliyi səbəbindən heyvanın tələf olmasında cavabdehin təqsirinin olub-olmadığını, o cümlədən sığorta hadisəsinin olubolmadığını müəyyən etmək mümkün olmur.
38. Belə olan halda isə qəbul edilir ki, əksi sübut olunmadığı üçün heyvanın tələf olmasında cavabdehin hər hansı təqsiri olmamışdır.
39. Həmçinin Mülki Məcəllənin 748-10.1-ci maddəsində təsbit olunmuşdur ki, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən məhz istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
40. Lakin AT110527638 birka nömrəli cins damazlıq heyvan tələf olub və lizinq alan tərəfindən istifadə edilmir.
41. Qeyd olunanları, o cümlədən lizinq müqaviləsi üzrə damazlıq heyvanların 3 il müddətinə sığortalanaraq lizinqə verildiyini cavabdeh tərəfindən bunun müqabilində iddiaçıya sığorta ödənişlərinin həyata keçirildiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı tələf olmuş həmin heyvana görə əsas borcun tutulmasını tələb edə bilməz.
42. Lizinq müqaviləsi üzrə 1 baş “simmental” cins heyvanın qiymətinin 2870 manat olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, həmin məbləğ iddiaçı tərəfindən verilmiş maliyyə arayışı üzrə əsas borc məbləğindən silinməlidir.
43. Bu qaydada hesabladıqda isə müəyyən olunur ki, cavabdehin əsas borcu 5740 manat (8610 – 2870 = 5740) təşkil edir.
44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əsas borcun tutulması hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia qismən təmin edilməli və qalan hissədə həmin iddia təmin edilməmədir.
45. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-259/2023 saylı qətnaməsi qismən, yəni əsas borcun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin və Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə 5740 manat pul vəsaiti tutulsun. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Fərrux Qasımov